Məhkəmə qərarları › İş №2(105)-1184/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1184/2025

01.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1184/2025 01.10.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC “Xalq” Bankının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Qafari Səyyad Ağaəli oğlu və X1 ibarət tərkibdə, X3 qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı ASC “Xalq” Bankının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı xx.xx.2023-cü il tarixli DKM/016N05A01988423 №-li kredit müqaviləsi üzrə borc məbləğinin birgə qaydada borc alandan və zamindən tutulması haqqında tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(029)-317/2025 nömrəli qətnaməsindən iddiaçı ASC “Xalq” Bank tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. xx.xx.2023-cü il tarixli DKM/016N05A01988423 saylı kredit müqaviləsinin surətindən görünür ki, (kreditor) ASC “Xalq” Bankı (bundan sonra “Bank” adlandırılacaq) ilə Cavabdeh2 (Borc alan) arasında bağlanmış xx.xx.2023-cü il tarixli DKM/016N05A01988423 №-li kredit müqaviləsinə (bundan sonra “Kredit müqaviləsi”) müvafiq olaraq iddiaçı tərəfindən borc alana 36 (otuz altı) ay müddətinə, illik 16% (on altı faiz) ödənilməsi şərtilə 10000 (on min) manat məbləğində kredit verilmişdir.

2. xx.xx.2023-cü il tarixli DKM/016N05A01988423/ZM saylı zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixli DKM/016N05A01988423 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasının təminatı olaraq bank qarşısında zamin durmuşdur.

3. ASC “Xalq” Bankın xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda qeyd edilmişdir ki, sizin bank qarşısında xx.xx.2024-cü il tarixinə (məktubun göndərildiyi tarix) 1073.04 (bir min yetmiş üç manat 04 qəpik) manat məbləğində ümumi borc yaranmışdır ki, bunun 820.09 (səkkiz yüz iyirmi manat 09 qəpik) manatını kredit üzrə vaxtı keçmiş əsas borc məbləği, 252.95 (iki yüz əlli iki manat 95 qəpik) manatını isə hesablanmış faizlər üzrə borc məbləği təşkil edir. Kredit müqaviləsinin 5.2. (yarım)bəndinə müvafiq olaraq əsas borc məbləğinin ödənilməsi müddətləri pozulduğuna görə kredit üzrə vaxtı keçmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün illik 15 % (on beş) faiz dərəcəsi ilə cərimə faizləri hesablanır. Hazırkı xəbərdarlığın tarixinə hesablanmış cərimə faizləri 7.47 (yeddi manat 47 qəpik) manat təşkil edir. Bununla bağlı cavabdehi rəsmi şəkildə xəbərdar etmişlər ki, Kredit müqaviləsi ilə nəzərdə tutulmuş kredit üzrə ödənişlərin aparılması qaydası və müddətlərinə dair öhdəliklərin tərəfindən pozulması nəticəsində bank kredit müqaviləsinin 3.1.3. (yarım)bəndinə əsasən kreditin hesablanmış faizlərlə birlikdə vaxtından əvvəl qaytarılmasını ondan tələb edə və bu tələbin icrasını təmin etmək üçün iddia ilə məhkəməyə müraciət edə bilər.

Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı ASC “Xalq” Bankı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı xx.xx.2023-cü il tarixli DKM/016N05A01988423 №-li kredit müqaviləsi üzrə borc məbləğinin birgə qaydada borc alandan və zamindən tutulması haqqında tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli DKM/016N05A01988423 №-li kredit müqaviləsi üzrə Cavabdeh2 iddiaçı ASC “Xalq” Bankı qarşısında 6036,33 (altı min otuz altı manat 33 qəpik) manat məbləğində əsas borc, xx.xx.2025-ci il tarixinə qədər kreditdən istifadəyə görə hesablanmış 637,51 (altı yüz otuz yeddi manat 51 qəpik) manat məbləğində adi faizlər üzrə borc, vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 85,20 (səksən beş manat 20 qəpik) manat məbləğində penya, cəmi 6759,04 (altı min yeddi yüz əlli doqquz manat 04 qəpik) manat məbləğində pul vəsaitinin və qətnamənin qəbul edildiyi tarixə qədər əsas borc məbləğinə illik 16% (on altı faiz) dərəcəsi ilə hesablanan adi faizlər və illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanan penya birgə qaydada cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulması və iddia ərizəsinin verilməsinə görə 87,60 (səksən yeddi manat 60 qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclər cvabdehlərdən birgə qaydada iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı (kreditor) ASC “Xalq” Bankı ilə Cavabdeh2 (Borc alan) arasında bağlanmış xx.xx.2023-cü il tarixli DKM/016N05A01988423 №-li kredit müqaviləsinə müvafiq olaraq iddiaçı tərəfindən borc alan 36 (otuz altı) ay müddətinə, illik 16 % (on altı faiz) ödənilməsi şərtilə 10000 (on min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə borc alanın öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı ilə digər Cavabdeh1 arasında xx.xx.2023-cü il tarixli DKM/016N05A01988423/ZM №-li zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən zamin borc alanın kredit müqaviləsi üzrə bank qarşısında öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti daşımaq öhdəliyi götürmüşdür. Kredit müqaviləsinin 2.4-cü maddəsinə və onun 1 №-li əlavəsi olan annuitet ödəniş cədvəlinə əsasən cavabdeh D.Cavabdeh2 hər ay bərabər məbləğdə müvafiq ödənişlər aparmaqla əsas borc məbləğinin qaytarılmasını və ona hesablanmış faizlərin ödənilməsini öhdəsinə götürmüşdür. Lakin cavabdeh D.Cavabdeh2 bu öhdəliklərini kobud şəkildə pozmuş və bu günə qədər kredit üzrə əsas borc məbləğinin bir hissəsini banka qaytarmamış və əsas borc məbləğinə hesablanmış faizlərin müəyyən hissəsini ödəməmişdir. Belə ki, iddia ərizəsinin məhkəməyə verildiyi cari tarixə cavabdeh D.Cavabdeh2 kreditor qarşısında gecikdirilmiş borcu 6673,84 (altı min altı yüz yetmiş üç manat 84 qəpik) manat təşkil edir ki, bunun da 6036,33 (altı min otuz altı manat 33 qəpik) manat vaxtı keçmiş əsas borcdan, 637,51 (altı yüz otuz yeddi manat 51 qəpik) manat isə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləğindən ibarətdir. Bundan əlavə cavabdeh D.Cavabdeh2 kredit üzrə əsas borc məbləğinin ödənilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq banka kredit müqaviləsinin 5.2-ci bəndinə əsasən vaxtı keçmiş əsas borc məbləğinə hesablanan adi faizlərlə yanaşı illik 15% (on beş faiz) dərəcəsi ilə penya da ödəməlidir ki, iddia ərizəsinin məhkəməyə verildiyi xx.xx.2025-ci il tarixinə bu məbləğ 85,20 (səksən beş manat 20 qəpik) manat məbləğində təşkil edir. Kredit müqaviləsi üzrə cavabdeh D.Cavabdeh2 tərəfindən üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulması ilə əlaqədar olaraq iddiaçının kredit müqaviləsinin 3.1.3-cü yarımbəndinə əsasən hesablanmış faizlərlə birlikdə əsas borc məbləğinin qaytarılmasını vaxtından əvvəl tələb etmək hüququ yaranmışdır. Kredit müqaviləsi üzrə cavabdeh D.Cavabdeh2 (Borc alan) tərəfindən üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulması ilə əlaqədar olaraq sonuncu ilə, eyni zamanda digər Cavabdeh1 (Zamin) ilə bir neçə dəfə əlaqə saxlanılmasına və onlara borcun ödənilməsinin tələb edilməsinə dair müvafiq olaraq xx.xx.2024-cü il tarixli, QSR-XO-12.9.2024-001 №-li xəbərdarlıq məktubunun və xx.xx.2024-cü il tarixli, QSR-XO-8.10.2024-001 №-li öhdəliklərin yerinə yetirilməsi haqqında tələbin göndərilməsinə baxmayaraq, həmin şəxslər tərəfindən borcun ödənilməsi üçün bu günə qədər heç bir əməli addım atılmamışdır. İddiaçı ilə cavabdeh D.Cavabdeh2 arasında bağlanmış kredit müqaviləsinin 4.1-ci bəndinə əsasən həmin müqavilə tərəflərin öz üzərinə götürdükləri öhdəliklərin tam icra edilməsi anına qədər qüvvəsini saxlayır və bu şərt Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsində ifadə olunmuş normaya tam uyğundur. Bu normanın hüquqi mahiyyəti bir daha “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında öz təsdiqini tapmışdır. Həmin qərarda Konstitusiya məhkəməsi qeyd edir ki: “Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə “öhdəliklər vicdanla yerinə yetirilməlidir” (pacta sunt servanda) hüquqi prinsipindən yaranır. Belə ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitamı şərtləri müqavilədə dəqiq göstərilməlidir”. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin həmin qərarın nəticə hissəsində ifadə etdiyi hüquqi mövqeyinə görə kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Məhkəmənin qətnaməsi ilə tərəflər arasındakı müqavilə münasibətlərinə müəyyənlik gətirildiyi üçün (müqavilənin ləğv edilib-edilməməsi ilə bağlı) Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilmiş hüquqi mövqelərini nəzərə alaraq hesab edir ki, hazırki iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, yəni xx.xx.2025-ci il tarixindən etibarən qətnamə qəbul edilənədək kredit müqaviləsi üzrə əsas borc məbləğinə illik 16 % (on altı faiz) dərəcəsi ilə hesablanan adi faizlərin və illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanan penyanın birgə qaydada borc alandan və zamindən iddiaçının xeyrinə tutulması barədə iddiaçının irəli sürdüyü iddia tələbi əsaslı və qanunvericiliyin tələblərinə uyğundur və buna görə də məhkəmə qətnaməsində öz müsbət həllini tapmalıdır.

6. Qusar Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(029)-317/2025 nömrəli qətnaməsi ilə (hakim Əli Cəlilov) iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 xx.xx.2023-cü il tarixli DKM/016N05A01988423 №-li kredit müqaviləsi üzrə borc alan Cavabdeh2 iddiaçı ASC “Xalq” Bankı qarşısında 6036,33 (altı min otuz altı manat 33 qəpik) manat məbləğində əsas, 252.95 (iki yüz əlli iki manat doxsan beş qəpik) manat məbləğində faiz borcu və 5 (beş) manat məbləğində cərimə olmaqla, cəmi 6294.28 (altı min iki yüz doxsan dörd manat iyirmi səkkiz qəpik) manat məbləğində pul vəsaiti və qətnamənin qəbul edildiyi tarixə əsas borc məbləğinin illik 05 faiz hesablanan faiz məbləği müştərək qaydada tutularaq iddiaçı ASC “Xalq” Bankının hesabına keçirilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

7. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini vermiş, krediti alan şəxs müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirə bilməmiş və banka ödənilməmiş borcu qalmışdır.

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 399, 427.3, 442, 445.1, 445.2, 448.1, 449.1, 462, 465.2, 467, 739.1, 739.2, 743-cü maddələrinin və 29 mart 2023-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Qərarının tələbləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

9. Birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı ASC “Xalq” Bank apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarında olan kredit müqaviləsi xx.xx.2023-cü il tarixində 36 (otuz altı) ay müddətinə bağlanmış, yəni müqavilə xx.xx.2023-cü il tarixinə qədər qüvvədədir və həmin kredit müqaviləsinin 3.1.3-cü bəndinə əsasən bank əsaslar yarandıqda kredit üzrə əsas borcun və ona hesablanmış faizlərin vaxtından əvvəl ödənilməsini borcalandan tələb edə bilər. Həmin Kredit müqaviləsinə 1 saylı Əlavəyə (ödəniş cədvəlinə) əsasən cavabdeh kredit üzrə əsas borc məbləğini və hesablanmış faizləri hər ay Banka ödəmək öhdəliyi götürmüş, müəyyən müddət bu öhdəliyi yerinə yetirsə də, sonrakı vaxtlarda həmin öhdəliyi pozmağa başlamışdır. Bu səbəbdən Bank xx.xx.2024-cü il tarixində cavabdehlərə “Xəbərdarlıq” məktubu (iş materiallarında mövcuddur) ünvanlayaraq həmin tarixə (məktubun tarixinə) 1073.04 (bin min yetmiş üç manat 04 qəpik) manat məbləğində gecikdirilmiş borcun yarandığını, bunun 820.09 manatının kredit üzrə əsas borc məbləği, 252.95 manatının hesablanmış faizlər üzrə borc məbləği, 7.47 manatının isə cərimə faizləri üzrə borc məbləğinin təşkil etdiyi barədə məlumat verilmişdir. Eyni zamanda gecikdirilən borc məbləğinin xx.xx.2024-cü il tarixinədək ödənilməsi tələb edilməklə yanaşı, öhdəliklərin vaxtında icra edilməyəcəyi təqdirdə Kredit müqaviləsinin 3.1.3-cü yarımbəndinə əsasən kreditin hesablanmış faizlərlə birlikdə vaxtından əvvəl qaytarılmasını borcalanla birgə zamindən də tələb etmək hüququnun yaranması barədə xəbərdarıq edilmişdir. Bu faktdır ki, sözügedən məktubunun məzmunu kredit müqaviləsi üzrə müddətinin sonuna qədər olan borc məbləğinin tələb edilməsi ilə bağlı deyil (qətnamədə ifadə edildiyi kimi), cavabdehlərin həmin günə formalaşmış gecikdirilmiş borcun qaytarılması ilə bağlıdır. Borcun tam qaytarılmasının tələb edilməsinə dair hər hansı cümlə (buna dair iradə ifadəsi) sözügedən məktubun məzmununda mövcud deyildir. Bank Kredit müqaviləsinin 3.1.3-cü bəndini rəhbər tutaraq yalnız xx.xx.2025-ci il tarixində vaxtından əvvəl öhdəliklərin icrasına dair borc məbləğinin borc alandan və zamindən tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Buna rəğmən iddia ərizəsinin verilməsi belə iddiaçının müqaviləyə xitam verilməsinə dair iradəsini ifadə etmir. Lakin, məhkəmə həmin məktubu iddiaçının kredit müqaviləsi üzrə bütün borcun vaxtından əvvəl geri tələb etməsi ilə bağlı qarşı tərəfə “bildiriş” göndərdiyini və bununla da həmin tarixdən sonra müqavilənin ləğv edildiyinə dair səhv nəticəyə gələrək əsassız qətnamə qəbul etmişdir. Göründüyü kimi, məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli Qərarının 1-ci və 4-cü bəndlərində (“qərara aldı” hissəsi) qeyd olunan hüquqi mövqeyi işin faktiki hallarına əsasən münasibətdə səhv tətbiq etmiş və bununla da düzgün olmayan qətnamə qəbul etmişdir. Halbuki, həmin Qərarda yer alan hüquqi mövqeyə əsasən “...müqavilənin bağlanması və qüvvədə qalması tərəflərin birgə iradəsinə əsaslandığı üçün, onların qabaqcadan xüsusi ləğvetmə əsaslarını müəyyən etmək hüququna malik olması da mülki qanunvericiliyin tələblərindən irəli gəlir. Bu səbəbdən də Mülki Məcəllənin 421.2-ci maddəsində “müqavilədə nəzərdə tutulan digər hallarda” və Məcəllənin 421.3-cü maddəsində “tərəflərin razılaşması ilə yol verildikdə” ifadələri ilə tərəflərin müqaviləni birtərəfli qaydada aradan qaldırmaq imkanı tanımışdır. Belə olan halda hesab edirik ki, Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri pozulmuşdur. Belə ki, həmin normaya görə, “müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır.” Kredit müqaviləsinin 4.1-ci bəndinə əsasən həmin müqavilə tərəflərin öz üzərinə götürdükləri öhdəliklərin tam icra edilməsi anına qədər qüvvəsini saxlayır və göründüyü kimi bu şərt Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsində ifadə olunmuş normaya tam uyğundur. Bu normanın hüquqi mahiyyəti bir daha “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında öz təsdiqini tapmışdır. Həmin qərarda Konstitusiya məhkəməsi qeyd edir ki: “Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə “öhdəliklər vicdanla yerinə yetirilməlidir” (pacta sunt servanda) hüquqi prinsipindən yaranır. Belə ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitamı şərtləri müqavilədə dəqiq göstərilmədir”. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin həmin qərarın nəticə hissəsində ifadə etdiyi hüquqi mövqeyinə görə kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Digər tərəfdən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli qərarında daha bir hüquqi mövqe göstərilmişdir ki, həmin mövqeyə görə də “Eyni zamanda, məsələ məhkəmə qaydasında həll edildiyi halda belə, tərəflər, yəni kreditorla borclu arasında müqavilə münasibətləri davam edir və borcun, faizin və maliyyə sanksiyasının tutulmasına dair məhkəmə qərarının çıxarılması bu münasibətlərə xitam verilməsinə səbəb olmur”. Həmçinin məlum olduğu kimi, Konstitusiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından sonra xx.xx.2023-cü il tarixində qüvvəyə minmiş qanunla Azərbaycan Respublikası Mülki Məcəlləsinin kredit münasibətləri ilə bağlı müddəalarına əsaslı dəyişikliklər edilərək “Borc fəsli” yeni redaksiyada verilmişdir. Həmin dəyişikliklərin təhlili də təsdiq edir ki, kreditor kredit müqaviləsi üzrə öhdəliklərin faktiki olaraq tam şəkildə icra edildiyi tarixə qədər əsas borc məbləğinə müqavilə ilə müəyyən edilmiş faiz dərəcəsi ilə adi faizləri və penyanı hesablamaq hüququna malikdir. Belə ki, dəyişikliklərdən sonra MMin 740.4-cü maddəsində faizlərin, o cümlədən gecikdirilmiş vaxt üçün hesablanan faizlərin və digər haqların yalnız borcun qaytarıldığı günədək ödənilməmiş əsas borc qalığı məbləğinə hesablanmalı olduğu qeyd edilmişdir. Həmin normanın hərfi mənasından da aydın olur ki, borc müqaviləsi üzrə ən azı adi faizlər müqavilədə, onun tərəflərinin öz üzərilərinə götürdükləri öhdəliklərin tam yerinə yetirilməsinə qədər qüvvədə olması şərti nəzərdə tutulduqda, əsas borc məbləğinin tam şəkildə qaytarıldığı günədək ödənilməmiş əsas borc məbləğinin qalığına hesablana bilər. Mövcud halda isə məhkəmə iddianın “qətnamənin qəbul edildiyi tarixə qədər əsas borc məbləğinə illik 16 % (on altı faiz) dərəcəsi ilə hesablanan adi faizlər və illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanan penya birgə qaydada cavabdehlərdən tutulması” hissəsini qismən yəni, qətnamənin qəbul edildiyi tarixə qədər əsas borc məbləğinə illik 5% (beş faiz) dərəcəsi ilə hesablanan adi faizlərin birgə qaydada cavabdehlərdən tutulması şəklində təmin etmiş, digər hissəsini isə təmin etməmişdir. Göründüyü kimi, məhkəmə bankın iddiasını “qətnamənin qəbul edildiyi tarixə qədər əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanan penyanın birgə qaydada cavabdehlərdən tutulması” hissəsində təmin etməməkdə haqlı olmamış və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 09 iyul 2009-cu il tarixli qərarında qeyd olunan hüquqi mövqeyini pozmuşdur. Hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında bağlanmış müqavilə ilə müəyyənləşdirilmiş (razılaşdırılmış) dəbbə pulunu (cərimə) azaltmaqda haqlı olmamışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 460.1-ci maddəsində dəbbə pulu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Tərəflər bu prinsiplər çərçivəsində Mülki Məcəllənin 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. Eyni ilə də tərəflər (Bank və borcalan Cavabdeh2) sərbəst şəkildə öz iradə ifadələrini bildirərək xx.xx.2023-cü il tarixli DKM/016N05A01988423№ Kredit müqaviləsinin “Tərəflərin məsuliyyəti” adlanan 5ci bəndində penyanın hesablanması barədə razılığa gəlmişlər. Birinci instansiya məhkəməsi isə bu halı nəzərə almamışdır. Digər tərəfdən birinci instansiya məhkəməsi Bankın həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafelərini nəzərə almamış, bununla bağlı ədalətsiz mövqe sərgiləmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həmdə bütün əsaslımənafeləri nəzərə alınır. Qeyd olunan normanın tələbinə görə, məhkəmə cərimənin tənasüblüyünü müəyyən edərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. Lakin bizim halda birinci instansiya məhkəməsi Bankın 85.20 manat məbləğində penya tələbini (80,20 manat məbləğində) azaldaraq, cəmi 5 (beş) manat təmin etməklə bunun əksini etmişdir. Buradan da göründüyü kimi, birinci instansiya məhkəməsi cərimənin tənasüblüyünü müəyyən edərkən kreditorun həm əmlak mənafelərinin, həm də bütün əsaslı mənafelərini deyil, ancaq cavabdehin mənafelərini nəzərə almışdır. Bu hal isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467ci maddəsinin tənasübün müəyyənləşdirilməsinə dair müddəalarının pozulmasını təsdiq edir. Qeyd edilmişdir ki, qanunvericiliyin “tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həmdə bütün əsaslı mənafeləri nəzərə alınır” müddəası imperativ xarakter daşıyır və məhkəmə tərəfindən mütləq nəzərə alınmalı idi. Göründüyü kimi, birinci instansiya məhkəməsi iddianın penya tələbinə dair hissəsinə qiymət verərkən müəyyən etdiyi 5 (beş) manat məbləğində penyanın necə hesablanmasını, hansı qaydada formalaşmasını, hansı faiz dərəcəsi ilə, hansı məbləğdən və hansı müddət ərzində hesablanmasını, hansı amillərdən asılı olmasını göstərməmişdir. MPM-in 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir, işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Həmin maddənin tələbindən də göründüyü kimi, qətnamənin nəticə hissəsində əks etdirilməli olanlardan biri də məhkəmə xərclərinin bölüşdürülməsidir. Lakin hazırkı iş üzrə qətnamədən göründüyü kimi Bankın iddia tələbləri qismən təmin edilsə də iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun tutulması məsələsi məhkəmə tərəfindən həll edilməmişdir. Bu da öz növbəsində mülki prosessual hüquq normasının pozuntusu hesab edilir və öz həllini tapmalıdır. Halbuki, ödənilmiş dövlət rüsumu məbləği MPM-in 119.1-cimaddəsinə uygun olaraq ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq məhkəmə tərəfindən bölüşdürürülməli idi.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı tərəf yazılı etiraz təqdim etməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

13. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlərə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

14. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.

15. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. (...)

16. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. (...)

17. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. (...)

18. Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 462.2. Əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. 462.3. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. 462.4. Əgər öhdəliyin icrası barədə vəd bu Məcəlləyə görə etibarsız sayılırsa, həmin öhdəliyin icra edilməməsi üçün dəbbə pulu haqqında qəbul edilmiş razılaşma da, hətta həmin vədin etibarsızlığı tərəflərə məlum olsa belə, etibarsızdır. 462.5. Əgər borclu öz öhdəliyini icra etdiyinə görə dəbbə pulu tutulması barədə mübahisə edirsə, o, icranı sübuta yetirməlidir, bu şərtlə ki, öhdəlik hərəkətdən çəkinməkdən ibarət olmasın.

19. Maddə 463. Dəbbə pulu haqqında razılaşmanın forması 463.1. Dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. 463.2. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur.

20. Maddə 464. Qanun üzrə dəbbə pulunun ödənilməsi 464.1. Kreditor qanunla müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsini, tərəflərin razılaşmasında onun ödənilməsi vəzifəsinin nəzərdə tutulub-tutulmadığından asılı olmayaraq, tələb edə bilər. 464.2. Əgər qanunla qadağan edilməyibsə, tərəflər qanun üzrə dəbbə pulunun miqdarını artıra bilərlər.

21. Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi 465.1. Əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir. 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. 465.3. Əgər borclu pul cəriməsinin ödənilməsi əvəzinə başqa hərəkəti icra edəcəyini vəd edirsə, bu Məcəllənin 465.1 və 465.2-ci maddələrinin tələbləri tətbiq edilir.

22. Maddə 466. Zərər və dəbbə pulu 466.1. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. 466.2. Qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: 466.2.1. zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; 466.2.2. dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; 466.2.3. kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər. 466.3. Öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məhdud məsuliyyətin müəyyənləşdirildiyi hallarda dəbbə pulu çatmayan və ya dəbbə pulundan yuxarı hissədə və ya onun əvəzinə ödənilməli olan zərər həmin məhdudiyyətlə müəyyənləşdirilmiş həddə qədər tutula bilər.

23. Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

24. Maddə 739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

25. Maddə 741. Borc üzrə faizlər Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

26. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

27. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

28. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. (...)

30. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

31. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...) 384.0.3. qətnaməni dəyişdirə bilər; (...)

32. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya baxışının hədləri

33. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı apellyasiya şikayəti ilə mübahisələndirilən hissədə yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi cərimə borcunun, qətnamənin qəbul edildiyi tarixə əsas borc məbləğinə illik 05 faizin və dövlət rüsumunun tutulmasına dair hissədə dəyişdirilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

35. İş materiallarında olan ASC “Xalq” Bankın xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda qeyd edilmişdir ki, borclunun bank qarşısında xx.xx.2024-cü il tarixinə (məktubun göndərildiyi tarix) 1073.04 (bir min yetmiş üç manat 04 qəpik) manat məbləğində ümumi borcu yaranmışdır ki, bunun 820.09 (səkkiz yüz iyirmi manat 09 qəpik) manatını kredit üzrə vaxtı keçmiş əsas borc məbləği, 252.95 (iki yüz əlli iki manat 95 qəpik) manatını isə hesablanmış faizlər üzrə borc məbləği təşkil edir.

36. Apellyasiya şikayətinin dəlilinə görə həmin xəbərdarlıq məktubunun məzmunu iddia tələbində qeyd olunan borc məbləğinin tam şəkildə qaytarılması ilə bağlı deyil, cavabdehin həmin günə formalaşmış gecikdirilmiş borcunun qaytarılması ilə bağlıdır. Məhkəmə həmin tarixdən sonra müqavilənin ləğv edildiyinə dair səhv nəticəyə gəlmişdir.

37. İş materiallarından və işin araşdırılmış hallarından görünür ki, iddiaçı adı çəkilən bildirişdən sonra kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün müəyyənləşdirilmiş müddət bitmədiyi halda məhkəməyə müraciət edərək, müqavilə üzrə müvafiq tarixə yaranmış bütünlükdə olan borcu tələb etmişdir.

38. Belə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi xx.xx.2024cü il tarixli bildiriş tarixini kredit müqaviləsinin birtərəfli qaydada ləğv olunması tarixi kimi və müqavilə ləğv edildikdən sonra həmin əqddəki faiz şərtinə istinad edilməsinin yolverilməzliyini nəzərə almaqla, müqavilə şərtləri üzrə həmin tarixə yaranmış faiz borcunun tutulması, o cümlədən iddianın qətnamənin qəbul edildiyi tarixə qədər illik 15% dərəcəsi ilə hesablanan penyanın tutulmasına dair hissənin isə təmin olunmaması barədə gəldiyi nəticə əsaslı olmuşdur.

39. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarının 1 və 4-cü bəndlərinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır.

40. Həmin qərarda həmçinin qeyd edilmişdir ki, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.

41. Kollegiya faiz borcuna dair hissəsə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, cavabdehlərdən onlara göndərilmiş bildirişdə göstərildiyi məbləğdə, yəni 252.95 manat faiz borcunun tutulması ilə bağlı məhkəmənin mövqeyi əsaslı olmuşdur.

42. 85,20 manat penyanın tutulması hissəsində apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, dəbbə pulu (cərimə, penya) borclunun icra etməli olduğu öhdəliyi icra etmədikdə alınır. Tərəflər dəbbə pulunun miqdarını müəyyənləşdirməkdə sərbəstdirlər. Lakin qanunvericilik mülki hüquq məsuliyyətinin həcmini nəzərə alaraq bununla bağlı da konkret nizamlayıcı normalar müəyyən etmişdir. Mülki qanunvericiliyə görə mülki hüquq məsuliyyətinin iki növü vardır: zərərin əvəzinin ödənilməsi və dəbbə pulu. Zərərin əvəzinin ödənilməsi ümumi (universal), dəbbə pulu isə xüsusi təbiətə malik məsuliyyət tədbiridir. Borclu öhdəliyi icra etməməklə hüquq pozuntusuna yol verdikdə, o, zərərin əvəzinin ödənilməsi formasında məsuliyyət daşıyır. Lakin, qanunda və ya müqavilədə öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda dəbbə pulu (borclunun kreditora ödəməli olduğu pul məbləği) alınması da nəzərdə tutula bilər.

43. Verilmiş kredit borcu üzrə ödənişlərin gecikdirilməsi və bunun nəticəsində cərimə məbləğinin tələb edilməsi əsaslıdır. Lakin müqavilə azadlığı prinsipi yalnız mülki hüquq prinsipi kimi deyil, eyni zamanda, konstitusiya prinsipi kimi də qəbul olunduğundan, bu prinsipə təkcə hüquqi baxımdan deyil, həmçinin iqtisadi və etik normalar baxımından da yanaşmaq lazımdır.

44. Konstitusiya prinsipi olan müqavilə azadlığı prinsipinə əsaslanaraq kredit müqavilələrini tənzimləyərkən, qanunverici elə bir tənzimləmə şəraiti yaratmalıdır ki, müqavilədə iqtisadi cəhətdən zəif olan tərəfə müəyyən üstünlüklər təqdim etməklə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi zamanı bərabərlik prinsipinin gözlənilməsini real təmin etmiş olsun.

45. Belə olan halda, məhkəmə kollegiyası tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə 6036,33 manat əsas borca münasibətdə hesablanmış 85,20 manat məbləğində dəbbə pulunun (penya) azaldılaraq 5 manat məbləğində müəyyən edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab etmir.

46. Belə ki, əsas borca münasibətdə tənasübsüz surətdə yüksək dəbbə pulunun azaldılması qanunvericilikdə nəzərdə tutulmuşdur. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

47. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarının 5-ci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir.

48. Belə olan halda, kollegiya hesab edir ki, ASC “Xalq” Bankın cavabdehə ünvanladığı xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan birinci instansiya məhkəməsinin qətnaməsinin çıxarıldığı xx.xx.2025-ci il tarixinə kimi kreditor öhdəliyin pozulmasına görə gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində - 226,36 manat (6036,33 manatın 5%-i = 301,81 manat, 301,81:12 ay= 25,15 manat, 25,15 manat x 9 ay = 226,36 manat) məbləğində pul vəsaiti hesalanaraq iddiaçıya ödənilməlidir. Birinci instansiya məhkəməsi qətnamənin qəbul edildiyi tarixə əsas borc məbləğinin illik 05 faiz hesablanan faiz məbləğinin tutulması qənaətinə gəlsə də, tutulmalı olan həmin məbləği göstərməmişdir.

49. Kollegiya Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən həmçinin qeyd edir ki, iddia ərizəsi üçün ödənilmiş 87,60 manat dövlət rüsumu da cavabdehlərdən alınaraq iddiaçıya ödənilməli, apellyasiya şikayəti üzrə ödənilmiş dövlət rüsumu isə iddiaçıya aid edilməlidir.

50. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

51. Beləliklə məhkəmə kollegiyası iş üzrə müəyyən olunmuş hallara və məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Qusar Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(029)-317/2025 nömrəli qətnaməsi cərimə borcunun, qətnamənin qəbul edildiyi tarixə əsas borc məbləğinə illik 05 faizin və dövlət rüsumunun tutulması hissəsində dəyişdirilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 xx.xx.2023-cü il tarixli DKM/016N05A01988423 №-li kredit müqaviləsi üzrə 85,20 (səksən beş manat 20 qəpik) manat məbləğində penya, qətnamənin qəbul edildiyi (xx.xx.2025-ci il) tarixə gecikdirilmiş vaxt üçün hesablanan illik beş faiz - 226,36 (iki yüz iyirmi altı manat 36 qəpik) manat və ödənilmiş dövlət rüsumuna görə 87,60 (səksən yeddi manat 60 qəpik) manat müştərək qaydada alınaraq iddiaçı ASC “Xalq” Bankının hesabına ödənilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

52. Kollegiya MPM-in 402-ci maddəsinə əsasən həmçinin qeyd edir ki, qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Qusar Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(029)-317/2025 nömrəli qətnaməsi cərimə borcunun, qətnamənin qəbul edildiyi tarixə əsas borc məbləğinə illik 05 faizin və dövlət rüsumunun tutulması hissəsində dəyişdirilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 xx.xx.2023-cü il tarixli DKM/016N05A01988423 №-li kredit müqaviləsi üzrə 85,20 (səksən beş manat 20 qəpik) manat məbləğində penya, qətnamənin qəbul edildiyi (xx.xx.2025-ci il) tarixə gecikdirilmiş vaxt üçün hesablanan illik beş faiz - 226,36 (iki yüz iyirmi altı manat 36 qəpik) manat və ödənilmiş dövlət rüsumuna görə 87,60 (səksən yeddi manat 60 qəpik) manat cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq iddiaçı ASC “Xalq” Bankının hesabına ödənilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar