Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1183/2024 27.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X3 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması tələbinə” dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1558/2024 nömrəli, 03 iyun 2024-cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(057)-1118/2022 nömrəli qətnaməsi ilə xx.xx.2018-ci il təvəllüdlü X1 üçün cavabdehdən tutulan 120 manat aliment məbləğinin artırılaraq, uşaq yetkinlik yaşına çatana qədər hər ay 235 (iki yüz otuz beş) manat məbləğində alimentin, mediatora ödənilmiş 50 manatın və hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 326 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 11 mart 2024-cü il tarixli, e-2(060)-1558/2024 nömrəli qətnaməsi ilə, iddianın qismən təmin edilməsi, Salyan Rayon Məhkəməsinin 2(057)- 1118/2022 nömrəli iş üzrə qəbul etdiyi 19 oktyabr 2018-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi, Cavabdeh 30 (otuz) manat dövlət rüsumunun alınıb dövlət nəfinə ödənilməsi, iş üzrə mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 50 (əlli) manatın Cavabdeh alınaraq İddiaçı ödənilməsi, dəyişdirilən aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanması, iddia tələbinin hüquqi yardım hissəsində təmin edilməməsi qət edilmiş (hakim Gülnarə Tağızadə) və 12 mart 2024-cü il tarixdə tərəflərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərinə yerləşdirilmişdir. Cavabdeh 08 may 2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 11 mart 2024-cü il tarixli, e-2(060)-1558/2024 nömrəli qətnaməsinin surətinin ona verilməsini məhkəmədən xahiş etmiş və qətnamə 13 may 2024-cü il tarixdə Cavabdeh təkrarən təqdim edilmişdir. Cavabdeh tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin 11 mart 2024-cü il tarixli e- 2(060)-1558/2024 nömrəli qətnaməsindən 30 may 2024-cü il tarixdə apellyasiya şikayəti verilmiş, lakin müddətin bərpa edilməsi barədə heç bir vəsatət verilməmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1558/2024 nömrəli, 03 iyun 2024-cü il tarixli qərardadı ilə Cavabdeh tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin 11 mart 2024-cü il tarixli, e-2(060)-1558/2024 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır (hakim Gülnarə Tağızadə). Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 03 iyun 2024-cü il tarixli e-2(060)- 1558/2024 nömrəli qərardadından narazı qalaraq, onun ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, bu iş üzrə qəbul olunmuş qətnaməni məhkəmə iclaslarından məlumatsız olduğu üçün rəsmi müraciətindən sonra 13 may 2024cü il tarixində məhkəmədən almışdır. Sumqayıt Şəhər Məhkəməsinin11 mart 2024-cü il tarixli, e-2(060)-1558/2024 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti əsassız olaraq geri qaytarılmışdır. Qanunvericiliyin tələblərinə riayət edilməklə apellyasiya şikayəti tərtib edilmişdir. Qərardad onun hüquqlarının pozulmasına səbəb olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1558/2024 nömrəli, 07 iyun 2024-cü il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-1558/2024 nömrəli, 03 iyun 2024cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətin təmin edilməməsi və şikayətin işlə birlikdə baxılması üçün 7 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Gülnarə Tağızadə). Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin geri qaytarılması barədə qərardadını haqlı olaraq onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin 11 mart 2024-cü il tarixli qətnaməsi Elektron Məhkəmə İnformasiya Sisteminə 12 mart 2024cü il tarixdə yerləşdirilmiş, bununla onun şikayət vermə müddəti başlamış və 13 aprel 2024-cü il tarixədək davam etmişdir. 13 aprel 2024-cü il tarixi qeyri iş günü olduğu üçün, iddiaçının qətnamədən şikayət vermə müddəti 15 aprel 2024-cü il tarixdə bitmişdir. Cavabdeh tərəfindən təkrar qətnamə alınmışdır, 30 may 2024-cü il tarixdə apellyasiya şikayəti verilmişdir, lakin müddətin bərpa edilməsi barədə vəsatət verilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 10-1.5-ci maddəsinə əsasən Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. Buna görə də Sumqayıt Şəhər Məhkəməsinin 11 mart 2024-cü il tarixli, e-2(060)- 1558/2024 nömrəli qətnaməsi Cavabdeh “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə 12 mart 2024-cü il tarixdə yükləndiyindən cavabdeh həmin vaxtdan məhkəmə qətnaməsini rəsmi olaraq almış hesab olunur. Mülki Prosessual Məcəllənin 360-cı maddəsinin tələblərinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bildiyindən cavabdeh apellyasiya şikayəti verilmə müddətini ötürmüşdür. Bununla yanaşı məhkəmə kollegiyası cavabdehin şikayətinə münasibətdə bildirir ki, cavabdeh şikayətində məhkəmə proseslərindən və qətnaməsindən məlumatsız olduğunu bildirsə də, qeyd olunan hala apellyasiya şikayəti verilməsi üçün müddətin bərpası barədə ərizəsində istinad etməklə apellyasiya şikayəti ilə eyni zamanda verə bilərdi. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin geri qaytarılmasına dair mahiyyətcə düzgün qərardad çıxarmışdır. Ona görə də şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1558/2024 nömrəli, 03 iyun 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1183/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1183/2024
27.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver