Məhkəmə qərarları › İş №2(105)-118/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-118/2024

18.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-118/2024 18.07.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X5 ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh və üçüncü şəxs X4 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 30 may 2023-cü il tarixli, e-2(012)-2361/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7000 manat məbləğində pulun tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini, həmçinin tərəfindən ödənilmiş 90 manat dövlət rüsumunun da cavabdehə aid edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 3 sot torpaq sahəsinin alqı -satqısını onunla 13000 manata razılaşmışlar. İddiaçı cavabdehə 4000 manat nəğd şəkildə pul ödəmiş, həmçinin özünə məxsus KİA PREGİO mikrovatobusu 6000 manata razılaşaraq ona vermişdir. Qalan 3000 manatı isə hər ay 500 manat olmaqla ona tam şəkildə ödəmişdir. İddiaçı pulu tam ödədikdən sonra cavabdeh torpaq sahəsini ona təhvil verməkdən imtina etmişdir. Cavabdeh tərəfindən aldadıldığını görüb ona məxsus avtomobili və ödədiyi pulu ondan geri tələb etmişdir. O, avtomobili qaytarsa da, 7000 manat pulunu bu günə kimi qaytarmamışdır. Cavabdeh iddiaçıya məxsus avtomobilə 1500 manat da ziyan vurmuşdur. Cavabdehin öz xətti ilə əlyazması var və o, həmin əlyazmada qeyd etdiklərini öz xətti ilə qeyd etmişdir. Abşeron Rayon Məhkəməsinin 30 may 2023-cü il tarixli, e- e-2(012)-2361/2023 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməmişdir (hakim Cəmilə Səfiyeva). Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 30 may 2023-cü il tarixli, e- e-2(012)-2361/2023 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, cavabdehə məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 3 sot torpaq sahəsinin alqı-satqısını cavabdehlə 13000 manat razılaşmışdır. O, cavabdehə 4000 manat nəğd şəkildə pul ödəmiş, həmçinin ona məxsus Kia Pregio mikrovatobusu 6000 manata razılaşaraq ona vermişdir. Qalan 3000 manatı isə hər ay 500 manat olmaqla ona tam şəkildə ödəmişdir. Pulu tam ödədikdən sonra cavabdeh torpaq sahəsini ona təhvil verməkdən imtina etmişdir. O, cavabdeh tərəfindən aldadıldığını görüb ona məxsus avtomobili və ödədiyi pulu ondan geri tələb etmişdir. Cavabdeh avtomobili ona qaytarsa da, 7000 manat pulunu bu günə kimi ona qaytarmamışdır. Cavabdeh ona məxsus avtomobilə 1500 manat da ziyan vurmuşdur. Bildirir ki, cavabdehin öz xətti ilə əlyazması var və həmin əlyazmada yuxarıda göstərilənləri öz xətti ilə qeyd edib. Ona görə də hesab edir ki, 7000 manat məbləğində pul cavabdehdən alınıb ona verilməlidir. İşə baxan məhkəmə iş üzrə obyektiv araşdırma aparmamış və iddia tələbini əsassız olaraq rədd etmişdir. Halbuki cavabdeh tərəfindən yazılmış əlyazmada ondan 4000 manat nağd şəkildə pul aldığını etiraf etmişdir. Həmçinin ona məxsus avtomobili də 6000 manata razılaşaraq ona verdiyini etiraf etmişdir. Bundan əlavə 15 iyul 2021-ci il tarixindən ayda 500 manat olmaqla, 6 ay ərzində 3000 manat ona ödəniş etməyini qeyd etmişdir. O, 6 ay ərzində həmin 3000 manatı ödəməli olduğu halda həmin pulu 2 ay ərzində ödəmişdir. Bunu təsdiq edən şahidləri vardır. Həmin şahidlər X3, X6 və X1r. Məhkəmə iclasını hakim təxirə salmadığı üçün o, həmin şahidlərin iştirakını məhkəmədə təmin bilməmişdir. Hesab edir ki, işə apellyasiya məhkəməsində baxılarkən həmin şahidlərin dindirilməsi təmin olunmalıdır. Bundan əlavə cavabdeh bildirir ki, onu tanımır. Hesab edir ki, cavabdeh onu tanımadığını bildirdikdə hakim iddia tələbini rədd etməli yox, əlyazmanın kimə məxsus olmasını müəyyən etmək üçün iş üzrə ekspertiza keçirməli idi. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh və üçüncü şəxs X8 apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan xx.xx.2021-ci i tarixli ərizədən görünür ki, cavabdehə məxsus Saray qəsəbəsində yerləşən 3 sot torpaq sahəsinin satışı üzrə tərəflər 13.000 (on üç min) manat məbləğində razılaşmışlar. 13.000 (on üç min) manatdan 4.000 (dörd min) manat cavabdehə nağd ödənilmişdir. İ.A.Maarif oğluna məxsus mikroavtobus (Kia Pregio K77 b) 6000 (altı min) manat məbləğində hesablanmışdır və İ.A.Maarif oğlu tərəfindən cavabdehə verilmişdir. Torpaq sahəsinin sənədləşdirilməsi tam hazır olduğu təqdirdə, İ.A.Maarif ona məxsus Kia Pregio K77 b mikroavtobus müəyyən şəxsin adına keçiriləcəkdir. Son olaraq isə 25 iyul tarixindən ayda 500 manat olmaqla 6 ay ərzində 3000 (üç min) manat ödəniş edilməlidir. Ödəniş tam bitdikdən sonra və qeyd etdiyi kimi sənədləşdirmə işləri yekunlaşdıqdan sonra torpaq sahəsi İ.A.Maarif oğlunun adına keçiriləcəkdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı Cavabdeh məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 3 sot torpaq sahəsinin alqı satqısını onunla 13000 manat razılaşmaları, iddiaçının cavabdehə 4000 manat nəğd şəkildə pul ödəməsi, həmçinin özünə məxsus KİA PREGİO mikrovatobusu 6000 manata razılaşaraq ona verməsi,qalan 3000 manatı isə 6 ay müddətinə hər ay 500 manat olmaqla ona tam şəkildə ödəməsi barədə dəlilləri işin məhkəmə baxışında öz təsdiqini tapmamışdır və cavabdehin izahatından göründüyü kimi onun iddiaçı ilə hər hansı münasibəti ümumiyyətlə olmayıb, iddiaçını tanımır. Belə bir söhbət onun həyat yoldaşı ilə olub.Buna görə də iddia tələbini təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsi ilə nəticə etibari ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iddia tələbində istinad etdiyi halları sübut etmə yükü onun üzərinə düşsə də, bu hallar sübut edilə bilməmişdir. Belə ki, iddiaçı apellyasiya şikayətində onunla cavabdeh arasında öhdəliyin əmələ gəlməsini təsdiq edən müqavilə olduğunu və birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan müqaviləyə hüquqi qiymət verilmədiyini qeyd etmişdir. Bununla əlaqədar işə apellyasiya icraatında baxılarkən məhkəmə kollegiyası tərəfindən cavabdehin həyat yoldaşı Əliyev Yalçın mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmiş və o, izahatında bildirmişdir ki, qeyd edilən müqavilə onun tərəfindən başqa şəxsə yazdırılmış və borc münasibəti iddiaçı ilə onun arasında yaranmışdır. Həmin müqavilənin kim tərəfindən yazıldığını iddiaçı ümumiyyətlə görməmişdir. Lakin iddiaçının nümayəndəsi və vəkili mübahisə predmeti olan müqavilənin məhz cavabdeh tərəfindən yazıldığını bildirərək məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 06 iyun 2024-cü il tarixli, 3-16-16/2- 4/486 nömrəli ekspert rəyinin nəticəsi olaraq qeyd edilmişdir ki, xx.xx.2021-ci il tarixli ərizənin mətni və “imza” qrafasının qarşısındakı imza cavabdeh tərəfindən icra edilməmişdir. Göründüyü kimi iddiaçının istinad etdiyi hallar sübut olunmadığından iddia tələbi əsaslı deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 30 may 2023-cü il tarixli, e-2(012)-2361/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-xətşünaslıq ekspertiza tədqiqatının dəyəri olan 138 (yüz otuz səkkiz) manat İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN**********; AZ34CTRE********************, X2, KOD210005; VÖEN**********; Müxbir hesAz41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar