Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1182/2020 17.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 2(027)-1577/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Quba Rayon Məhkəməsinin 2(027)-1577/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh oğluna qarşı cavabdeh tərəfindən ona məxsus zəbt olunmuş torpaq sahəsindən qeyrı-qanuni istifadə və torpaq sahəsinin ətrafında çəkilmiş hasarın sökülməsi nəticəsində vurulmuş 15000 (on beş min) manat maddi və 15000 (on beş min) manat mənəvi ziyanın ödənilməsi barədə tələbinin təmin edilməməsi qət edilmişdir (hakim Rahim Həsənov) Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin 2(027)- 1577/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh tərəfindən ona məxsus zəbt olunmuş torpaq sahəsindən qeyri-qanuni istifadə və bu torpaq sahəsinin ətrafında çəkilmiş hasarın sökülməsi nəticəsində vurulmuş 15000 (on beş min) manat maddi və 15000 (onbeş min) manat mənəvi ziyanın əvəzinin ödənilməsi barədə qətnamə çıxarılmasınıxahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, iş materialarına əlavə etdiyi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli, **********49 reyestr nömrəli, qeydiyyat tarixi xx.xx.2015 olan çıxarışa əsasən 1,57 hektar sahəsi ona məxsusdur. Həmin torpaq sahəsini Cavabdeh zəbt etmiş, bu barədə məhkəməyə iddia vermişdir. Quba Rayon Məhkəməsinin 2(027)- 494/2019 nömrəli, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh ona məxsus torpaq sahəsinin zəbt etməsi faktı öz təsdiqini tapmış, Cavabdeh məhkəmə iclasında ona məxsus torpaq sahəsini zəbt etməsini etiraf etmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli, **********49 reyestr nömrəli, qeydiyyat tarixi xx.xx.2015 olan çıxarışa əsasən torpaq sahəsində meyvə ağacları (tut, qoz ağacı, göyəm ağacı) olmuş, bundan başqa həmin torpaq sahəsi otluq olmuş, hər il həmin sahənin otu biçilmişdir. Cavabdeh ona məxsus torpaq sahəsini hansı ki, həmin sahə anasına məxsus olmuş, lakin Cavabdeh həmin torpaq sahəsini ona məxus olmadığını bilə-bilə Aqrar İslahat vaxtından zəbt etmiş və həmin torpaq sahəsində bitən meyvə ağaclarından və torpaq sahəsi üzərində bitən otdan istifadə etmiş və gəlir götürmüşdür. Belə ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Quba Dövlət X3 xx xxxxxxx 2019-cu il tarixli, 215 nömrəli akt rəyində 0,50 ha torpaq sahəsindən əldə edilən illik gəlir göstərilmişdir. Cavabdeh təxminən 17 ildən çoxdur ki, həmin torpaq sahəsindən istifadə edir. İddianın əsası bu barədə şikayətə əlavə etdiyi fotoşəkillərdə də qeyd edilir. Əlavə olaraq bildirmək istəyir ki, cavabdehin ailəsi kəndə keçən əsrin ikinci yarısında köçüb, qonşuluqlarında həyətyanı torpaq sahəsi götürdükdən sonra onların daş hasarının ortaq hissəsindən başqa digər hissəsini hasara almış daha sonra isə zəbt niyyəti ilə aradakı onların hasarı dağıltmış və torpaq sahəsini zəbt etmişdir. Zəbt olunmuş torpaq sahəsindən uzun müddətli istifadə etməklə cavabdeh ona hər il təxminən 884,4 manat xl7 il = 15034,8 (on beş min otuz dörd manat, səksən qəpik) manat məbləğində kompensasiya ödəməlidir. Hazırki ekspert rəyi ilə də razıdır. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməsini, Quba Rayon Məhkəməsinin 2(027)-1577/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərinə etiraz edərək göstərdi ki, torpaq sahəsini zəbt etməmişdir. Ekspert rəyi ilə də razı deyil. Apelyasiya şikayətinin təmin edilməməsini, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1529/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsinın dəyişdirilmədən saxlanılmasını xahiş edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işdə iştirak etmiş şəxslərin izahatlarını dinləyib, apelyasiya şikayətlərinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayətiqismən təmin edilməli,Quba Rayon Məhkəməsinin 2(027)-1577/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, maddi ziyana görə Cavabdeh İddiaçı xeyrinə 14400manat pul tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı, ******* saylı Çıxarışdan görünür ki, Quba rayonu, Gümür-Dəhnə kəndində yerləşən 1,57 ha torpaq sahəsi İddiaçı məxsusdur. İş materiallarında olan Quba Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(027)494/2019 saylı qətnaməsindən görünür ki, Cavabdeh ******* saylı Çıxarışa əsasən İddiaçı məxsus Quba rayonu, Gümür-Dəhnə kəndində yerləşən torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyindən iddiaçıya qaytarılması qət edilmişdir. Birinci instansiya məhkəməsi iddiaçının tələbinin sübuta yetirilməməsi əsası ilə iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin maddi ziyana dair hissədə təmin etməməkdə haqlı olmamışdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, İddiaçı məxsus Quba rayonu, Gümür-Dəhnə kəndində yerləşən torpaq sahəsi Cavabdeh tərəfindən zəbt edilmiş və Quba Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(027)494/2019 saylı qətnaməsi ilə qeyd edilən torpaq sahəsinin Cavabdeh alınaraq iddiaçıya qaytarılması qət edilmişdir. Göründüyü kimi iddiaçıya məxsus torpaq sahəsi cavabdeh tərəfindən zəbt edilmiş və tərəfindən uzun müddət istifadə edilmiş, iddiaçının öz torpaq sahəsindən əldə edəcəyi mənfəətdən məhrum etmiş və bununla da iddiaçıya maddi ziyan vurmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Hazırki işdən də görünür ki, 2015-ci ildən iddiaçıya məxsus torpaq sahəsi cavabdeh tərəfindən zəbt edilərək istifadə edilmiş, torpaq sahəsi məhkəmə qətnaməsi ilə cavabdehin qanusuz sahibliyindən alınaraq iddiaçıya qaytarılmışdır. Cavabdehin iddiaçıya məxsus torpaq sahəsini uzun illər qanunsuz olaraq zəbt edərək istifadə etməsi iddiaçıya öz torpaq sahəsindən istifadə etməklə gəlir götürməsinə mane olmuş və ona maddi zərər vurmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçıya məxsus torpaq sahəsini qanunsuz zəbt edərək istifadə etməsi nəticəsində iddiaçıya zərər dəyməsi keçirilmiş ekspertizanın nəticəsinə dair mütəxəssis rəyi ilə də təsdiqini tapır. Belə ki, iş materiallarına əlavə edilmiş “xxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx xxxxxxx 2020-ci il tarixli, A-04/396 saylı mütəxəssis rəyindən görünür ki, iddiaçıya məxsus Quba rayonu, Gümür- DƏhnə kəndində yerləşən 1,57 ha torpaq sahəsindən Cavabdeh tərəfindən zəbt etdiyi 5 il müddətində bütün xərclər nəzərə alınmaqla dəymiş ümumi zərər orta hesabla 14400 (on dörd min dörd yüz) manat təşkil edir. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin zəbt edilməsi nəticəsində iddiaçıya dəymiş zərər ekspert rəyi ilə təsdiqini tapır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi maddi zərərin tutulması hissəsində qismən təmin edilməli, maddi ziyana görə cavabdehdən 14400 manat tutularaq iddiaçıya verilməli, maddi ziyana dair iddia tələbi qalan hissədə təmin edilməməlidir. Bundan əlavə məhkəmə kollegiyası mənəvi ziyanın əvəzi olaraq 15000 manatın tutulması barədə tələbə qiymət verərək qeyd edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli Qərarına əsasən ifadə olunmuş mövqeyinə görə “mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Həmçinin, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2008-ci il tarixli, 7 saylı qərarında da oxşar mövqe tutulmuşdur. Ali Məhkəmənin Plenumu hesab etmişdir ki, “zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borludur. Qanunvericliyin tələbinə görə İddiaçı Cavabdeh ona məxsus torpaq sahəsini qanunsuz zəbt edərək istifadə etməsinə görə ona vurulmuş mənəvi zərər arasında səbəbli əlaqə olmasını sübuta yetirməlidir. İddiaçı isə belə bir sübut təqdim etməmişdir. Halbuki AR Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu baxımdan, iddiaçının cavabdehin hərəkətləri nəticəsində mənəvi ziyan çəkməsinə dair sübut olmadığından iddia tələbi həmin hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinin tələblərinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Mahmudov Rusiyaya qarşı iş üzrə" xx xxxx 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation”, yəni, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı iş üzrə" xx xxxx 2008-ci il larixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən. bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz və hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Mülki Prosessual Məcəlləsinin 384.0.2-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinin tələbinə əsasən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 385.1.1, 385.1.2 və 385.1.3-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticəüçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, işüçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyasının iclasında iddiaçı tərəfindən təqdim edilmiş Kassa mədaxil orderindən görünür ki, İddiaçı torpaq sahəsinə dəymiş zərərin hesablanması üçün “xxxxxxxxxxxxxxxxxxx” MMC-nin hesabına 400 manat pul ödəmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh iş üzrə “xxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən aparılmış ekspertizanın dəyəri 400 (dörd yüz) manat pul tutularaq İddiaçı, “X5” MMC tərəfindən aparılmış ekspertizanın dəyəri 200 (iki yüz) manat pul “X5” MMC-nin hesabına (VÖEN **********, Hesab N AZN: AZ30GUNA********************, Bank: Gunay Bank ASC, VÖEN **********, Müxbir hesab AZ 25NABZ********************, KOD: 505594, SWİFT GUNAAZ22 hesaba) keçirilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iddia qismən təmin olunmalı, maddi ziyana görə Cavabdeh İddiaçı xeyrinə 14400 manat pul tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 387.2.2,392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti qismən təmin olunsun. Quba Rayon Məhkəməsinin 2(027)-1577/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi barədə iddia tələbi qismən təmin edilsin. Maddi ziyanın əvəzi olaraq Cavabdeh İddiaçı xeyrinə 14400 (on dörd min dörd yüz) manat pul tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh iş üzrə “xxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən aparılmış ekspertizanın dəyəri 400 (dörd yüz) manat pul tutularaq İddiaçı, “X5” MMC tərəfindən aparılmış ekspertizanın dəyəri 200 (iki yüz) manat pul “X5” MMC-nin hesabına (VÖEN **********, Hesab N AZN: AZ30GUNA********************, Bank: Gunay Bank ASC, VÖEN **********, Müxbir hesab AZ 25NABZ********************, KOD: 505594, SWİFT GUNAAZ22 hesaba) keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-1182/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1182/2020
17.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver