Məhkəmə qərarları › İş №2(105)-1172/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1172/2025

09.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1172/2025 09.10.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, X3, Cavabdeh3 və Cavabdeh4 qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbi) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), X22 və X11 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh3, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Şuşa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(077)-152/2025 nömrəli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, X2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 30.000 manat məbləğində borcun, vurulmuş ziyanın əvəzi kimi 10.704 manat məbləğində pulun, 213 manat ödənilmiş dövlət rüsumunun və vəkilə ödənilmiş xidmət haqqının əvəzi kimi 300 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 onun dayısı oğlu, cavabdeh X1 Habil Sərhad oğlunun arvadı, cavabdehlər Cavabdeh4 və Cavabdeh3 isə onların övladlarıdır. Cavabdehlərlə çox yaxşı münasibətləri olmuş və qohumluqdan əlavə cavabdehlər Habil və Səyyarə 2021-ci ildə oğulları Rüstəm üçün onun qızına elçi getmişlər. Cavabdehlər bildirmişlər ki, oğulları Rüstəm Latviyada yaşayır, alver ilə məşgul olur və yaxşı pul qazanır, tezliklə Bakıya gələcək, burada ev alacaq və burada yaşamağa davam edəcək. Cavabdehlər yaxın qohumları ilə birlikdə nişan üzüyü taxmaq istəmişlər, lakin razı olmamış və bildirmişdir ki, ancaq oğlan gəldikdən sonra bu iş baş tuta bilər. 2022-ci ilin mart ayında Habil və Səyyarə oğulları Rüstəmin Azərbaycana nişan mərasimi üçün gəlmək istədiyini, lakin orada bəzi məsələləri həll etməsi üçün ona 50.000 manat pul lazım olduğunu bildirmiş, buna görə də həmin məbləği ondan borc alınması üçün müraciət edərək borc pul verməsini xahiş etmişlər. Onlar rəsmi iş yerlərinin olmadığını, onun isə belə imkanının olduğunu səbəb gətirərək bankdan 50.000 manat kreditə götürüb onlara verməsini və çox qısa müddətdə bütün məbləği (əsas borcu və hesablanmış faizləri) banka qaytaracaqlarını bildirmişdirlər. Cavabdehlərlə olan qohumluq, yaxın və etibarlı münasibəti nəzərə alaraq və səmimiliklərinə inanaraq borc verməyə razılıq vermişdir. Cavabdehlər isə almış olduqları pulu qısa müddətdə qaytaracaqlarına söz vermişdirlər. Bu səbəbdən də xx.xx.2022-ci il tarixdə "xxxx" Bank ASC-dən 20.000 manat, "xxxx" ASCdən isə 30.000 manat krediti götürərək cavabdehlərə təqdim etmişdir. Beləliklə, "xxxx" ASC-nin Azneft filialı ilə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən, illik 21 faiz dərəcəli, 36 ay müddətli, aylıq ödəməsi 1.130 manat olmaqla ona 30.000 manat nağd pul verilmişdir. Kreditin verilməsində zamin olaraq iş yoldaşı X23 iştirak etmişdir. Pul bankdan təhvil alınan zaman cavabdehlər Habil və Səyyarə orada olmuş, 30.000 manatı onlara təqdim edən zaman zamin X23 və digər iş yoldaşı X8 da iştirak etmişlər. Cavabdehlərlə etibarlı münasibətlərə əsaslanaraq verilmiş 50.000 manat pulun rəsmiləşdirilməsi, yəni müqavilənin bağlanması həyata keçirilməmişdir. Cavabdehlərə pulu verdikdən sonra vəd olunan vaxt gəlib çatmış, lakin borcun qaytarılması təmin olunmamışdır. Cavabdehlər borcun yaxın zamanlarda qaytaracaqlarını bildirmiş və bu səbəbdən səbrlə gözləmiş və pulu geri istəməmişlər. Lakin müddət uzanmış və cavabdehlər hər dəfə möhlət istəyərək pulu qaytarılmasını təmin etməmişlər. Aralarında olan razılığa əsasən cavabdehlər götürdükləri borcu bir ay ərzində qaytarmağı öhdələrinə götürmüşlər. Lakin həmin öhdəliyi pozmuşlar və həmin pulu hissə-hissə qaytarmağa başlamışlar. Belə ki, cavabdehlər borcun bir hissəsi aşağıdakı məbləğlərdə və tarixlərdə qaytarılmışdır: xx.xx.2022-EUR 4000, AZN 7192 – Bank kartına köçürmə – Rüstəm, xx.xx.2022 – AZN 2288 – Bank kartına köçürmə – Xanlar, xx.xx.2022 - AZN 1632 - Bank kartına köçürmə – Xanlar, xx.xx.2022 – AZN 1970 - Bank kartına köçürmə – Xanlar, xx.xx.2022 – AZN 1478 - Bank kartına köçürmə – Çərkəz (Səyyarənin qardaşı), xx.xx.2022 – AZN 1990 - Bank kartına köçürmə – Səyyarə və ya Xanlar, xx.xx.2022 – AZN 1990 - Bank kartına köçürmə – Səyyarə və ya Xanlar, xx.xx.2023 – AZN 882 - Bank kartına köçürmə – Səyyarə və ya Xanlar, xx.xx.2023 – AZN 1350 - Bank kartına köçürmə – Xanlar, xx.xx.2023 – AZN 1000 - Bank kartına köçürmə – Xanlar, xx.xx.2023 – AZN 1290 - Bank kartına köçürmə – Xanlar. Beləliklə cavabdehlər götürdükləri borcun yalnız 23.062 manat hissəsini qaytarmışlar. Son ödəniş xx.xx.2023-cü il tarixdə edilmişdir. Həmin vaxtdan sonra cavabdehlər borcu qaytarmaqdan imtina etmiş və edilmiş çoxsaylı müraciətlər hazırkı vaxtadək heç bir nəticə verməmişdir. 2023-cü ilin dekabr ayından artıq 1 ildən çox müddət keçmiş və borcun qaytarılmasını gözləsə də bu boşu-boşuna olmuşdur. Cavabdehlərin qaytardıqları borcun hesabına "xxxx" ASC-yə olan borc bağlanılmış, lakin "xxxx" ASC-dən götürülən borc cavabdehlər tərəfindən qaytarılmadığı üçün məcbur olub həmin borcu özü bağlamışdır. Götürülən 30.000 manat borcla yanaşı banka əlavə olaraq hesablanmış 10.704 manat faizləri ödəmişdir. Əgər pul cavabdehlər tərəfindən vaxtında qaytarılsa idi, həmin faizlər də ödənilməzdir. Lakin cavabdehlər pulun qaytarılmasını gecikdirdikləri üçün, banka faizlər ödəməyi məcbur olmuş və cavabdehlərin bu hərəkətləri göründüyü kimi ona eyni zamanda ziyan vurulması ilə də nəticələnmişdir. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında borc münasibətləri olmuş, cavabdehlər ondan 2022-ci ilin mart ayında götürdükləri borcdan 23.062 manatı qaytarmış və bu qaytarılmış məbləğin üzərinə tərəfindən müəyyən faiz borcu ödənilərək "xxxx" ASCyə olan kredit borcu bağlanmışdır. "xxxx" ASC-dən götürülmüş kredit üzrə qalan 30.000 manatı və kredit müqaviləsi üzrə hesablanmış faizlər 10.074 manatı isə cavabdehlər tərəfndən iddiaçıya qaytarmamışlar. Aralarında borc münasibətləri və onların iradəsinin məzmunu müəyyən olunsa da, müqavilənin müvafiq forma tələbinə əməl olunmamışdır. Lakin, bu o demək deyil, cavabdehlərin bu halda hər hansı öhdəliyi yaranmamışdır. Aralarında bağlanılmış borc müqaviləsi qanunun tələbinə əməl olunmamaqla bağlanılsa da, cavabdehlərin həmin əqd üzrə pul almaları işin mübahisəsiz halıdır və bu da, onların həmin borcu qaytarmaq öhdəliyini yaradır. Digər tərəfdən cavabdehlər tərəfindən götürülən borcun bir hissəsinin qaytarılması, faktiki onu göstərir ki, cavabdehlər borc münasibətlərinin olmasını qəbul və təsdiq etmişlər. Cavabdehlər tərəfindən borcun bir hissəsinin qaytarılması, aralarında bağlanılmış müqavilənin etibarlı olmasını göstərir. Yəni, cavabdehlər arasında borc müqaviləsi şifahi qaydada bağlanılsa da, cavabdehlər tərəfindən borcun bir hissəsinin qaytarılması, həmin əqdin onlar tərəfindən təsdiq edilməsini göstərir və borc müqaviləsini etibarlı əqd formasına gətirir. Digər tərəfdən əqd cavabdehlər tərəfindən təsdiq edilmişdirsə, həmin əqd onlar tərəfindən artıq mübahisələndirilə bilməz. Bu səbəbdən cavabdehlərdən müştərək qaydada ödənilməmiş qalmış borcun əvəzi kimi 30.000 manat məbləğində pul tutulmalıdır. Eyni zamanda qeyd olunmalıdır ki, cavabdehlərin öz öhdəliklərini yerinə yetirməməsi nəticəsində ona 10.704 manat maddi ziyan da dəymişdir. Belə ki, cavabdehlər üçün götürülən və onlara borc qismində verilən pula görə iddiaçı məcburiyyət qarşısında qalaraq banka faizlər ödəmiş və nəticədə iddiaçıya ziyan dəymişdir. Bu səbəbdən cavabdehlərdən eyni zamanda vurulmuş ziyanın əvəzi kimi iddiaçının xeyrinə 10.704 manat məbləğində pul da tutulmalıdır.

3. İddia tələbinə qarşı etiraz daxil olmamışdır.

4. Şuşa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(077)-152/2025 nömrəli qətnaməsi ilə (hakim Sərdar Mehrəliyev) iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1, X2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 30.000 (otuz min) manat borc, vurulmuş ziyanın əvəzi kimi 10.704 (on min yeddi yüz dörd) manat, 213 (iki yüz on üç) manat ödənilmiş dövlət rüsumunun və 300 (üç yüz) manat vəkilə ödənilmiş xidmət haqqının əvəzinin alınıb İddiaçı verilməsi qət edilmişdir.

5. Məhkəmə müəyyən etmişdir ki, İddiaçı ilə Cavabdeh4 arasında “Whatsapp” sosial şəbəkəsi üzərindən gedən yazışmalardan iddiaçının "xxxx" ASC-dən 20000 manat məbləğində, "xxxx" ASC-dən isə 30000 manat məbləğində kredit götürərək, cəmi 50000 manat məbləğində pul vəsaitini cavabdehlərə verməsi, cavabdehlər tərəfindən həmin məbləğdən bank faizi ilə birlikdə 23.062 manat hissəsinin qaytarılması, nəticə də "xxxx" ASC-dən 20000 manat məbləğində borcun həmin vəsait hesabına bağlanması, "xxxx" ASC-yə olan 30000 manat məbləğində kreditin isə cavabdehlərə edilmiş çoxsaylı müraciətlərə baxmayaraq, onlar tərəfindən iddiaçıya qaytarılmaması, nəticədə həmin borcun 10704 manat faiz məbləği ilə birlikdə iddiaçının özü tərəfindən bağlanması müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlər X7 və Cavabdeh3 iddiaçı tərəfindən onlara yalnız 20000 manat məbləğində pul vəsaitinin verilməsini, həm də, hədiyyə olaraq, cehiz alınması üçün verildiyini, borc qismində verilmədiyini bildirsələr də bu halı təsdiq edəcək sübutları təqdim etməmişdirlər. Sözügedən həcmdə pul vəsaitinin borc qismində iddiaçı tərəfindən cavabdehlərə verilməsi həm də şahid ifadələri əsasında öz təsdiqini tapır. Borc müqaviləsinin qanunla müəyən edilmiş forma və məzmununa riayət edilməməsi onun predmeti olan pulun qaytarılmasını istisna etmir. Belə ki, Mülki Məcəllənin 337.5-ci maddəsində etibarsız əqdlər üzrə əldə edilənlərin qaytarılmasının hüquqi əsasları nəzərdə tutulmuşdur. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən məhkəmə hazırkı mübahisə üzrə belə qənaətə gəlir ki, iddiaçının cavabdehlərə verdiyi və sonradan müəyyən ödəmələr aparıldıqdan sonra hazırda qalıq qalan 30000 manat məblığində pul vəsaitinə münasibətdə cavabdehlər heç bir hüquqi əsas olmadan varlanmışdır. İddiaçı cavabdehlərdən verdiyi puldan 30000 manatının geri qaytarılmasını tələb etməkdə haqlıdır. Tərəflər arasındakı etibarsız əqdin nəticəsinin tələb edilməsi müddəti ilə bağlı məhkəmə qeyd edir ki, tərəflər arasında pulun qaytarılması ilə bağlı konkret müddətin olması məhkəmə araşdırması zamanı müəyyən olunmasa da, İddiaçı ilə Cavabdeh4 arasında arasındakı e-poçt yazışmalarından bəlli olur ki, borcun qaytarılmalı ilə bağlı 2023-cü ilin noyabr-2024-cü ilin iyul ayları arasında danışıqlar aparılmış, Cavabdeh4 “bizim sənə borcumuz yoxdu yaxsi oxu nə yazıllb burda? ELMAN NAĞİYEV get borcunu ödə” mesajının göndərildiyi xx.xx.2024-cü il tarixdən isə iddiaçının həmin borcun qaytarılması, daha dəqiqi isə, cavabdehlərdən əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması ilə bağlı iddia irəli sürmək hüququ yaranmışdır. Cavabdehlər iddiaçının bankdan kredit götürüb onlara verdiyi və qaytarmalı olduqları 30000 manatı və ona hesablanmış 10704 manat faiz məbləğini qaytarmadıqlarından, həmin məbləğ də iddiaçı tərəfindən banka ödənildiyinə görə, cavabdehlərin təqsirli hərəkətləri nəticəsində iddiaçıya 10704 manat məbləğində ziyan dəyməsi təsdiq olunur və cavabdehlər həmin məbləği ödəməyə borcludurlar.

6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 329.1, 329.2, 331.1, 337.1, 337.5, 500.1, 500.2, 739.1, 740.2, 1091.1, 1091.2, 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1,1115-ci maddələrinə, Konstutusiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli Plenum Qərarınd istinad edərək əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayəti üzrə tələb və dəlillər

7. Cavabdeh3 apellyasiya şikayəti verərək Şuşa Rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli, 2(077)-152/2025 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının dediyi məbləği cavabdehlərə konkret olarak kimə nə qədər və hansı zamanda verilməsi təsdiqini tapmır. Pulun şahdlərin iştirakı ilə varilməsi ziddiyyətli və şübhəlidir. Eyni zamanda yazılı formaya riayyət edilmədən pulun verilməsi məsələsinin hansısa şahid ifadəsi ilə verilibverilməməsinin təsdiq edilməsi yolverilməzdir. Şahidlər hansı zamanda nə qədər pulun verilməsi də ziddiyyətli, yəni tam formada təsdiq edə bilmirlər. Məhkəmə sübutlara deyil, ehtimallara əsaslanmaqla bir-birinə zidd olan, öyrədilmiş şahid ifadələrinə əsaslanmışdır ki, izahat verən şahidlərin heç biri konkret olaraq iddiaçı tərfəfindən tələb olunun pul məbləğinin dəqiqləşdirilməsini təsdiq edə bilmirlər. İddiaçının iddia ərizəsində cavabdehlər tərfindən ona qaytarılmış olduğu 23.062 məbləğ öz təsdiqini tapır. Digər məbləğlərin verilib-verilməməsi öz təsdiqini tapmır və sübuta yetirilmir. X5 iazahatında iddiaçının iş yoldaşı olduğunu, 30.000 manat pulun götürülməsində zamin durduğunu, həmin kredit məbləğinin cavabdeh Habilə vermək məqsədi ilə götürdüyünü qeyd edir. Kredit müqaviləsində belə qeyd-şərt yoxdur və cavabdehlər bu hissədə məsuliyyət, cavabdehlik daşımırlar. Şahid, X9 izahatında bildirir ki, iddiaçı onun iş yoldaşıdır, Elman onun yanında pul götürərək pulu bir qadına verib. Pulun kimə verdiyi müəyyən edilmir. Şahid, X17 izahatında bildirir ki, cavabdeh Habil onun qardaşıdır. Qardaşı ona deyib ki, cavabdeh Elmandan 50000 min manat pul götürüb. Belə olan halda başqasının sözü ilə deyilən fikir təsdiqini tapmır və pulun verilməsi sübut edilmir. Şahid qismində dindirilmiş X13 izahatında bildirir ki, Cavabdeh1 onun qardaşıdır. Elmangildən qonaqlıqdan qayıdan zaman Elman ona deyib ki, Habilə bankdan 50000 manat pul götürüb verib. İşin bu halı da ziddiyətli və sübuta yetərli deyil. Qeyd edilən məzmunda digər şahidlər də eyni məzminlu ziddiyətli və aydın olmayan və işə aidiyyəti olmayan izahatlar verib ki, məhkəmədə bu ziddiyyətli sübutları qanunsuz olaraq mötəbər hesab etmişdir. Məhkəmə istinad edir ki, İddiaçı Cavabdeh4 ilə danışıqları var ki, pulun alınması təsdiq edilir. Amma bu hissədə heç bir təsdiqedici sübut mövcud deyil. Həmişə Xanlar bildirib ki, “bizim sənə borcumuz yoxdur. Sən bizə 30000 min manat pul verməmisən, özün götürmüsən və özün cavabdehlik daşıyırsan, bizə şər atırsan”. Həmin SMS-lər iş materiallarına əlavə edilib və təkzibolunmazdır. Əqdlərin etibarsızlığı ilə iddia müddəti 1 (bir) il təşkil edir. Həmin müddətin ötürülüb-ötürülməməsini də məhkəmə müəyən edə bilməyib və bunun müəyyən edilməmə səbəbini də qətnamədə təsdiq edə bilməyib.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

9. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz verilərək qeyd edilmişdir ki, apellyasiya şikayəti əsassızdır və Şuşa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi maddi və prosessual hüquq normalarına tam uyğun qəbul edilib. Apellyasiya şikayətində borcun verilməsi faktının sübut olunmadığı iddia olunsa da, iş materiallarında xx.xx.2022-ci il tarixli "Bank of Baku” ilə CP/23011/85/1 saylı kredit sazişi və ödəniş cədvəli, eləcə də "Turan Bank”ın kredit sənədləri mövcuddur və bunlar iddiaçının ümumilikdə 50.000 manat məbləği faktiki götürməsini və bu məbləğin cavabdehlərə verilmək məqsədini obyektiv şəkildə təsdiq edir. Pulun nağd təhvil verilməsi faktı birbaşa müşahidə edən iki neytral şahid olan Umarov Natik və Tağızadə Ceyhun tərəfindən təsdiq olunmuş və bu ifadələrdən görünür ki, 30.000 manat pul bank binasında cavabdeh Habilin həyat yoldaşı cavabdeh Səyyarəyə təhvil verilib, bu isə apellyasiya şikayətində irəli sürülən "pulun konkret kimə verildiyi məlum deyil” iddiasını aradan qaldırır və həmin dəlillərin əsassız olduğunu göstərir. Pulun borc xarakteri "WhatsApp” yazışmalarında cavabdeh Xanların öz etirafları ilə təsdiq olunur, çünki yazışmalarda "kredit”, "aylıq ödəniş”, "faiz”, "gələn aydan verəcəm”, "6-7 min göndərəcəm” kimi ifadələr sistemli şəkildə işlədilib və yalnız sonradan edilən emosional inkar əvvəlki etirafları aradan qaldırmır. Konstitusiya Məhkəməsinin xx.xx.2021-ci il qərarına görə tərəflər arasındakı yazışmalar şəxsi toxunulmazlığı pozmadan sübut kimi yolveriləndir və MPM-in 76-cı maddəsi baxımından qəbul edilməsinə maneə yoxdur. Cavabdehlərin "20.000 manat hədiyyə idi və 23.000 manat geri vermişik” iddiası sübutsuz qalmış, əksinə, bank kartına köçürmələrlə edilən çoxsaylı hissəli ödənişlər, məbləğlər və tarixlər üzrə qəbzlər və iddiaçının təqdim etdiyi ödəniş siyahısı borcun mövcudluğunu və borcluların onu hissəhissə qaytardığını göstərmişdir, hədiyyənin qaytarılması praktikası ilə ziddiyyət təşkil edən bu davranışların borc münasibətini təsdiq etdiyi məhkəmə tərəfindən düzgün qiymətləndirilib. Yazılı müqavilənin olmaması barədə etirazda göstərilən dəlillər mahiyyəti üzrə nəticəni dəyişmir, çünki Mülki Məcəllənin 740.2-ci maddəsinə görə üç min manatdan yuxarı borclar yazılı formada bağlanmalı olsa da, bu forma pozuntusu əqdi əhəmiyyətsiz edir, lakin MM-in 337.5-ci maddəsinə əsasən əhəmiyyətsiz əqd üzrə əldə edilənlər geri qaytarılmalıdır və Konstitusiya Məhkəməsinin xx.xx.2021-ci il qərarında izah olunduğu kimi bu halda pulun əldə edilməsi əsassız varlanma (MM 1091-1092) yaradır və əldə edilən məbləğin qaytarılmasını tələb edir. Apellyasiya şikayətində istinad edilən "kredit müqaviləsində cavabdehin adı yoxdur” arqumenti hüquqi baxımdan predmetdən kənardır, çünki iddiaçı cavabdehlərə qarşı bank müqaviləsi üzrə tələb irəli sürməmiş, əhəmiyyətsiz əqd və əsassız varlanma əsasında restitusiya və zərərin ödənilməsi tələb etmişdir və üçüncü şəxslə bank arasında bağlanan kredit sənədi cavabdehlərin iddiaçı qarşısında əsassız əldə etdiklərini qaytarmaq borcunu aradan qaldırmır. Birgə borcluluq məsələsi də düzgün həll edilib, çünki pulu alma hərəkəti ailə üzvlərinin xahişi ilə birgə həyata keçirilib, hissəli ödənişlər müxtəlif ailə üzvləri tərəfindən eyni borc üzrə edilib və bu faktlar MM-in 500.1 və 500.2-ci maddələrinin məzmununa uyğun olaraq birgə öhdəliyi doğurur, ailənin müxtəlif üzvləri tərəfindən eyni borcun hissələrinin ödənilməsi də birgə borcluluğun etirafıdır. Mülki Məcəllənin 500.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Həmin Məcəllənin 500.2-ci maddəsinə əsasən birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. Beləliklə, cavabdehlər pulun götürməsini etiraf etsələr də, onun qaytarılmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişlər. Apellyasiya şikayətində şahidlərin guya "öyrədilmiş” və "ziddiyyətli” olması barədə mülahizələr təsdiqini tapmır, çünki şahidlərdən ikisi iddiaçı ilə qohum olmayan və hadisəni bilavasitə görmüş iş yoldaşlarıdır, cavabdehlərin özlərinin qohum şahidlərinin ifadələri isə təsdiqləyici xarakter daşıyır və yazışmalar, bank sənədləri və ödəniş qəbzləri ilə üst-üstə düşür. Müddət barədə etiraz da əsassızdır, çünki əhəmiyyətsiz əqd üzrə nəticələrin tətbiqi tələblərinə Konstitusiya Məhkəməsinin xx.xx.2021-ci il qərarında göstərildiyi kimi MM-in 354.1-ci maddəsindəki bir illik xüsusi müddət şamil olunur və bu müddət əldə edilənlərin qaytarılmasından imtina açıq ifadə edilən andan hesablanır. Cavabdeh4 xx.xx.2024-cü il tarixli yazışmada borcu inkar etməsi və ödənişdən imtinası bu anı formalaşdırıb, iddia isə xx.xx.2025-ci ildə verilmiş və beləliklə xüsusi müddət çərçivəsində təqdim edilmişdir. Mülki Məcəllənin 374.2ci maddəsinə görə iddia müddəti yalnız tərəfin ərizəsi ilə tətbiq edilir və cavabdehlər birinci instansiyada müddətin tətbiqi barədə vaxtında və əsaslı ərizə təqdim etməmiş, lakin hər halda göstərilən müddət hüdudları daxilində iddia verildiyindən bu arqumentin real hüquqi nəticəsi yoxdur. Apellyasiya şikayətində "yeni sübut” kimi təqdim edilən məqamlar faktiki olaraq yeni sübut deyil və yalnız mövcud sübutların fərqli qiymətləndirilməsi cəhdidir, halbuki MPM-in tələblərinə görə apellyasiya mərhələsində yeni sübut təqdim etmək üçün sübutun əvvəlcədən təqdim edilməməsinin üzrlü səbəbi əsaslandırılmalıdır və belə əsas göstərilməmişdir. Ziyanın əvəzinin ödənilməsi tələbinin təmin edilməsi maddi hüquqa tam uyğundur, çünki cavabdehlərin 30.000 manat borcu vaxtında qaytarmaması iddiaçını həmin kredit üzrə 10.704 manat faiz ödəməyə məcbur etmiş və bu məbləğ MM-in 21.1 və 21.2-ci maddələrinin mənasında real zərərdir, cavabdehlərin hüquqa zidd hərəkəti ilə zərər arasında birbaşa səbəb-nəticə əlaqəsi mövcuddur. Apellyasiya şikayətində "pul konkret kimə, nə vaxt və nə qədər verilib” sualına dair iradlar birinci instansiyada sübutlarla cavablandırılmışdır, çünki 30.000 manatın Səyyarəyə bank binasında təhvil verilməsi barədə birbaşa müşahidə ifadələri mövcuddur, bundan əlavə cavabdehlərin özlərinin müxtəlif tarixlərdə bank kartına etdikləri köçürmələr qalıq məbləğin yalnız 30.000 manat olduğunu və 23.062 manatın qaytarıldığını obyektiv şəkildə təsdiqləyir və bu rəqəmsal zəncir apellyasiya şikayətindəki ümumi inkarlarla ziddiyyət təşkil edir. Cavabdehlərdən Cavabdeh1 və Cavabdeh4 məhkəməyə gəlməməsi və sübut təqdim etməməsi fonunda MPM-in 185.5-ci maddəsinə əsasən iş onların iştirakı olmadan baxılmış və məhkəmənin sübuta yetirilməsi zəruri olan halları tərəflərin təqdim etdikləri materiallarla müəyyən etməsi prosessual baxımdan tam doğrudur. Beləliklə, pulun iddiaçıdan cavabdehlərə verilməsi faktı bank sənədləri, şahidlərin birbaşa müşahidələri, cavabdehlərin hissəli ödənişləri və yazışmalardakı etiraflar ilə sübuta yetirilmiş, yazılı forma pozuntusu yalnız əqdin etibarsızlığına səbəb olmuşdur. Lakin MM-in 337.5 və 1091-1092-ci maddələri üzrə əldə edilənin qaytarılması öhdəliyini istisna etməmiş, ziyanın məbləği isə real zərər kimi əsaslandırılmışdır. Göstərilən əsaslara görə apellyasiya şikayətinin təmin edilməsinə hüquqi əsas yoxdur, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında Cavabdeh3 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, iddiaçı nişan baş tutmamışdan əvvəl qızına yardım məqsədilə 20000 manat məbləğində pul verib. Onlar isə həmin məbləği geri qaytarmışlar. 20000 manatı atasına verib, atası isə geri qaytarıb, tələb olunan geridə qalan məbləğdən xəbəri yoxdur. İddiaçı pulu gah anasına, gah atasına verdiyini deyib. Xanlar qardaşıdır, onun yazışmalarından xəbəri yoxdur, ancaq yazışmaların gerçək olduğunu düşünmür, özü də qardaşı adından yazışma hazırlayıb təqdim edə bilər. Ailə üzvləri hazırda ölkə xaricindədirlər. İddiaçının qızı ilə o, nişanlanmalı idi. Anası digər iclaslarda iştirak edib. İddiaçı heç bir sübut olmadan 30000 manat verdiyini deyir, izahatları ziddiyyət təşkil edir, əgər böyük məbləğdə borca pul verirdisə, bunu notarial qaydada təsdiq edərdi. İddiaçı 20000 manat verib, biz 23000 manat qaytarmışlar. 20000 manat verib indi isə daha çox tələb etməsinin səbəbi dayısının ölümü, bibilərinmin məsələyə qarışması və bu kimi xoşagəlməz hallar olub, iddiaçı onlarla prinsip aparıb. 9 şahid Elman müəllimin dediklərinə əsasən ifadə verib, illərdir ki, bibiləri və əmisi ilə münasibətləri yoxdur. Borcu nə zaman ödəyib qutardıqlarını xatırlamır, ödəniş kart vasitəsilə olub, Elman müəllimin kartına göndərmişlər. Bank hesabından çıxarışların əldə olunması üçün banka müraciət etsə də bankdan bildiriblər ki, köçürmə tarixlərindən uzun zaman keçdiyindən müvafiq çıxarışın təqdim edilməsi mümkün deyil.

11. Məhkəmə kollegiyasının iclasında Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikaytətini müdafiə edərək bildirdi ki, iddiaçı 20000 manat verib, cavabdehlər borcu artıqlaması ilə qaytarıblar. Digər məbləğlərin verilməsi ilə bağlı sübut yoxdur, tələb əsassızdır. Borc verəndə yazılı qaydada rəsmiləşdirilməli idi, bu zaman şahid ifadələri ilə sübut olunmasına ehtiyac qalmazdı. Şahid ifadələri bir-biri ilə ziddiyyət təşkil edir, eyni zamanda ifadə vermiş şəxslər bir-biri ilə qohumluq münasibətindədirlər. Şahidlər pulun verilməsinə həqiqətən şahidlik etməmiş, yalnız iddiaçınıı dediklərinə əsasən ifadə vermişlər. Yazışmalara gəldikdə isə Rüstəmin qardaşı Xanlarla iddiaçı arasında olan yazışmalarda pulun verilməsinə dair hər hansı sübut yoxdur. Birinci instansiya məhkəməsində şahid kimi ifadə verən özünün İddiaçı iş yoldaşı olduğunu bildirən şəxs onun 30000 manat məbləğində kredit məbləğini Habilə vermək üçün aldığını, həmin müqavilə üzrə zamin olduğunu bidirmişdir. Əgər pul Habilə vermək üçün götürülmüşdürsə, iddiaçı cavabdeh qismində yalnız Habili qoyardı, o isə bütün ailəni məhkəməyə verib. Digər şahid isə İddiaçı pulu bir qadına verdiyini bildirmişdir. Yazışmalarda pulun verilməsi təsdiq olunmur. Xanların yazışmaları ziddiyyətlidir, şübhəli hallara sübut kimi qiymət verilə bilməz

12. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edəreək bildirdi ki, 30000 bankdan götürüb Cavabdeh3 anası Səyyarə xanıma vermişdir, xanımın əri də orada olub. 20000 manatı yarı-yarı götürmüş, müəyyən hissəsini evlərində Səyyarə xanıma vermiş, yas yerində 13000 manatı Habillə banka gedib, orada Rüstəmin bank hesabına göndərmişdir. Rüstəm pul məsələsini qızına, qızı isə onlara deyib. Cavabdeh Səyyarə xanıma şəxsən 13000 manat pul verib. Sonra "xxxx"dan 30000 manat və "xxxx"dan 6900 manat kredit götürüb cavabdehlərə verib. 30000 manatı bankın binasında Səyyarə xanıma, 6900 manatı isə yas mərasimində Səyyarə xanım və Habilə verib, birlikdə gedib həmin pul vəsaitini Rüstəmin bank hesabına köçürmüşlər. İddia ərizəsində verdiyi pulları toplayıb ümumi qeyd edib. 6900 manatı Səyyarə xanıma verəndə əri yanında olub. Pulun verilməsində Habil, Rüstəm, Səyyarə xanım da iştirak etdiyindən hər birini cavabdeh qoyub. Xanlarla yazışmalarının səbəbi digərlərinin onu blok etməsi, onlarla danışmağına imkan yaratmamaları olmuşdur.

13. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndə və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, cavbdehin cavabları açıq-aydın görünür ki, yayındırıcı və özünümüdafiə yönümlü cavablardır. Köçürmələrlə bağlı qeydləri təmsil etdiyi şəxsin kartındakı köçürmələrə uyğun yazmışlar.

14. Məhkəmə kollegiyasının iclasında Cavabdeh4 ilə video-əlaqə yaradılarkən cavabdeh bildirmişdir ki, Azərbaycanda olmadığına görə qətnamədən şikayət verməmişdir. Onlara 20000 manat verilmişdir ki, həmin məbləği də artıqlaması ilə qaytarmışlar. Pulu atası qaytarıb, ilkin ödəniş edilənə qədər aralarında mübahisə olmayıb. Pulu ödəyib qutardıqdan sonra problemlər yarandı. Atasının bacı-qardaşı olan şahidlərin onlarla ev məsələsi ilə bağlı mübahisələri olduğundan məhkəmədə yalan ifadə veriblər. 6000-7000 manat verəcəyini yazmağının səbəbi, yazışmadan əvvəl zəng edib ailəsini təhqir edib. Ola bilər ki, bankın ödənişinin çatması və 1131 manat ödənilməsi lazım olduğu barədə yazışmalar zamanı iddiaçıya reaksiya verməməyi, bu o demək deyil ki, borcu qəbul etmişdir. Elmandan götürdüyü pulu artıqlaması ilə qaytarmışlar. Elman öz istəyi ilə kredit götürüb onlara pul verib. Onlara verdiyi 20000 manat olub, başqa götürdüyü puldan xəbəri olmayıb. Nəsibova Aygün və Nəsibova Səadət atasının bacılarıdır. Nəsibov Nəsib atasının qardaşıdır. Rövşən Nəsibov atasının bacısının əridir. Adı çəkilən şəxslərlə münaqişə var deyə məhkəmədə onların Elmana 50000 manat məbləğində borcları olması barədə yalan ifadə veriblər. Natiq Umarovu tanımır. Tağızadə Ceyhunu tanımır. 2024-cü ilin mart ayında borcu bitməsinə baxmayaraq 6-7 min manat ödəyəcəyini bildirdiyini xatırlamır. Əlavə 6-7 min manat verəcəyini demişdirsə qohumluq münasibətinə görə demişdir. Ona qohumluğa görə əlavə pul verə biləcəyini, əlavə nəsə gözləməməsini bildirmişdir. 20000 manat pul Rüstəmə görə atasına verilmişdi.

15. Məhkəmə iclasının yeri və vaxtı bardə məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdehlər Cavabdeh1 və X7 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə qeyd edilən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bununla yanaşı X7 məhkəməyə teleqram ünvanlayaraq, Şuşa Rayon Məhkəməsinin qətnaməsinin qanunsuz və əsasız hesab etdiyini və ləğv edilməsini xahiş etmişdir.

İşdə olan sübutlar

16. İş materiallarında olan ödəniş cədvəllərinin surətindən görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli kredit müqavilələri əsasında illik 14% olmaqla 13000 manat və 6900 manat məbləğində kredit verilmişdir. Kreditlər üzrə ödənilməli faiz məbləği müvafiq olaraq, 1980,01 manat və 1050,93 manat təşkil edir.

17. İş materiallarında olan "xxxx" ASC ilə borcalan İddiaçı və zamin X23 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, CP/23011/85/1 saylı kredit sazişinin və ödəniş cədvəlinin surətindən görünür ki, bank tərəfindən borcalana 36 ay müddətinə, illik 21,75% olmaqla 30000 manat borc pul verilmişdir.

18. İş materiallarında olan Qaradağ RPİ-nin 10-cu PŞ-nin baş təhqiqatçısı, polis mayoru X4 “cinayət isinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarının surətindən görünür ki, İddiaçı Cavabdeh1 tərəfindən aldadılaraq pulunun ələ keçirməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə xx.xx.2024-cü il tarixdə ünvanladığı müraciətinə əsasən, o, Cavabdeh1, onun arvadı Nəsibova Səyyarənin, oğulları Cavabdeh3 və Cavabdeh4 xahişi ilə bankdan öz adına ümumilikdə 50000 manat pulu götürərək onlara borca verdiyini, onların cəmi 23000 manat pulu qaytararaq qalan pulu bu günə gədər qaytarmadığını bildirmişdir. Eyni zamanda E.X6 başqa əri və oğullarının xarici ölkədə olduğunu bildirmişdir. Nəsibova Səyyarənin mobil telefonuna dəfələrlə zəng vurulsa da sonuncu zənglərə cavab verməmişdir. İddiaçı izahatında qeyd etdiyi xüsusatlar sırf mülki mübahisə xarakteri daşımaqla, mülki hüququn predmetini təşkil etdiyinə və həmin mübahisənin mülki mühakimə icraatı qaydasında həll olunmalı olmasına görə, müraciət üzrə cinayət hadisəsi olmadığı üçün cinayət işinin başlanması rədd olunmuşdur.

19. İddiaçı ilə Cavabdeh4 arasında “Whatsapp” sosial şəbəkəsi üzərindən aparılmış yazışmaları tədqiq etdikdə müəyyən olunur ki, tərəflər arasında xx.xx.2023-cü il tarixində danışıqlar aparılmış, həmin danışıqlarda ümumilikdə iki ayrı-ayrı məbləğlərdən ibarət pul vəsaitlərindən bəhs edilir. Onlardan birincisi, 20000 manat pul vəsaitidir ki, iddiaçı bildirir ki, həmin pul vəsaiti ondan alınmış borcdur. Danışıqların nəticəsində Cavabdeh4 tərəfindən xx.xx.2023-cü il tarixdə 1290 manat iddiaçının hesabına pul köçürülmüş, iddiaçının "xxxx" ASC-dən alıb cavabdehlərə verdiyi 20000 manat məbləğində kredit faizi ilə birlikdə banka ödənilmiş və borc bağlanmışdır. İkincisi, 50000 manat pul vəsaitidir ki, iddiaçı bildirir ki, həmin pul bankdan götürülmüş və cavabdehlərə verilmiş kreditdir. Həmin pul barədə tərəflər arasında danışıq belə olmuşdur: - xx.xx.2024-cü il tarixdə saat 19:29 - İddiaçı Cavabdeh4 yazır: “Xanlar, hər gün, hər dəqiqə Sizdən pul gözləyirəm, niyə göndərmirsiz? Habilə deyin təcili pulu göndərsin. Bir insafınız, allahınız olsun!!” - xx.xx.2024-cü il tarixdə: saat 12:24 - Cavabdeh4 da iddiaçıya aşağıdakı məzmunda cavab yazır: “Elman salam, men dedim axı kecən dəfə ki pul hələki yoxdu, ordan anama, ordan dayıma. Bundan sonra 1 qəpik pul göndərmıəyəcəm. Vse. İndi get kimə istəyirsən yaz, kimə istəyirsən zəng elə.” saat 12:26- İddiaçı: “sən bilirsən mən nə vəziyyətdəyəm?” saat 12:27- Cavabdeh4: “adama sözü nə qədər deyərlər e, kecen defe adam kimi dedim ki yoxdu pul kişi qalib duzun ortasinda dedim gelen aydan ödüyecem.” saat 12:28- İddiaçı: “Xanlar bu idi mənim sizə etdiyim yaxşılığın sonu?” saat 12:29-30: Cavabdeh4: “hə budu yaxşılığın sonudu, mən sənə dedim ödəmirəm o vaxt? Hardan tapaq pulu mən sənə dedim orda camaatın baş-beynin xarab elmə.anama yazirsan hele xanlar da yazırsan guya bilmirsen anamın nomresidi? uşag yerine qoymusan bizi? Bəs mən ne edim her ay ödənilməlidir zəng zəng dalınca edirler, başıma nələr gəlib mən kecən defe dedim anama zeng eliyib yazıb orda dayıma ordan nəbilim başqasina yazıb eləsən pul vermiyecem demişdim? get görüm indi sənə kim pul verəcək”. Saat 12:38-39: Cavabdeh4: “gəlen aydan verəcəm o da anam deyir deyə yoxsa and ola yoxsa 1 qepik vermərəm sənə. birdə anama dayıma nəsə desən ya bir nəfər birdə bir şey yazsalar 1 qəpik pul göndərsəm məndən şərəfsiz adam yoxdu. Martda verəcəm pulu. Martın 20-si zadı gönderəcəm” xx.xx.2024-xx.xx.2024 tarixləri İddiaçı Cavabdeh4 kreditin vaxtının çatdığını xatırldır və heç olmasa aylıq pulu göndərməsini xahiş edir. xx.xx.2024-cü il tarixdə: saat 23:37: Cavabdeh4: “hardan çıxarım puluuuu? Hardan çıxarım?” saat 23:49: Cavabdeh4: “kömey eliyərəm 6-7 min. Ondan artıq 1 qəpik verən deyiləm... bundan artıq gözləmə.” saat 23:53: İddiaçı: “mən sizə 50000 vermişdim.” saat 23:53: Cavabdeh4: “razısan ya yox?” saat 23:54: İddiaçı: “bir bankdan 30000, 2-ci bankdan 20000. Siz verdiyinizlə 20000 olanı bağladınız.” saat 23:56: Cavabdeh4: “razısan ya yox?” saat 23:56: İddiaçı: “mən bu pulları birbaşa atana və anana vermişəm.” saat 23:44: Cavabdeh4: “birdə soruşuram. Birdə soruşmayacam.6-7 verəcəm daha yoxdu.” xx.xx.2024-cü il tarixdə: saat 00:07: İddiaçı: “dediyin 7 mini göndər təcili.” saat 00:07: Cavabdeh4: “ondan artıq 1 qəpik məndən gözləmə.” saat 00:07: İddiaçı: “niyə məndən aldığınız pulu gözləməyim?” saat 00:18: Cavabdeh4: “bizim sənə borcumuz yoxdu yaxşı oxu nə yazılıb burda? ELMAN NAĞİYEV get borcunu ödə” 00:22 Cavabdeh4: kimin adı yazılıb sənəddə cavab ver də 00:06: İddiaçı: Demək bu cür kələk qurmusuz mənə ata ana və ailəliklə birlikdə 00:27 Cavabdeh4: Sən deyəsən üstümüzə şər atmaq istəyirsən

20. Məhkəmə iclasında şahid qismində dindirilmiş X23 izahatında göstərmişdir ki, iddiaçı onun iş yoldaşı və dostudur. Elman "xxxx"dan 30000 manat kredit götürmüş, onun öhdəliyinə o da zamin durmuşdur. Elman həmin krediti dayısı oğlu Habilə vermək məqsədilə götürmüşdür. 30000 manatın böyük məbləğ olduğunu, necə etibar etdiyini soruşduqda, Elman Habilin doğma dayısı oğlu olduğuna görə etibar etdiyini bildirmişdir. Elman Bankdan 30000 manat pulu götürüb dərhal bankın binasında dayısı oğlunun yanında onun həyat yoldaşına vermişdir. Sonradan bilmişdir ki, Elman ilə Habil övladlarını evləndirmək istəyirlər, qohum olacaqlar.

21. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 izahatında göstərmişdir ki, iddiaçı onun iş yoldaşıdır. İşdə bir yerdə olduqları vaxtı Elman bankdan pul götürəcəyini demiş, birlikdə getmələrini xahiş etmişdir. Elman onun yanında "xxxx"dan 30000 manat pul götürmüş və həmin pulu bir qadına vermişdir. İddiacı həmin qadının dayısı oğlu Habilin həyat yoldaşı olduğunu bildirmişdir. Qadın pulu götürdü və getdi. Sonradan eşitmişdir ki, pulu qaytarmırlar.

22. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 izahatında göstərmişdir ki, Cavabdeh1 oglu onun qardaşıdır. Evlərinin yanında qonşuluqda rəngsaz işləyir. Qardaşı Habil nahar etmək üçün onlara gəldikdə ona demişdir ki, iş görmək üçün Elmandan pul istəmiş və onun qızını oğluna almaq istədiyini bildirmişdir. Habil ona şəxsən demişdir ki, Elmandan 50000 manat pul götürüb. Habilidən pulu qaytara biləcəyini soruşduqda özünün və oğullarının işlədiyini bildirərək qaytaracağını demişdir. Habil hətta bir dəfə onun yanında oğluna görüntülü zəng edərək Elmanın verdiyi pulu istədiyini demişdir.

23. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 izahatında göstərmişdir ki, Cavabdeh1 oglunun bacısıdır. Rüstəm qardaşı oğludur. Yeni il Bayramında Elman ailəsi ilə onlara gəlmiş və birlikdə Habilgilə getmişlər. Bayramdan sonra qardaşı Habil ona Elmanın qızını istədiklərini demişdir. Birlikdə Elmangilə el adəti ilə qız istəməyə elçiliyə getmişlər. Elman bildirmişdir ki, iş üzrə cavabdeh olan Rüstəmi uşaqlıqda görmüşdür. Hazırda oğlan xaricdə olduğundan qayıtdıqdan sonra bu məsələyə baxacaqlar. Daha sonra bilmişdir ki, onların aralarında uşaqlarının evləndirilməsi baş tutmamışdır. Elmangildən evlərinə qayıdanda Elman ona demişdir ki, qardaşı Habilə bankdan 50000 manat götürüb vermiş, lakin onlar pulu qaytarmırlar. Bu barədə Habilə dedikdə, Habil ona bildirdi ki, Elmandan 50 min manat pulu yoldaşı Səyyarəyə götürmüş, o, isə həmin pulu Rüstəmə göndərmişdir. Səyyarə bildirmişdir ki, Rüstəm kosmetika işi ilə məşğul olur, işi yaxşı getmədiyi üçün pulu qaytara bilmir. İşlər düzələn kimi pulu qaytaracaqdır. Onun əri dəfələrlə Rüstəmin dayısı Akifə pulun qaytarılması barədə bildirdik də, Akif bildirmişdir ki, Rüstəmgilə köməklik göstərəcək ki, Elmanın pulunu qaytarsınlar.

24. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15i izahatında göstərmişdir ki, Cavabdeh1 oglunun bacısıdır. Bacısı Aygün onunla telefonda danışarkən bildirmişdir ki, qardaşı Habil Elmandan 50000 manat borc pul götürmüş və qaytarmamışdır. Bacısından əlavə Elman da ona bildirmişdir ki, qardaşı Habil ondan 50 min manat pul götürmüş, lakin qaytarmamışdır.

25. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18 izahatında göstərmişdir ki, Cavabdeh1 oglu onun əmisi oğlu və qaynıdır. Habil onlara gələrək Elmanın qızının oğluna almaq üçün onlara qonaq getməyi təklif etdi. Onlar taksi ilə Elmangilə getmişlər. X32 Bayramova bildirəndə ki, qızı niye vermədin? İddiaçı bildirmişdir ki, Habil ondan 50000 manat pul almış, lakin indiyə qədər qaytarmır. Aygün bu barədə Habilə dedikdə, o, bildirdi ki, uşaqların imkanı yaxşı deyil, işləri yaxşı getmir. Ona görə pulu hissə hissə qaytaracaqlar. Səyyarənin qardaşı Akif onun yaxın dostudur və o, Almaniyada yaşayır. O, telefon vasitəsi ilə Akif ilə əlaqə saxlayaraq Elman Bayranovun pulunun qaytarılmasında bacısına köməklik göstərilməsini bildirdikdə, Akif Rüstəmgilə köməklik göstərəciyini bildirmişdir. Lakin sonradan Akif onunla əlaqəni kəsərək dostluqlarını pomuşlar.

26. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 izahatında göstərmişdir ki, İddiaçı qaynıdır. Onun qıaının toyunda Habilgil Elmanın qızını görüb bəyənmişlər.Habilinin yoldaşı Səyyarə zəng edərək ondan İddiaçı qızının şəklini istəmiş və o da, bu barədə Elmanın yoldaşına demişdir.O, Polşada olanda Səyyarə ona zəng edərək bildirmişdir ki, onların nişan işi alınmamış və İddiaçı borca pul almışlar, lakin uşaqlarının işləri düzgün getmədiyindən pulu qaytara bilməmişlər.

27. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 izahatında göstərmişdir ki, İddiaçı onun yoldaşıdır. Rüstəm onun yoldaşının dayısı nəvəsidir. Rüstəm qızına telefonda demişdir ki, 50000 manat pul lazımdır.Əvvəl razı olmasa da, sonradan qızına görə yoldaşı Elmana bankdan pul götürülərək onlara verilməsini bildirmişdir.Bir nece dəfə Habilə pulu qaytarılması barədə demişdir.Habil isə işlərinin yaxşı getmədiyini və pulu hissə-hissə qaytaracağını bildirmişdir.

Tətbiq edilən hüquq

28. Azərbaycan Respublikası Mülki Məcəlləsi

21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 500.1. Əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. 500.2. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olmuş redaksiya) 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. (hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olmuş redaksiya) 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

29. Azərbaycan Respublikası Konstutusiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli Plenum qərarında formaladırdığı hüquqi mövqeyə görə Mülki Məcəllənin 337.5-ci maddəsində nəzərdə tutulmuş qayda (restitusiya qaydası) və Mülki Məcəllənin 354.1-ci maddəsində əhəmiyyətsiz əqdin etibarsızlığının nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddət Mülki Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. Qeyd olunmalıdır ki, əhəmiyyətsiz əqd üzrə yalnız əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər.... Əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Məhz bu halda əhəmiyyətsiz əqd üzrə şəxs digər tərəfə qarşı tələb hüququnu reallaşdıraraq, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir il müddət ərzində əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia verə bilər. Yəni həmin maddədə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqdin icrası nəticəsində yaranmış əsassız varlanma halları ilə bağlı tələblər üçün keçərlidir. Beləliklə, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər.

30. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

31. Məhkəmə kollegiyası tərəfindən Şuşa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(077)-152/2025 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı apellyasiya şikayətinin dəlilləri üzrə mübahisənin predmetinin bölünməz olması ilə əlaqədar tam yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası proses iştirakçlarının izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Şuşa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(077)-152/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

33. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin apellyasiya şikayətinin əsas dəlili iddiaçıdan 30000 manat pulun götürülməməsi ilə bağlı olmuşdur ki, qeyd olunan dəlil birinci instansiya məhkəməsində dindirilmiş şahid ifadələri ilə yanaşı, iş materiallarında olan yazılı sübutlarla da təkzib olunmuşdur. Belə ki, iddiaçı cavabdehlərə 2022-ci ilin fevral-mart aylarında 20000 və 30000 manat olmaqla, ümumilikdə 50000 manat borc pul verdiyini iddia etməklə, 20000 manat pul məbləğinin hissə-hissə olmaqla geri qaytarıldığını, həmin borc məbləği üzrə sonucu ödənişin isə xx.xx.2023-cü il tarixdə 1290 manat edilməklə tam ödənildiyini iddia etmiş, cavabdehlər isə buna dair hər hansı bir etiraz bildirməmişlər. Cavabdehlə iddiaçı arasında olan “Whatsapp” tətbiqindəki yazışmadan görünür ki, cavabdeh xx.xx.2023-cü il tarixli, 1290 manatlıq ödəniş qəbzinin fotoşəklini iddiaçıya göndərmiş, iddiaçı isə öz təşəkkürünü bildirmişdir. Bununla yanaşı xx.xx.2023-cü il tarixdən sonra, Cavabdeh4 ilə iddiaçı arasında “Whatsapp” tətbiqində aparılmış yazışmalardakı borc məbləğinin 20000 və ya 30000 manatlıq borc məbləğinə aid olmasının dəqiqləşdirilməsi üçün cavabdeh tərəfə 20000 manatlıq borc məbləği üzrə ödənişlərin edilməsinə dair bank çıxarışının məhkəməyə təqdim edilməsi təklif edilsə də cavabdeh tərəf bankın köçürmə tarixlərindən uzun zaman keçdiyini əsas gətirərək müvafiq çıxarışın təqdim edilmədiyini, buna görə də müvafiq sənədi məhkəməyə təqdim edə bilməyəcəyini bildirmişdir. Məhkəmə kollegiyası müddətlə əlaqədar olaraq bank hesabı üzrə köçürmələrin qalmamasına dair cavabdehin arqumentini əsaslı hesab etməmişdir. Buna görə də məhkəmə kollegiyası iddiaçı tərəfindən verilmiş 20000 manat borc məbləğinin xx.xx.2023-cü il tarixdə cavabdehlər tərəfindən tam olaraq ödənilməsini işin mübahisəsiz halı qismində sübut olunmuş hal kimi qəbul etmişdir. Cavabdeh4 ilə iddiaçı arasında “Whatsapp” tətbiqində aparılmış yazışmalar xx.xx.2023-cü il tarixdən sonra, yəni 2024-cü ilin sentyabr ayınadək baş vermişdir. Yuxarıda istinad olunan yazışmalardan da göründüyü kimi cavabdeh 2024-cü ilin iyul ayında 6000-7000 manat pul ödəyəcəyinə dair vəd etmiş, iddiaçının bir bankdan 30000, digər bankdan 20000 manat, olmaqla ümumilikdə 50000 pul götürərək cavabdehlərə verməsi, 20000 manatlıq borcu ödəmələri, qalıq borcu tələb etməsi ilə bağlı sualına isə cavabdeh yalnız bir daha 6000-7000 verə biləcəyini bildirməkdədir. 02 may 2024 və xx.xx.2024-cü il tarixdə isə iddiaçı 30000 manatlıq kredit müaviləsi üzrə ödəniş cədvəlinin fotoşəklini cavabdehə göndərməklə, ödənişin müddətinin çatması ilə əlaqədar pulu ödəməli olmasına dair xatırlatmalara 02 may 2024-cü il tarixli fotoşəkilə görə cavabdeh tərəfindən hər hansı bir reaksiya verilməməsi, xx.xx.2024-cü il tarixdə göndərilmiş fotoşəkilə münasibətdə isə 05 iyul 2024-cü il tarixdə istinad edərək, iddiaçıya borclarının olmaması, sənəddə borc götürənin Elman Nağıyev yazılmasını əsas gətirməklə borcunu özünün ödəməli olmasını deməsi ilə bağlı hallar, iddiaçı tərəfindən cavabdehə 20000 manat borc məbləğindən əlavə 30000 manat da borc pul verdiyini təsdiq etməkdədir. Belə ki, borc məbləği yalnız 20000 manatdan ibarət olduğu və xx.xx.2023-cü il tarixədək cavabdehlər tərəfindən ödənildiyi təqdirdə, 2024-cü ilin avqust ayınadək olan yazışmalarda cavabdehin ümumi borcun 50000 manat olmasına dair iddiaçının mesajının cavabdeh tərəfindən təkzib edilməməsi, əksinə yalnız 6-7 min manat ödəyə biləcəyinə dair etirafı, 30000 manatlıq kredit müaviləsi üzrə ödəniş cədvəlinin fotoşəklinə istinad etməklə, istehza ilə sənəddə iddiaçının adının yazılması ilə əlaqədar borcunun onun ödəməli olmasını bildirməsi, 30000 manatlıq kredit müqaviləsi üzrə aylıq ödəniş məbləğinin 1131 manat olması və pulun ödənilməli olmasına dair iddiaçının mesajına cavabdehin reaksiya verməməsi faktları iddiaçının cavabehlərə əlavə olaraq 30000 manat da borc pul verdiyini sübut edən hallardır. Buna görə də məhkəmə kollegiyası cavabdehin 30000 manat borcun götürülməsinin sübut olunmaması ilə bağlı apellyasiya şikayətinin dəlilini əsassız hesab etmişdir.

34. Məhkəmə kollegiyası iddia üzrə cavabdehlərin birgə borclu kimi çıxış etməsi ilə bağlı məsələyə münasibətdə isə qeyd edir ki, cavabdehlərdən yalnız Cavabdeh3 şikatə verməsi, Cavabdeh3 apellyasiya şikayətinin dəlillərinin birgə borcalan qismində olması faktı cavabdehlərin iddiaçı qarşısında birgə borclu qismində çıxış etməsini təsdiq etməkdədir.

35. Bundan başqa məhkəmə kollegiyası iddia tələbinin təmin edilməsi ilə əlqədar olaraq, pul məbləğinin bağlanmş şifahi əqdin etibarsızlığının nəticələri qismində əsassız varlanma qaydalarına uyğun olaraq tutulması, cavabdehlərin təqsirli hərəkətləri nəticəsində iddiaçının ödənilmş faiz məbləği miqdarında zərərə düşməsi, o cümlədən əhəmiyyətsiz əqd üzrə yaranan əsassız varlanma halları ilə bağlı icra edilmişlərin geri qaytarılması tələblərinə tətbiq edilən bir illik müddətlə bağlı birinci instansiya məhkəməsinin əsaslandırması və maddi hüquq normalarının tətbiqi ilə tam razılaşmışdır.

36. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə dair apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirməklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Buna görə də Cavabdeh3 apellyasiya şikayəti təmin edilməməli, Şuşa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(077)-152/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q ƏT E T D İ :

Cavabdeh3 apellyasiya şikayəti təmin edilməsin. Şuşa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(077)-152/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar