Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1175/2025 28.01.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Qafari Səyyad Ağaəli oğlu və X4 ibarət tərkibdə, X9 qızının katibliyi, İddiaçı, onun nümayəndəsi Nümayəndə, Cavabdeh (sonuncu məhkəmə iclasında iştirak etməmişdir) iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)-460/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İş materiallarında olan Cavabdeh tərəfindən imzalanmış xx.xx.2019- cu il tarixli sadə yazılı qəbzdən görünür ki, o, Bibixanım Məmmədovadan 2000 manat məbləğində borc pul almışdır. Borcunu qaytarmasına söz vermişdir.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı X5 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2000 (iki min) manat pulun, ödənilmiş 40 manat dövlət rüsumunun tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə tanışlıq münasibətləri olmuşdur. Cavabdeh 2019-cu ildə sentyabr ayında atasının xəstəliyi ilə əlaqədar ondan ümumilikdə 2000 (iki min) manat almışdır. Həmin puldan 50 manat 2024-cü il tarixdə geri qaytarmışdır. Lakin sonradan dəfələrlə ona pulu qaytarmaq təklif olunsa da, o, borcu qaytara bilmədiyini, yalnız iki il müddətinə qaytara biləcəyini bildirmişdir. Bundan sonra o, Xaçmaz Rayon Polis şöbəsinə müraciət etmək məcburiyyətində qalmışdır. Xaçmaz Rayon Polis şöbəsi işin mülki xarakterli olduğundan cinayət işinin başlanılması barədə rədd qərarı qəbul edilmişdir. Cavabdeh Xaçmaz Rayon Polis şöbəsində göstərilən pul məbləğini ondan aldığını etiraf etmişdir. Hər dəfə cavabdehə pulunu geri qaytarmaq barədə tələb irəli sürülsə də, o, pulu yaxın vaxtlarda qayataracağını bildirmiş, lakin hazırki vaxtadək pulunu geri qaytamamışdır. Göstərilən səbəbdən o, ağır maddi vəziyyətə düşmüşdür.
4. Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)-460/2025 nömrəli qətnaməsi ilə (hakim Vüqar Seyidov) iddia tələbi təmin edilmiş, Cavabdeh 2000 (iki min) manat məbləğində pul və 40 (qırx) manat ödənilmiş dövlət rüsumu alınaraq, iddaçı X3 verilməsi qət edilmişdir.
5. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı Cavabdeh iddiaçı X3 məxsus 2000 manat məbləğində pulu əldə etməklə, qaytarmaması və qaytarmaqdan imtina etməsi, iddiaçının hesabına həmin məbləğdə əsassız varlanaraq, iddiaçı Bibixanım Məmmədovaya 2000 manat məbləğində maddi zərər vurması sübuta yetirilmişdir
6. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 21.1, 21.2, 425, 427.1, 427.2, 427.3, 442, 443.1, 443.2, 445.1, 448.1, 448.2, 739.1, 739.2, 740, 742.1, 743, 1091.1, 1091.2, 1092.1, 1093.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119, 217.4-cü maddəsinin tələbləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədən də göründüyü kimi məhkəmə iclasında iştirakı təmin edilməmiş, bu səbəbdən də öz sübut və dəlillərimi məhkəməyə təqdim edə bilməmişdir. Ümumiyyətlə məhkəmə prosesi barədə ünvanına hər hansı bildiriş daxil olmamış, qətnamənin mövcudluğunu yalnız İcra və Probasiya Şöbəsinin icra məmuru onu dəvət etdikdən sonra bilmiş və bundan sonra icra vərəqəsinin surətini icra məmurundan əldə etmişdir. İcra vərəqəsində göstərilir ki, icra sənədi xx.xx.2025-ci il tarixdə verilmişdir. İcra vərəqəsini əldə etdikdən sonra Quba Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2025-ci il tarixdə qətnamənin surətini rəsmi qaydada almışdır. Hesab edir ki, hazırki mübahisəyə iddia müddəti tətbiq edilməklə iddia rədd edilməlidir. Belə ki, Xaçmaz Rayon Polis Şöbəsinə çağırılmış və ondan iddiaçıya 2000 manat məbləğində borclu olması barədə soruşulmuşdur. Orada da bildirmişdir ki, iddiaçıya olan borcunu ödəmişdir, ona borcu qalmamışdır. Həmin vaxtdan, yəni 2019-cu ildən sonra iddiaçıya heç bir vəsait ödəməmişdir. İddia ərizəsində göstərilənlər, o cümlədən, güya 2024-cü ildə ona 50 manat verməsi barədə göstərilənlər uydurmadır. Qətnamədə də məhz xx.xx.2019-cu il tarixli qəbzə istinad edilmişdir. Məhkəmə iclasında iştirakı təmin olunsa idi, bu halda iddia müddətinin tətbiqi ilə əlaqədar məhkəməyə rəsmi ərizə təqdim edərdi. O, iddiaçıdan tələb etdiyi məbləği 2010-2011-ci illərdə almışdır. Həmin vaxt X10 Filialına qoyduğu qızıl-zinət əşyalarını götürüb 2000 manat pulun və pula hesablanmış faizlərin əvəzinə ona vermişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373cü maddəsinə əsasən bu qəbildən olan tələblərə 3 illik iddia müddəti şamil olunur. Həmin müddət isə 2022-ci ilin yanvar ayında başa çatmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. İddiaçı xx.xx.2025-ci il tarixli apellyasiya şikayətinə qarşı yazılı etirazında qeyd etmişdir ki, Cavabdeh məhkəmə qərarının icrasından yayınmaq və vaxt qazanmaq məqsədi ilə bəhanə uyduraraq məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar olmadığını, ümumiyyətlə qətnamədən xəbərsiz olduğunu bildirir. Halbuki Quba Rayon Məhkəməsi kifayət qədər məhkəmə iclasının yeri və vaxtı barədə onu xəbərdar etmişdir. Apellyasiya şikayətində polis şöbəsinə çağırıldığını, ona 2000 manat məbləğində pul borclu olduğu barədə soruşulduğunu, orada pul borcunun ödədiyini və ona heç bir borcunun olmadığını bildirdiyini qeyd etmişdir. Fakt odur ki, Cavabdeh 2000 (iki min) manat məbləğində pul borcunun olduğu barədə xx.xx.2019-cu il tarixli yazılı qəbzə imza atmışdır. Lakin pul borcunu ödəməmiş, borc aldığı pulun ödənilməsi ilə bağlı uydurma bəhanəsini də, sübuta yetirə bilməmişdir. Quba Rayon Məhkəməsi ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdırıb, iş üzrə mövcud sübutlara hüquqi qiymət verərək iddia əsaslı olduğundan təmin edərək Cavabdeh 2000 (iki min) manat məbləğində pul və 40 (qırx) manat ödənilmiş dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul etmişdir. Quba Rayon Məhkəməsinin qərarı ədalətli və obyektivdir, prossesual normalara əməl etməklə hüquq normalarını düzgün tətbiq etmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
11. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
12. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. (...)
13. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 386.2. Bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər. 386.3. Danışıqların iştirakçısı digər iştirakçının təqsirli hərəkəti nəticəsində bağlanmayan müqavilənin bağlanması üçün çəkdiyi xərclərin əvəzini ödəməyi digər iştirakçıdan tələb edə bilər. 386.4. Elektron formada bağlanan əqdlərdən irəli gələn öhdəliklərin məzmunu və icrası ilə bağlı məsələlər, elektron ticarət haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulanlar istisna olmaqla, bu Məcəllə ilə tənzimlənir.
14. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
15. Maddə 427. Öhdəliyin icrası müddəti 427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. (...)
16. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
17. Maddə 739. Borc müqaviləsinin anlayışı və forması 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. (...)
18. Maddə 1091. Əsassız varlanma anlayışı 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
19. Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
20. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
21. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)
22. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
23. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. (...)
24. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
25. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)
26. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
27. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)-460/2025 nömrəli qətnaməsi qismən - Cavabdeh 1000 (bir min) manat məbləğində pulun tutularaq iddiaçı X3 verilməsi hissəsində ləğv edilərək həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia həmin hissədə təmin edilməməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
29. İş materiallarında olan Cavabdeh tərəfindən imzalanmış xx.xx.2019-cu il tarixli sadə yazılı qəbzdən görünür ki, o, Bibixanım Məmmədovadan 2000 manat məbləğində borc pul almışdır. Borcunu qaytarmasına söz vermişdir.
30. Cavabdeh xx.xx.2025-ci il tarixli məhkəmə iclasında verdiyi izahatında qeyd etmişdir ki, o, 2014-cü ildə iddiaçıdan 2000 manat borc almış, onu da qaytarmışdır. İddiaçı 2019-cu ildə bacısı qızından başqa şəxsə faizə pul vermək üçün borc aldığını bildirmiş və ondan kömək istəmiş, pulu guya ona borc verirmiş kimi yazıb, qəbzə qol çəkməsini xahiş etmişdir. O, isə həmin qəbzə 1000 manat məbləğ yazmış və qol çəkmişdir. Odur ki, qəbzə sonradan iddiaçı tərəfindən düzəliş olunmuş və məbləğ 2000 manat olaraq düzəldilmişdir.
31. Kollegiya apellyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd edir ki, cavabdeh münahisələndirilən qəbzin tərəfindən formal olaraq imzalandığına və iddiaçı qarşısında pul öhdəliyinin olmamasına dair məhkəməyə mötəbər sübut təqdim etməmişdir.
32. Apellyasiya şikayətinin dəlilləri və cavabdeh tərəfin məhkəmə iclasında verdiyi izahatında qeyd edilənlər nəzərə alınaraq Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli 2(105)-1175/2025 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir.
33. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 5/1039 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş mülki işin 5-ci səhifəsindəki 13 yanvar 2019-cu il tarixli qəbzinin mətninin 13-cü və 17-ci sətrlərindəki “2000 manat” yazılarında olan “2” rəqəminin yerində əvvəlcə “1” rəqəmi olub, sonradan əlavə cizgilər artırmaqla indiki rəqəmə dəyişdirilmişdir.
34. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 4/1740 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, ekspertizaya təqdim olunmuş, işin 5-ci səhifəsində olan 13 yanvar 2019-cu il tarixli qəbzin 13-cü və 17ci sətrlərindəki “2000 manat” yazılarında olan “2” rəqəmləri tədqiqi hissədə göstərilən səbəblərə görə tədqiqat üçün yararsız olduğundan Azərbaycan Respublikası CPM-nin 97.4.2-ci və “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun 12-ci maddələrinə əsasən bildiririk ki, həmin “2” rəqəmlərinin Cavabdeh tərəfindən icra olunub-olunmaması haqqında rəy vermək mümkün deyildir.
35. Məhkəmə kollegiyası hesab edir ki, iş materiallarında olan ekspertiza rəyi Azərbaycan Respublikası MPM-in 103-cü maddəsinə əsasən mötəbər sübut kimi qiymətləndirilməlidir.
36. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövcud mübahisə üzrə cavabdehdən iddiaçının xeyrinə pul vəsaitinin tutulması barədə gəldiyi nəticə ilə razılaşsa da, hesab edir ki, cavabdehdən tutulmalı olan məbləğin miqdarı məhkəmə tərəfindən düzgün müəyyən olunmamışdır.
37. Belə ki, 2019-cu il tarixdə cavabdeh tərəfindən iddiaçıdan borc alınmış məbləğin 2000 manat deyil, 1000 manat olması öz təsdiqini tapmışdır.
38. Kollegiya apellyasiya şikayətinin iddia müddətinin tətbiqi barədə dəlilinə münasibətdə qeyd edir ki, Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
39. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, Cavabdeh Quba rayonu, Gültəpə kəndində qeydiyyatdadır.
40. Cavabdeh apellyasiya şikayətində qeydiyyat ünvanının ünvan 1ov küçəsi, ev 28 olduğunu qeyd etmişdir.
41. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə bildirişləri Cavabdeh rəsmi qeydiyyat ünvanı olan Quba rayonu, Gültəpə kəndinə göndərmiş, lakin zərflər “ərazidə yaşamır, köçüb” qeydi ilə geri qayıtmışdır. Məhkəmə bildirişi həmçinin ünvan 4 ünvanda yaşamır” qeydi ilə geri qayıtmışdır.
42. İş materiallarından həmçinin görünür ki, məhkəmə iclası barədə Cavabdeh telefon nömrəsinə (**********) AZEMİS vasitəsilə SMS xəbərdarlıq göndərilmişdir.
43. Göründüyü kimi birinci instansiya məhkəməsi cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat göndərmişdir. Cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə ümumiyyətlə təqdim edilməmişdir.
44. Digər tərəfdən, iş materiallarında olan Cavabdeh tərəfindən imzalanmış xx.xx.2019-cu il tarixli qəbzdən görünür ki, o, Bibixanım Məmmədovadan aldığı pul vəsaitini hissələrlə ödədiyini qeyd etmişdir. İddia ərizəsində isə cavabdehin aldığı puldan 50 manat 2024-cü il tarixdə geri qaytardığı qeyd edilmişdir. Mövcud iddia məhkəməyə xx.xx.2024-cü il tarixdə verilmişdir.
45. Mülki Məcəllənin 380.1-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.
46. Cavabdeh iddia müddətinin tətbiqi barədə müstəqil ərizə təqdim etməsə də, onu apellyasiya şikayətinin dəlili olaraq göstərdiyindən, kollegiya bu hala qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən mövcud iddianın qaldırılması üçün iddia müddəti ötürülməmişdir.
47. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri).
48. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
49. Həmin Məcəllənin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir.
50. Azərbaycan Respublikası MPM-nin 385.1.1 - 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir.
51. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
52. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
53. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 224 manat pulun 112 manatı iddiaçı X2, 112 manatı isə Cavabdeh alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.
54. Beləliklə məhkəmə kollegiyası işin müəyyən olunmuş hallarına və məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)-460/2025 nömrəli qətnaməsi qismən - Cavabdeh 1000 (bir min) manat məbləğində pulun tutularaq iddiaçı X3 verilməsi hissəsində ləğv edilərək həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia həmin hissədə təmin edilməməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 224 manat pulun 112 manatı iddiaçı X1, 112 manatı isə Cavabdeh alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.
55. Kollegiya MPM-in 402-ci maddəsinə əsasən həmçinin qeyd edir ki, qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)-460/2025 nömrəli qətnaməsi qismən - Cavabdeh 1000 (bir min) manat məbləğində pulun tutularaq iddiaçı X3 verilməsi hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin və iddia həmin hissədə təmin edilməsin. Qətnamə qalan - Cavabdeh 1000 (bir min) manat məbləğində pulun tutularaq iddiaçı X3 verilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 224 (iki yüz iyirmi dörd) manatın 112 (bir yüz on iki) manatı iddiaçı X1, 112 (bir yüz on iki) manatı isə Cavabdeh alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.