Məhkəmə qərarları › İş №2(105)-1162/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1162/2022

13.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1162/2022 13.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X4 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zərifə Cəbrayıl qızı Kərimovanın katibliyi, İddiaçının nümayəndəsi: X2, Cavabdehlər: Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh1 nümayəndəsi və vəkili: Vəkil iştirakları ilə, İddiaçı Ləğv Prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit məbləğinin və kredit faizlərin tutulması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 20 iyul 2016cı il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 20 iyul 2016-cı il tarixli qətnaməsi ilə (hakim C.B.Məmmədov) iddia tələbinin qismən təmin edilməsi, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 aralarında bağlanılmış 13 fevral 2015-ci il tarixli kredit müqaviləsinə əsasən milli manat ekvivalentində əsas borc üzrə 13.397 (on üç min üç yüz doxsan yeddi) ABŞ dolları, faiz borcu üzrə 3.121 (üç min yüz iyirmi bir) ABŞ dolları, cərimə (dəbbə) üzrə 10 (on) ABŞ dolları, ümumilikdə 16.528 (on altı min beş yüz iyirmi səkkiz) ABŞ dolları və 30 manat məbləğində ödənilmiş dövlət rüsumundan 29 manat pulun cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı Ləğv Prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Məhəmmədaga oğlundan və Cavabdeh4 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə əsas 13.397 (on üç min üç yüz doxsan yeddi) ABŞ dolları, faiz borcu üzrə 3.121 (üç min yüz iyirmi bir) ABŞ dolları, cərimə (dəbbə) üzrə 250 (iki yüz əlli) ABŞ dolları, ümumilikdə 16.786 (on altı min yeddi yüz səksən altı) ABŞ dolları və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, borcalan Cavabdeh2 13 fevral 2015-ci il tarixində İddiaçı ASC Sumqayıt filialından 24 ay müddətinə, illik 28% olmaqla 16.500 ABŞ (on altı min beş yüz) dolları məbləğində kredit verilməsi üçün müraciət etmiş və həmin tarixdə ona göstərilən məbləğdə kredit ayrılmışdır. Kredit müqaviləsinin əsas təminatı kimi zaminlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 ilə kreditor qarşısında borclunun 13 fevral 2015-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə İddiaçı ASC-ti ilə 13 fevral 2015-ci il tarixində 130215/196768 saylı Zaminlik müqaviləsi imzalayaraq məsuliyyəti tam olaraq öz üzərlərinə götürmüşdür. Rəsi xəbardarlıq edilməsinə baxmayaraq, yaranmış olan borcu müxtəlif bəhanələrlə ödəməkdən qəsdən boyun qaçırmışdır. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual huquq normalarını düzgün tətbiq etməmiş və işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət edir. Məhkəmə işə onun iştirakı olmadan baxmışdır. 6 il sonra İcra heç bir şeyi araşdırmadan tutmanı sadəcə onun maaşına yönəltməsi də növbəti qanun pozuntusudur. Hazırda avtoyükləyici vəzifəsində işləyir və 650 manat məbləğində məvacib alır. Cavabdeh2 2350 manat və 1235,21 ABŞ dolları məbləğində ödəniş etmiş, lakin sistemdə qeydiyyat aparılmamışdır. 12 mart 2015-ci il tarixində kredit müqaviləsinə Əlavə razılaşma bağlanmış və yeni ödəniş qrafiki verilmişdir. Bu razılaşma imzalanarkən onun zaminlik müqaviləsi yenilənməmiş, razılığı alınmamışdır. Hakim heç bir əsas olmadan, mötəbər sübutlara düzgün qiymət verməmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 20 iyul 2016-cı il tarixli 2(060)-10108/2016 saylı qətnaməsini ləgv edib, iddianın ona münasibətdə rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh1, nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə etdilər, eyni məzmunlu izahat verdilər və apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 apellyasiya şikayətinin dəlillərini qəbul etdilər, eyni məzmunlu izahat verdilər və təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdilər. İddiaçının nümayəndəsi Ə.X.Muradov apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, iddia ərizəsinə uyğun izahat verdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə apellyasiya şikayəti təmin edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddianı qismən təmin edərkən, tərəflər arasında kredit, zaminlik müqaviləsinin olmasına, cavabdehlər tərəfindən müqavilənin şərtlərinin pozulmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi zamin Cavabdeh1 hissəsində qanunsuz və əsassızdır, işin məhkəmə iclasında araşdırılmış sübutlara tam uyğun deyildir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İşdə olan İddiaçı ASC-nin maliyyə arayışından görünür ki, Cavabdeh2 əsas borc üzrə 13.397 (on üç min üç yüz doxsan yeddi) ABŞ dolları, faiz borcu üzrə 3.121 (üç min yüz iyirmi bir) ABŞ dolları, cərimə (dəbbə) üzrə 250 (iki yüz əlli) ABŞ dolları, ümumilikdə 16.786 ABŞ dolları borcu yaranmışdır. İşə əlavə olan İddiaçı ASC-nin Cavabdeh2 aralarında bağlanılmış 13 fevral 2015-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, kredit müqaviləsinin 1-ci bəndinə əsasən kredit alan kredit verənə 24 ay müddətinə götürdüyü 16.500 ABŞ dolları məbləğində pul vəsaitini illik 28% ilə birlikdə vaxtında qaytarmaqla öz öhdəliyini tam şəkildə yerinə yetirməyi öz öhdəsinə götürür. İş materiallarında olan İddiaçı ASC-nin Cavabdeh2 aralarında bağlanılmış 13 fevral 2015-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən borcalan tərəfindən ödəniş qrafiki üzrə ödənişlər 12 (on iki) ay ərzində 3 (üç) dəfədən və ya ardıcıl olaraq 2 (iki) dəfədən çox gecikdirildikdə kreditor öhdəliklərin vaxtından əvvəl tələb edilməsi hüququna malikdir. İşə əlavə olan 13 fevral 2015-ci il tarixli 130215/196768 saylı Zaminlik Müqaviləsindən görünür ki, Cavabdeh1 Cavabdeh3, zaminlər 13 fevral 2015-ci il tarixli kredit müqaviləsi üzrə götürülmüş öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərlərinə götürmüşdür. Xəbərdarlıq məktublarından görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmişdir. Beləliklə, məhkəmədə işin faktiki halları ilə müəyyən olundu ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmişdir, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, lakin cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi qaydada və vaxtında yerinə yetirməmiş, hər ay ödəniş cədvəlinə uyğun olaraq ödənişləri ödəməmişdir. Nəticədə cavabdehin iddiaçının qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Məhkəmə işin hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 421, 442, 445, 448.1, 739.1, 739.2-ci maddələrinə istinadən qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslıdır, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında cavabdehdir və mülki məsuliyyət daşıyır. İş materiallarında olan Bankla Cavabdeh1 arasında bağlanmış 13 fevral 2015-ci il tarixli, 130215/196768 saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh1 24 ay müddətində borclu Cavabdeh2 13 fevral 2015-ci il tarixli, 803 YHFK saylı Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası ilə bağlı üzərinə birgə məsuliyyət götürmüşdür. İşdə olan İddiaçı ASC ilə Cavabdeh2 aralarında bağlanılmış 12 mart 2015-ci il tarixli kredit müqaviləsinə əlavə razılaşmanın surətindən görünür ki, Cavabdeh2 ilə bağlanmış kredit müqaviləsinin müddəti 13 fevral 2018-ci ilədək uzaldılmışdır. Həmin kredit müqaviləsinə Əlavə razılaşma tərəflər arasında imzalanmış, kredit müqaviləsinin müddəti 13 fevral 2018-ci il tarixinə qədər uzadılmış və bu razılaşma əsasında yeniödəniş qrafiki tərtib olunmuş və 36 ay müddətinə ödəniş cədvəli tərəflər arasında imzalanmışdır. Məhkəmə prosesi zamanı müəyyən edildi ki, bu razılaşmadan Cavabdeh1 xəbəri olmamışdır. «Banklar haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsina dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2019-cu il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uygun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Mülki Məcəllənin 477-ci maddəsinin məzmununa uygun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir. Həmçinin Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinə müvafiq olaraq, zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, qanunvericiliyin tələblərinə müvafiq olaraq, kredit müqaviləsinin zəruri şərtlərində (məbləğ, müddət, faiz dərəcəsi, valyutaya və s.) dəyişikliklər edildikdə zaminlik müqaviləsinə də müvafiq dəyişikliklər edilməli və ya zaminin razılığı alınmalıdır. Birinci instansiya məhkəməsi qətnaməsində Mülki Məcəllənin zaminliklə bağlı maddələrini düzgün tətbiq etməmişdir. Bununla da məhkəmə qətnamə qəbul edərkən maddi hüquq normalarını pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə Cavabdeh1 iş üzrə Cavabdeh2 tərəfindən edilmiş ödənişlərin nəzərə almaması barədə dəlili qəbul etmir. Belə ki, apellyasiya şikayətinə əlavə edilmiş ödəniş qəbzlərdən müəyyən edilir ki, Cavabdeh2 tərəfindən edilən ödənişlər qətnamə qəbul edildikdən sonra həyata keçirilmiş və həmin ödənişlər ümumi borcdan qətnamə icra edilən zaman silinir (i.v.144-149). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası tərəfin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olduğundan, iş üzrə məhkəmə qətnaməsi zamin Cavabdeh1 hissəsində ləğv edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh1 apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin bu iş üzrə 20 iyul 2016-cu i il tarixli 2(060)- 10108/2016 nömrəli qətnaməsi Cavabdeh1 münasibətdə ləğv edilsin. İddiaçı Ləğv Prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 qarşı kredit məbləğinin və kredit faizlərin tutulması tələbinə dair iddiası təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar