Məhkəmə qərarları › İş №2(105)-117/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-117/2021

17.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-117/2021 17.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X2, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(012)-4585/2019 saylı qətnaməsindən Cavabdeh verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(012)-4585/2019 saylı qətnaməsi ilə (hakim E.T.Məmmədov) İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair iddiası qismən təmin edilib, Cavabdeh xx xxxx 2016-cı il tarixli, 104.LN.1010.010616.00002 saylı kredit müqaviləsi üzrə 21781,22 manat əsas borc, 5476,79 manat faiz borcu və 30 manat cərimə olmaqla, cəmi 27288,01 manat (iyirmi yeddi min iki yüz səksən səkkiz manat bir qəpik) məbləğində borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulub İddiaçı ASC-nin xeyrinə verilməsi qət edilmişdir. Cavabdeh apelyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(012)-4585/2019 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, xx xxxx 2016-cı il tarixli, 104.LN.1010.010616.00002 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh illik 18 faizlə, 48 ay müddətinə 28000 manat məbləğində kredit verilmişdir. Lakin, borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini vaxtında və lazımınca icra etməmişdir. xx xxxxxx 2019-cu il tarixə Cavabdeh banka xx xxxx 2016-cı il tarixli, 104.LN.1010.010616.00002 saylı kredit müqaviləsi üzrə 21781,22 manat əsas borc, 5476,79 manat faiz borcu və 1103,45 manat cərimə olmaqla, cəmi 28361,46 manat borcu vardır. Borclu Cavabdeh kredit müqaviləsi Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanın təsir altına düşmür. Belə ki, Azərbaycan Respublikası Maliyyə X3 tərəfindən banka göndərilmiş güzəştli şərtlərlə yeni kredit müqaviləsinin bağlanması nəzərdə tutulmalı olan borcluların siyahısında borclu Cavabdeh adı yoxdur. Dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh ödənişlər üzrə gecikdirmələri aradan qaldırmamış və könüllü olaraq borcu ödəməkdən yayınmaqdadır. Ona görə də, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx xxxx 2016-cı il tarixli, 104.LN.1010.010616.00002 saylı kredit müqaviləsi üzrə 21781,22 manat əsas borc, 5476,79 manat faiz borcu və 1103,45 manat cərimə olmaqla, cəmi 28361,46 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh verdiyi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsi xx xxxxxx 2019-cu il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, xx xxxx 2016-cı il tarixli kredit müqaviləsinə əsasən 18 faizlə, 48 ay müddətinə 28.000 manat məbləğində kredit almışdır. 9 ay müddətində banka olan kredit borcu əmək haqqına yönəlmiş və kredit borcunu problemsiz ödəmişdir. 2017-ci ilin aprel ayından əmək haqqı 50 faizə qədər azalmış və əmək haqqı kredit borcunun ödənilməsinə kifayət etməmişdir. 2017-ci ilin noyabr ayından sonra ümumiyyətlə banka olan borcunu ödəməmişdir. Bundan sonra bank 90 gün ərzində məhkəməyə müraciət etməli olduğu halda qəsdən müraciətini gecikdirmiş və süni surətdə faizlərin şişirdilməsinə nail olmuşdur. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında Cavabdeh apelyasiya şikayətini müdafiə edib, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Ü.B.Xəlilova apelyasiya şikayətinə etiraz edib, təmin olunmamasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-ha¬ki¬min məruzəsini və işdə iştirak dən şəxslərin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən Cavabdeh verdiyi apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan xx xxxx 2016-cı il tarixli, 104.LN.1010.010616.00002 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC və Cavabdeh arasında kredit müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh illik 18 faiz olmaqla, 48 ay müddətinə 28000 manat məbləğində kredit ayrılmışdır. İddiaçı ASC-nin xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 104.LN.1010.010616.00002 saylı kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə 21781,22 manat əsas borc, 5476,79 manat faiz borcu və 1103,45 manat hesablanmış artırılmış faiz borcu olmaqla, cəmi 28361,46 manat borcu yaranmışdır. İddiaçı ASC-nin xx xxxxxx 2019-cu il tarixli maliyyə arayışdan görünür ki, İddiaçı ASC və Cavabdeh arasında bağlanmış xx xxxx 2016-cı il tarixli, 104.LN.1010.010616.00002 saylı kredit müqaviləsi üzrə sonuncu tərəfindən banka xx xxxx 2016-cı il tarixdən xx xxxxxxx 2017-ci il tarixədək ümumilikdə 11833,14 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: öhdəliyin onun icrası ücün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) ücün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Məhkəmə kollegiyası toplanmış sübutları müqayisəli surətdə tədqiq edərək hesab edir ki, kredit müqaviləsinə əsasən cavabdehin bank qarşısında öhdəliyi yaranmış, cavabdeh öz üzərinə götürmüş olduğu öhdəliyi tam icra etməmiş və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıyır. Məhkəmə kollegiyası tərəfindən verilmiş apelyasiya şikayəti və cavabdehin müraciəti əsasında işin həqiqi hallarını və tərəflər arasında yaranmış mübahisə üzrə araşdırma apararkən iş üzrə kredit borcun müəyyən edilməsi üçün məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 9/5555 saylı məhkəmə mühasibatlıq ekspertizasının rəyinə əsasən xx xxxx 2016cı il tarixli, 104.LN.1010.010616.00002 saylı kredit müqaviləsinin şərtləri əsas götürülməklə Cavabdeh xx xxxxxxx 2019-cu il tarixə banka olan borcu 30235,85 manat məbləğində müəyyən edilir. Həmin məbləğin əsas borc hisəsi üzrə 22240,42 manat, faiz borcu 7995,43 manat məbləğində müəyyən edilir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 9/5555 saylı rəyi ilə əsas və faiz borcun tələbdən artıq olması barədə hala hüquqi qiymət verərək nəzərə alır ki, ekspertin müəyyən etdiyi əsas və faiz məbləğləri iddiaçının tələb etdiyi məbləğdən yüksək olduğu üçün əsas və faiz borc dəyişdirilmədən iddiaçının tələb etdiyi məbləğdə, yəni 21781,22 manat əsas borc və 5476,79 manat faiz borcu məbləğində müəyyən edilməlidir. Əks təqdirdə ekspertin rəyi ilə əsas və faiz borc hissəsində razılaşan məhkəmə kollegiyası iddia tələbindən kənara çıxmış olar. Bu isə məhkəmə kollegiyasının qənaətinə görə Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələblərinə zidd olardı. İş materiallarından görünür ki, kreditor tərəfindən borcluya kredit müqaviləsi üzrə öhdəliklərin icrasının gecikdirilməsi ilə əlaqədar 1103,45 manat məbləğində cərimə borcu hesablanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, kredit müqaviləsi üzrə dəbbə borcunun birinci instansiya məhkəməsi təəfindən azaldılaraq 30 manat məbləğində təmin edilməsi barədə instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə tələb edilən ödənilmədən qalmış borca münasibətdə tələbi qismən təmin etməklə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Cavabdeh apelyasiya şikayətinin dəlillərini təsdiq edən başqa bir sübut təqdim edə bilməmişdir və birinci instnsiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi hallarını sübuta yetirə bilməmişdir. Ona görə də apelyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında dəyişdirilmədən, apelyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də, apelyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat məbləğində pul ödənilmiş tələbin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Apelyasiya şikayəti əsassız olduğundan aparılmış ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat pul Cavabdeh alınıb AZ.MEM, VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402- 403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh verdiyi apelyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(012)-4585/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlansın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat pul Cavabdeh alınıb, AZ.MEM, VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar