Məhkəmə qərarları › İş №2(105)-1169/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1169/2022

28.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1169/2022 28.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağamirova nigar Kamran qızının iştirakı ilə Şamaxı Rayon Məhkəməsinin 17 mart 2022-ci il tarixli, e-2(074)-472/2022 saylı qərardadından İddiaçı Açıq Səhmdar Cəmiyyətinin şikayətinə əsasən işə apellyasiya qaydasında yazılı icraatda baxaraq MÜƏYYƏN ETDİ: Şamaxı Rayon Məhkəməsinin 17 mart 2022-ci il tarixli, e-2(074)-472/2022 saylı qərardadı ilə (sədrlik edən, hakim Natiq İsmayılov) İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması, ipoteka predmetinin boşaldılması və digər tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina olunması qərara alınmış, iddiaçı qərardaddan şikayət vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh4 İddiaçı ASC-nin xeyrinə 28.06.2019-cu il tarixli, SHMFS-208 saylı kredit müqaviləsi üzrə kreditə görə 5328,26 manat, faiz borcuna görə 1588,43 manat, cərimə borcuna görə 395,11 manat, cəmi 7311,8 manat, Əmlak Məsələləri Dövlət Xidməti yanında DƏDRX-nin Şamaxı Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 40 manat rüsumun və dövlət rüsumu kimi ödənilmiş 94 manatın, cəmi 134 manat pulun tutulması, tələbin tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən 81,7 kv.m ümumi sahəsi olan fərdi yaşayış evinə və yerləşdiyi 0,0763 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi, açıq hərracda satılması və satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 28.06.2019-cu il tarixli, SHMFS-208 saylı kredit müqaviləsi üzrə cəmi 7311,8 manat borcun və dövlət rüsumu kimi ödənilmiş cəmi 134 manat məbləğində pulun İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmeti olan tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən 81,7 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evinə və yerləşdiyi 0,0763 ha torpaq sahəsinə tələb yönəldikdən, həmin əmlak hərracdan satıldıqdan və ya tələbkar tərəfindən əldə edildikdən sonra ən geci 1 ay ərzində boşaldılması, keçmiş mülkiyyətçi və ailə üzvlərinin həmin əmlakdan əşyaları ilə birlikdə çıxarılması, ipoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait 28.06.2019-cu il tarixli, SHMFS-208 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğin cavabdehlər Cavabdeh1 və Cavabdeh4 ümumi qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən qərardad qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, qərardad tamamilə qanunsuz və əsassızdır, həmçinin cəmiyyətin mənafelərinə ziddir. Məhkəmə “İpoteka haqqında” qanunun 39-cu maddəsinə əsasən ipoteka müqaviləsindən irəli gələn mübahisələrə dair iddialara məhkəmə qaydasında baxılması halını nəzərdən qaçırmışdır. Belə ki, “İpoteka haqqında” qanunun 39-cu maddəsinə əsasən ipoteka müqaviləsindən irəli gələn mübahisələrə dair iddialara məhkəmə qaydasında baxılır. Bundan əlavə “İpoteka haqqında” qanunun 26.1.7-ci maddəsinə əsasən bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, ipoteka predmetinə tutmanı notariusun icra qeydi əsasında yönəltmək hüququ vardır, yəni ipoteka predmetinə tutmanı notariusun icra qeydi əsasında yönəltmək ipoteka saxlayanın vəzifəsi deyil, hüququdur. “İpoteka haqqında” qanunun 39.1-ci maddəsində deyilir ki, ipoteka müqaviləsindən irəli gələn mübahisələrə məhkəmə ərizənin daxil olduğu gündən 1 ay müddətində baxır və həmin mübahisələrin həllinə dair qətnamə və ya qərardad çıxarır. Çıxarılan qərardan şikayət verildiyi halda, həmin şikayətə sonrakı instansiya məhkəmələrində ərizənin daxil olduğu gündən 1 ay müddətində baxılır və həmin işin həllinə dair qətnamə və ya qərardad çıxarılır. Şikayətdə iş üzrə məhkəmə qərardadının ləğv olunması və iddia ərizəsinin icraata qəbul edilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət qismən təmin edilməli, qərardad ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının şikayəti iş üzrə məhkəmə qərardadının ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qərardadının qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Birinci instansiya məhkəməsi iddia ərizəsinin qəbul edilməsindən imtina edərkən iddiaçının “İpoteka haqqında” qanunun 36-38-ci maddələri ilə nəzərdə tutulmuş qaydalara riayət etməklə ipoteka predmetinə tutmanın yönəldilməsi məqsədilə icra qeydinin verilməsi üçün müvafiq notariusa müraciət etməli olmasına istinad etmiş, gəldiyi nəticəni Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı hesab edilə bilməz. Belə ki, “İpoteka haqqında” qanunun 39.1-ci maddəsinə əsasən ipoteka müqaviləsindən irəli gələn mübahisələrə məhkəmə ərizənin daxil olduğu gündən 1 ay müddətində baxır və həmin mübahisələrin həllinə dair qətnamə və ya qərardad çıxarır. Çıxarılan qərardan şikayət verildiyi halda, həmin şikayətə sonrakı instansiya məhkəmələrində ərizənin daxil olduğu gündən 1 ay müddətində baxılır və həmin işin həllinə dair qətnamə və ya qərardad çıxarılır. Göründüyü kimi, ipoteka müqaviləsindən irəli gələn mübahisələrə məhkəmə qaydasında baxılır. Bundan başqa, iddiaçının əsas tələbi kredit müqaviləsi üzrə borcun tutulmasıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmək hüququna malikdir, iddia ərizəsinə məhkəmə qaydasında baxılması mülkiprosessual qanunvericiliyin tələbləri baxımından mümkündür və birinci instansiya məhkəməsi iddiaçının məhkəmə müdafiəsi hüququnu məhdudlaşdırmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası sadalanan halları, şikayətdə göstərilən dəlilləri araşdırıb hesab edir ki, şikayət qismən təmin edilməli, iş üzrə məhkəmə qərardadı ləğv edilməli və mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Şamaxı Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264 və 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin şikayəti qismən təmin edilsin. İş üzrə Şamaxı Rayon Məhkəməsinin 17 mart 2022-ci il tarixli, e-2(074)-472/2022 saylı qərardadı ləğv edilsin. Mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Şamaxı Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar