Məhkəmə qərarları › İş №2(105)-1159/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1159/2023

19.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1159/2023 19.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X2 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi ilə, İddiaçı QSC BOKT-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli, 2(060)- 5710/2022 nömrəli qərardadından İddiaçı QSC BOKT tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Ə.Ələkbərov) Cavabdeh1 936.14 manat əsas borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC BOKT-yə ödənilməsi qət edilmişdir. İddiaçı QSC BOKT qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5710/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti, ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması qərara alınmışdır. İddiaçı QSC BOKT həmin qərardaddan şikayət vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 27 aprel 2023-cü il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5710/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadından iddiaçının nümayəndəsi tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayət mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı QSC BOKT iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 936.14 manat əsas və 344.32 manat faiz borcu olmaqla, cəmi 1280.46 manat borc və ödənilmiş 32.80 dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ İddiaçı QSC BOKT Sumqayıt Şəhər Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsi və işin apellyasiya şikayətinə mahiyyəti üzrə baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-5710/2022 nömrəli qətnaməsinin iddiaçı təşkilatın nümayəndəsi Nümayəndə2 məxsus şəxsi elektron kabinetinə 15 oktyabr 2022-ci il tarixində yerləşdirilməsi göstərilsə də, iddiaçının qətnamənin elektron alınması barədə təsdiqi öz əksini tapmamışdır. Belə ki, İddiaçı QSC hüquqi şəxs olması səbəbindən xx.xx.2022-ci il tarixli, 2(060)-5710/2022 nömrəli qərardadı iddiaçının elektron kabinetinə deyil, iddiaçının nümayəndəsi Nümayəndə2 şəxsi elektron kabinetinə yüklənmişdir. Sözügedən qərardad xx.xx.2023-cü ildə elektron məhkəmə sistemindən çıxarış edilmiş və həmin tarixdə də daxil olma möhürü ilə təsdiq edilmişdir. 06 oktyabr 2022-ci ildə İddiaçı QSC tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-cil tarixli 2(060)- 5710/2022 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(060)-5710/2022 tarixli qərardadı məhkəmə tərəfindən tam və hərtərəfli araşdırılmadığına görə ləğv edilməli, belə olmadığı təqdirdə baxılması üçün yuxarı instansiya məhkəməsinə göndərilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 365. maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. İş materiallarını araşdıraraq, şikayətin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin geri qaytarılmasını iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində şikayət verən şəxsin işdə prosessual vəziyyəti göstərilməmiş, həmçinin apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilməsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab edir. İş materiallarından görünür ki, mübahisələndirilən məhkəmə qətnaməsi xx.xx.2022-ci il tarixdə iddiaçının nümayəndəsi Nümayəndə2 məxsus şəxsi elektron kabinetdə yerləşdirilmiş, bununla müddətin axımı başlamış, qətnamədən apellyasiya şikayəti verilməsi müddəti xx.xx.2022-ci il tarixində bitmişdir. İddiaçının apellyasiya şikayəti isə məhkəməyə xx.xx.2022-ci il tarixində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə daxil olmuşdur. Qanunun tələbinə görə cavabdeh tərəfindən məhkəmə qətnaməsindən apellyasiya şikayəti həmin vaxtdan hesablanmaqla bir ay müddətində verilə bilər. Lakin iddiaçı bu hüquqi imkandan istifadə etməyərək qanunla nəzərdə tutulmuş apellyasiya şikayəti verilmə müddətini ötürmüşdür. Azərbaycan Respublikası MPM-nin 357-ci maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətinə verilə bilər. Mülki Prosessual Məcəllənin 128.1. maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur (Mülki Prosessual Məcəllənin 129.1., 129.3. maddələri). Mülki Prosessual Məcəllənin 133.1. maddəsi maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın (K.N.Qəribovanın şikayəti ilə əlaqədar Konstitusiya Məhkəməsi plenumunun xx.xx.2008-ci il tarixli qərarı). “X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 13 fevral 2007-ci il tarixli qərarında hüquqi mövqeyini qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illyüziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan «res judicata» prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır. Qanuni qüvvəyə minmiş və barəsində şikayət vermə imkanları tükənmiş yekun məhkəmə qərarının istənilən anda ləğv edilməsi mümkünlüyü qanunun aliliyi və hüquq müəyyənlik prinsipləri ilə ziddiyyət təşkil edir ("xxxx" ASC-nin şikayəti ilə əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun 14 dekabr 2006-cı il tarixli qərarı). Bu mənada məhkəmə kollegiyası İddiaçı QSC BOKT prosessual müddətin üzrsüz səbəbdən ötürülməsi ilə bağlı birinci instansiya məhkəməsinin müəyyən etdiyi nəticə ilə razılaşır və hesab edir ki, İddiaçı QSC BOKT tərəfindən 06 oktyabr 2022-ci il tarixli məhkəmə qətnaməsindən apellyasiya şikayəti prosessual müddəti üzrlü səbəb olmadan buraxıldığından, birinci instansiya məhkəməsi haqlı olaraq apellyasiya şikayətinin geri qaytarılması qənaətinə gəlmişdir. Beləliklə məhkəmə kollegiyası qeyd olunan halları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə görə apellyasiya instansiya məhkəməsi məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1., 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçı QSC BOKT-un şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli və onunla bağlı 27 aprel 2023-cü il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar