Məhkəmə qərarları › İş №2(105)-1182/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1182/2021

06.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1182/2021 06.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, iddiaçı X3, onun nümayəndəsi və vəkili Vəkil1, cavabdehlər Cavabdeh1 və “xxxx” məhdud məsuliyyətli cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə açıq məhkəmə iclasında Abşeron Rayon Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2(012)-788/2020 saylı qətnaməsindən iddiaçı X3 və Cavabdeh1 apellyasiya şikayətlərinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2(012)-788/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Cəmilə Səfiyeva) iddiaçı X3 cavabdehlər Cavabdeh1, “xxxx” məhdud məsuliyyətli cəmiyyətinə və Cavabdeh3 qarşı vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, Cavabdeh1 79950 ABŞ dolları borc olaraq, 3150 ABŞ dolları maddi ziyan olaraq, cəmi 83100 ABŞ dollarının ödəniş günü Azərbaycan manatı məzənnəsinə uyğun, dövlət rüsumunun əvəzi 20 manat məbləğində pulun alınaraq X4 ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmiş, iddiaçı X6 və Cavabdeh1 qətnamədən apellyasiya şikayətləri vermişlər. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, X6 iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh1 şəxsən ondan aldığı 97800 ABŞ dolları, həmin pulun üzərinə hesablanmış 5000 ABŞ dolları faiz, Cavabdeh1 digər mülki hüquq pozuntuları səbəbi ilə ona dəyən 30000 manat maddi zərər, 5000 manat mənəvi zərər, 30 manat dövlət rüsumu, 1000 manat hüquqi xidmət üçün ödədiyi pulun, cəmi 102800 ABŞ dolları və 36030 manat pulun cavabdehlər Cavabdeh1, onun direktoru və təsisçisi olduğu “xxxx” məhdud məsuliyyətli cəmiyyətindən və 3-cü Cavabdeh3 birgə borcluluq qaydasında tutularaq ona ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə ailəvi gediş-gəlişləri və dostluqları olmuşdur. Cavabdeh1 onun etibarından sui-istifadə edərək külli miqdarda pulunu mənimsəmiş, ona maddi və mənəvi zərər vurmuşdur. İddia tələbinin predmeti də həmin pulun, maddi və mənəvi zərərin cavabehlərdən birgə borcluluq qaydasında tutularaq ona ödənlməsi barədədir. Belə ki, 2018-ci ilin dekabr ayında Cavabdeh1 ona təsisçisi və direktoru olduğu “xxxx” məhdud məsuliyyətli cəmiyyətinin Ukrayna Respublikasından ət məhsulları gətirmək istədiyini demiş, bunun üçün də ondan 97800 ABŞ dolları pul istəmişdir. Cavabdeh1 bildirmişdir ki, həmin sümüksüz ət məhsullarını Ukraynadakı dostu Andreydən, yəni “Сауди Халял” adlı şirkətdən alacaqdır, bu çox gəlirli və problemsiz işdir, onun 97800 ABŞ dollarını dərhal geri qaytaracaq, əlavə olaraq onu da gəlirə şərik edəcəkdir. Ailəvi gediş-gəlişləri olduğu üçün Cavabdeh1 inanmış və ayrı-ayrı vaxtlarda 97800 ABŞ dolları pul vermişdir. Bunu Cavabdeh1 özünün əl yazısı ilə yazdığı və Vüsal İsmayılov adlı sürücünün şahidliyində imzaladığı qəbz də sübut edir. Bundan başqa, Cavabdeh1 ondan ət məhsulunu gətirmək üçün pul tələb edəndə, bu fəaliyyətlə məşğul olan digər tanışı Cavabdeh3 həmin işin gəlirli olub olmadığını soruşmuşdu. Cavabdeh3 da bu işlə məşğul olan bir mütəxəssis kimi ona həmin işin gəlirli olduğunu demişdi. Bundan sonra istədiyi 97800 ABŞ dolları pulu Cavabdeh1 vermişdir. Bu səbəbdən ona dəyən zərərə görə Cavabdeh3 da məsuliyyət daşıyır. Həmçinin bu səbəbdən ondan aldığı 97800 ABŞ dollarının və 5000 ABŞ dolları faizin Cavabdeh1 özündən, “xxxx” MMC-dən, Cavabdeh3 tutularaq ona ödənilməsini xahiş edir. Bundan başqa, Cavabdeh1 dediyi ət məhsullarının Bakıya gəlməsinə nail ola bilmək üçün 97800 ABŞ dollarından əlavə 30000 manat pulu Cavabdeh1 tələbi əsasında müxtəlif şəxslərə ödəmişdir. Buna görə də aldatması səbəbi ilə əlavə ödədiyi 30000 manat pulun Cavabdeh1 və “xxxx” MMC-dən tutularaq ona ödənilməsini xahiş edir. O, 97800 ABŞ dollarının böyük bir hissəsini qardaşından alıb Cavabdeh1 vermişdir. Cavabdeh1 qardaşına zəng edib Hüseynin onu aldatdığını, onun özünə pul vermədiyini demişdir. Cavabdeh1 bu hərəkəti ilə onunla qardaşının arasını pozmaq məqsədi daşımışdır. Cavabdeh1 bu hərəkəti nəticəsində o, ciddi mənəvi iztirab keçirmiş və müalicə almağa məcbur olmuşdur. O, çox çətinliklə Cavabdeh1 yalan dediyinə qardaşını inandıra bilmişdir. Cavabdeh1 vurduğu mənəvi zərər üçün 5000 manat pul tutulub ona ödənilməlidir. X6 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Əlibəyli Cavabdeh4 cavabdeh qismində tanınması və Cavabdeh1 “xxxx” məhdud məsuliyyətli cəmiyyətində olan payının Əlibəyli Cavabdeh4 verilməsinə dair əqdin əhəmiyyətsiz hesab olunması, 97800 ABŞ dolları, həmin pul üzrə hesablanmış 5000 ABŞ dolları faiz, 30000 manat maddi zərər, 5000 manat mənəvi zərər, 30 manat dövlət rüsumunun və 1000 manat hüquqi xidmət üçün ödənilmiş pulun əvəzinin, cəmi 102800 ABŞ dolları və 36030 manat pulun cavabdehlər Cavabdeh1, “xxxx” məhdud məsuliyyətli cəmiyyətindən və Əlibəyli Cavabdeh4 birgə borcluluq qaydasında tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. X6 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh1 “xxxx” məhdud məsuliyyətli cəmiyyətində olan payının Əlibəyli Cavabdeh4 verilməsinə dair əqdin əhəmiyyətsiz hesab olunması, 97800 ABŞ dolları, həmin pul üzrə hesablanmış 5000 ABŞ dolları faiz, 30000 manat maddi zərər, 5000 manat mənəvi zərər, 30 manat dövlət rüsumunun və 1000 manat hüquqi xidmət üçün ödənilmiş pulun əvəzinin, cəmi 102800 ABŞ dolları və 36030 manat pulun cavabdehlər Cavabdeh1, “xxxx” məhdud məsuliyyətli cəmiyyətindən və Əlibəyli Cavabdeh4 birgə borcluluq qaydasında tutularaq ona ödənilməsi və Cavabdeh3 vurduğu mənəvi zərər səbəbi ilə ondan üzr istəməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: İddiaçı X6 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına ziddir, həm də ədalətsiz və əsassızdır. Belə ki, iş materiallarında olan 02.09.2019-cu il tarixli qəbzdən görünür ki, Cavabdeh1 “xxxx” MMCnin direktoru olaraq ondan 97800 ABŞ dolları pul almışdır. Bu bir açıq etirafdır ki, Cavabdeh1 həmin tarixdə yeganə təsisçisi və direktoru olduğu “xxxx” MMC-ni bir vasitə kimi istifadə edərək ondan 97800 ABŞ dolları almışdır. Hazırda “xxxx” MMC-nin məsuliyyətdən azad edilməsinin yeganə məqsədi isə “xxxx” MMC-nin ləğv edilmiş “xxxx”ın hesabında olan və məhkəmə qərardadı ilə üzərinə həbs qoyulan vəsaitdir ki, bu yolla Cavabdeh1 həmin vəsaiti əldə etmək istəyir. Məhkəmə işi hərtərəfli və obyektiv araşdırmadığı üçün qanuna zidd nəticəyə gəlmiş, bununla da “xxxx” MMC-ni məsuliyyətdən azad etmişdir. İş materiallarında olan sənədlərdən məlum olur ki, Cavabdeh1 yeganə təsisçi olaraq “xxxx” MMC-ni 10.05.2007-ci ildə təsis etmiş və həmin tarixdən “xxxx” MMC-nin direktoru və qanuni təmsilçisidir. Cavabdeh1 02.09.2019-cu il tarixli qəbzdə qeyd etmişdir ki, bu qəbzi “xxxx” MMC-nin qanuni nümayəndəsi (direktoru) olaraq imzalayır və həm də etiraf edir ki, “xxxx” MMC-nin qanuni nümayəndəsi (direktoru) olaraq ondan 97800 ABŞ dolları pul almışdır. Lakin məhkəmə bunu nəzərə almayaraq “xxxx” MMC-ni məsuliyyətdən azad etmişdir. Bundan başqa, iş materiallarında olan sənədlərdən, məhkəmə iclaslarındakı cavabdehin izahatlarından məlum olur ki, Cavabdeh1 “xxxx” MMC-nin direktoru olaraq ondan aldığı 97800 ABŞ dolları pulu, yenə “xxxx” MMC-nin hesabından Ukrayna Respublikasında fəaliyyət göstərən “Saudi Xalyal” şirkətinin hesabına göndərmişdir. Bu hal da “xxxx” MMC-nin onun qarşısında məsuliyyət daşıdığını təsdiq edir. Cavabdeh məhkəməyə verdiyi izahatında göstərmişdir ki, o, 2019cu ilin əvvəllərindən başlayaraq bir neçə dəfəyə Cavabdeh1 97800 ABŞ dolları pul vermiş və həmin puldan 90131 ABŞ dolları pulu Cavabdeh1 “xxxx” MMC-nin vasitəsilə bank köçürməsi ilə Ukrayna Respublikasında fəaliyyət göstərən “Saudi Xalyal” şirkətinin hesabına köçürmüşdür. İş materiallarında olan 18/7/2-2018 saylı müqaviləyə əsasən 07.03.2019-cu il tarixdə 20000 ABŞ dolları, 15.03.2019-cu il tarixdə 20000 ABŞ dolları, 18.03.2019-cu il tarixdə 10000 ABŞ dolları, 27.03.2019-cu il tarixdə 3763 ABŞ dolları, 28.03.2019-cu il tarixdə 3056 ABŞ dolları, 04.04.2019-cu il tarixdə 2432 ABŞ dolları, 09.04.2019-cu il tarixdə 3500 ABŞ dolları, 11.04.2019-cu il tarixdə 12750 ABŞ dolları, 15.04.2019-cu il tarixdə 4700 ABŞ dolları, 18.04.2019-cu il tarixdə 6000 ABŞ dolları, 24.04.2019-cu il tarixdə 3930 ABŞ dolları olmaqla, cəmi 90131 ABŞ dolları pul köçürmüşdür. Bu məlumat “xxxx” MMC-nin də bu işlə əlaqəsi olduğunu, onun qarşısında məsuliyyət daşıdığını göstərir. Cavabdeh1 97800 ABŞ dollarını ondan ala bilmək üçün “xxxx” MMC-ni vasitə kimi istifadə etmişdir. 02.09.2019-cu il tarixli qəbzi şahid kimi imzalamış və məhkəmədə ifadə vermiş Vüsal İsmayılov da bu faktı təsdiq edərək bildirmişdir ki, Cavabdeh1 həmin sənədi “xxxx” MMC-nin direktoru kimi imzalamışdır. Bütün bunlardan başqa, iş materiallarında olan və məhkəmənin qətnamədə nəzərə alıb qəbul etdiyi invoysdan görünür ki, Ukrayna Respublikasında fəaliyyət göstərən “Saudi Xalyal” şirkəti 02.12.2019-cu il tarixdə (əslində həmin invoysda tarix 2018-dir) “xxxx” MMC-nin hesabına Azərbaycana 7000 kq ət göndərmişdir ki, bu da 17850 ABŞ dollarında qiymətləndirilmişdir. Məhkəmə 7000 kq ətin qiyməti olan 17850 ABŞ dollarını onun 97800 ABŞ dollarından çıxaraq 79950 ABŞ dollarını təmin etmişdir. Məhkəmə “xxxx” MMC-nin bu işə heç bir dəxili olmadığını, onun qarşısında heç bir öhdəliyi olmadığını qəbul etdiyi halda, “xxxx” MMC-nin hesabına daxil olan 7000 kq ətin qiyməti olan 17850 ABŞ dollarını ona olan borcun ödənilməsinə sərf edildiyi nəticəsinə gəlmişdir. Bu onu göstərir ki, məhkəmə “xxxx” MMC-nin onun qarşısında məsuliyyət daşıdığını qəbul etmiş, lakin nədənsə daha sonra cəmiyyəti məsuliyyətdən azad etmişdir. Bu isə qəbuledilməzdir və qanunvericiliyin kobud şəkildə pozulmasıdır. Məhkəmə heç bir əsas göstərməsə də, iddia tələbini Əlibəyli Cavabdeh4 qarşı olan hissədə də təmin etməmişdir. Belə ki, Cavabdeh1 “xxxx” MMC-də olan payının hamısının Cavabdeh4 Əlibəyliyə satılmasına dair 4.02.2020-ci il tarixli alqı-satqı müqaviləsi məhkəmə işi davam edərkən, “xxxx” MMCnin ləğv edilmiş “xxxx”ın hesabında olan pulun üzərinə məhkəmə qərardadı ilə həbs qoyulandan sonra, tamamilə pulu qaçıra bilmək məqsədi ilə Cavabdeh1la Cavabdeh4 Əlibəyli arasında formal qaydada bağlanmışdır və buna görə də etibarsızdır. Abşeron Rayon Məhkəməsinin 16 yanvar 2020-ci il tarixli qərardadı ilə “xxxx” məhdud məsuliyyətli cəmiyyətinin (VÖEN: **********) ləğv etmə prosesində olan “xxxx” açıq səhmdar cəmiyyətində olan hesablarına iddianın həcmi olan 102800 ABŞ dolları və 36030 manat həcmində həbs qoyulmuş və bu qərardad Sumqayıt Apellyasiya Məhkəməsinin qərardadı ilə qüvvəsində saxlanılmışdır. Buna görə də “xxxx” MMC-nin həmin tarixdə yeganə təsisçisi və direktoru olan Cavabdeh1 16 yanvar 2020-ci il tarixdə “xxxx” MMC-nin “xxxx”da olan hesabındakı pulu çıxarması qeyri mümkün olmuşdur. Bundan xilas olmaq, həmin pulu nəyin bahasına olursa olsun çıxarmaq və bu işlə bağlı qəbul ediləcək qətnamənin icrasına mane olmaq istəyən Cavabdeh1 “xxxx” MMC-dəki bütün payının Cavabdeh4 Əlibəyliyə verilməsinə dair 4.02.2020-ci il tarixdə formal əqd bağlamışdır, yəni Cavabdeh1 məqsədi həmin payı Cavabdeh4 Əlibəyliyə həqiqətdə satmaq, Cavabdeh4 Əlibəylinin də almaq niyyəti olmamış, əsil məqsəd “xxxx” MMC-nin “xxxx” açıq səhmdar cəmiyyətindəki hesabında olan pulu bu yolla çıxarmaq, gələcəkdə qəbul ediləcək qətnamənin icrasına bu yolla mane olmaq olmuşdur. Ona görə də 4.02.2020-ci il tarixli formal əqd MM-nin 340-cı maddəsinin tələbinə görə əhəmiyyətsizdir. “xxxx” MMC-nin “xxxx” açıq səhmdar cəmiyyətindəki hesabında olan pulun üzərinə həbs qoyularkən MMC-nin yeganə təsisçisi və direktoru Cavabdeh1 olmuşdur. “xxxx” MMC-nin “xxxx” açıq səhmdar cəmiyyətindəki hesabındakı pulun üzərinə həbs qoyulduqdan sonra Cavabdeh1 10.05.2007-ci ildə təsis etdiyi “xxxx” MMC-dəki bütün payını əqd bağlayaraq Cavabdeh4 Əlibəyliyə vermiş, lakin “xxxx” MMC-nin direktoru kimi qalmışdır, yəni şirkətin adından bütün qərarları qəbul etmək, “xxxx” açıq səhmdar cəmiyyətində olan pulu çıxarmaq səlahiyyəti direktor kimi Cavabdeh1 aiddir. Həmçinin bu şəxslər yerlidirlər və bu da onların yaxın qohum olduqlarını sübut edir. Bunlardan başqa, Mülki Məcəllənin məhdud məsuliyyətli cəmiyyətlərlə bağlı normalarından məlum olur ki, məhdud məsuliyyətli cəmiyyətin əmlakı əslində dolaylı olaraq onun təsisçisinin (iştirakçısının) və ya təsisçilərinin (iştirakçılarının) mülkiyyəti hesab olunur. Məhkəmə Mülki Məcəlləsinin 337.3cü, 340.1-ci, 87.4-cü, 61.10-cu, 89-cu, 90-cı, 94.1-ci və digər normalarını pozaraq qətnamə qəbul etmişdir. Buna görə də həmin qətnamə ləğv edilməlidir. Məhkəmənin 97800 ABŞ dolları tələbini azaldaraq 79950 ABŞ dollarının təkcə Cavabdeh1 tutması əsassız, ədalətsiz və qanunvericiliyə ziddir. Belə ki, 7000 kq ət həqiqətən “xxxx” MMC-nin hesabına “Saudi Xalyal” şirkəti tərəfindən göndərilmişdir. Lakin bu ət göndəriləndən sonra o, “xxxx” MMC-nin direktoru olaraq Cavabdeh1 97800 ABŞ dolları pul vermişdir, yəni 7000 kq ətin, 97800 ABŞ dollarına heç bir dəxli yoxdur. Ukrayna Respublikasında fəaliyyət göstərən “Saudi Xalyal” şirkətinin “xxxx” MMC-nin hesabına Azərbaycana 7000 kq ət göndərdiyinə dair invoysun tarixinə baxıldıqda da bu hal təsdiq edilir. Belə ki, həmin tarix 2018-ci ildir. Bütün bunlardan məlum olur ki, məhkəmənin 97800 ABŞ dolları iddia tələbini 17850 ABŞ dolları qədər azaldaraq 79950 ABŞ dolları təmin etmiş olması əsassız, ədalətsiz və qanunvericiliyə ziddir. Bu səbəbə görə qətnamə ləğv edilməli və verilən əsas borc ilə bağlı iddia tələbi 97800 ABŞ dolları məbləğində, yəni tam həcmdə cavabdehlər Cavabdeh1, “xxxx” MMC və Cavabdeh4 Əlibəyliyə qarşı təmin edilməli idi. Məhkəmənin 30000 manat maddi zərər tələbini azaldaraq 3150 ABŞ dolları məbləğində təmin etməsi də əsassız, ədalətsiz və qanunvericiliyə ziddir. Belə ki, məhkəmə prosesi zamanı şahid X8 ifadəsindən məlum oldu ki, Cavabdeh1 onu aldadaraq, ətin maşına yüklənib soyuducular işləməsə xarab olmasını və başqa sözlər deyərək ondan külli miqdarda pul almışdır. Lakin şahidin dediyi kimi maşında həmin vaxt heç 1 kq da ət olmamış və maşın Ukraynada “Saudi Xalyal” şirkətinin anbarında boş vəziyyətdə 60 gündən çox qalmışdır. Vüsal İsmayılov onu da göstərmişdir ki, həmin vaxt ərzində Cavabdeh1 dəfələrlə Hüseynqulu Əmrəliyevi aldadaraq ona verəcəyi adı ilə ondan pul tələb etmiş, lakin ona çox az pul verib qalan pulu özü xərcləmişdir. Bütün bunlardan məlum olur ki, Cavabdeh1 Vüsal İsmayılova verilən 6300 ABŞ dollarından daha çox pulu, təxminən 30000 manatı onu aldadaraq almışdır. Məhkəmə həmin vəsaitin tutulmasını təmin etmək əvəzinə, onu aldadılan, aldadıb pulu alan Cavabdeh1 olduğu halda, boş dayanan (lakin yüklü olduğu bildirilərək onu aldadaraq ondan pul alınıb) sürücü (şahid) Vüsal İsmayılova ödənilən 6300 ABŞ dollarını da yarı bölərək 3150 ABŞ dollarının Cavabdeh1 tutulması barədə qətnamə qəbul edərək Cavabdeh1 qorumuşdur. Məhkəmə hüquqi xidmət üçün ödənilmiş 1000 manat məbləğindəki pulun ödənilməsinə dair iddia tələbini təmin etməyərək qanunvericiliyi pozmuşdur. Məhkəmənin gəldiyi bu nəticə qanunvericiliyə və normal həyat şərtlərinə, işgüzar adətlərə ziddir. Belə ki, iş materiallarında olan Vəkil1 ona Abşeron Rayon Məhkəməsində pul və sairə tələblər ilə bağlı hüquqi xidmətin göstərilməsinə dair vəkil orderi sübut edir ki, o, vəkilə pul ödəyərək xidmətindən istifadə etmişdir. Lakin məhkəmə bu sübuta baxmayaraq həmin tələb edilən vəsaitin məbləğini qismən də olsa təmin etməyərək qanunvericiliyi pozmuşdur. Apellyasiya şikayətində məhkəmə qətnaməsinin ləğv edilməsi, Cavabdeh1 “xxxx” məhdud məsuliyyətli cəmiyyətində olan payının Əlibəyli Cavabdeh4 verilməsinə dair əqdin əhəmiyyətsiz hesab olunması, 97800 ABŞ dolları, həmin pul üzrə hesablanmış 5000 ABŞ dolları faiz, 30000 manat maddi zərər, 5000 manat mənəvi zərər, 30 manat dövlət rüsumunun və 1000 manat hüquqi xidmət üçün ödənilmiş pulun əvəzinin, cəmi 102800 ABŞ dolları və 36030 manat pulun Cavabdeh1, “xxxx” məhdud məsuliyyətli cəmiyyətindən və Əlibəyli Cavabdeh4 birgə qaydada alınaraq ona ödənilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qismən ləğv edilərək iddia tələbi tamamilə əsassız olduğundan tam həcmdə təmin edilməməlidir. Belə ki, məhkəmənin də müəyyən etdiyi işin həqiqi hallarından göründüyü kimi, X6 ilə aralarında olan şifahi razılaşmaya əsasən şərikli olaraq Ukrayna Respublikasından müqavilə əsasında Azərbaycana donmuş ət məhsullarının gətirilməsi işini təşkil etmişlər. Hər ikisi bu işə pul vəsaiti cəlb edərək bir neçə dəfə həmin ət məhsullarını Azərbaycana qanuni əsaslarla gətirmişlər. Bu barədə “xxxx” MMC ilə Ukrayna Respublikasında fəaliyyət göstərən “Saudi Xalyal” şirkəti arasında 18/7/2-2018 saylı, 14.12.2018-ci il tarixli müqavilə bağlanmışdır. Hüseynqulu Əmrəliyev bu işdə rəsmi olaraq iştirak etməmiş, bütün rəsmi məsələləri o həll etmiş, şəriki Hüseynqulu Əmrəliyev bu işə qeyri-rəsmi, pul vəsaiti qoymaqla cəlb edilmişdir və əldə olunmuş qazancdan çörək pulu əldə etmişlər. İddiaçı məhkəməyə verdiyi izahatında bildirmişdir ki, Cavabdeh1 ondan 97800 ABŞ dolları məbləğində pul almış, bundan 71931 ABŞ dolları Ukraynaya göndərmiş, lakin 25869 ABŞ dolları ödəməyinə dair sübut təqdim etməmişdir. 2019-cu ilin əvvəllərindən başlayaraq iddiaçı ona bir neçə dəfəyə özünün də qeyd etdiyi kimi 97800 ABŞ dolları pul vermiş və həmin puldan 90131 ABŞ dolları bank vasitəsi ilə Ukrayna Respublikasında fəaliyyət göstərən “Saudi Xalyal” şirkətinin hesabına köçürülmüşdür. Bu barədə bank sənədlərini məhkəməyə təqdim etmişdir. Belə ki, iş materiallarında olan 18/7/2-2018 saylı müqaviləyə əsasən köçürülən pulların siyahısı 07.03.2019-cu ildə 20000 ABŞ dolları, 15.03.2019-cu ildə 20000 ABŞ dolları, 18.03.2019-cu ildə 10000 ABŞ dolları, 27.03.2019cu ildə 3763 ABŞ dolları, 28.03.2019-cu ildə 3056 ABŞ dolları, 04.04.2019-cu ildə 2432 ABŞ dolları, 09.04.20019-cu ildə 3500 ABŞ dolları, 11.04.2019-cu ildə 12750 ABŞ dolları, 15.04.2019-cu ildə 4700 ABŞ dolları,18.04.2019-cu ildə 6000 ABŞ dolları, 24.04.2019-cu ildə 3930 ABŞ dolları olmuşdur. Göründüyü kimi, iddiaçı Hüseynqulu Əmrəliyevin qeyd etdiyi kimi 71931 ABŞ dolları deyil, onun tərəfindən Ukrayna Respublikasında fəaliyyət göstərən “Saudi Xalyal” şirkətinə 9031 ABŞ dolları məbləğində pul köçürülmüşdür. Həmin məbləğin içərisində onun özünə də məxsus pul vəsaiti vardır. Qeyd olunan müddətlər ərzində Ukrayna Respublikasında fəaliyyət göstərən “Saudi Xalyal” şirkəti onlara 02.12.2019-cu il tarixdə dəyəri 17850 ABŞ dolları olan 7000 kq ət məhsullarını göndərmişdir. İddiaçının da qeyd etdiyi kimi, onlar malların gətirilməsi üçün yol, nəqliyyat, gömrük, sürücünün xərclərini də ödəmişlər. İddiaçının qeyd etdiyi 7669 ABŞ dolları da həmin xərclərə ödənilmişdir. Bundan sonra isə Ukraynadakı şirkət onlara ət məhsullarının göndərilməsini gecikdirmişdir. Ona görə də Ukraynadakı şirkətə bu barədə müraciətlər etmişlər. 2019-cu ilin dekabr ayında Ukraynadakı şirkət onlara 17850 ABŞ dolları məbləğində ət məhsullarını göndərmişdir. Həmin ət məhsulunu şəriki Hüseynqulu Əmrəliyev onun razılığı olmadan qəbul edib götürmüşdür. Qalan pulu şirkət onlara qaytarmamış, nə də malın göndərilməsini təmin etməmişdir. Ona görə də bu barədə o, Ukrayna Respublikasının müvafiq dövlət orqanlarına və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə şikayətlər etmişdir. Həmin şikayətlərin surətini məhkəməyə təqdim etmişdir. İddia tələbindən və işin hallarından göründüyü kimi, hazırki mübahisə üzrə münasibətlər iddiaçı Hüseynqulu Əmrəliyevlə onun arasında olmuşdur. İddia ərizəsində və məhkəməyə verdiyi izahatında da iddiaçı özü bu halları etiraf etmişdir. Ət məhsullarının Ukraynadan alınmasında, Azərbaycana gətirilməsində, gömrük rəsmiləşməsində və məhsulların satılmasında iddiaçı özü iştirak etmişdir. Əlyazmada da onun iddiaçı ilə şərikli iş birliyi olması, malın gəlməməsinin səbəbinin də Ukraynadakı şirkətin günahı üzündən olması, pulların Ukraynadakı şirkətin hesabına köçürülməsi qeyd olunur. Göründüyü kimi, iddiaçı ilə onun arasında birgə sahibkarlıq fəaliyyətinə dair sövdələşmə olmuş və həmin sövdələşmə əsasında Ukraynadakı “Saudi Xalyal” adlı şirkətə bank vasitəsilə pul vəsaiti köçürülmüşdür. Yəni iddiaçı ilə onun arasında ət məhsullarının haradan (Ukraynadan), hansı əsaslarla (şərikli gəlirə əsaslanaraq) gətirilməsi, bu işin gəlirli olub-olmaması, məhsulların kimdən, hansı şirkətdən gətirilməsinə, pulların köçürülməsinə, yol, nəqliyyat və digər xərclərə dair əvvəlcədən müvafiq araşdırmalar olmuş və sonda bu hallara dair konkret razılaşmaları olmuşdur. Həmçinin iddiaçının məhkəmədə verdiyi izahatlardan göründüyü kimi, pulların “xxxx”MMC-nin vasitəsi ilə Ukrayna Respublikasında fəaliyyət göstərən “Saudi Xalyal” şirkətinin hesabına köçürülməsindən məlumatı və razılığı olmuşdur. Çünki iddiaçı əvvəllər gömrük işçisi olmuş və xaricdən mal alınmasının hansısa şirkətin vasitəsi ilə və qanuni əsaslarla olmasını bilirdi. Bundan sonra iddiaçı ət məhsullarının gec gəlməsindən narahat olmuş və bir neçə dəfə Ukrayna Respublikasına getmiş, orada “Saudi Xalyal” adlı şirkətin rəhbəri Andreylə görüşmüş, araşdırmalar aparmış, malların Azərbaycana gəlməsi üçün bir sıra işlər görmüş, Azərbaycana qayıtdıqdan sonra yenə malları gətirəcək sürücü ilə əlaqə saxlamış, Azərbaycana gəlmiş invoysda dəyəri 17850 ABŞ dolları olan 7000 kq mal ətinin gömrük sənədləşməsini aparmış, hətta həmin əti sataraq əldə olunmuş 30150 manat pulu götürmüş və pullardan nə ona, nə də “xxxx” MMC-yə heç bir məbləğ verməmişdir. Buradan gələn məntiqi nəticə ondan ibarətdir ki, iddia olunan pullar Hüseynqulu Əmrəliyev tərəfindən ona borc verilməmiş, əksinə hər iki tərəfin özlərinə məxsus pulların birgə sahibkarlıq fəaliyyətlərinə yatırılan vəsait olmuşdur. Pulların haraya və necə köçürülməsi iddiaçıya da məlumdur. Belə ki, iddia olunan pullar iddiaçı və onun razılığı və sərəncamı ilə müqavilə əsasında Ukraynadakı “Saudi Xalyal” adlı şirkətə bank vasitəsilə köçürülmüşdür. “Saudi Xalyal” şirkətinə köçürülən pullara görə müqavilə üzrə vəd olunmuş malların göndərilməsinə görə isə o deyil, “Saudi Xalyal” şirkəti cavabdehlik daşıyır. İşdə malların gətirilməsinə görə nə “xxxx”MMC-nin, nə də onun cavabdehlik daşımasını təsdiq edən heç bir sübut yoxdur. İşin qeyd olunan bu halı məhkəmə araşdırması zamanı müəyyən edilmiş və məhkəmə qətnaməsində qeyd olunmuşdur. Qətnamədə iddia tələbinin 97800 ABŞ dolları üzrə hesablanmış 5000 ABŞ dolları faiz, 5000 manat mənəvi zərər hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, Ukraynadan ət məhsullarının göndərilməsində baş verən gecikmələr onun təqsirindən baş verməmişdir, ona görə də bu hissədə iddia tələbləri əsassızdır və təmin edilməməlidir. İddia tələbinin 30000 manat maddi zərər hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, 30000 manatın 6300 ABŞ dolları hissəsi iş üzrə şahid X9 yükdaşıyan avtomaşının sürücüsü kimi iddiaçı tərəfindən verilən puldur və bu halda tərəflərin hər ikisi eyni dərəcədə məsuliyyət daşıdıqlarından 6300 ABŞ dollarının ½ hissəsini təşkil edən 3150 ABŞ dolları məbləğində pul ondan alınıb iddiaçıya verilməlidir. İddia olunan qalan pul məbləğinə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, icranın gecikdirilməsi cavabdehin təqsirindən baş verməsi təsdiq olunmadığından iddia həmin hissədə əsassız hesab edilməli və təmin edilməməlidir. Göründüyü kimi, məhkəmə iddianın təmin edilməyən hissəsində onun malların gəlməsinə və gecikməsinə görə təqsirsizliyini nəzərə aldığı halda, bu halı iddianın təmin edilən hissəsində nəzərə almamışdır. Belə olan halda, iddiaya görə cavabdehliyi onun daşıması tam əsassızdır. Bundan başqa, həmin mübahisənin “xxxx” MMC-yə heç bir aidiyyəti yoxdur. Ona görə ki, yuxarıda qeyd olunduğu kimi, Ukrayna Respublikasından ət məhsullarının gətirilməsinə dair sövdələşmə “xxxx” MMC ilə deyil, fiziki şəxs olaraq onun arasında olmuşdur. O isə həmin sövdələşməni “xxxx” MMC-nin adından deyil, əvvəlki dostluq münasibətlərinə əsaslanaraq birgə sahibkarlıq fəaliyyətinə əsasən etmişdir. Belə ki, iddiaçı öz iddia ərizəsində də qeyd edir ki, onunla aralarında olan bu razılaşmanı onunla əvvəllər olan ailəvi dostluq münasibətlərinə əsaslanaraq etmişdir. Yəni işin hallarından göründüyü kimi, iddiaçı Hüseynqulu Əmrəliyevlə cavabdeh “xxxx” MMC arasında hazırki mübahisəyə dair əvvəlcədən hər hansı razılaşmanı özündə əks etdirən müqavilə və ya digər sənəd yoxdur. Onun adından yazılmış əlyazmada isə özünü “xxxx” MMC-nin direktoru kimi adlandırması əvvəlki yaranmış münasibətlərin iddiaçı Hüseynqulu Əmrəliyevlə “xxxx” MMC arasında yaranmasına əsas kimi göstərilə bilməz. Çünki həmin əlyazma baş vermiş münasibətlərin əvvəlində deyil, tam sonunda yazılmışdır. Bundan başqa, iddiaçının ona verdiyi pulların guya onun tərəfindən ət məhsullarının alınması üçün göndərilməməsi, pulların mənimsənilməsini təsdiq edən heç bir sübut yoxdur. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin qismən ləğv edilməsi və iddianın tam təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iddiaçı X6 özünün apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi, cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmadı. İddiaçı X3 nümayəndəsi Vəkil1 da məhkəmə iclasında iddiaçının apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək, cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmadı. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və “xxxx” məhdud məsuliyyətli cəmiyyətinin nümayəndəsi Vəkil2 cavabdehin apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi, iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə razılaşmadı. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Əlibəyli Cavabdeh4, məhkəmə kollegiyası tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Bakı şəhəri 51 saylı notariat ofisi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, cavabdehlər məhkəmə iclasına gəlmədiklərindən, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayətləri təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi iddia tələbinin Cavabdeh3 qarşı olan hissədə istisna olmaqla, qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin Cavabdeh3 qarşı olan hissəsi istisna olmaqla, iddianın təmin edilməmiş qalan hissələrində, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin iddianın təmin edilmiş hissələrində ləğv edilməsinə yönəldiyindən iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı bu hissələrdə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan X6 ilə Cavabdeh1 arasında tərtib edilərək imzalanmış 02.09.2019-cu il tarixli qəbzdən görünür ki, Yusifov X12 Respublikasından sümüksüz ət məhsullarının gətirilməsi üçün X2 97800 ABŞ dolları pulu aldığını və həmin pulu Ukrayna Şirkətinin hesabına köçürdüyünü qeyd etmişdir. İş materiallarında olan “Saudi Xalyal” şirkəti ilə “xxxx” məhdud məsuliyyətli cəmiyyəti arasında bağlanmış 18/7/2-2018 saylı, 14 dekabr 2018-ci il tarixli müqavilənin surətindən görünür ki, “Saudi Xalyal” şirkəti “xxxx” məhdud məsuliyyətli cəmiyyətinə donmuş mal əti və onun hissələrini göndərməyi, “xxxx” məhdud məsuliyyətli cəmiyyəti isə malı almağı öhdələrinə götürmüşlər. İş materiallarında olan xarici valyutada köçürmə orderlərinin surətlərindən görünür ki, “xxxx” məhdud məsuliyyətli cəmiyyəti tərəfindən “Saudi Xalyal” şirkətinin hesabına 07.03.2019-cu il tarixdə 20000 ABŞ dolları, 15.03.2019-cu il tarixdə 20000 ABŞ dolları, 18.03.2019-cu il tarixdə 10000 ABŞ dolları, 27.03.2019-cu il tarixdə 3763 ABŞ dolları, 28.03.2019-cu il tarixdə 3056 ABŞ dolları, 04.04.2019-cu il tarixdə 2432 ABŞ dolları, 09.04.2019-cu il tarixdə 3500 ABŞ dolları, 11.04.2019-cu il tarixdə 12750 ABŞ dolları, 15.04.2019-cu il tarixdə 4700 ABŞ dolları, 18.04.2019-cu il tarixdə 6000 ABŞ dolları, 24.04.2019-cu il tarixdə 3930 ABŞ dolları köçürülmüşdür. İş materiallarında olan invoysun surətindən görünür ki, Ukrayna Respublikasında fəaliyyət göstərən “Saudi Xalyal” şirkəti 02.12.2019-cu il tarixdə “xxxx” məhdud məsuliyyətli cəmiyyətinə, Azərbaycana 17850 ABŞ dolları dəyərində 7000 kq ət göndərmişdir. İş materiallarında olan 4 fevral 2020-ci il tarixdə Bakı şəhəri 51 saylı notariat ofisində təsdiq edilərək 3M-148 sayla reyestrdə qeydə alınmış müəssisədəki payın alqısatqı müqaviləsinin surətindən görünür ki, “xxxx” məhdud məsuliyyətli cəmiyyətinin təsisçisi Cavabdeh1 cəmiyyətdə sahib olduğu 100% 2 manat dəyərində payını nizamnamə kapitalındakı dəyərinə Əlibəyli Cavabdeh4 satmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin 13 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş Kommersiya qurumlarının dövlət reyestrindən çıxarışın sirətindən görünür ki, “xxxx” məhdud məsuliyyətli cəmiyyətinin təsisçisinin Əlibəyli Cavabdeh4 və qanuni təmsilçisinin Cavabdeh1 olması 05.02.2020-ci il tarixdə qeydə alınmışdır. İşdən görünür ki, X1 Yusif Aydın oğlunun “xxxx” məhdud məsuliyyətli cəmiyyətində olan payını Əlibəyli Cavabdeh4 satmasına dair əqdin əhəmiyyətsiz hesab olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası MM-nin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə görə etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Göründüyü kimi, əqdin etibarlı olması üçün Mülki Məcəllədə müəyyən edilmiş şərtlər mövcud olmalıdır. “xxxx” məhdud məsuliyyətli cəmiyyətinin təsisçisi Cavabdeh1 ilə Əlibəyli Cavabdeh4 arasında bağlanmış 4.02.2020-ci il tarixli müəssisədəki payın alqı-satqı müqaviləsinin əhəmiyyətsiz sayılaraq etibarsız hesab edilməsi üçün qanunvericilikdə nəzərdə tutulan hər hansı bir əsas yoxdur. X3 iddia ərizəsindən görünür ki, Cavabdeh1, “xxxx” məhdud məsuliyyətli cəmiyyətindən və Əlibəyli Cavabdeh4 97800 ABŞ dolları pul və 30000 manat maddi ziyan tələb edir. Azərbaycan Respublikasının MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 445.1-ci maddəsinə əsasən cranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.5-ci maddəsinə görə əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. Azərbaycan Respublikası MM-nin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İşin müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh1 “xxxx” məhdud məsuliyyətli cəmiyyətinin təsisçisi və direktoru olmuş, müxtəlif vaxtlarda Ukrayna Respublikasından ət gətirilməsi ilə məşğul olmuş, iddiaçı Hüseynqulu Əmrəliyev müxtəlif vaxtlarda hissə-hissə olmaqla, cəmi 97800 ABŞ dolları məbləğində pulu Cavabdeh1 vermişdir. Bu hal iş materiallarında olan 02.09.2019-cu il tarixli qəbzlə təsdiq olunur. Tərəflər arasında 02.09.2019-cu il tarixli qəbz tərtib edildikdən sonra Ukrayna Respublikasından “xxxx” məhdud məsuliyyətli cəmiyyətinin adına 17850 ABŞ dolları dəyərində 7000 kq ət göndərilmiş, həmin ət iddiaçı tərəfindən qəbul olunaraq realizə olunmuşdur və bunu iddiaçının özü də etiraf etmişdir. X3 Cavabdeh1 verdiyi 97800 ABŞ dollarından 17850 ABŞ dollarında hissəsi artıq iddiaçıya qaytarılmış hesab olunmasını, 30000 manatın 6300 ABŞ dolları hissəsi X9 yükdaşıyan avtomobilin sürücüsü kimi iddiaçı tərəfindən verilən pul olması, bu halda tərəflərin hər ikisi eyni dərəcədə məsuliyyət daşıdıqlarından 6300 ABŞ dollarının ½ hissəsinin 3150 ABŞ dolları təşkil etməsini nəzərə alan birinci instansiya məhkəməsi 79950 ABŞ dolları məbləğində pulun və 3150 ABŞ dolları maddi ziyanın Cavabdeh1 alınıb iddiaçıya verilməsi barədə düzgün nəticəyə gəlmişdir. X6 cavabdehlər Cavabdeh1, “xxxx” məhdud məsuliyyətli cəmiyyətindən və Əlibəyli Cavabdeh4 pulun vaxtında ödənilməməsi səbəbindən əldən çıxmış fayda olaraq 5000 ABŞ dolları faiz tələb edir. Belə olan halda, hazırki tələbin bu hissəsinin hüquqi əsasını Azərbaycan Respublikası MM-nin 449-cu maddəsi təşkil edir. Azərbaycan Respublikası MM-nin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Məhkəmə kollegiyası hesab edir ki, pul öhdəliyinin yalnız vaxtında və ya lazımi qaydada icra edilməməsi faktı özü-özlüyündə Azərbaycan Respublikası MM-nin 449.1-ci maddəsinin tətbiqi üçün əsas sayıla bilməz. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Mülki Məcəllənin 449-cu maddəsinin mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Qeyd olunmalıdır ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan “istifadə hüququna” həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərardakı hüquqi mövqeyinə görə borclu şəxsdən Azərbaycan Respublikası MM-nin 449-cu maddəsinə əsasən, o halda özgənin pul vəsaitindən faydalanmağa görə pul tutula bilər ki, borclu şəxs həmin puldan gəlir əldə etmiş olsun. Hazırki işdə Ukraynadan ət məhsullarının göndərilməsində baş verən gecikmələr Cavabdeh1 təqsirindən baş verməsi və adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlir iş materialları ilə sübut olunmur. İddia ərizəsindən görünür ki, X1 Yusif Aydın oğlundan, “xxxx” məhdud məsuliyyətli cəmiyyətindən və Əlibəyli Cavabdeh4 5000 ABŞ dolları mənəvi ziyan tələb edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 07 saylı qərarının 2-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X11 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin Qərarın 4-cü bəndinə görə şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquqpozmalarda) ifadə oluna bilər. Həmin Qərarın 8-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, halda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Həmin Qərarın 10-cu bəndinə əsasən mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri habelə işin diqqətəlayiq halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. X3 fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehlər Cavabdeh1, “xxxx” məhdud məsuliyyətli cəmiyyətinin və Əlibəyli Cavabdeh4 hərəkətləri nəticəsində baş verməsi iş materialları ilə sübut olunmur. X6 ilə cavabdehlər “xxxx” məhdud məsuliyyətli cəmiyyəti və Əlibəyli Cavabdeh4 arasında Ukraynadan ət gətirilməsi və qazanc əldə edilməsi barədə münasibətlər olmamış, onların iddiaçı qarşısında hər hansı bir öhdəliyi mövcud olmadığından, iddianın bu hissələrində birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. İddiaçı X6 cavabdehlər Cavabdeh1, “xxxx” məhdud məsuliyyətli cəmiyyətindən və Əlibəyli Cavabdeh4 hüquqi xidmət üçün ödənilmiş 1000 manat pulu tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. X3 hüquqi yardımın göstərilməsinə görə nümayəndəsi və vəkili Vəkil1 1000 manat pul ödənilməsinə dair iş materiallarında hər hansı sənəd yoxdur. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası iddiaçının və cavabdehin apellyasiya şikayətlərində göstərdikləri dəlilləri əsassız hesab edir. İddiaçının və cavabdehin apellyasiya şikayətlərində göstərdikləri dəlillər iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verib, apellyasiya şikayətlərində sadalanan digər dəlilləri də araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayətləri təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi iddia tələbinin Cavabdeh3 qarşı olan hissədə istisna olmaqla, qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı X3 və Cavabdeh1 apellyasiya şikayətləri təmin edilməsin. İş üzrə Abşeron Rayon Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2(012)-788/2020 saylı qətnaməsi iddia tələbinin Cavabdeh3 qarşı olan hissədə istisna olmaqla, qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar