Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1177/2023 26.07.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X2 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 03 mart 2023-ci il tarixli, 2(012)-988/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 03 mart 2023-ci il tarixli qətnaməsi ilə (hakim H.Əhmədov) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən 55300 manat borcun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı 55300 manat borcu vardır. Cavabdehlər Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, məhəllə 30, 8 saylı evin 129 saylı mənzilini almaq üçün iddiaçıdan hissə-hissə pul vəsaiti almışlar. Cavabdehlər həmin borcu iddiaçıya qarşı verdikləri iddia ərizəsində, polis bölməsində yazdıqları izahatlarında, habelə, məhkəmə qətnaməsində etiraf etmişlər. Lakin cavabdehlər borclarını verməməyə görə iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 5-ci Balandin döngəsi, 3 saylı evin 1 saylı mənzilinə daxil olaraq çıxmırlar, polisə şikayət edərək cinayət işi başlatmışlar. İddiaçı cavabdehlərin onun mülkiyyətində olan mənzildən çıxarılması ilə əlaqədar Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət etmiş, cavabdehlər isə həmin mənzilə istifadə hüquqlarının tanınması ilə əlaqədar iddia qaldırmışlar. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-3451/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə sözügedən mənzilə istifadə hüquqları tanınmışdır. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Cavabdehlərin mənzilə istifadə hüquqlarının tanınması barədə iddia ərizəsində və həmin iş üzrə qəbul edilmiş qətnamədə qeyd edilmişdir ki, “cavabdehlər 25000 manat pulu iddiaçıdan borc almışlar.” Beləliklə, hal-hazırda, cavabdehlərin 55300 manat borcu vardır. 300 manat pulu iddiaçı Cavabdeh3 mənzilə çıxarış alan zaman vermişdir. Cavabdehlər müxtəlif bəhanələrlə borclarını qaytarmadıqlarına görə iddiaçı məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Abşeron Rayon Məhkəməsinin 03 mart 2023-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları pozularaq, iddia tələbi təmin edilməmişdir. Cavabdehlərin yazılı şəkildə polis bölməsində verdikləri izahatları nəzərə alınmamışdır. Məhkəmə hesab etmişdir ki, cavabdehlərin polis şöbəsində verilmiş izahatlarını qorxu, həyacan və təsir altında yazılmışdır. Halbuki, Suraxanı Rayon Məhkəməsində hal-hazırda cavabdehlərin şikayəti əsasında barəsində olan cinayət işində onlar özlərinin ilkin izahatlarını müdafiə edirlər. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh1 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh2 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh3 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın rədd edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən gəldiyi nəticəni iddiaçının pul tələbinə dair iddia ərizəsinin sübuta yetirilməməsi ilə əsaslandırmışdır. İddiaçı bu nəticə ilə razılaşmayaraq qətnaməni mübahisələndirərək onun ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla iddia tələbi üzrə hüquqi dəyərləndirmə aparmaqla, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Hazırda iddia tələbi torpaq sahəsinin satışından əldə edilmiş 25.000 manatın, eləcə də mənzilin və çıxarışın alınması üçün verilmiş 30.300 manat pulun qaytarılması barədədir. Baxılan iş üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 739-cu və 1091.1, 1092.1-ci maddələri təşkil edir. Azərbaycan Respublikası MPM-nin 14.1. maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İşdən görünür ki, Cavabdeh1 iddiaçının bacısı, Naidə və Elnur isə bacısının oğlu olması, Cavabdeh3 tərəfindən yaşadıqları Suraxanı rayonu Əmircan qəsəbəsindəki həyətdən torpaq sahəsinin 2 sotunun 25.000 manata başqa şəxsə satılması, iddiaçının şikayəti əsasında satılan həmin torpaq sahəsində tikintinin dayandırılması və alan şəxslərin torpağa görə verdikləri pulu geri tələb etmələri, həmin pulu iddiaçının Cavabdeh3 əvəzinə iddiaçının qaytarması işin mübahisəsiz halıdır. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı 55.300 manat pul vəsaitini cavabdehlərin hər üçündən tələb etsə də, tələb olunan pulun 30.000 manatı cavabdehlərdən yalnız Cavabdeh2 hissə-hissə verildiyi, digər 25.000 manatın isə satılmış torpaq sahəsinin geri qaytarılması və mənzilə çıxarışın alınması ilə bağlı ödənilmiş pul vəsaitləridir. Məhkəmə kollegiyası tələbin 30.000 pul vəsaitinin tutulması hissəsində qeyd edir ki, Cavabdeh2 Suraxanı rayon 31-ci Polis Bölməsində verdiyi xx.xx.2022-ci il tarixli izahatında 2013-cü ildə İddiaçı 30.000 manat məbləğində pulu hissə-hissə götürüb faizə verdiyini, həmin puldan 10.000 manatını iddiaçıya qaytardığını qalan 20.000 manatını borclu qaldığını göstərmişdir (iş vərəqə 32). İddiaçının Cavabdeh2 borc pul verməsi işin 34-cü səhifəsindəki digər Cavabdeh3 31-ci Polis Bölməsində yazıldığı izahatında da öz əksini tapmışdır. Mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektin sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qeyd edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır (Konstitusiya Məhkəməsi Plenumunun 16 noyabr 2016-cı il tarixli qərarı). Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. (Azərbaycan Respublikası MPMnin 76.1. və 76.2. maddələri). Mülki Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göründüyü kimi cavabdehlərin polis idarəsində verdikləri izahatları ilə İddiaçı tərəfindən 30.000 manat məbləğində pulun cavabdeh Naibə Məmmədovaya 2013-cü ildə verilməsi öz təsdiqini tapsa da, iddiaçı həmin məbləği cavabdehdən ona qaytarılması ilə bağlı hazırkı iddia tələbi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmiş və bununla da iddia müddətini ötürmüşdür. İddia tələbinin 25.000 və 300 manat pulun tutulması hissəsinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, tələb olunan 25.000 manat məhz Cavabdeh3 yaşadıqları torpağın 2 sotunun başqa şəxslərə satdığı pulun onun əvəzinə iddiaçı tərəfindən 2017-ci ildə qaytarılan pul vəsaitidir. Belə olan halda həmin məbləğin digər cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tələb etməklə iddiaçı haqlı olmasa da, Mülki Məcəllənin 1090.2-ci maddəsinin tələbi baxımından həmin vəsaiti Cavabdeh3 tutulması barədə iddia qaldırmaqda haqlı olmuşdur. Lakin bu zaman Mülki Məcəllənin 1095-ci maddəsində nəzərdə tutulan tələb etmə müddətini ötürmüşdür. Belə ki, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir (Mülki Məcəllənin 1095-ci maddəsi). Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il, X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları və s.). Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətləri iki növə bölünür – ümumi və xüsusi. Ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil. (Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli qərarı). İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Göründüyü kimi iddiaçı iddia tələbi üzrə mövcud qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətlərini ötürmüşdür. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (Mülki Məcəllənin 375.2. maddəsi). Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının Cavabdeh2 qarşı 30.000, Cavabdeh3 qarşı 25.000 manat pulun tutulması hissəsində iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiyindən, iddia tələbi müddətin ötürülməsi əsası ilə təmin edilə bilməz. İddia tələbinin 300 manat məbləğində pulun tutulması hissəsinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, bu hissədə iddiaçı həmin məbləğin Cavabdeh3 verilməsini sübuta yetirə bilmədiyindən təmin edilə bilməz. Məhkəmə kollegiyası Cavabdeh1 qarşı iddia tələbinə gəldikdə isə qeyd edir ki, Cavabdeh1 cavabdeh kimi qoyulsa da lakin hazırki iddia tələbinə cavab verməli olan şəxs olmadığından, iddia tələbi ona münasibətdə rədd edilməlidir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (Cavabdeh2 şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 03 mart 2023-ci il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 03 mart 2023-ci il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbi barədə iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1177/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1177/2023
26.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver