Məhkəmə qərarları › İş №2(105)-1170/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1170/2025

20.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1170/2025 20.08.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Fuad Əli oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 2(027)-761/2025 nömrəli, 23 iyun 2025-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Quba Rayon Məhkəməsinin 23 aprel 2025-ci il tarixli qətnaməsi ilə (hakim S.Məmmədov) iddianın təmin edilməsi, Cavabdeh 6000 (altı min) manat və ödənilmiş 80 (səksən) manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Quba Rayon Məhkəməsinin 23 iyun 2025-ci il tarixli qərardadı ilə Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)-761/2025 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh vəkili və nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Cavabdeh həmin qərardaddan şikayət vermişdir. Quba Rayon Məhkəməsinin 10 iyul 2025-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Cavabdeh vəkili və nümayəndəsi Nümayəndə Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)- 761/2025 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətinin geri qaytarılması barədə Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)-761/2025 nömrəli qərardadından Cavabdeh vəkili və nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətin mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona borclu olduğu 6000 (altı min) manat pulun və 80 (səksən) manat dövlət rüsumunun alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Cavabdeh Quba Rayon Məhkəməsinin 23 iyun 2025-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, apellyasiya şikayətinə əlavə edilmiş iddia müddətinin bərpası haqqında ərizəsində bildirdiyi kimi, hazırki iş üzrə qətnamənin surətini 22 may 2025-ci ildə Quba rayonu, Alpan kənd poçtundan almışdır. Apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulan bir ay müddət keçməmiş ona Quba rayon İcra və Probasiya şöbəsindən SMS gəlmişdir. İcra şöbəsinə getdikdə qətnamənin icraya yönəldiyini bilmişdir. Yaşadığı Quba rayonunun Digah kəndinin də daxil olduğu Alpan poçt şöbəsi geniş bir ərazidə yerləşən 6 kəndi Alpan, Digah, Uzunmeşə, Kürkün, Gərəy və Susay kəndlərini əhatə edir. Bunlarda üçü çoxsaylı əhaliyə malik olmaqla bir-birindən onlarla kilometr uzaqda yerləşir. Digah özü iki kənddir. Bütün bu sahəyə cəmi bir poçtalyon baxır. Ona görə də poçt şöbəsindən məktubları gecikdirilərək təqdim olunur. Poçt şəbəsindən də məktubun ona 22 may 2025-ci ildə təqdim edildiyi bildirilir, zərflə təsdiq edilir. Hesab edir ki, hazırki iş üzrə apellyasiya şikayətinin geri qaytarılması barədə qərardad qəbul edilərkən nəticə üçün əhəmiyyət kəsb edən hallar tam araşdırılmamışdır. Quba Rayon Məhkəməsinin qərardadında göstərilmiş nəticələr işin hallarına uyğun deyildir. İşin faktiki hallarından da görünür ki, qətnaməni 22 may 2025-ci ildə X3 rəsmi şəkildə almışdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 365. maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. İş materiallarını araşdıraraq, şikayətin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin geri qaytarılmasını cavabdeh tərəfindən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilməsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab edir. İş materiallarından görünür ki, mübahisələndirilən məhkəmə qətnaməsi cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə qəbul edilmiş, bununla müddətin axımı başlamışdır. Cavabdehin apellyasiya şikayəti isə məhkəməyə xx.xx.2025-ci il tarixində daxil olmuşdur. Qanunun tələbinə görə məhkəmə qətnaməsindən apellyasiya şikayəti həmin vaxtdan hesablanmaqla bir ay müddətində verilə bilər. Lakin sonuncu bu hüquqi imkandan istifadə etməyərək qanunla nəzərdə tutulmuş apellyasiya şikayəti verilmə müddətini ötürmüşdür. Azərbaycan Respublikası MPM-nin 357-ci maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətinə verilə bilər. Mülki Prosessual Məcəllənin 128.1. maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur (Mülki Prosessual Məcəllənin 129.1., 129.3. maddələri). “X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 13 fevral 2007-ci il tarixli qərarında hüquqi mövqeyini qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illyüziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan «res judicata» prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır. Qanuni qüvvəyə minmiş və barəsində şikayət vermə imkanları tükənmiş yekun məhkəmə qərarının istənilən anda ləğv edilməsi mümkünlüyü qanunun aliliyi və hüquq müəyyənlik prinsipləri ilə ziddiyyət təşkil edir ("xxxx" ASC-nin şikayəti ilə əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun 14 dekabr 2006-cı il tarixli qərarı). Bu mənada məhkəmə kollegiyası Cavabdeh tərəfindən prosessual müddətin üzrsüz səbəbdən ötürülməsi ilə bağlı birinci instansiya məhkəməsinin müəyyən etdiyi nəticə ilə razılaşır və hesab edir ki, Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixli məhkəmə qətnaməsindən apellyasiya şikayəti prosessual müddəti üzrlü səbəb olmadan buraxıldığından, birinci instansiya məhkəməsi haqlı olaraq apellyasiya şikayətinin geri qaytarılması qənaətinə gəlmişdir. Beləliklə məhkəmə kollegiyası qeyd olunan halları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə görə apellyasiya instansiya məhkəməsi məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1., 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdeh şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin 23 iyun 2025-ci il tarixli və onunla bağlı 10 iyul 2025-ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar