Məhkəmə qərarları › İş №2(105)-1179/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1179/2025

05.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1179/2025 05.11.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X9, "xxxx" MTK və Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin e-2(012)-35/2025 nömrəli, 13 iyun 2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ Abşeron Rayon Məhkəməsinin 13 iyun 2025-ci il tarixli qətnaməsi ilə (hakim H.Əhmədov) İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X9, "xxxx" MTK və Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsinin təmin edilməməsi, aparılmış ekspertiza tədqiqatına görə ümumi 200 manat pul vəsaiti İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ34CTRE********************) ödənilməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X9, "xxxx" MTK və Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 30532,50 manat pul vəsaiti, 182 manat dövlət rüsumu və 1000 manat ekspertiza xərcinin iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli, ******* nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Əhməd Cəmil küçəsi, ev 21, 23. 23A, 23B, mənzil 250 Yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, Əhməd Cəmil keçəsi, 23A, M14, m3 ünvanında yerləşən mənzil 391000 manat qarşılığında İddiaçı tərəfindən əldə olunmuş, lakin sonradan məlum olmuşdur ki, Bakı şəhəri, Yasamal rayonu, Əhməd Cəmil küçəsi, ev 21,

23. 23A, 23B, mənzil 250 Yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, Əhməd Cəmil keçəsi, 23A, M14, m3 ünvanında yerləşən mənzilin mövcud vəziyyəti Texniki Pasportda göstərilən ölçüləri və layihəsi ilə üst-üstə düşmür. Bunun müəyyən olunması üçün məhkəmə mühəndis-texniki və əmtəəşünaslıq ekspertizası aparılmış və Azərbaycan Respublikası “X4” tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 15 saylı rəy ilə qeyd olunan faktı təsdiq edən bir sıra faktlar müəyyən olunmuşdur. Belə ki, mənzilə baxış zamanı mənzilin hazırki vəziyyəti ilə Texniki Pasportdakı planı müqayisə etdikdə eyni olmadığı müəyyən olunmuşdur. Mənzilin daxilində texniki pasportda göstərilən 2 və 3 saylı sanitar qovşaqları sökülərək yerləri dəyişdirilmiş, sanitar qovşaqlarından biri 6 saylı otağın daxilində inşa olunmuş, digəri isə mənzilə daxil olduqda dəhlizin sağ tərəfində inşa olunmuşdur. Bununla yanaşı mənzilin texniki pasportu üzrə yerləşən 4 saylı mətbəxin yeri dəyişdirilərək 5 saylı otaq 2 hissəyə bölünmüş, bir hissəsi mətbəx otağı ilə, digər hissəsi isə yataq otağı ilə əvəz olunmuşdur. Mənzildə 8 saylı lociya ilə 5 saylı yaşayış otağı arasındakı arakəsmə divarı sökülmüş, yataq otağının sahəsinə əlavə olunmuşdur. Adıçəkilən rəyə görə, Bakı şəhəri, Yasamal rayonu, Əhməd Cəmil küçəsi, ev 21, 23, 23A, 238, mənzil 250, yeni qaydalarla ünvan 2 ünvanında yerləşən mənzildə "yenidən planlaşdırma" işləri aparılmış, mətbəx otağının yeri dəyişdirilmiş, sanitar qovşaqları sökülərək yerləri dəyişdirilmiş, müəyyən arakəsmə (özyükünü daşıyan) divarlar sökülmüş, yenidən əlavə divarlar inşa olunmuşdur. Bununla yanaşı mənzildə yenidən planlaşdırılma zamanı “Azərbaycan Respublikasının şəhərsalma və tikintiyə dair normativ sənədlər sistemi”-nin “AzDTN 2.7-2 Yaşayış binaları. Layihələndirmə normaları”-nın "Sanitariyaepidemioloji tələblərin təmin edilməsi" bəndinin qaydaları yolverilməz şəkildə pozulmuş, yeni inşa olunmuş sanitar qovşaqları və mətbəx otağı ventilyasiya şaxtaları olmayan hissələrdə yataq otaqlarının daxilində yerləşdirilmişdir. Belə ki, mətbəx otağında və sanitar qovşaqlarında hava kənarlaşdırılması və təmizlənməsi məqsədilə sorma kanalları, hava kəmərlərində tənzimlənən ventilyasiya şəbəkələri mövcud deyildir. Sözügedən sanitar qovşaqları və mətbəx otağı alt mərtəbədə yerləşən mənzilin yataq otaqlarının üzərində yerləşdiyi müəyyən edilmiş, bu da qanunvericiliyin tələblərinə uyğun olaraq yolverilməzdir. İnşaat-norma və qaydalarının tələblərinə əsasən mənzildə aşkar olunmuş mübahisəli tikililərin yerlərinin dəyişdirilməsi zəruridir. Lakin mətbəx otağının mövcud sahəsində saxlamaq o halda mümkündür ki, mətbəx otağında yerləşən aspirator avadanlığının üzərindən eyvan istiqamətinə havanın təmizlənməsi üçün ventilyasiya kanalı çəkilməlidir. Rəyə görə qeyd olunan yaşayış sahəsində aşkar olunmuş qüsurlu yolverilməz mövcud tikililərin, yəni sanitar qovşaqlarının sökülərək yerinin tikinti-norma va qaydalanının tələblərinə uyğun olaraq ventilyasiya kanalları olan hissələrə keçirilməsi və mətbəx otağına ventilyasiya kanalının (borusunun) çəkilməsi üçün tərtib olunan smetanın, yəni mənzilin tikinti norma və qaydalarının tələblərinə uyğun olaraq əvvəlki vəziyyətinə qaytarılmasına görə 30532,50 tələb olunur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Amanova X6 Rayon Məhkəməsinin 13 iyun 2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, prosessual pozuntularla bağlı bölmədə qeyd etdiyi kimi məhkəmənin özü qətnaməsini hər hansı maddi hüquq norması ilə əsaslandırmadığı üçün bəlli olmur ki, məhkəmə bu ziyanın ödənilməsi barədə iddia tələbinə hansı qanuni əsasları tətbiq və hansı qanunun dispoziyası əsasında tələbinin əsaslılığını yoxlayır. İddia ərizəsindən göründüyü kimi tərəflər arasında mübahisə müqavilə münasibətlərindən doğan mübahisə idi, iddiaçı cavabdehdən alqı-satqı müqaviləsindən yaranan öhdəliklərini lazımınca icra etmədiyi üçün zərəri ödəməsini tələb edirdi. Bu səbəbdən məhkəmə bu münasibətə Mülki Məcəllənin 443.1, 568.1, 581.1, 581.3, 587 və 588.1-ci maddələrini tətbiq etməli idi. Bu normaların dispoziyalarında müəyyən edilmiş və iddiaçı tərəfindən sübut edilməli hallar aşağıdakılardan ibarət idi: 1) İddiaçı ilə cavabdeh arasında alqı-satqı müqaviləsinin olması; (bu müqavilə məhkəməyə təqdim edilib və məhkəmə qətnaməsi ilə bu hal müəyyən edilib) 2) Satıcı kimi cavabdeh tərəfindən iddiaçıya lazımi keyfiyyətdə malın verilməməsi; (bu halda işdə olan çoxsaylı ekspertiza rəyləri müəyyən edilib, üstəlik məhkəmə özu də Mənzil Məcəlləsinə istinad edərək mənzildə aparılmış dəyişiliklərin Yasamal rayon İcra hakimiyyətinin razılığı olmadan aparıldığını müəyyən edib) Belə olan halda məhkəmədən yalnız mübahisəyə Mülki Məcəllənin 587 və 588.1-ci maddəsinin hipotezasını tətbiq etmək gözlənilirdi. Lakin məhkəmə bu vəzifəsini yerinə yetirməkdə həddən artıq uğursuz olmuşdur. Baxmayaraq ki, qanun bir başa göstərir ki, “əşyanın qüsurları üçün satıcı cavabdehdir”, “alıcı... satıcıdan öz seçimi ilə alış qiymətinin mütənasib azaldılması və ya əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılmasını tələb edə bilər”, məhkəmə nədənsə satılmış əşyaya qüsurun kimin tərəfindən vurulması məsələsini araşdırmağa girişmiş və iddiaçıdan bu halın sübüt edilməsini tələb etmişdir. Özü də qanun bir başa göstərir ki, satıcının bu məsuliyyəti qüsurun baş verməsində “təqsiri olub-olmamasından asılı olmayaraq” yaranır. Məhkəmə qətnaməsində bir başa qeyd etməsə də, görünən odur ki, məhkəmə bu mübahisəyə delikt nəticəsində vurulmuş zərərin ödənilməsi tələbi ilə bağlı mübahisə kimi baxmış, o səbəbdən istinad etməsə də, faktiki olaraq bu işə Mülki Məcəllənin 1097.1-ci maddəsinin hipotezasını (“zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir”) tətbiq etmişdir. Məhkəmə iddiaçıdan, bu mübahisəyə tətbiq etmək istədiyi hansı qanunun dispoziyasında göstərilən halların mövcudluğunu sübut etməsini gözləyir. Çünki məhkəmə qətnaməsinin əsaslandırma hissəsinin böyük hissəsi iddiaçının bəlli olmayan nəyisə sübut edə bilməməsi barədə mülahizələrdir. Məhkəmə qətnaməsində qeyd edir ki, “işin araşdırılmış hallarından görünür ki, mübahisəli mənzildə Cavabdeh heç bir təmir, yenidənqurma işləri aparmamış, aldığı faktiki vəziyyətdə də iddiaçıya satmışdır”. Lakin iş materiallarında bir dənə də olsun sübut yoxdur ki, həmin sübut əsasında Cavabdeh mənzildə heç bir təmir, yenidənqurma işləri aparmamasını, aldığı faktiki vəziyyətdə də iddiaçıya satmasını göstərsin. Bəlli olmur ki, məhkəmə nəyin əsasında bu nəticəyə gəlib. Əgər məhkəmə yalnız iddiaçının izahatı əsasında bu nəticəyə gəlibsə, o zaman nəzərə almalı idi ki, MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Əgər digər sübutlar izahatda göstərilən faktları təsdiq edirsə o zaman işin həmin halları sübutlar əsasında müəyyən edilmiş hesab edilir. Həmçinin MPM-nin 106.3-cü maddəsinə görə yalnız tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Göründüyü kimi Cavabdeh mənzildə heç bir təmir, yenidənqurma işləri aparmaması barədə izahatı, nə iddiaçı tərəfindən etiraf edilib, nə də digər sübutlarla təsdiq olunub. Əksinə, elə məhkəmənin özünün iş materialları əsasında müəyyən etdiyi digər halları nəzərə alsa, Cavabdeh mənzildə heç bir təmir, yenidənqurma işləri aparmaması, aldığı faktiki vəziyyətdə də iddiaçıya satması barədə gəlinən nəticə təkzib olunduğu ortaya çıxacaq. Belə ki, məhkəmə qətnaməsində qeyd edir ki, “işin materiallarından görünür ki, ekspertizaların tədiqat predmeti olmuş Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş **********98- 05301- 093162 reyestr nömrəli Texniki pasport mübahisəli mənzilin əvvəlki mülkiyyətçisi X8 adına olmaqla o həmin mənzilin mülkiyyətçisi olmuş və iş materiallarında olan "Kommunal İdarəetmə Xidməti" MMS-nin xx.xx.2023-cü il tarixli arayışından da məlum olur ki, ünvan 3 ünvanında yerləşən 3 saylı mənzili (köhnə qaydada) Cavabdeh X5 təmirli və yaşayışa yararlı vəziyyətdə almışdır”. Digər tərəfdən iş materiallarında olan iddiaçının təşəbbüsü ilə keçirilən bir məhkəmə ekspertizasının rəyi və məhkəmənin qərardadı əsasında keçirilən iki məhkəmə ekspertizasının rəyləri göstərir ki, mənzil iddiaçıya satılarkən mənzildə tikinti norma və qaydaları kobud şəkildə pozulmuş vəziyyətdə olmuşdur. Belə pozuntularla mənzilin istismarı mümkün deyil. Elə məhkəmənin özünün qətnaməsində müəyyən edilmiş halları qarşılıqlı şəkildə qiymətləndirərkən belə nəticəyə gəlmək olar ki, Cavabdeh mənzili X5 alarkən mənzil yaşayışa yararlı vəziyyətdə olub, lakin iddiaçıya satarkən artıq mənzildə yaşayışı mümkün etməyən mənzildə tikinti norma və qaydaları kobud pozuntuları olmuşdur. Burdan belə nəticəyə gəlmək olur ki, mənzildə olan qüsurlar mənzil Cavabdeh olarkən yaranıb. Belə olan halda hesab edir ki, məhkəmənin müəyyən etdiyi “mübahisəli mənzildə Cavabdeh heç bir təmir, yenidənqurma işləri aparmamış, aldığı faktiki vəziyyətdə də iddiaçıya satmışdır” faktları kifayət qədər ziddiyyətlidir. Müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri alqı-satqı müqaviləsinin yaranın mübahisə olmuş, bir alıcı kimi iddiaçı bir satıcı kimi cavabdehdən qüsurlu əşya (mənzil) verdiyi üçün ona vurulmuş zərərin əvəzinin ödənilməsini (alış qiymətinin mütənasib azaldılmasını) tələb edir. Özü də alqı-satqı münasibətlərində alıcının bu vəzifəsi qüsurun vurulmasında təqsiri olubolmamasından asılı olmayaraq yaranır. Görünən odur ki, məhkəmə tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gələrək onların arasındakı münasibətə delikt nəticəsində vurulmuş zərərin ödənilməsindən doğan mübahisə, yəni zərərvuranla zərərçəkmiş şəxs arasında yaranmış mübahisə kimi baxaraq alıcının zərər vurmaqda (mənzildəki qüsurların yaranmasında) təqsiri olub olmaması araşdırmağa çalışmışdır. Məhkəmə həmçinin gəlinmiş bu səhv nəticədən irəli gələrək səhvən və hazırki mübahisə üçün zəruri və ehtiyac olmadan iddiaçının üzərinə mənzilə qüsurun məhz cavabdeh tərəfindən vurulduğunu sübut etmək vəzifəsi qoymuşdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X9, "xxxx" MTK və Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 13 iyun 2025-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İki fərqli əsaslarla iddianın rədd edilməsi qənaətinə gələn birinci instansiya məhkəməsi cavabdehin iddiaçı qarşısında mülki məsuliyyətin daşıyıcısı olması ilə bağlı iddiaçının hər hansı sübut təqdim edə bilməməsi, həmçinin hazırki iddianı iddiaya cavab verməli olan şəxsə qarşı qaldırmaqda iddiaçının haqlı olmaması ilə əsaslandırmış və bu nəticədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İlk növbədə məhkəmə kollegiyası qeyd edir ki, mövcud mübahisəni həll edən aşağı instansiya məhkəməsi iddia tələbinin qanuni əsası kimi tərəflər arasındakı münasibətləri tənzimləyən mülki qanunvericilik normalarını düzgün tətbiq etməmişdir. Qeyd edilməlidir ki, iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Cavabdeh xx.xx.2021-ci il tarixdə ünvan 2 ünvanında yerləşən mənzili üçüncü şəxs X5 alaraq, xx.xx.2022-ci il tarixdə İddiaçı 391000 manata satması işin mübahisəsiz halıdır. Baxılan iş üzrə iddia tələbi pulun ödənilməsi barədədir. İddia tələbinin qanuni əsası kimi isə Mülki Məcəllənin 587.1, 587.1.3, 5.3, 425, 443.1, 443.2-ci maddələri nəzərdən keçirilə bilər. İşdən görünür ki, iddiaçı mənzilin tikinti norma və qaydalarının tələblərinə uyğunsuzluğu nəticəsində, ağır iy və qoxunun gəldiyini əsas gətirərək mənzilin əvvəlki vəziyyətə gətirilməsi üçün 30532,50 pulun cavabdehdən tələb etmiş, cavabdeh isə onun tərəfindən mənzildə hər hansı yenidənqurma işi aparmadığını, aparılmış olsa belə bu barədə onun xəbərsiz olduğunu, iddiaçının mənzili almazdan qabaq bir neçə dəfə mənzildə olduğunu və heç bir irad bildirmədiyinə istinad edərək iddiaya etiraz etmişdir. Məlum olduğu kimi, Mülki Məcəllənin 587.1 və 587.1.3-cü maddələrinə əsasən əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsini tələb etsin. Qeyd olunmalıdır ki, qüsurların ciddilik dərəcəsindən və onların yaratdıqları hüquqi nəticələrdən asılı olaraq alcının hüquqları və satıcının vəzifələri müəyyən edilmişdir. Xüsusilə qeyd olunmalıdır ki, əşyalarda aşkar edilmiş qüsurların yaranmasında satıcının təqsiri olub-olmamasının heç bir əhəmiyyəti yoxdur. Əlbəttə, alıcının istifadə qaydalarını pozması nəticəsində yaranan qüsurlar istisnadır. Nəzərə alınmalıdır ki, alıcıya keyfiyyət baxımından aşağı göstəricilərlə və ya aradan qaldırılması mümkün olan qüsurlarla əşya verildikdə alıcı öz seçimi ilə alış qiymətinin mütənasib azaldılmasını, əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılmasının, qüsurları özü aradan qaldırdığı halda çəkdiyi xərclərin əvəzinin ödənilməsini tələb edə bilər. Əşya aradan qaldırılması mümkün olan qüsurlarla verildikdə alıcı həmin qüsurların aradan qaldırılmasını satıcıdan tələb edə bilər. Lakin əşyadan daha tez bir vaxtda istifadə etməkdə maraqlı olan alıcı Mülki Məcəllənin 451-ci maddəsinə əsasən, qüsurların aradan qaldırılmasını öz qüvvəsi ilə təmin edə və ya bu işi üçüncü şəxslərə həvalə edərək, çəkdiyi zəruri xərclərin ödənilməsini satıcıdan tələb edə bilər. Məhkəmə kollegiyasının qeyd edir ki, alıcı müqavilə predmeti əşyanı yararlı halda əldə etməkdə maraqlı olduqda, lazımı keyfiyyətdə olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz edilməsini tələb edə bilər. Bu halda tərəflər müqavilənin lazımınca icrasını təmin etmiş olurlar. Mövcud mənzilin hazırki vəziyyəti ilə texniki pasportdakı planı müqayisə edildikdə eyni olmadığı, mənzilin daxilində texniki pasportda göstərilən 2 və 3 saylı sanitar qovşaqları sökülərək yerlərinin dəyişdirildiyi, sanitar qovşaqlarından biri 6 saylı otağın daxilində, digəri isə mənzilə daxil olduqda dəhlizin sağ tərəfində inşa olunduğu, mənzilin texniki pasportu üzrə yerləşən 4 saylı mətbəxin yeri isə dəyişdirilərək 5 saylı otaq 2 hissəyə bölünməsi, bir hissəsinin mətbəx otağı, digər hissəsinin isə yataq otağı ilə əvəz olunduğu müəyyən olunur. Həmin mənzildə 8 saylı lociya ilə 5 saylı yaşayış otağı arasındakı arakəsmə divarının sökülməsi, yataq otağının sahəsinə əlavə olunduğu, mənzildə "yenidən planlaşdırma" işləri aparıldığı, mətbəx otağının yeri dəyişdirilərək, sanitar qovşaqları sökülərək yerlərinin dəyişdirildiyi, müəyyən arakəsmə (özyükünü daşıyan) divarların söküldüyü, yenidən əlavə divarlar inşa olunduğu, mənzildə yenidən planlaşdırılma zamanı “Azərbaycan Respublikasının şəhərsalma və tikintiyə dair normativ sənədlər sistemi”-nin “AzDTN 2.7-2 Yaşayış binaları. Layihələndirmə normaları”-nın "Sanitariya-epidemioloji tələblərin təmin edilməsi" bəndinin qaydalarının yolverilməz şəkildə pozulduğu, yeni inşa olunmuş sanitar qovşaqları və mətbəx otağını ventilyasiya şaxtaları olmayan hissələrdə yataq otaqlarının daxilində yerləşdirilmişdir. Mətbəx otağında və sanitar qovşaqlarında hava kənarlaşdırılması və təmizlənməsi məqsədilə sorma kanalları, hava kəmərlərində tənzimlənən ventilyasiya şəbəkələri mövcud deyildir. Sözügedən sanitar qovşaqları və mətbəx otağı alt mərtəbədə yerləşən mənzilin yataq otaqlarının üzərində yerləşdiyi müəyyən edilmişdir. Qeyd olunan hallar qanunvericiliyin tələblərinə uyğun olaraq yolverilməz olduğundan, inşaat-norma və qaydalarının tələblərinə əsasən mənzildə aşkar olunmuş tikililərin yerlərinin dəyişdirilməsi zəruridir. Lakin mətbəx otağının mövcud sahəsində saxlamaq o halda mümkündür ki, mətbəx otağında yerləşən aspirator avadanlığının üzərindən eyvan istiqamətinə havanın təmizlənməsi üçün ventilyasiya kanalı çəkilməlidir. İddiaçının nümayəndəsi Nümayəndə1 mənzildə yeni inşa olunmuş mətbəx və sanitar qovşaqların ventilyasiya şaxtaları olmayan yataq otaqlarının daxilində yerləşdirildiyini əsas gətirərək qeyd edir ki, mətbəx otağı və sanitar qovşaqlarında hava kənarlaşdırılması və təmizlənməsi məqsədilə sorma kanalları, hava kəmərlərində tənzimlənən ventilyasiya şəbəkələri mövcud olmadığından, eləcə də kanalizasiya xəttinin düzgün çəkilməməsi səbəbindən çirkli suyun normal axımı mümkün olmur və nəticədə mənzilin daxilində baş verən ağır iy və qoxunun mənfi təsiri mənzildə normal yaşamağa imkan vermir. Həmçinin qeyd etmişdir ki, sorma kanalı olmadığı halda, görünütü yaratmaq məqsədilə sanitar qovşaqda ventilyasiya aparatı, mətbəx otağında isə aspirator avadanlığı yerləşdirilmişdir. O, həmçinin bildirmişdir ki, mənzili rieltordan aldıqlarına görə cavabdeh tərəfindən evin texniki pasportu onlara təqdim olunmamış, buna səbəb kimi mənzilin keçmiş mülkiyyətçinin adına olması qeyd olunmuşdur. İddiaçının adına olan evə dair texniki pasportu 1 ay sonra əldə etmişlər. O, evin texniki pasportu təqdim edilsə belə layihədəki dəyişikliyi başa düşə bilməyəcəyini qeyd etmişdir. “İstelakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 5-ci maddəsinin 1 və 3 -cü bəndlərinə əsasən İstehlakçı satıcıdan (istehsalçıdan, icraçıdan) alınmış malın (görülmüş işin, göstərilmiş xidmətin) keyfiyyətinin normativ sənədlərə, müqavilə şərtlərinə uyğunluğu barədə və həmçinin mal (iş, xidmət) haqqında satıcının (istehsalçının, icraçının) təqdim etdiyi məlumata cavab verməsini tələb etmək hüququna malikdir. Satıcı (istehsalçı, icraçı) istehlakçıya keyfiyyəti normativ sənədlərə, müqavilə şərtlərinə və həmçinin mal (iş, xidmət) haqqında istehsalçının (icraçının) təqdim etdiyi məlumata uyğun olan mal verməlidir. Həmin Qanunun 7-ci maddəsinin 1-ci bəndinə əsasən istehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdir. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Mülki Məcəllənin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımı şəkildə icra etməlidirlər. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1 və 443.2-ci maddələrinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının qeyd etdiyi hallar iş materialları və ekspert rəyləri ilə öz təsdiqini tapdığından, iddia təmin edilməli mənzilin tikinti norma və qaydalarının tələblərinə uyğun olaraq əvvəlki vəziyyətinə qaytarılması üçün 30532,50 manat pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 13 iyun 2025-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, birinci instansiya məhkəməsində keçirilmiş ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilməlidir. Bununla yanaşı, iddiaçı tərəfindən ödənilmiş 182 manat dövlət rüsumu və “X4” MMCyə ödənilmiş 1000 manat ekspertiza xərci Cavabdeh alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (MPM-nin 119.1. maddəsi). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ İddiaçı apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 13 iyun 2025-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. Cavabdeh 30532 (otuz min beş yüz otuz iki) manat 50 (əlli) qəpik məbləğində pul İddiaçı xeyrinə tutulsun. Cavabdeh iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 200 (iki yüz) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. İddiaçı tərəfindən ödənilmiş 182 manat dövlət rüsumu və “X4” MMC-yə ödənilmiş 1000 manat ekspertiza xərci Cavabdeh alınaraq İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar