Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1160/2021 06.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədov Telman Qədir oğlu və Abasov Şəmsəddin Rizalı oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxx” (İddiaçı İKB ASC) Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt şəhər məhkəməsinin 16 noyabr 2020-ci il tarixli, 2(060)-3510/2020 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt şəhər məhkəməsinin 16 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim R.Qoşqarlı) iddia qismən təmin edilməsi, Cavabdeh1 2015-ci il 07 aprel tarixli kredit müqaviləsi üzrə 9036 ABŞ dolları, 35 sent əsas, 11870 ABŞ dolları 25 sent faiz, 97 ABŞ dolları 46 sent cərimə və kredit müqaviləsi üzrə 07.07.2019-cu il tarixdən 06.08.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 487 ABŞ dolları, 40 sent ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 21491 ABŞ dolları 40 sent məbləğində borcun ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının “xxxx” (İddiaçı İKB) Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus olan Sumqayıt şəhəri, 4-cü mikrorayonda yerləşən, 3 otaqlı, 60.35 kv.m ümumi, 47.58 kv.m yaşayış sahəsindən ibarət 17A nömrəli evin, 56 nömrəli mənzilinə yönəldilsin, həmin əmlakın ilkin satış qiyməti likvid dəyəri 51000 manat məbləğində müəyyən edilməsi, bu əmlak hərracda satılması, onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 banka olan 21491 (iyirmi bir min dörd yüz doxsan bir) ABŞ dolları 40 (qırx) sent borc məbləği və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının “xxxx” (İddiaçı İKB) Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, borc ödənildikdən sonra artıq qalan pul vəsaiti Cavabdeh2 varisi sayılan cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 qaytarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qətnamədən apellyasiya şikayəti vermişlər. İddiaçı “xxxx” (İddiaçı İKB ASC) Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək, iddia tələbindən imtinanın qəbul edilməsini və icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPMnin 191-ci maddəsinin tələbləri ona izah edilmişdir. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər (Mülki Prosessual Məcəllənin 4.1. maddəsi). Hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir. Nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. İddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir (Mülki Prosessual Məcəllənin 69.1., 74.1.və 74.2. maddələri). Məhkəmə kollegiyası qeyd edir ki, hər bir şəxs öz hüquqlarının və qanunlar qorunan maraqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Əgər şəxs irəli sürdüyü iddianı müdafiə edərsə, tələbinin əsaslı olmasına dair istinad etdiyi halları sübut etməlidir. Məhkəmədə tələbin sübut ediləcəyi təqdirdə iddianı təmin edilməsi qənətinə gəlməlidir. İddia tələbi üzrə irəli sürülmüş tələblər üzrə yekun məhkəmə aktı qəbul edilmədən başa çatdırılması halları mövcuddur ki, bu hallarda da tələb üzrə qətnamə qəbul edilmədən, iş üzrə icraata qərardad qəbul edilməklə yekun nəticə verilir. Belə hallardan biri də iddiaçı tələb irəli sürdüyü şəxslərə qarşı tələbindən imtina etməsidir. Bu halda iddia tələbi üzrə icraata qətnamə qəbul edilmədən qərardad ilə xitam verilir. Bu hüququ iddiaçı bilavasitə və ya nümayəndəsi vasitəsi ilə realizə edə bilər. Əgər şəxs iddiadan nümayəndəsi vasitəsi ilə imtina edirsə, iddiadan imtina etməsi səlahiyyətini nümayəndəsinə verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 370.2. maddəsinə əsasən ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Azərbaycan Respublikası MPM-nin 191.1. maddəsinə əsəsən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Azərbaycan Respublikası MPM-nin 191.2. maddəsinə əsəsən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prossesual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddidan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiadan iddiaçı “xxxx” (İddiaçı İKB ASC) Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədrinin imtina barədə ərizəsi iddiaçının iradə ifadəsini ehtiva etdiyindən qəbul edilməli, Sumqayıt şəhər məhkəməsinin 16 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilməklə, iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 262.4. maddəsinin tələbinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Azərbaycan Respublikası MPM-nin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19- 20-ci fəsillərində göstərilən əsaslar olduqda, apellyasiya qaydasında icraata xitam verilməklə və ya ərizəni baxılmamış saxlamaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261-262, 263-264, 391–ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ İddiaçı “xxxx” ASC-nin iddiadan imtina barədə ərizəsi təmin edilsin. Sumqayıt şəhər məhkəməsinin 16 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iddia tələbi üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səyyad Qafari Hakimlər Şəmsəddin Abasov Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-1160/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1160/2021
06.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver