Məhkəmə qərarları › İş №2(105)-1168/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1168/2023

25.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1168/2023 25.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər X1 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 01 mart 2023-cü il tarixli, 2(067)-386/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Cavabdeh xx.xx.2021-ci il tarixdə inzibati xəta hadisəsi törətdiyindən barəsində Xaçmaz RPŞ tərəfindən xx.xx.2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir.

2. Qərardan Cavabdeh məhkəməyə şikayət verərək, xx.xx.2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir.

3. Xaçmaz Rayon Məhkəməsinin 3(067)-290/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə şikayət qismən təmin edilmiş və Xaçmaz RPŞ-nin xx.xx.2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək, inzibati xəta haqqında iş yenidən baxılması üçün Xaçmaz rayon X4 X6 göndərilməsi qərara alınmışdır.

4. İddiaçı Xaçmaz Rayon Məhkəməsinin 3(067)-290/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından apellyasiya şikayəti vermişdir.

5. Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(105)-515/2022 saylı qərarı ilə Xaçmaz Rayon Məhkəməsinin 04 mart 2022-ci il tarixli 3(067)-290/2022 qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

6. Xaçmaz RPŞ-nin DYPB-nin inspektoru Azər Süleymanov xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 338.5.1 və 338.5.2-ci maddələri ilə TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş və Cavabdeh 40 manat məbləğində inzibati tənbeh tətbiq etmişdir.

7. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(067)-523/2023 nömrəli qərarı ilə Cavabdeh inzibati tənbeh olunmasına dair Xaçmaz rayon X4 X7 tərəfindən qəbul edilmiş 26 may 2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar üzrə icraata xitam verilmişdir.

8. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(105)-299/2023 nömrəli qərarı ilə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(067)-523/2023 nömrəli qərarı ləğv edilərək material yenidən baxılması üçün birinci instansiya məhkəməsinə yeni məhkəmə baxışına qaytarılmışdır.

9. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(067)-523/2023 nömrəli qərarından görünür ki, Cavabdeh Xaçmaz DYPB-nin xx.xx.2022-ci il tarixli TP ******* saylı qərarından verilmiş şikayət təmin edilməmiş və qərardan 10 gün müddətində apellyasiya şikayəti verilməsi hüququ izah olunmuşdur.

10. Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)-420/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(067)- 523/2023 nömrəli qərarından Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, həmin qərar dəyişdirilmədən saxlanılmışdır.

Birinci instansiya məhkəməsindəki icraat

11. İddiaçı iddia ərizəsi ilə Xaçmaz Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 2296 (iki min iki yüz doxsan altı) manat pulun və ödənilmiş 42 manat 46 qəpik dövlət rüsumu kimi ödənilən pulunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə özünə məxsus CHEVROLET AVEO minik markalı, ** BT *** dövlət qeydiyyat nişanlı avtomaşınla Xudat- Yalama yolunun Ləcət kəndi ərazisində hərəkətdə olarkən saat təxminən 19 radələrində Cavabdeh oglu özünə məxsus iri buynuzlu mal-qaranı nəzarətsiz qaydada avtomobil yoluna buraxdığına görə inək qəfildən yola çıxaraq toqquşmaya səbəb olmuşdur. Bununla əlaqadar əraziyə dövlət yol polisinin əməkdaşları gəlmiş, yerində əraziyə baxış keçirərək müvafiq sənədləşmə aparmışlar. İnzibati tənbehvermə haqqında TP ******* nömrəli, xx.xx.2022-ci il tarixli qərarla cavabdeh X5 oglu barədə Azərbaycan Respublikası İXM-nın 338.5.1-ci və 338.5.2-ci maddələri ilə (mal-qaranın yolda nəzarətsiz qoyulması, mal-qara ötürən tərəfindən mal-qaranm asvalt və sement-beton örtüklü yollarla ötürülməsi) protokol tərtib edilmiş və cavabdeh 40 manat məbləğində cərimə edilmişdir. Bununla əlaqədar avtomaşınına maddi ziyan dəymişdir. Belə ki, xx.xx.2021-ci il tarixli, Qusar rayonu “VAZ” kooperativində tərtib edilmiş ziyan aktından görnür ki, avtomaşına 2246 manat maddi ziyan dəymişdir. Ehtiyat hissələrinin dəyəri 1466 manat, Dəmirçi işi 350 manat rəngsaz işlərinə usta haqqı ilə birlikdə 430 manat vəsait tələb olunmuşdur. Bundan başqa avtomaşına texniki müainəyə görə 50 manat vəsait ödənilmişdir. Cavabdeh dəymiş ziyanı könüllü surətdə ödəmədiyindən o, hazırki iddia ilə məhkəməyə müraciət etmişdir.

13. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, xx.xx.2021-ci ildə o, özünə məxsus “Chevrolet Aveo” markalı ** BT *** dövlət qeydiyyat nişanlı avtomaşınla Xudat- Yalama yolunun Ləcət kəndi ərazisində qaranlıq havada hərəkətdə olarkən cavabdeh özünə məxsus iri buynuzlu mal-qaranı nəzarətsiz qaydada avtomobil yoluna buraxdığına görə, inək qəfildən yola çıxaraq toqquşmaya səbəb olub və ona maddi ziyan dəyib. 3500 manat avtomaşına xərci çıxıb. Ziyan aktına əsasən dəymiş ziyan 2300 manat dəyərində müəyyən olunub. Xaçmaz RPŞ-nin müvafiq qərarına əsasən cavabdeh İXM-nin 338.5.1 və 338.5.2-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunaraq, 40 manat məbləğində cərimə olunub. Ona görə iddiaçı ziyanın ödənilməsini xahiş etmişdir.

14. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil bildirmişdir ki, xx.xx.2021-ci ildə iddiaçı özünə məxsus “Chevrolet Aveo” markalı ** BT *** dövlət qeydiyyat nişanlı avtomaşınla Xudat-Yalama yolunun Ləcət kəndi ərazisində sutkanın qaranlıq vaxtında hərəkətdə olarkən cavabdeh özünə məxsus iri buynuzlu mal-qaranı nəzarətsiz qaydada avtomobil yoluna buraxdığına görə, inək qəfildən yola çıxaraq toqquşmaya səbəb olub və iddiaçıya maddi ziyan dəyib. Ziyan aktına əsasən dəymiş ziyan 2246 manat dəyərində müəyyən olunub. Xaçmaz RPŞ-nin xx.xx.2022-ci il tarixli qərarına əsasən cavabdeh İXMnin 338.5.1 və 338.5.2-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunaraq, 40 manat məbləğində cərimə olunub. Xaçmaz RPŞ-nin xx.xx.2022-ci il tarixli qərarı hal-hazırda qüvvədə olduğundan, cavabdeh şəxsin təqsiri müəyyən olunur.

15. İddiaçının vəkili Vəkil bildirmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə iş geri qaytarılıb və bu barədə Xaçmaz RPŞ-nə də məlumat verilib. Ondan sonra Xaçmaz RPŞ-də araşdırma başlayıb və yeni qərar qəbul edilib. Onlar belə qəbul ediblər ki, Sumqayıt Apelyasiya Məhkəməsinin qərarı qüvvədədir, bu səbəbdən də qərar qəbul ediblər. Artıq qərar Xaçmaz RPŞ tərəfindən icra olunub. Bundan başqa, hazırkı mülki iş üzrə məhkəmə hazırlıq iclası keçirilib və məhkəmə baxışı iclası təyin olunub, cavabdeh polisin qərarından narazı idisə, şikayət verə bilərdi, amma verməyib. Hətta hakim tərəfindən də ona bu barədə məlumat verildi, lakin o, heç bir şikayət vermədi.

16. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, Xaçmaz RPŞ-də qəbul edilmiş xx.xx.2021-ci il tarixli qərar məhkəmə tərəfidnən ləğv edilmişdir və iş yenidən araşdırlması üçün Xaçmaz RPŞ-nə göndərilmişdir. Lakin bundan sonra xx.xx.2022-ci il tarixdə qəbul edilmiş qərardan məlumatı yoxdur. Araşdırma onun iştirakı olmadan keçirilmişdir. O, özünü təqsirkar saymır. Təqsirli olsaydı, cəriməni ödəyərdi. İkinci qərarın əsassız olduğunu hesab edir.

17. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-386/2023 nömrəli, 01 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakim Səmədzadə Sərxan) iddia tələbi rədd edilmiş, iddiaçı tərəfindən ödənilmiş 42 manat 46 qəpik məbləğində dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir.

18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Xaçmaz rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı əsaslı hesab edilə bilməz və məhkəmə tərəfindən sübut kimi qəbul edilə bilməz. İddiaçının cavabdehə qarşı zərərin əvəzinin ödənilməsinə dair pul tələb etməsi əsassızdır. Ona görə ki, pul tələb etməyin əsasını təşkil edən və cavabdehin məsuliyyətini müəyyən edən hər hansı bir hüquqi əsas mövcud deyil.

19. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 1096.1, 1096.2, Mülki Prosessual Məcəllənin 13, 14.2, 77.1, 88, 218.3-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır.

20. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

21. –məhkəmə belə bir ifadə işlətmişdir ki, güya məhkəmənin 3(067)-290/2022 saylı inzibati xəta haqqında işin materiallarından görünür ki, Xaçmaz Rayon Məhkəməsinin 3(067)- 290/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı Xaçmaz RPŞ-nə icra edilməsi üçün yox, məlumat üçün göndərilmişdir və Xaçmaz RPŞ-nin qərardan apellyasiya şikayəti vermək hüququ var idi. Məhkəmənin bu mövqeyi tam əsassız və qanunsuzdur. Belə ki, qərardan şikayət vermək və ya verməmək tərəfin hüququdur. İndiki halda Xaçmaz RPŞ məhkəmədən daxil olmuş qərardan şikayət vermək müddətini gözləməklə yeni qərar qəbul etmişdir. Başqa sözlə, Xaçmaz RPŞ məhkəmənin qərarından şikayət verməmiş və şikayət verməmək hüququndan istifadə etmişdir. Sonradan Xaçmaz RPŞ-nin qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarla, yəni Azərbaycan Respublikası İXM-nin 338.5.1 və 338.5.2-ci maddələri ilə TP-5046554 saylı qərarla Cavabdeh 40 manat məbləğində inzibati qaydada cərimə etmişdir. Həmin qərar qüvvədə olduğu halda məhkəmə həmin qərarı sübut kimi qəbul etməmişdir. - Xaçmaz Rayon Məhkəməsinin 3(067)-290/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə Xaçmaz RPŞ-nin xx.xx.2021-ci il tarixli, TP-4727697 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edildiyindən məhkəmə hazırki işə baxarkən məhkəmənin göstərdiyi kimi bir iş üzrə ikinci qərar mövcud olmamışdır. Məhkəmə hazırki işə baxdığı anda Cavabdeh Xaçmaz RPŞ-nin xx.xx.2022-ci il tarixli, İXM-nın 338.5.1və 338.5.2-ci maddələri ilə tənbeh edilməsi barədə qərarı qüvvədə olmuşdur və qüvvədədir. Məhkəmə tamamilə əsassız olaraq həmin qərarı sübut kimi qəbul etməmişdir və səhv nəticəyə gəlmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

23. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

24. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

25. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakdan məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericilikdə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...) Maddə 14.3. Məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..) Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə (...). 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

27. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası məruzəçi-hakimi, işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilməlidir.

29. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia haqlı sayılır, uzlaşmırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə təmin olunmalı deyilsə) iddia rədd edilir.

30. Baxılan işdə iddiaçı cavabdehin səbəb olduğu yol-nəqliyyat hadisəsi nəticəsində ona dəyən maddi zərərin əvəzinin ödənilməsini tələb edir.

31. Məlum olduğu kimi, Mülki Məcəllənin 1096.1 və 1097.1-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

32. Baxılan işdə mübahisə olunan hal iddiaçıya dəymiş zərərin həcmi ilə bağlıdır. Belə ki, iddiaçı delikt nəticəsində ona 2246 manat zərər dəydiyini bildirərək həmin məbləğdə pulun cavabdehdən tutulmasını tələb edir.

33. İşin müəyyən edilmiş hallarından görünür ki, xx.xx.2021-ci il tarixdə iddiaçı özünə məxsus CHEVROLET AVEO minik markalı, ** BT *** dövlət qeydiyyat nişanlı avtomaşınla Xudat-Yalama yolunun Ləcət kəndi ərazisində hərəkətdə olarkən Cavabdeh oglu özünə məxsus iri buynuzlu mal-qaranı nəzarətsiz qaydada avtomobil yoluna buraxdığına görə inək qəfildən yola çıxaraq toqquşmaya səbəb olmuşdur.

34. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən ona əsaslanmışdır ki, Xaçmaz rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı əsaslı hesab edilə bilməz və məhkəmə tərəfindən sübut kimi qəbul edilə bilməz. İddiaçının cavabdehdən zərərin əvəzinin ödənilməsinə dair pul tələb etməsi əsassızdır. Ona görə ki, pul tələb etməyin əsasını təşkil edən və cavabdehin məsuliyyətini müəyyən edən hər hansı bir hüquqi əsas mövcud deyil.

35. Yuxarıda istinad olunan işin halları ilə müəyyən olunur ki, cavabdeh barəsində Xaçmaz RPŞ-nin DYPB-nin inspektoru Azər Süleymanov xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 338.5.1 və 338.5.2-ci maddələri ilə TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş və Cavabdeh 40 manat məbləğində inzibati tənbeh tətbiq etmişdir. Cavabdeh məhkəməyə müraciət edərək həmin qərarın ləğv olunmasını xahiş etmiş, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(067)- 523/2023 nömrəli qərarı ilə Cavabdeh Xaçmaz DYPB-nin xx.xx.2022-ci il tarixli TP ******* saylı qərarından verilmiş şikayət təmin edilməmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)-420/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə Xaçmaz Rayon Məhkəməsinin həmin qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti də təmin edilməmiş, qərar dəyişdirilmədən saxlanılmışdır.

36. Göründüyü kimi, birnci instansiya məhkəməsi iddianı rədd edərkən işin qeyd olunan hallarını nəzərə almamış və səhv nəticəyə gəlmişdir.

37. xx.xx.2021-ci il tarixli, Qusar rayonu “VAZ” kooperativində tərtib edilmiş nəqliyyat vasitələrinin təmirinə (bərpa edilməsinə) dair smeta aktından görünür ki, ehtiyat hissələrinin hazırki bazar qiyməti 1466 manat, avtomaşına dəymiş digər ziyanın aradan qaldırılması üçün tələb olunan təmir xərcləri-dəmirçi işi 350 manat, rəngsaz işi 320 manat, usta haqqı 110 manat olmaqla İddiaçı məxsus avtomaşına dəymiş maddi ziyan 2246 manat təşkil edir. Bundan başqa, xx.xx.2021-ci il tarixli mədaxil qəbzi ilə texniki müayinə üçün Qusar rayonu “VAZ” kooperativinə 50 manat ödənildiyi müəyyən olunur.

38. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərtin mövcudluğu tələb olunur. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 aprel 2021-ci il tarixli qərarı).

39. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı” iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi...

40. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamışdır ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-386/2023 nömrəli, 01 mart 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. Cavabdeh 2296 (iki min iki yüz doxsan altı) manat pul tutularaq və iddia ərizəsinın məhkəməyə verilməsi üçün ödənilmiş 42 manat 46 qəpik məbləğində dövlət rüsumu İddiaçı ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar