Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1161/2025 08.09.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: kredit müqaviləsi üzrə borc tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X3 (sədrlik edən və məruzəçi), X2 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(060)-3040/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları
1. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 200809- 734695/6 nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən Cavabdeh 48 ay müddətinə, illik 20% dərəcəsi ilə 20000 manat məbləğində kredit verilmişdir.
2. İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh Banka 17974 manat əsas, 1964,15 manat faiz borcu olmaqla, cəmi 19938,15 manat borcu vardır.
3. İddiaçı ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh 17974 manat əsas, 1657,18 manat faiz borcu olmaqla, cəmi 19631,18 manat borcunun olduğu bildirilmiş, borcun 7 gün müddətində qaytarılması, əks təqdirdə bütün borc məbləğinin qaytarılması üçün məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 02 fevral 2024-cü il tariхli, 200809- 734695/6 nömrəli krеdit müqaviləsinə əsasən borcluya 48 ay müddətinə, illik 20% dərəcəsi ilə 20.000 manat məbləğində krеdit vеrilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafikini pоzmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, o, banka olan borcunu ödəməmişdir. 18 mart 2025-ci il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 17974 manat məbləğində əsas bоrc və 1964,15 manat faiz borcu оlmaqla, cəmi 19938,15 manat məbləğində kredit bоrcu yaranmışdır. Krеdit müqaviləsinin şərtlərinə əsasən borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, borcalan krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. Göstərilənlərə əsasən Cavabdeh 17974 manat məbləğində əsas bоrc və 1964,15 manat faiz borcu оlmaqla, cəmi 19938,15 manat borcun və 149,82 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
6. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(060)-3040/2025 nömrəli qətnaməsi ilə (hakim Ş.Həxiyeva) iddia qismən təmin edilərək Cavabdeh 17974 (on yeddi min doqquz yüz yetmiş dörd) manat əsas, 1657,18 (bir min altı yüz əlli yeddi manat, on səkkiz qəpik) manat faiz borcu olmaqla, cəmi 19.631,18 (on doqquz min altı yüz otuz bir manat, on səkkiz qəpik) manat məbləğində pulun və 148 (bir yüz qırx səkkiz) manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq İddiaçı ASC-yə verilməsi qət edilmişdir.
7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, araşdırma zamanı müəyyən olundu ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 200809- 734695/6 nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən Cavabdeh 48 ay müddətinə, illik 20% dərəcəsi ilə 20000 manat məbləğində kredit verilmiş, cavabdeh üzərinə düşən öhdəlikləri tam icra etməmiş və nəticədə onun banka ödənilməmiş borcu yaranmışdır. Cavabdeh iddiaçıdan aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də əsas borcun cavabdehdən tutulması hissəsində iddia təmin edilməlidir. Məhkəmə faiz borcuna münasibətdə göstərib ki, kreditorun borcluya bildiriş göndərərək bütün borcu qaytarılmasını tələb etməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbər verməsi kredit müqaviləsinin birtərəfli qaydada ləğv olunmasına dəlalət edir. Belə olan halda, müvafiq bildiriş göndərildikdən sonra faiz borcunun kredit müqaviləsindəki illik faiz dərəcəsi ilə hesablanması doğru yanaşma sayıla bilməz. Çünki, müqavilə ləğv edildikdən sonra həmin əqddəki faiz şərtinə istinad edilməsi yolverilməzdir. Odur ki, kreditor həmin tarixdən etibarən borcun tam qaytarıldığı vaxtadək öhdəliyin icra edilməməsinə görə faiz formasında zərərin (əgər digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, ən azı illik beş faizin) ödənilməsini borcludan tələb edə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edib ki, iddia faiz borcu hissəsində qismən, xx.xx.2025-ci il tarixli bildirişdə göstərilən məbləğdə (1657,18 manat) təmin edilməlidir.
8. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 443.1, 445.2, 448.1, 449.1, 743.1-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(060)-3040/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədə qeyd olunub ki, “cavabdeh kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olduğu halda bu öhdəliyə əməl etməmişdir”. Məhkəmənin gəldiyi bu nəticə ilə razı deyil və bildirir ki, tərəfimdən iddiaçı banka edilmiş ödənişlər əsas borcdan deyil, faiz borcundan silinmiş və onun böyük məbləğdə ödəmələr aparmağına baxmayaraq məhkəmə yalnız bankın maliyyə arayışına istinad etməklə qətnamə çıxarmışdır. Konkret halda məhkəmə mühasibatlıq ekspertizası keçirilməli olduğu halda məhkəmə bunu etməmiş və bu da onun əsassız ödəmələrə cəlb olunmağına səbəb olmuşdur. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Cavabdeh məhkəməyə teleqram ünvanlayaraq səhhətində yaranmış problemlə əlaqədar hazırkı məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir.
13. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq İddiaçı ASC məhkəmə iclasında təmsil olunmamış və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
14. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə qeyd olunan şəxslərin (nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 14.2.1.Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 21. mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları–fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu–pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor–borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Maddə 445.1 İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 739.1. (01 oktyabr 2023-cü il tarixədək qüvvədə olmuş redaksiyada) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 740. (01 oktyabr 2023-cü il tarixədək qüvvədə olmuş redaksiyada ) Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: Maddə 372.2. Əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Madddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
17. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
18. Ona görə də kollegiya Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e- 2(060)-3040/2025 nömrəli qətnaməsinin mübahisələndirilən hissədə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
20. İddiaçının tələbi mövcud kredit müqaviləsi üzrə yaranmış borcun (o cümlədən əsas və faiz borcunun) cavabdehdən alınması barədədir.
21. İşin məhkəmə tərəfindən müəyyən edilən halları da ondan ibarətdir ki, iddiaçı bankla cavabdeh arasında kredit müqaviləsi bağlanmış, cavabdeh kredit müqaviləsi üzrə öhdəlikləri lazımı qaydada icra etməmişdir.
22. Baxılan işin yuxarıda qeyd edilən faktiki hallarından görünür ki, bank, kredit müqaviləsi üzrə öhdəliyini icra edərək müqavilədə göstərilən məbləği Cavabdeh borc vermiş və tərəflər borcun qaytarılma tarixlərini və məbləğlərini ödəniş cədvəlində razılaşdırmışlar. Buna baxmayaraq, cavabdeh ödəmələri vaxtında aparmadığı üçün öhdəliyin icrasını xatırlatmasız gecikdirmiş borclu vəziyyətinə düşmüş və bankın tələb hüququ meydana gəlmişdir. Belə olan halda, borcun cavabdehdən tutulması haqqında iddiaçının tələbləri yuxarıda qeyd edilən maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşır.
23. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırmanı davam etdirən kollegiya bildirir ki, cavabdehin apellyasiya şikayətinin yeganə və əsas dəlili məhkəmə tərəfindən qət edilən borc məbləğinin əsassızlığı ilə bağlıdır. Yəni cavabdeh qeyd edir ki, işə baxan məhkəmə bu hissədə düzgün araşdırma aparmamış, onun tərəfindən icra edilən ödəmələr nəzərə alınmamış, məhkəmə bu məqsədlə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin etməmiş, nəticədə ondan yüksək məbləğdə borcun tutulması qət edilmişdir.
24. Şikayətin dəlilərini əsassız hesab edən kollegiya qeyd edir ki, işin araşdırılan hallarından bəlli olduğu kimi, hazırkı iş üzrə tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 200809-734695/6 nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən Cavabdeh 48 ay müddətinə, illik 20% dərəcəsi ilə 20000 manat məbləğində kredit verilmişdir.
25. Yuxarıda sadalanan hallardan bəlli olduğu kimi cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca icra etməmiş və nəticədə bank hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İş üzrə iddia ərizəsi xx.xx.2025-cil il tarixdə məhkəməyə daxil olmuşdur. Göründüyü kimi cavabdeh müqavilə üzrə öhdəliklərini artıq müqavilə bağlandıqdan az bir müddət sonra icra etməmiş və bank məhkəməyə müraciət etməli olmuşdur. Belə olan halda onun banka əsaslı məbləğlərdə ödəniş etməsi ilə bağlı dəlilləri inandırıcı və ağlabatan hesab edilə bilməz.
26. Əlavə olaraq borcun düzgün hesablanmadığını qeyd edən cavabdeh iş üzrə məhkəmə mühasibatlıq ekspertizanın keçirilməsinin zəruriliyinə dair də ciddi dəlillər göstərməmiş, buna dair əlavə hər hansı sübutu təqdim etməmişdir. Hər hansı bir əsaslı səbəb olmadan lüzumsuz olaraq məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi də təmin oluna bilməz.
27. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə münasibətdə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
28. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(060)-3040/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.