Məhkəmə qərarları › İş №2(105)-1163/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1163/2025

24.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1163/2025 24.09.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Qafari Səyyad Ağaəli oğlu və X1 ibarət tərkibdə, X13 qızının katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı2 nümayənədəsi X3, Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-1032/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsi tərəfindən İddiaçı1 ünvanlanmış xx.xx.2024-cü il tarixli, 58-1/2-B-17305/11/24 nömrəli müraciətə cavabdan görünür ki, müraciətdə qeyd edilən xüsusatlar mülki xarakterli olduğundan toplanmış material Sumqayıt ŞPİ-nin 1-ci polis bölməsinin dəftərxanasında işə alınmışdır. Bu məqsədlə məhkəmə müraciət etmək tövsiyyə olunmuşdur.

2. İşdən görünür ki, İddiaçı2 xx.xx.2024-cü il tarixdə *0007 nömrəli Kapital Bank hesabına 1500 manat məbləğində ödəniş etmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1.500 (bir min beş yüz) manat məbləğində pulun, eləcə də onun tərəfindən ödənilmiş 35 (otuz beş) manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

4. İddia ərizəsini onunla əsaslandırmışdır ki, o, qardaşı Nümayəndə ilə Sumqayıt şəhərində ticarət etmək məqsədi ilə icarəyə yer axtarmış, bu məqsəd ilə Sumqayıt şəhəri, 18-ci məhəllə ərazisində yerləşən və pəncərəsində icarəyə verilir deyə reklam yazısı olan obyekti bəyənmiş, elanda qeyd olunan nömrə ilə əlaqə saxlamış və obyektin sahibi icarə haqqı olaraq 1.500 (bir min beş yüz) manat pul istəmiş, həmin məbləğ ilə razılaşmışdır. Həmin günün axşamı Cavabdeh əlaqə saxlayaraq əgər obyekti icarəyə götürmək fikirləri ciddidirsə 1-ci ayın ödənişin qabaqcadan tələb etmiş və onun tərəfindən qardaşı oğlu İddiaçı2 Xanbuta oğluna məxsus kart vasitəsi ilə Cavabdeh məxsus **********480007 nömrəli kart hesabına 1.500 (bir min beş yüz) manat məbləğində pul köçürmüşdür. Qeyd edir ki, həmin 1.500 manat məbləğində pul ona məxsusdur, sadəcə olaraq anlayışı olmadığı üçün qardaşı oğluna məxsus olan kart vasitəsi ilə köçürmə etmiş, həmin köçürməyə dair qəbz də iddia ərizəsinə əlavə edilir. Daha sonra cavabdeh ilə əlaqə saxlamış, obyektin icrəsini rəsmiləşdirmək üçün icarə müqaviləsini nə zaman bağlayacaqlarını soruşduqda cavabdeh özünün ehtiyatda olan polis polkovniki olduğunu, hər hansı formada icarə müqaviləsi bağlamağın lüzum olmadığını, əgər icarə müqaviləsi bağlansa dövlətə hər ay 270 manat məbləğində vergi ödənməli olduğunu və həmin məbləğin də onun tərəfindən ödənəcəyini bildirmişdir. O isə bununla razılaşmamış, cavabdeh ilə əlaqə saxlayaraq ödənilmiş 1.500 manat məbləğində pulu geri qaytmasını tələb etmiş, lakin cavabdeh heç bir ödəniş etməyərək, hədə-qorxu gəlmişdir. Hesab edir ki, hazırki mübahisənin məhkəmədən kənar həlli mövcud deyildir. Belə ki, cavabdehin qanunsuz əməli ilə bağlı Sumqayıt ŞPİ-nin 1-ci PB-nə ərizə ilə müraciət etmiş, lakin heç bir nəticəsi olmamış, məhkəməyə müraciət etməli olduğu bildirilmişdir.

5. Cavabdeh məhkəməyə yazılı şəkildə müraciət edərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Müraciətində qeyd etmişdir ki, 2024-cü ilin oktyabr ayında iddiaçı onunla əlaqə saxlayaraq Sumqayıt şəhəri, 17-ci məhəllə ərazisində yerləşən onun xüsusi mülkiyyətində olan obyekti icarəyə götürmək istədiyini və obyektin kişi geyim mağazası kimi fəaliyyət göstərəcəyini bildirmişdir. Qeyd edir ki, həmin vaxt rayonda toyda olmuş, iddiaçıya ayın 20-si qayıdacağını bildirmiş, iddiaçı isə ondan xəbər gözlədiyini və obyekti heç kimə icarəyə verməməyini xahiş etmişdir. Qeyd edir ki, obyektin üzərində satılması ilə bağlı qeyd olunan yazını da məhz iddiaçı çıxarmışdır. Obyektə baxan zaman iddiaçılar obyektin kafelinin olmadığını eləcə də divarlarında da müəyyən işlərin aparılmalı olduğunu görmüşdürlər. Onlar isə ondan həmin işləri görməyini istəmişlər. O isə onlara “qardaş, bu işləri gördürərəm, amma birdən sən sonra istəmədin, onda necə olacaq bəs,” deyə sual vermiş və onlara arendanın birici ayını qabaqcadan beh kimi verməyi və həmin ödəniş ilə obyektə təmir işləri aparacağını, noyabr ayının 1-dən isə obyekti onlara təhvil verəcəyini bildirmişdir. Danışıqlarına əsasən ilk 5 ay iddiaçı 1300 manat, sonrakı aylar isə 1500 manat kirayə pulu ödəməli idi. İddiaçılar ilə bu barədə razılığa gəlmiş, birlikdə kafel (metlax) almış və obyektdə təmir işlərinə başlanmışdır. Təxminən 2-3 gün sonra iddiaçı onunla əlaqə saxlayaraq fikrini dəyişdiyini və pulu geri qaytarmağını istəmişdirlər. O isə onlara aralarındakı danışığı xatırlatmış və onların fikrinin ciddi olduğunu düşünərək verdikləri puldan da artıq xərci çıxdığını bildirmişdir. İddiaçı isə ona istəmədiklərini, aldığı materialları geri qaytararaq pulu geri tələb etmişdir. İddiaçı isə iddia tələbində guya onun icarə müqaviləsi bağlamaq istəmədiyini əsas gətirmiş və bu səbəbdən fikrini dəyişdiyini bildirmişdir. Bu tamamilə yalan və cəfəngiyyatdır. Özü istefada olan polis polkovnik leytenantıdır. Xidmət etdiyi dövr ərzində daim hüquq pozuntularının qarşısını almaq üçün mübarizə aparmışdır. O, nəyə güvənib iddiaçı ilə icarə müqaviləsi bağlamaqdan imtina edə bilər? Qeyd edir ki, daha əvvəl həmin obyektin istər kirayəsi, istərsə də ləğvi barədə icarəyə götürənlər ilə notarial qaydada müqavilələr bağlanmışdır. Həmin müqavilələrin surəti hazırki ərizəyə əlavə edilir. Necə olur ki, əvvəlki icarəyə götürənlər ilə müqavilə bağlamış, amma indiki iddiaçılar ilə müqavilə bağlamaqdan yayınır? Həmçinin bildirmək istəyir ki, hazırki iş üzrə iddiaçı X4 tanımır, heç bir əlaqəsi olmamışdır. Danışıqları məhz onun qardaşı Nümayəndə ilə olmuşdur. Hazırki ərizəyə əlavə edilən qaimə fakturalarından da görünür ki, onun tərəfindən obyektin təmiri üçün materiallara 1550 manat pul ödənilmişdir. Əlavə olaraq 648 manat metlaxın vurulması üçün, 360 manat isə emusya vurulması üçün ustaya vermiş, eləcə də 150 manat yemək xərclərinə verməklə ümumilikdə 1158 manat pul ödəmişdir. Lakin iddiaçı bunların heç birini dilinə gətirmir, iddia tələbini olmayan bir hal ilə əsaslandırmağa çalışmışdır.

6. Məhkəmə iclasında iştirak etmiş İddiaçı2 izahatında qeyd etmişdir ki, obyekti danışmağa getmişlər. Onların xoşuna gəlmiş və icarəyə götürmək istəmişlər. Danışmış və razılaşmışlar. Evə gəlmiş və daha sonra cavabdeh ilə əlaqə saxlamışlar. 1500 manata razılaşmışlar. Tarixlər təxmini olaraq yadında deyildir. Müqavilə barəsində razılaşma olmamışdır. İcarə haqqının qalxmaması üçün 6 aylıq müqavilə bağlamaq istəmişdirlər. Razılaşma olmadığı üçün onlar da imtina etmişlər. Kartından 1500 manat pul ödəmişlər. Rövşən bəy də daha sonra pulu geri qaytarmağa razı olmamışdır. Təmir üçün aralarında razılaşma olmamışdır. Obyekt cavabdehin özünündür. Onun marağı ilə obyekti təmir etməz. Obyekt təmirsiz vəziyyətdə olmuşdur. Onlar həmin vəziyyətdə götürərək, plan olduğu təqdirdə təmir edə bilərdilər. Metlağın rəngini qarşı tərəf öz obyekti olduğu üçün özü seçmişdir. Ləğvə əsas isə rəsmi müqavilənin bağlanmaması olmuşdur. Qarşı tərəf razılaşmamışdır.

7. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh izahatında qeyd etmişdir ki, o, iddiaçının atası ilə yox, Emil ilə danışmışdır. Həmin zaman da rayonda olmuşdur. Ona demişdir ki, obyekti icarəyə götürmək istəyir. Emilə demişdir ki, sonrakı günün axşamına qədər gələcəkdir. Onlar da bildirmişdir ki, həmin obyekti icarəyə götürürlər. Heç kimə verməsinlər. Başqa adamlar da zəng etmişdir. Sumqayıta qayıtdıqda icarə elanının olmadığını görmüşdür. Qarşı tərəf içəri girmiş və həmin zaman içəri boz rəngdə olmuşdur. 1500 manat qarşı tərəfdən almışdır. Qarşı tərəf bildirmişdir ki, rəng açıq olmalı və kafel vurmalıdırlar. Onların istəyinə görə təmir edəcəyi və 2 yaxud 3 min manat xərc çəkdikdən sonra bu necə olacaqdır. Xanputa demişdir ki, o zaman birinci ayın pulunu versinlər. 6 ay 1300 manatdan, daha sonra isə müqavilə əsasında qiymət ilə icarəyə verəcəkdir. Usta ilə danışmış və təxminən 2000-2500 manat miqdarında xərci çıxacağını bildirmişlər. Obyekt təmir olunmalı və daha sonra notariusa getməli idilər. Digər şəxslər 30 min manata qədər təmir üçün pul vermişdirlər. Qarşı tərəf ilə razılaşmış və onlar da ona 1500 manat pulu təmir üçün vermişlər. Emil ilə bərabər getmiş, kafelin özünü iddiaçı seçmişdir. 2 gün sonra isə ona zəng etdikdə, bildirmişdir ki, obyektə xərc çəkmişdir. Yarı məbləğini qaytarsın ki, aralarında narazılıq olmasın. İman kişi ona zəng etmiş və ona hədə-qorxu gəlmişdir. Qarşı tərəfin verdiyindən əlavə 1500 manat materiala pul xərcləmiş, 648 manat bir ustaya, 150 manat onların yeməklərinə, 360 manat da bir pul vermişdir. Hal-hazırda icarəyə verməmişdir. 4-5 aydır ki, ora boş qalmışdır.

8. 15 yanvar 2025-ci il tarixdə məhkəmənin hazırlıq iclasında iştirak etmiş İddiaçı1 izahatında bildirmişdir ki, qardaşı Babayev Xanbutanın ailəsi böyükdür, maddi cəhətdən çətinlik çəkmişdir. Bu səbəbdən belə bir qərara gəlmişlər ki, bir obyekt tapsınlar, köməklik etsinlər, oranı işlədərək maddi vəziyyətini yaxşılaşdırsın. Xanbuta obyekt tapdığını bildirmiş, onlar da gedərək obyektə baxmışlar. Obyekti icarəyə verən cavabdeh öncədən 1500 manat pul istəmişdir. Onlar da pulu cavabdehə ödəmiş, razılaşmışlar. Belə ki, cavabdeh ayın 22-si qardaşına zəng edib bildirmişdir ki, pulu ödəməsə obyekti başqasına verəcəkdir. Ayın 1- isə cavabdeh obyekti qardaşına təhvil verməli idi.

9. 15 yanvar 2025-ci il tarixdə məhkəmənin hazırlıq iclasında iştirak etmiş İddiaçı2 nümayənədəsi X5 izahatında bildirmişdir ki, pulu o qardaşının oğluna vermişdir. Qardaşının oğlu Emilin kartından da cavabdehin kartına köçürmüşlər. Ayın 1-i cavabdeh obyekti təhvil verməmişdir. Qardaşı da cavabdehə demişdir ki, icarə müqaviləsi bağlasınlar, cavabdeh bildirmişdir ki, “o polis polkovnikidir, heç kim onlar heç nə deməyəcəkdir.” Ona görə də polisə müraciət etmişdir. İddia tələbini müdafiə edir. Pulu qardaşından alıb, cavabdehə vermişlər.

10. 10 fevral 2025-ci il tarixdə məhkəmənin hazırlıq iclasında iştirak etmiş İddiaçı1 izahatında bildirmişdir ki, cavabdeh onlara demişdir ki, obyekti təmir etdirib verəcəkdir. Obyektin icarəsini rəsmiləşdirmək üçün VÖEN istəmiş və icarə müqaviləsini nə zaman bağlayacaqlarını soruşmuşdur. Cavabdeh isə ehtiyatda olan polis polkovniki olduğunu qeyd etmiş və hər bir şeyi özü həll edəcəyini bildirmişdir. Cavabdeh axşam zəng etmişdir ki, obyektin birinci ayının pulunu versin ki, onlar obyekti götürürsə, o da təmir işlərini görsün. O da qeyd etmişdir ki, onun əlində hazırda pul yoxdur. Ayın axrına danışmışlar ki, ödəyəcəkdirlər. Cavabdeh bildirmişdir ki, obyekti icarəyə götürmək istəyən başqa adam da vardır. Obyekt əldən çıxmasın deyə 1500 manat məbləğində pulu cavabdehin kart hesabına köçürmüşlər. 22 oktyabr tarixində pulu köçürmüş, cavabdeh bildirmişdir ki, noyabr ayının 1-i obyekti təhvil alsınlar.

11. 10 fevral 2025-ci il tarixdə məhkəmənin hazırlıq iclasında iştirak etmiş İddiaçı2 nümayənədəsi X5 izahatında bildirmişdir ki, o, sabahsı gün obyekti icarəyə götürməkdən imtina etmişdir. Çünki cavabdehə demişdir ki, müqavilə bağlasınlar. O da demişdir ki, onlarlıq deyil, hər şeyi o, özü həll edəcəkdir. Heç kim onlara heç nə deyən deyil. O polis polkovnikidir. O, bu halı evdəkilərlə məsləhət etmiş və ona demişlər ki, obyekti icarəyə götürməyə ehtiyac yoxdur. Ola bilər ki, cavabdeh gələcəkdə onları aldadar, ona görə də, obyekti icarəyə götürməkdən imtina etmişlər.

12. Məhkəmə iclasında X2 ifadəsində bildirmişdir ki, o, ustadır. Rövşən müəllim onu metlaq vurmaq üçün çağırmışdır. Emil ilə material seçməyə getmişlər. Tarix isə tam dəqiq yadında deyildir. Təxminən 4-5 ay bundan öncə olar ki, baş vermişdir. Materialları Emil seçmişdir. Məbləği tam dəqiq bilmir. Lakin material bəyənilmişdir. Daha sonra obyektdə işləmiş və təhvil verərək çıxmışdır. 648-650 manat digər fəhlələr ilə birlikdə ona iddiaçı tərəfindən pul verilmişdir. Digər fəhlələr ilə birlikdə yemək pullarını da təxminən 150-160 manat miqdarında ödəniş etmişdir.

13. Məhkəmə iclasında şahid X9 ifadəsində bildirmişdirdi ki, 4-5 ay olar ki, Rövşən müəllim ona zəng vurmuş və demişdir ki, obyekti icarəyə verirlər. Orada müəyyən işlər görülməlidir. Özü də malyardır. Emusiya vurulmalı idi. O da qiyməti danışmağa gəlmişdir. Qiyməti 360 manata danışmış və rəng seçimini də etmişlər. Rəngi Emil ilə seçmişlər. Rövşən müəllim ilə bir yoldaş vasitəsi ilə tanış olmuşlar. Hal-hazırda iş dayanmışdır. Əvvəllər orada təmir işi görməmişdir. Bu cavabdeh ilə birinci işi olmuşdur.

14. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-1032/2025 nömrəli qətnaməsi ilə (hakim Aynur Behbudova) iddia tələbi təmin edilmiş, Cavabdeh 1500 manat məbləğində borc və ödənilmiş 35 manat dövlət rüsumu tutularaq müştərək qaydada iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməsi qət edilmişdir.

15. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı cavabdehə 1500 manat pulu göndərmişdir. Cavabdeh həmin pulu obyekti iddiaçıya icarəyə vermək üçün almışdır. O, iddiaçı tərəfindən onun adına göndərilən həmin məbləğdə pulu aldığını etiraf edir. Tərəflər arsında qeyri-yaşayış sahəsinin icarəyə götülməsi ilə bağlı şifahi razılaşma olmuş, lakin müqavilənin icrasına başlamadan iddiaçı tərəfindən ödəniş həyata keçirilmiş, yənə də onun müraciəti əsasında şifahi razılaşma pozulmuş, lakin cavabdeh ödənilmiş məbləğin geri qaytarılmasından imtina etmişdir. Yəni, iddiaçının istifadəsinə və öhdəliyinə icarəyə götürdüyü qeyri-yaşayış sahəsi verilmədən ödəniş həyata keçirilmiş, son nəticədə təmirinə müəyyən xərclərin çəkilməsi ilə bağlı cavabdehin etirazının dəlilləri, məhkəmə iclasında şahidlərin ifadələri mötəbərliyi şübhə doğuraraq, əsaslı hesab edilmir. Bununla əlaqədar İddiaçı2 göstərilən məbləğdə pulu işin mübahisəsiz halı olaraq (tərəflərin mübahisə etmirlər) cavabdehə göndərmiş, sonuncu vəsaiti almışdır. Lakin, cavabdeh məhkəmə iclasında həmin pulun nəyə sərf olunduğu, iddiaçının istifadəsinə vermədən hansı təmin işləri aparması barədə mötəbər sübut təqdim etmədiyindən, məhkəmə bu halın təsdiqlənmədiyi nəticəsinə gəlir.

16. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 329.2, 390.1, 675, 700.1, 1091.1, 1091.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77, 217.4-cü maddəsinin tələbləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

17. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan hallar aydınlaşdırılmamışdır. Belə ki, cavabdeh məhkəmə iclasında həmin pulun nəyə sərf olunduğu, iddiaçının istifadəsinə vermədən hansı təmir işləri aparması barədə mötəbər sübut təqdim etmədiyindən, məhkəmə bu halın təsdiqlənmədiyi nəticəsinə gəlir. Məhkəmə xx.xx.2025-ci il tarixdə cavabdehin göndərdiyi qaimə fakturalarını (metlax, mata, sement, qum, emusiya, astar, üzlük, rəng və s. tikinti materiallarının alınması ilə bağlı) nəzərə almamışdır. X2 ustadır, metlax almaq üçün Emil ilə material seçməyə getdiyini demişdir. Digər şahid X9 malyardır, obyektə rəng vurmaq üçün Emil ilə emusiya almağa getmişlər. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı cavabdehə 1500 manat pulu göndərmişdir. Cavabdeh həmin pulu obyekti iddiaçıya icarəyə vermək üçün almışdır. Lakin burda məhkəmə həmin pul vəsaitinin cavabdehə hansı məqsədlə verdiyini aydınlaşdırmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

20. Məhkəmə kollegiyasının iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə etdi.

21. Məhkəmə kollegiyasının iştirak edən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı2 nümayənədəsi X5 birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

22. Maddə 329. Əqdlərin formaları 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 329.4. Susmaq bu Məcəllədə və ya tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda əqdi bağlamaq iradəsinin ifadəsi sayılır.

23. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 386.2. Bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər. 386.3. Danışıqların iştirakçısı digər iştirakçının təqsirli hərəkəti nəticəsində bağlanmayan müqavilənin bağlanması üçün çəkdiyi xərclərin əvəzini ödəməyi digər iştirakçıdan tələb edə bilər. 386.4. Elektron formada bağlanan əqdlərdən irəli gələn öhdəliklərin məzmunu və icrası ilə bağlı məsələlər, elektron ticarət haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulanlar istisna olmaqla, bu Məcəllə ilə tənzimlənir.

24. Maddə 390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. (...)

25. Maddə 675. Əmlak kirayəsi müqaviləsi Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.

26. Maddə 700. İcarə müqaviləsi 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

27. Maddə 1091. Əsassız varlanma anlayışı 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

28. Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

29. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

30. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

31. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

33. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)

34. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

35. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

37. Məhkəmə araşdırması zamanı işin mübahisəsiz halları ilə müəyyən edilmişdir ki, tərəflər arasında qeyri-yaşayış sahəsinin icarəsi ilə bağlı şifahi razılaşma olmuş və İddiaçı2 kart hesabından xx.xx.2024-cü il tarixdə cavabdehə 1500 manat məbləğində ödəniş edilmişdir. Qeyri-yaşayış sahəsi iddiaçı tərəfin istifadəsinə verilməmiş, bu razılaşma pozulmuş və icarə müqaviləsi bağlanmamışdır.

38. İşin mübahisə edilən halı isə ödənilən həmin pul vəsaitinin qaytarılması məsələsidir.

39. Apellyasiya icraatı zamanı Cavabdeh məhkəmə iclasında tələb olunan məbləğin ancaq yarısını geri ödəyə biləcəyini bildirmiş, qalan məbləğin isə iddiaçı tərəfin sifarişi əsasında aparılmış təmir xərclərinə görə ödəməli olmadığını bildirmişdir.

40. Kollegiya apellyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd edir ki, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Lakin tərəflər arasında icarə müqaviləsinin bağlanmasının baş tutmaması işin mübahisə edilməyən halıdır.

41. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdeh qeyri-yaşayış sahəsini iddiaçının istifadəsinə vermədən, qısa zaman ərzində iddiaçı tərəfdən hər hansı təmir sifarişi alması barədə mötəbər sübut təqdim etməmişdir. Digər tərəfdən, hətta təmir işi aparılmışdırsa da, bu həmin əşyanın tərkib hissəsinə çevirilməklə cavabdeh tərəfin istifadəsində qalmışdır.

42. Kollegiya hesab edir ki, tərəflər arasında müqavilə baş tutmadığından və bunun iddiaçı tərəfin təqsirindən baş verməsi müəyyən olunmadığından, bu razılaşma üzrə ödənilmiş vəsaitin qaytarılması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.

43. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələri).

44. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

45. Həmin Məcəllənin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir.

46. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-1032/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

47. MPM-in 402-ci maddəsinə əsasən kollegiya həmçinin qeyd edir ki, qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-1032/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar