Məhkəmə qərarları › İş №2(105)-1181/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1181/2024

16.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1181/2024 16.07.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim X1, hakimlər Məmmədov Zaur İkram oğlu və Rəhimov Elman Gülbala oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağayeva Elnarə Nəriman qızının katibliyi, İddiaçı və onun vəkili-nümayəndəsi Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 16 aprel 2024-cü il tarixli, 2(060)-12/2024 nömrəli qətnaməsindən İddiaçı vəkili-nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 16 aprel 2024-cü il tarixli, e-2(060)-12/2024 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 457,38 manat pulun alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, habelə məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 100 manatın Cavabdeh tutularaq X2 müxbir hesabına köçürülməsi qət edilmişdir (hakim Elmir Hüseynov). Qətnamədən İddiaçı vəkili-nümayəndəsi Vəkil tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin tikintisinə və təmirinə çəkilmiş 20000 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh onun qaynatası, yəni keçmiş həyat yoldaşı X4 atasıdır. O, keçmiş həyat yoldaşı X5 ilə xx.xx.2007-ci ildə rəsmi nikaha daxil olmaqla evlənmiş, həmin ildə 3-4 ay ünvan 2 ünvanında yerləşən anasına məxsus mənzildə yaşamış və həyat yoldaşının onun ailəsi ilə birgə yaşayışı alınmadığından həmin mənzili tərk edib 1 il müddətində kirayədə yaşamışlar. Bundan sonra ünvan 1 ünvanında Bağda Qurbanovanın babasının istifadəyə yararsız evinin yanında ev tikməyi onlara keçmiş qaynatası Cavabdeh təklif etmiş və həmin yerdə 2008-2009-cu illərdə mübahisələndirilən evi tikib ayrılanadək orada yaşamışlar. Hər iki övladı orada bağçaya getmişdir. Sözügedən evin tikintisinə 20000 manat xərc çəkmişdir. Həyat yoldaşı X5 ilə uzun müddət bir yerdə mehriban yaşasalar da, sonradan ailədaxili münasibətlər kəskinləşmiş və Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Cavabdeh onun birgə nikah dövründə inşa və təmir etdiyi evi arvadı ilə onun arasında əmlak mübahisəsi olan zaman öz adına rəsmiləşdirmişdir. Əziyyətlə tikib-qurduğu evə hazırda cavabdeh sahiblənməklə əsassız varlanmışdır. Bu səbəbdən də, o həmin fərdi yaşayış evinin tikintisinə çəkdiyi 20000 manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsi tələbi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Onun maliyyə vəsaiti hesabına tikilmiş və təmir olunmuş fərdi yaşayış evini cavabdeh əsassız olaraq öz adına keçirməklə mənimsəmiş, ona maddi zərər vurmaqla özü əsassız olaraq varlanmışdır. Cavabdehin qəsdən törədilmiş bu hüquqazidd hərəkətləri ona birbaşa maddi zərər vurmaqla qanunla nəzərdə tutulmuş hüquqlarını pozmuşdur. Birinci instansiya məhkəməsi iş üzrə müəyyən etdiyi hallara əsasən belə nəticəyə gəlmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh tərəfindən inşa edilmişdir. Şahid ifadələri ilə müəyyən olunmuşdur ki, Cavabdeh həmin evi 1992-1993-cü illərdə inşa etmiş, bir mərtəbəli evdir, ev mişar daşından tikilmiş, nəmlik olduğu üçün sonradan evin çölünə kərpic hörülmüşdür ki, kərpic işlərini İddiaçı ailəsi ilə həmin evdə yaşadığı dövrdə gördürmüşdür… Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ********** qeydiiyat nömrəli Çıxarışa əsasən ünvan 3 ünvanında 0.0247 ha torpaq sahəsində yerləşən 42,4 kv.m sahəsi olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh məxsusdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/6316 saylı ekspert rəyinə əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin inşası zamanı qırmızı kərpiclə görülmüş işlərin (tikinti materiallarının və usta pulunun) təqribi dəyəri bazar qiymətlərinə uyğun olaraq 914,76 manat müəyyən olunmuşdur… Məhkəmə işdə olan sübutlara əsasən hesab edir ki, qeyd edilən işlər (qırmızı kərpiclə görülmüş işlər) iddiaçı tərəfindən nikahda olduğu dövrdə ailənin birgə vəsaiti hesabına aparılmışdır. Hazırda tərəflər arasında nikah pozulduğundan həmin 914,76 manatın ½ hissəsi İddiaçı aid edilməlidir. Odur ki, iddiaçının mübahisəli evə çəkdiyi xərcin onun payına düşən hissəsi, yəni 457,38 manat cavabdehdən alınıb ona qaytarılmalıdır. Bu mövqedən çıxış edərək birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan qətnaməni qəbul etmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 16 aprel 2024-cü il tarixli, e-2(060)-12/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və işdə iştirak edən şəxslərin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, 2021-ci ildə Qaradağ Rayon Məhkəməsində onunla Bağda Qurbanova arasında nikahın pozulması və əmlak bölgüsü mübahisələrinə baxılarkən məhkəmə iclaslarında həm Bağda Qurbanova, həm də sonuncunun hazırkı iş üzrə cavabdeh olan atası Cavabdeh mübahisəli fərdi yaşayış evinin onunla birgə nikahda olan zaman inşa olunduğunu dəfələrlə bildirmişlər. Lakin məhkəmə iş materiallarında olan məhkəmə qətnamələri ilə müəyyən edilmiş halları və cavabdehin, eləcə də onun qızı Bağdanın verdiyi izahatları nəzərə almadan belə qənaətə gəlmişdir ki, guya evi cavabdeh özü tikib, o isə yalnız kərpiclə olan işləri görmüşdür. Hesab edir ki, cavabdeh onun vəsaitini mənimsəməklə əsassız varlanmışdır... DƏDKRX-dən sorğu ilə alınmış və iş materiallarına əlavə edilmiş sənədlərdən də aydın şəkildə görünür ki, mübahisəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi 1959-cu ildə cavabdehin atasına verilib və orada köhnə bir ev inşa olunub. Məhz həmin evə də elçi gedilib və həmin evdən Bağda Qəniyeva gəlin köçmüşdür. Lakin onun təqdim etdiyi sübutlar göstərir ki, bu ev hazırda mübahisəli evdən kəskin fərqlənir, onların yerləşmə yeri, sahəsi də müxtəlifdir. Bundan əlavə, 1959-cu ildə inşa edilmiş tikinti materialları ilə 2009-cu ildə inşa edilmiş tikinti materialları arasındakı fərq açıq-aydın görünür. Evin damına baxanda bilinir ki, bu şiferlər 1959-cu ildə olmayıb, blok kərpiclərə baxanda bilinir ki, sovetlər dövründə belə tikinti materialları olmamışdır. Bu da onu göstərir ki, həmin ev Cavabdeh dədə-baba evi ola bilməz. Məhkəmə bunlara qiymət vermədən belə qənaətə gəlib ki, evi cavabdeh özü ata-baba torpağında tikib. Hesab edir ki, məhkəmə maddi hüquq normasının tələblərini işin hallarına düzgün tətbiq etməmişdir. Mübahisəli fərdi yaşayış evinin onun tərəfindən 2008-2009-cu illərdə öz şəxsi vəsaiti və anasından aldığı 12000 AZN pul hesabına tikməsi iş üzrə tədqiq olunmuş sübutlarla təsdiqini tapır. Eyni zamanda, iş materiallarında olan sənədlərdən görünür ki, həmin fərdi yaşayış evi ilə bağlı onunla keçmiş həyat yoldaşı Bağda Qəniyeva arasında məhkəmə çəkişmələri olarkən sonuncunun atası Cavabdeh 2023-cü ilin yanvar ayında fərdi yaşayış evini öz adına qeydə aldırmış və Çıxarış almışdır. Bu da onu göstərir ki, Cavabdeh həmin evin tikintisinə onun çəkdiyi xərcləri mənimsəyərək fayda əldə etməklə ona maddi zərər vurur. Ona dəyən maddi zərərin ödənilməsini tələb etmək qanunla müəyyən edilmiş hüququdur və maddi hüquq norması bunu tələb etməyə ona əsas verir. Məhkəmə işdə olan sübutlara və işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə, mübahisəli hüquq münasibətlərinin yaranması zamanı qüvvədə olmuş maddi hüquq normalarını işə tətbiq etməmiş, ədalət mühakiməsini faktlar əsasında həyata keçirməmişdir... Hesab edir ki, mübahisəli evin nə vaxt və kim tərəfindən inşa edilməsinə dair hallar üzrə məhkəmənin gəldiyi nəticə düzgün deyil, yəni evin Cavabdeh tərəfindən tikilməsi işin halları ilə sübuta yetirilmir. İşin hallarından aydın şəkildə görünür ki, o, qaynatasının istifadəsinə verilmiş torpaq sahəsində sonuncunun razılığı ilə fərdi yaşayış evi tikmişdir. Həmin evin tikintisinə də 20000 AZN pul xərcləmişdir. Bu evin tikintisinə xərclənən pul vəsaitinin məbləği ekspert tərəfindən 19000 AZN müəyyən edilib, hazırda isə həmin evin dəyəri daha yüksəkdir. Həmin evi onun öz ailəsi üçün tikməyi, orada ailəliklə yaşayaraq təsərrüfat idarə etmələri işin mübahisəsiz halıdır. Məhkəmə isə iş materiallarında olan məhkəmə qətnamələri ilə müəyyəm edilmiş halları və cavabdehin, eləcə də onun qızı Bağdanın verdiyi izahatları nəzərə almadan belə qənaətə gəlib ki, guya evi cavabdeh özü tikib, o da yalnız kərpiclə olan işləri görmüşdür... İstinad etdiyi faktlara əsasən birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun vəkili-nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edib, şikayətin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini əsassız hesab etdiyini bildirərək, şikayətin təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, işdə olan sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verib hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Sumqayıt Şəhər Məhkəməsinin 16 aprel 2024-cü il tarixli, e-2(060)-12/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər və apellyasiya instansiyası məhkəməsinin mövqeyi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələb və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, tərəflər arasındakı mübahisənin predmeti ünvan 1 ünvanında 0.0247 ha torpaq sahəsində yerləşən 42,4 kv.m ümumi sahəsi olan fərdi yaşayış evidir. Həmin əmlak iddiaçının keçmiş qaynatası, hazırkı iş üzrə Cavabdeh mülkiyyəti kimi qeydiyyata alınmış, bu barədə sonuncunun adına xx.xx.2021-ci il tarixli, ********** qeydiiyat nömrəli Çıxarış verilmişdir. İddiaçı iddia edir ki, sözügedən evi əslində 2008-2009-cu illərdə o öz ailəsi üçün inşa etmişdir. Belə ki, o, cavabdehin qızı, keçmiş həyat yoldaşı Bağda Qurbanova ilə xx.xx.2007-ci ildə rəsmi nikaha daxil olmaqla evlənmiş, həmin ildə 3-4 ay ünvan 2 ünvanında yerləşən anasına məxsus mənzildə yaşamış və həyat yoldaşının onun ailəsi ilə birgə yaşayışı alınmadığından həmin mənzili tərk edib 1 il müddətində kirayədə yaşamışlar. Bundan sonra ünvan 1 ünvanında Bağda Qurbanovanın babasının istifadəyə yararsız evinin yanında ev tikməyi onlara keçmiş qaynatası Cavabdeh təklif etmiş və həmin yerdə 2008-2009-cu illərdə mübahisələndirilən evi tikib ailəsi ilə ayrılanadək orada yaşamışlar. Hər iki övladı orada bağçaya getmişdir. Sözügedən evin tikintisinə 20000 manat xərc çəkmişdir. Həyat yoldaşı X5 ilə uzun müddət bir yerdə mehriban yaşasalar da, sonradan ailədaxili münasibətlər kəskinləşmiş və Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Cavabdeh onun birgə nikah dövründə inşa və təmir etdiyi evi arvadı ilə onun arasında əmlak mübahisəsi olan zaman öz adına rəsmiləşdirmişdir. Əziyyətlə tikib-qurduğu evə hazırda cavabdeh sahiblənməklə əsassız varlanmışdır. Bu səbəbdən də, o həmin fərdi yaşayış evinin tikintisinə çəkdiyi 20000 manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir... İddiaçının tələbinə baxan birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, mübahisəli fərdi yaşayış evi Cavabdeh tərəfindən inşa edilmişdir. Şahid ifadələri ilə müəyyən olunmuşdur ki, Cavabdeh həmin evi 1992-1993-cü illərdə inşa etmiş, bir mərtəbəli evdir, ev mişar daşından tikilmiş, nəmlik olduğu üçün sonradan evin çölünə kərpic hörülmüşdür ki, kərpic işlərini İddiaçı ailəsi ilə həmin evdə yaşadığı dövrdə gördürmüşdür. Ekspert rəyinə əsasən mübahisəli evin qırmızı kərpiclə görülmüş işlərinə çəkilmiş xərc 914,76 manat müəyyən olunmuşdur. Məhkəmə hesab etmişdir ki, qeyd edilən işlər (qırmızı kərpiclə görülmüş işlər) iddiaçı tərəfindən nikahda olduğu dövrdə ailənin birgə vəsaiti hesabına aparılmışdır. Hazırda tərəflər arasında nikah pozulduğundan həmin 914,76 manatın ½ hissəsi iddiaçıya aid edilməlidir. Beləliklə, birinci instansiya məhkəməsi iddiaçının mübahisəli evə çəkdiyi xərcin onun payına düşən hissəsinin, yəni 457,38 manat məbləğdə pul vəsaitinin cavabdehdən alınıb ona qaytarılmasını qət etmişdir. İddiaçı apellyasiya şikayətində 2021-ci ildə Qaradağ Rayon Məhkəməsində onunla keçmiş həyat yoldaşı Bağda Qurbanova arasında əmlak bölgüsü ilə bağlı mübahisələrə baxılarkən məhkəmə iclaslarında həm Bağda Qurbanovanın, həm də sonuncunun hazırkı iş üzrə cavabdeh olan atası Cavabdeh mübahisəli fərdi yaşayış evinin onunla Bağda Qurbanovanın birgə nikahda olduqları dövrdə inşa olunduğunu dəfələrlə bildirdiklərini göstərmişdir. Lakin iddiaçının istinad etdiyi qətnamələrdən görünür ki, Bağda Qurbanova mübahisəli evin atası Cavabdeh məxsus olduğunu və sonuncu tərəfindən inşa edildiyini, keçmiş əri İddiaçı həmin evin tikintisinə heç bir xərc qoymadığını izahatlarında bildirmişdir. Cavabdeh də izahatlarında mübahisəli evi ata-baba həyətində köhnə evlərinin qarşısında özünün inşa etdiyini, sonralar qızı Bağdanın ailəsi ilə kirayədə yaşamaqla əziyyət çəkdiklərini görüb həmin evi onların istifadəsinə verdiyini göstərmişdir... Göründüyü kimi, iddiaçının apellyasiya şikayətinin dəlilləri işin faktiki hallarına uyğun deyildir. Mülki Məcəllənin 240.2-ci maddəsinə əsasən, torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 244-cü maddəsinə əsasən, əgər torpaq sahəsinin mülkiyyətçisi ilə torpaq istifadəçisi arasındakı müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, torpaq sahəsindən istifadə hüququna xitam verildikdə torpaq istifadəçisinin həmin torpaq sahəsində tikdiyi binalara, qurğulara və başqa daşınmaz əmlaka mülkiyyət hüququ torpaq sahəsinin mülkiyyətçisinə keçir. İstinad edilən hüquq normalarının mənasına görə, torpaq sahəsinin mülkiyyətçisi eyni zamanda həmin torpaq sahəsi üzərində inşa edilmiş tikililərin mülkiyyətçisidir. Ona görə də konkret halda mübahisəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin cavabdehin mülkiyyətində olması həmin evin qanuni sahibinin də cavabdeh olduğuna dəlalət edir. Mülki Məcəllənin 243, 393-394-cü maddələrinin tələblərinə əsasən, əgər torpaq sahəsinin mülkiyyətçisi həmin torpaq sahəsini başqasının istifadəsinə vermişsə, o cümlədən həmin torpaqda başqasının tikili tikməsinə razılıq vermişsə, belə əqd (razılıq) tərəflər arasında notarial qaydada bağlanmış müqavilə ilə təsdiqlənməlidir. Əks təqdirdə, mübahisə halında tikilinin torpaq sahəsinin mülkiyyətçisi tərəfindən inşa edilməsi ehtimalı əsas götürülür. Cavabdehlə iddiaçı arasında da mübahisəli evin yerləşdiyi torpaq sahəsinin sonuncunun istifadəsinə verilməsi (bağışlanması, əvəzsiz verilməsi və ya satılması) barədə etibarlı (lazımi qaydada bağlanmış) əqd (razılaşma) olmadığından məhkəmə həmin evin torpaq sahəsinin mülkiyyətçisi olan cavabdeh tərəfindən inşa olunmasını və sonuncuya məxsus olmasını qəbul etmək məcburiyyətindədir. Mülki-Prosessual Məcəllənin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Bu normanın tələbi baxımından da, hazırkı iş üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halların, yəni mübahisəli evin onun tərəfindən inşa edilməsinin sübutu üçün məhkəməyə müvafiq sənədlər, yəni mübahisəli evin yerləşdiyi torpaq sahəsinin onun qanuni istifadəsinə keçməsini və orada fərdi ev tikintisinə müvafiq inzibati orqanların ona icazə verməsini, habelə evi tikmiş ustalarla (işçilərlə) bağladığı podrat və ya tapşırıq müqaviləsini təsdiqləyən sübutlar təqdim etməlidir. Mübahisəli evin kim tərəfindən inşa edilməsinin əsaslandırılmasından ötrü təkcə şahid ifadələrinə istinad edilməsi məhkəmə üçün yetərli sübut deyildir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəli fərdi yaşayış evinin cavabdeh tərəfindən inşa olunması qənaətinə gəlməkdə haqlı olmuşdur. İddiaçı məhkəməyə mübahisəli evin onun tərəfindən və ya onun vəsaiti (çəkdiyi xərclər) hesabına tikilməsini təsdiq edən sübutlar təqdim edə bilməmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni və iş üzrə qətnaməsini qanuni və əsaslı hesab edir. İddiaçının apellyasiya şikayətinin dəlilləri isə sübutsuz olduğundan qəbuledilməzdir. Ona görə də apellyasiya şikayəti təmin edilmədən, Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə 16 aprel 2024-cü il tarixli, e-2(060)-12/2024 nömrəli qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384,385, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə 16 aprel 2024-cü il tarixli, 2(060)-12/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Hazırkı qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində tələbləri təmin olunmayan şəxslər tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar