Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1186/2024 31.07.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: mənzilə istifadə hüququnun tanınması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri–Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X5 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, İddiaçı, Cavabdeh2, Cavabdeh1, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin 25 aprel 2024-cü il tarixli, 2(060)-1741/2024 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «mənzilə istifadə hüququnun tanınması tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən bir otaqlı mənzilə istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən bir otaqlı mənzil, sahəsi 36,30 kv.metr olmaqla cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məxsusdur. Mənzil Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2829/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən cavabdehlərin hər birinə hissə olmaqla payları müəyyən edilmiş və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilmişdir. Cavabdehlər onun valideynləridir. O, xx.xx.1997-ci ildə Rusiya Federasiyası OMSK Vilayəti, Lenin rayonunda anadan olmuş, subaydır. Cavabdehlərin yeganə övladıdır. O, cavabdehlərlə birgə ünvan 2, mənzil 45-də pasport qeydiyyatında olmuşdur. Həmin mənzil satılmışdır. O, ünvan 1 ünvanında yerləşən bir otaqlı mənzil alınandan, yəni 28 sentyabr 2019-cu il tarixdən cavabdehlərin razılığı ilə onlarla birgə həmin ünvana köçərək bu günədək mənzildə yaşayır. Anası Cavabdeh2 onun mənzilə qeydiyyata alınmağına razı olsa da hətta onunla Sumqayıt «ASAN xidmət» mərkəzinə aidiyyyəti üzrə müraciət etsə də mənzil paylı mülkiyyətdə olduğundan və cavabdeh atası Cavabdeh1 onun mənzilə qeydiyyata düşməsinə razılıq vermədiyindən həmin mənzilə pasport qeydiyyatına düşə bilməmiş və formal olaraq satılmış ünvan 2, mənzil 45-də pasport qeydiyyatında qalmışdır. Hazırda qeydiyyatı ləğv edilmişdir. Qeydiyyat ləğv olunduğundan dəfələrlə ünvan 1 ünvanında yerləşən bir otaqlı mənzilə pasport qeydiyyatına alınmağını cavabdeh atası Cavabdeh1 xahiş etsə də o, müxtəlif bəhanələr gətirərək buna razılıq verməmişdir. Hal-hazırda qeydiyyatı olmadığından mənzil, yaşayış və qeydiyyat hüquqları kobud şəkildə pozulur, nəticədə işə düzələ bilmir. Göründüyü kimi yaranmış mübahisənin məhkəmədənkənar həll edilməsi qeyri-mümkündür. Ona görə də hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməyə məcburdur. O, cavabdehlərin ailə üzvü olaraq onların razılığı ilə mənzilə köçərək orada uzun müddət yaşamaqla mənzilə istifadə hüquqları əldə etdiyindən iddiaçının ünvan 1 ünvanında yerləşən bir otaqlı mənzilə istifadə hüququ tanınmalıdır. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi, iddiaçının ünvan 1 ünvanında yerləşən bir otaqlı mənzilə istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
3. İddia tələbinə qarşı etiraz daxil olmamışdır.
4. Sumqayıt Şəhər Məhkəməsinin 25 aprel 2024-cü il tarixli, 2(060)-1741/2024 nömrəli qətnaməsi ilə (hakim Şəbnəm Həxiyeva) iddia tələbi təmin edilmiş, İddiaçı Sumqayıt şəhəri, 10-cu mikrorayon, 29 saylı evin, 4 saylı mənzilinə istifadə hüququnun tanınması qət edilmişdir.
5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı mübahisəli mənzilin paylı mülkiyyətçiləri olan cavabdehlərin ailə üzvü olmaqla (oğlu), uzun müddət onlarla birgə yaşamış və 2019-cu il tarixdə qeydiyyatda olduğu mənzilin satılması və yenisi olan ünvan 1-ün alınması ilə əlaqədar hazırda sözügedən ünvanda qeydiyyatsız yaşayır. Bu halda, qanunverici MM-in 228.5-ci maddəsinin tələbləri baxımından iddiaçının yaşayış sahəsindən mülkiyyətçilər ilə bərabər istifadə etmək hüququnu tanıyır.
6. Məhkəmə gəldiyi nəticəni mülki Məcəllənin 157.8, 158.4, 228.1, 228.2, 228.5, Mənzil Məcəlləsinin 30.1, 30.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarına istinad edərək iddianı təmin etməmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh1 apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 1741/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv olunması, iddianı rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.1995-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş, nikahdan xx.xx.1997-ci il təvəllüdlü İddiaçı adlı övladı vardır. ünvan 2 ünvanında yerləşən 45 saylı mənzildə pasport qeydiyyatında olmuşdur. Sözügedən ünvan 2 ünvanında yerləşən 45 saylı mənzil Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin MA seriyalı, ******* nömrəli çıxarışına əsasən anası X3 məxsus olmuş və 27 sentyabr 2019-cu il tarixlı alqı-satqı və ipoteka müqaviləsinə, eyni zamanda xx.xx.2019-cu il tarixli ödəniş qəbzinə əsasən 55.000 manat müqabilinə X1. Belə ki, əmlakın satış qiyməti 35.000 manat və 20.000 manat əsas kredit və bank hesabı müqaviləsi və onun çərçivəsində bağlanmış əlavə kredit müqaviləsinə əsasən Alıcıipoteka qoyanına verilmiş kredit hesabına ödənilir. İddiaçı qaldırdığı bu iddia əsassızdır. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1741/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı araşdırılmadan və qanunsuz qəbul olunmuşdur. Məlumat üçün bildirir ki, 2021-ci ildə qəbul olunmuş məhkəmə qətnaməsindən məlumatı olmamış, oğlu 2024-cü il tarixdə "mənzilə istifadə hüququnun tanınmasına dair" iddia tələbi ilə məhkəməyə müraciət etdiyi zaman xəbər tutmuşdur. Eyni zamanda Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2829/2021 saylı, xx/xx/2021-ci il tarixli məhkəmə qətnaməsindən apellyasiya şikayəti verilmişdir. Belə ki, sözügedən mənzil cavabdehin şəxsi və birgə nikah dövründə əldə olunan gəlir hesabına deyil, anasına məxsus mənzilin satışından əldə olunan gəlir hesabına alınmışdır. Həmçinin, oğlu İddiaçı onunla maraqlanmamış, övlad kimi öhdəliklərini yerinə yetirməmişdir. Sözügedən mənzilin pay bölgüsünə dair məhkəməyə müraciət olunmasından heç bir məlumatı olmamışdır. Belə ki, Cavabdeh2 gözlərinin görməməsi və ayağının olmamasından istifadə edilərək, xəbər vermədən pay bölgüsünə dair məhkəməyə əsassız müraciət etmiş, məhkəmə sənədləri araşdırmadan qərar qət etmişdir. 2024-cü il tarixdə oğlunun məhkəməyə mənzilə istifadə hüququna dair müraciət edərkən xəbər tutmuşdur ki, 2021-ci ildə Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən 29 saylı evin 4 saylı mənzili 1/2 pay nisbətində keçmiş həyat yoldaşı ilə bölünmüşdür. Qeyd etdiyi kimi mübahisə predmeti olan Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən 29 saylı evin 4 saylı mənzili 28 sentyabr 2019-cu il tarixdə anası X3 məxsus Sumqayıt şəhəri, 6-cı mikrorayonda yerləşən 18 saylı evin 45 saylı mənzilinin 27 sentyabr 2019-cu il tarixli alqısatqı və ipoteka müqaviləsi vasitəsilə satışından əldə olunan gəlir vəsaiti ilə alınmışdır. Həmçinin alqı-satqı müqaviləsi zamanı mənzil üzərində qeydiyyatda olan şəxslərin rəsmi ərizələri vardır, Cavabdeh2 da bu şəxslərə daxildir. Bu da onu göstərir ki, Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən 29 saylı evin 4 saylı mənzil tərəflərin birgə nikahı dövründə əldə olunsa da birgə gəlirləri hesabına alınmamışdır. Bu da onu göstərir ki, məhkəmə 2021-ci il tarixdə qərar qəbul edərkən diqqətsizlik etmiş, rəsmi sənədlərin əldə olunması barədə sorğular verməmişdir. Odur ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1741/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnamənin qət edilməsinə əsas olan Sumqayıt Şəhər Məhkəməsin 2(060)-2829/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən şikayət verilmişdir. 2021-ci il tarixdə Cavabdeh2 ünvan 1 ünvanını birgə nikah dövründə alınmasına dair sənəd təqdim etsə də, məhkəmə evin alınmasında olan gəlirlə bağlı ətraflı sorğular verməmiş, alqı-satqı müqavilələri ilə bağlı notariusa müraciət olunmasına göstəriş verməmişdir. Vətəndaş tərəfindən olunmuş müraciət birtərəfli qiymətləndirilmiş və buna uyğun olaraq da qərar çıxarılmışdır.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
9. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. b) Apellyasiya icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, oğlunun qeydiyyata düşməsinə etiraz edir. İlk əvvəl mənzilin bölünməsi məsələsi həll olunmalıdır.
11. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, təmsil etdiyi şəxs oğlunun qeydiyyata düşməsinə hələ ki, etiraz edir. Belə ki, hesab edirlər ki, mənzil tək ona məxsus olmalıdır, ondan sonra qeydiyyata düşmək məsələsinə baxıla bilər. Buna görə də hesab edir ki, mübahisəli ev üzərində payın müəyyən edilməsinə dair Sumqayıt Şəhər Məhkəməsin 2(060)-2829/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən verilmiş şikayətə baxılanadək hazırkı işin icraatının dayandırılmasını xahiş edir.
12. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməməsini xahiş etdi.
13. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 bildirdi ki, oğlu 5 ildir ki, onunla yaşayır, oğlunun mənzilə istifadə hüququnun tanınmasını istəyir.
İşdə olan sübutlar
14. İ-KH seriyalı, 303328 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1997-ci il tarixdə Rusiya Federasiyası, Omsk vilayətində anadan olmuş, atası Cavabdeh1, anası Cavabdeh2dır.
15. 28 sentyabr 2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh1 ünvan 3 ünvanında yerləşən mənzili almışdır.
16. Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 36,30 kv.m ümumi sahəsindən ibarət mənzil xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına 1/2 hissə, Cavabdeh2 adına 1/2 hissə kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
17. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* saylı arayışdan məlum olur ki, Cavabdeh2 xx.xx.2021-ci ildən etibarən ünvan 3 saylı mənzildə Cavabdeh1 və X4 ilə birlikdə qeydiyyatdadır.
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.
19. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.
20. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. 384.0.1. Apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
21. Məhkəmə kollegiyası tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin 25 aprel 2024-cü il tarixli, 2(060)-1741/2024 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 25 aprel 2024-cü il tarixli, 2(060)-1741/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
23. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı mübahisəli mənzilin paylı mülkiyyətçiləri olan cavabdehlərin ailə üzvü olmaqla (oğlu), onlarla birgə yaşamış, 2019-cu il tarixdə qeydiyyatda olduğu mənzilin satılmış və 28 sentyabr 2019-cu il tarixdə ünvan 3 saylı mənzil alınmışdır. İddiaçı mənzil alındığı vaxtdan hazırkı günədək sözügedən ünvanda yaşayır. Mübahisəli mənzil bərabər paylarla cavabehlərin xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır ki, mülkiyyətçilərdən Cavabdeh2 oğlu iddianı qəbul edərək oğlunun mənzilə istfiadə hüququnun tanınmasına etirazının olmadığını bildirməklə, qətnaməni mübahisələndirməmişdir. Mübahisəli mənzil alındığı və iddiaçının həmin evdə yaşamağa başladığı, yəni hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan Mülki Məcəllənin 228.5-ci maddəsinin tələbinə əsasən iddiaçının yaşayış sahəsindən mülkiyyətçilərlə bərabər istifadə etmək hüququ yaranmışdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddiaçının mübahisəli mənziliə istifadə hüququnu tanımasına dair gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.
24. Məhkəmə kollegiyası mübahisəli mənzilin anasına məxsus mənzilin satılmasından əldə edilmiş pul ilə alınması, birgə nikah dövründə əldə edilmiş əmlak olmaması, mənzilin bölünməsi ilə bağlı qətnamədən məlumatlı olmaması və həmin qətnamədən şikayət verilməsi ilə bağlı cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edir ki, qeyd edilən dəlillər hazırki mübahisənin predmetinə aid olmamaqla, iddiaçıya və onun hazırkı tələbinə münasibətdə mübahisəli mənzilin birgə nikah dövründə əldə edilmiş əmlak və ya valideyninin birinin öz əmlakı olmasının əhəmiyyəti yoxdur. Belə ki, iddiaçı hər iki şəxsin ailə üzvü hesab olunmaqla, mübahisəli əmlakın cavabdehlərdən birinin öz əmlakı olması halı da onun istifadə hüququnun mövculuğuna təsir etməməkdədir. Məhz bu səbəbdən də cavabdeh tərəfin mübahisəli ev üzərində payın müəyyən edilməsinə dair Sumqayıt Şəhər Məhkəməsin 2(060)-2829/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən verilmiş şikayətə baxılanadək hazırkı işin icraatının dayandırılması ilə bağlı vəsatəti də təmin edilməmişdir.
25. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 25 aprel 2024-cü il tarixli, 2(060)-1741/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
26. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392-393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ:
Cavabdeh1 apellyasiya şikayəti təmin olunmasın. Sumqayıt Şəhər Məhkəməsinin 25 aprel 2024-cü il tarixli, 2(060)-1741/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.