Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1177/2021 01.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçı açıq səhmdar cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh, onun nümayəndəsi və vəkili X4 iştirakları ilə açıq məhkəmə iclasında Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-175/2020 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-175/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Əfqan Ələkbərov) İddiaçı açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, cavabdeh X5 ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş manat məzənnəsi ilə 968,4 ABŞ dolları borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı açıq səhmdar cəmiyyətinə ödənilməsi qət edilmiş, cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı açıq səhmdar cəmiyyəti iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh cəmiyyətin xeyrinə 968,4 ABŞ dolları əsas borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X8 ilə cəmiyyət arasında bağlanmış xx.xx.2017-ci il tarixli bank kartı hesabı müqaviləsinə əsasən bank borcluya 60 ay müddətinə istifadə edilməsi şərtilə kredit (kart) vermişdir. Hazırda cavabdeh kart hesabından onda olan pul vəsaiti çərçivəsində istifadə etməli olduğu halda, həmin çərçivədən kənar istifadə kreditləşmə (texniki overdraft) hesab olunduğu və borclu “Bank”ın ilk tələbi ilə müvafiq vəsaiti və texniki overdraft üzrə “Bank”ın tarifi ilə hesablanmış faizi banka ödəməkdən yayınır və beləliklə, kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Müqaviləyə əsasən müəyyən edilən müddətlər kredit alan tərəfindən gecikdirildikdə, habelə icra edilmədikdə və ya lazımınca icra edilmədikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. İddiaçı açıq səhmdar cəmiyyəti iddia ərizəsinə düzəliş barədə ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsində xx.xx.2016-cı il tarixli bank kartı hesabı müqaviləsinin tarixinin mexaniki səhv olaraq xx.xx.2017-ci il kimi göstərildiyini bildirmişdir. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnaməni tamamilə qanunsuz və əsassız hesab edir. Belə ki, İddiaçı açıq səhmdar cəmiyyəti ilə bağlanmış xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən ona 36 ay müddətinə istifadə edilməsi şərti ilə debet kart verilmişdir. O, balansına nə qədər pul vəsaiti qoyursa, o qədər də istifadə edir. Ona verilən kartın müddəti 3 ildir. Bank iddia edir ki, guya onunla xx.xx.2017-ci ildə 60 ay müddətinə kredit müqaviləsi bağlamışdır. Bu barədə ona heç bir xəbərdarlıq olunmamışdır, ümumiyyətlə, belə bir müqavilə mövcud deyildir. Hətta məhkəmə həmin müqaviləni tələb etsə də, iddiaçı tərəf həmin müqaviləni məhkəməyə təqdim edə bilməmişdir. Hazırda bankın ondan tələb etdiyi məbləğ guya müqavilə bağlanan zaman onun hesabına köçürülmüşdür. Bankın ondan əsassız olaraq pul tələb etməsi qanunvericiliyə ziddir. Məhkəmə obyektiv araşdırma aparmadan qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Məhkəmə maddi hüquq normalarını pozmuş və iş üçün əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. Cavabdeh apellyasiya şikayətində iş üzrə qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh və nümayəndəsi X7 apellyasiya şikayətində göstərilənlərə uyğun izahatlar verdilər. İddiaçı açıq səhmdar cəmiyyətinin nümayəndəsi X6 məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi və əlavə olaraq göstərdi ki, iddia ərizəsində texniki səhv olaraq kartdan istifadə müddəti 60 ay göstərilmişdir, müqaviləyə əsasən kartdan istifadə müddəti 36 ay müəyyən edilmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddianı təmin edərkən, cavabdehin texniki overdraft üzrə bank tarifi ilə hesablanmış faizi banka ödəməkdən yayınmasına, öhdəliklərini icra etməyərək müqavilənin tələblərini pozmasına və iddianın təmin olunması üçün əsasların olmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmaqla, işə əlavə edilmiş sənədlərə tam uyğundur. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan İddiaçı açıq səhmdar cəmiyyətinin Sumqayıt filialı ilə bağlanmış xx xxxxxxx 2016-cı il tarixli bank kartı hesabı müqaviləsindən görünür ki, Cavabdeh 36 ay müddətinə istifadə edilməsi şərtilə kredit (kart) verilmişdir. İş materiallarında olan İddiaçı açıq səhmdar cəmiyyətinin xx.xx.2019-cu il tarixli arayışından görünür ki, Cavabdeh cəmiyyətə 968,4 ABŞ dolları borcu vardır. İş üzrə keçirilmiş ekspertizanın xx xxxxxx 2020-ci il tarixli, 9/2370 saylı rəyindən görünür ki, Cavabdeh İddiaçı açıq səhmdar cəmiyyətinə 969,40 ABŞ dolları məbləğində borcu müəyyən edilmişdir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. İş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, İddiaçı açıq səhmdar cəmiyyətinin Sumqayıt filialı ilə bağlanmış xx.xx.2016-cı il tarixli bank kartı hesabı müqaviləsinə əsasən Cavabdeh 36 ay müddətinə istifadə edilməsi şərtilə kredit (kart) verilmişdir. Həmin müqaviləsinin 3.8-ci bəndinə əsasən kart hesabı üzrə əməliyyatlar hesabda mövcud olan pul vəsaiti həcmində aparılır. Həmin vəsait həcmindən artıq istifadə, kreditləşmə (texniki overdraft) hesab olunur və “Hesab sahibi” “Bank”ın ilk tələbi ilə müvafiq vəsaiti texniki overdraft üzrə bankın tarifi ilə hesablanmış faizi dərhal banka qaytarmalıdır. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 9/2370 saylı rəyində Cavabdeh İddiaçı açıq səhmdar cəmiyyətinə 969,40 ABŞ dolları borcu müəyyən edildiyi göstərilsə də, İddiaçı açıq səhmdar cəmiyyəti Cavabdehdan 968,4 ABŞ dolları borc tələb etmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib, hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq iddianın təmin edilməsi nəticəsinə gəlmişdir. Cavabdeh apellyasiya şikayətində məhkəmə qətnaməsinin maddi hüquq normalarının pozulması ilə qəbul edildiyini göstərsə də, bunun nədə ifadə olunduğunu konkret qeyd etmədiyindən məhkəmə kollegiyası onun bu dəlili ilə razılaşmır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən maddi hüquq normalarını pozmamışdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində qeyd etdiyi digər dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan, işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 100 manat Cavabdeh tutularaq X2, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab nömrəsi AZ43CTRE********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 olan hesabına köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. İşdən görünür ki, iddiaçı cavabdehdən 968,4 (968,4 x 1,70=1646,28 manat) ABŞ dolları tələb edir. Azərbaycan Respublikası MPM-nin 404-1-ci maddəsinin tələbinə əsasən hazırki iş üzrə qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-175/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 100 (bir yüz) manat Cavabdeh tutularaq Dövlət Xəzinədarlıq Agentliyi, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab nömrəsi AZ43CTRE********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 olan hesabına köçürülsün. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Səyyad Qafari
Məhkəmə qərarları › İş №2(105)-1177/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1177/2021
01.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver