Məhkəmə qərarları › İş №2(105)-1179/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1179/2021

16.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1179/2021 16.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə açıq məhkəmə iclasında Sumqayıt Şəhər Məhkəməsinin 23 yanvar 2020-ci il tarixli, 2(060)-452/2020 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 23 yanvar 2020-ci il tarixli, 2(060)-452/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Azər İsmayılov) İddiaçı açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, Cavabdeh 11171 ABŞ dolları əsas borc və 11223,64 ABŞ dolları faiz borcu olmaqla, cəmi 22394,64 ABŞ dolları kredit borcunun ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla, 30 manat ödənilmiş dövlət rüsumunun və 0,40 manat xidmət haqqının İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə tutulması qət edilmiş, cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı açıq səhmdar cəmiyyəti iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh Misir qızından cəmiyyətin xeyrinə 11171 ABŞ dolları əsas və 11223,64 ABŞ dolları faiz borcu olmaqla, cəmi 22394,64 ABŞ dolları məbləğində kredit borcunun və 30 manat dövlət rüsumunun, habelə 0,40 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, cəmiyyətin “Sənaye” filialı ilə Cavabdeh arasında bağlanmış 21.01.2014-cü il tarixli, 01402 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 60 ay müddətinə, illik 19 faiz dərəcəsi ilə hesablanmaqla, 12950 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 2.2-ci bəndinə əsasən Cavabdeh aldığı kredit vəsaitini müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanmış faizləri qaytarmalıdır. Cavabdeh kredit vəsaitindən istifadə etmiş, lakin kredit borcu və hesablanmış faizləri ödəməkdən boyun qaçırmışdır. Kreditin vaxtında qaytarılması barədə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh öz öhdəliklərini yerinə yetirmir və borcun ödənişini təmin etmir. Hazırda cavabdehin 13.11.2019-cu il tarixinə cəmiyyətə 11171 ABŞ dolları əsas və 11223,64 ABŞ dolları faiz borcu olmaqla, cəmi 22394,64 ABŞ dolları məbləğində borcu mövcuddur. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməmişdir. Bu baxımdan məhkəmə qətnaməsinin mövcudluğu barədə məlumatı olmamışdır. 08.06.2020-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinə dəvət olunduqda, hazırki qətnamənin mövcudluğundan məlumatı olmuşdur. Qətnamə icraya yönəlmiş və icra məmuru onun məcburi gətirilməsi barədə təqdimat vermişdir. Məhkəmə iclası zamanı bu hal öz təsdiqini tapmışdır. Bu əsasla da Sumqayıt Şəhər Məhkəməsinin 08.06.2020-ci il tarixli, 8(060)-199/2020 saylı qərardadı ilə təqdimat rədd edilmişdir. İddiaçı açıq səhmdar cəmiyyətinin “Sənaye” filialı ilə bağlanmış 21.01.2014-cü il tarixli kredit müqaviləsinə əsasən ona 36 ay müddətinə illik 19 faiz olmaqla 12950 ABŞ dolları məbləğində kredit verilmişdir. Bu kredit istehlak məqsədi ilə, konkret olaraq “Nissan Versa” markalı, ** CN *** dövlət qeydiyyat nömrəli avtomobilin alınmasına yönəlmişdir. Avtomobil həmin banka kredit götürülərkən girov qoyulmuşdur. Faktiki olaraq tələb həmin maşına yönəlməli və satışından əldə olunmuş pul krediti bağlamalı idi. Lakin məhkəmə bu hala qiymət verməmişdir. O, səhvən girovda olan avtomobili başqa şəxsə vermişdir. Həmin şəxs də avtomobilə görə bankın kreditini bağlamalı idi, lakin krediti bağlamamış və bu günki problem yaranmışdır. Bu hal məhkəmə tərəfindən araşdırılmalı, bununla bağlı müəyyən tədbirlər görülməlidir. Onun tərəfindən 3 ay öhdəlik yerinə yetirilmədikdə və ya lazımi qaydada yerinə yetirilmədikdə kreditorun tələb etmək hüququ yaranır. Faktiki olaraq 2014-cü ilin yanvar ayından başlayaraq o, 5 ay öhdəliyini yerinə yetirmişdir. Bu 2014-cü ilin iyun ayına düşür. 3 aylıq müddət də üzərinə gəlinsə, bu halda iddiaçının hazırki tələbi 2014-cü ilin oktyabr ayına düşür. İddia müddətinin axımı 2014-cü ilin oktyabr ayından başlanır, 3 illik iddia müddəti də bu müddətə şamil edilsə, İddiaçı açıq səhmdar cəmiyyəti kredit borcunu 2017-ci ilin oktyabr ayına qədər tələb edə bilərdi. Hazırda göstərilən müddət buraxılmışdır. Bundan başqa, faizə görə borcu əsas borcdan çoxdur. Qanunvericilik məhz bu halın yaranmaması üçün iddia müddətini tətbiq edir və iddia müddətinin tətbiqi tərəflərin öz hüquq və vəzifələrinin icrası zamanı intizamlı olmağa çağırır. Cavabdeh apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı açıq səhmdar cəmiyyəti və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, iddiaçı nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, cavabdeh isə məhkəmə iclasına gəlmədiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinə faiz borcuna aid hissədə dəyişiklik edilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarından görünür ki, İddiaçı açıq səhmdar cəmiyyətinin Sənaye filialı ilə bağlanmış 21.01.2014-cü il tarixli, 01402 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 36 ay müddətinə illik 19 faiz ödənilməklə 12950 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan 13.11.2019-cu il tarixli, 823 saylı maliyyə arayışından görünür ki, Cavabdeh 13 noyabr 2019-cu il tarixə İddiaçı açıq səhmdar cəmiyyətinə 11171 ABŞ dolları əsas borc və 11223,64 ABŞ dolları faiz borcu olmaqla, cəmi 22394,64 ABŞ dolları kredit borcu vardır. İş materiallarında olan 18.10.2019-cu il tarixli bildirişin surətindən görünür ki, Cavabdeh kredit borcunu ödəməsi barədə xəbərdar edilmişdir. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 25.05.2021-ci il tarixli, 9/2059 saylı rəyindən görünür ki, 21.01.2014-cü il tarixli, 01402 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh 21 yanvar 2017-ci il tarixə İddiaçı açıq səhmdar cəmiyyətinə borcu 16434,92 ABŞ dolları, o cümlədən əsas borcu 11171,0 ABŞ dolları, faiz borcu 5263,92 ABŞ dolları müəyyən edilir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. İş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, İddiaçı açıq səhmdar cəmiyyətinin Sənaye filialı ilə bağlanmış 21.01.2014-cü il tarixli, 01402 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 36 ay müddətinə illik 19 faiz ödənilməklə 12950 ABŞ dolları məbləğində kredit verilmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib, hesab edir ki, cavabdehin kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsi, hazırki öhdəlik hüquq münasibətlərinin məhz cavabdehin təqsiri üzündən pozulması işin mübahisəsiz halları olmaqla, həmin faktlar apellyasiya şikayətinin dəlilləri və mülki işin materialları ilə də inkar edilmədiyindən və cavabdeh pul vəsaitini qanunsuz saxlamaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə ondan faydalandığından, birinci instansiya məhkəməsi əsas borcun tutulması barədə düzgün nəticəyə gəlmişdir. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 25.05.2021-ci il tarixli, 9/2059 saylı rəyi ilə 21.01.2014-cü il tarixli, 01402 saylı tarixli kredit müqaviləsi üzrə Cavabdeh müqavilə müddətinin sonuna, yəni 21 yanvar 2017-ci il tarixə İddiaçı açıq səhmdar cəmiyyətinə faiz borcu 5263,92 ABŞ dolları müəyyən edildiyindən, məhkəmə kollegiyası hesab edir ki, məhkəmə qətnaməsinə faiz borcuna aid hissədə dəyişiklik edilməli, Cavabdeh İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə 5263,92 ABŞ dolları faiz borcu tutulmalıdır. Cavabdeh apellyasiya şikayətində İddiaçı açıq səhmdar cəmiyyətinin iddia müddətini buraxdığını göstərmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı açıq səhmdar cəmiyyətinin Sənaye filialı ilə Cavabdeh arasında kredit müqaviləsi 36 ay, yəni 3 il müddətinə bağlanmış, kredit müqaviləsinin müddəti 21.01.2017-ci il tarixdə bitmiş və həmin kredit müqaviləsi üzrə iddia müddətinin axımı 21.01.2017-ci il tarixdən başlanmışdır. İddiaçı açıq səhmdar cəmiyyəti isə 20.11.2019-cu il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən kredit borcunun tutulmasını xahiş etmişdir. Göründüyü kimi, İddiaçı açıq səhmdar cəmiyyəti 3 illik iddia müddətini ötürməmişdir. Azərbaycan Respublikası MM-nin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli qərarında göstərilir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqaviləsindən yaranan münasibətlərə aid edilə bilməz. Cavabdeh apellyasiya şikayətində məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmədiyini göstəmişdir. İş materiallarından görünür ki, Cavabdeh 04 dekabr 2019-cu il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında iştirak etmiş, işin məhkəmə baxışının 18 dekabr 2019-cu il tarixə təyin edilməsinə dair məhkəmə bildirişinə şəxsən imza etmişdir. Cavabdehin apellyasiya şikayətində qeyd etdiyi digər dəlillər məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinə faiz borcuna aid hissədə dəyişiklik edilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 150 manat Cavabdeh tutularaq X2, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab nömrəsi AZ43CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3 olan hesabına köçürülməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 23 yanvar 2020-ci il tarixli, 2(060)-452/2020 saylı qətnaməsinə faiz borcuna aid hissədə dəyişiklik edilsin. Cavabdeh İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə 5263,92 (beş min iki yüz altmış üç ABŞ dolları 92 sent) ABŞ dolları faiz (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) tutulsun. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat Cavabdeh tutularaq X2, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab nömrəsi AZ43CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3 olan hesabına köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar