Məhkəmə qərarları › İş №2(105)-1188/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1188/2021

02.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1188/2021 02.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Nahid Nəsrəddin oğlunun katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-4530/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Abşeron Rayon Məhkəməsinin 2(012)-4530/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, «xxxx» İKB ASC (hazırda “xxxx” ASC) ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2019-cü il tarixli, 4-MZ-1-0-1078-19 saylı «Bank, SİF vəsaiti ilə verilən kreditlər üzrə» kredit müqaviləsi ləğv edilmiş, İddiaçı ASC-nin xeyrinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx xxxxxx 2019-cü il tarixli kredit müqaviləsi üzrə 3981,11 manat əsas borc, 525 manat faiz borcu olmaqla, ümumilikdə cəmi 4506,11 manat məbləğində borcun və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pul vəsaitinin tutulması qət olunmuşdur. (hakim H.Əhmədov) Qətnamədən Cavabdeh2 apelyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını, kredit müqaviləsi üzrə borcun yalnız digər Cavabdeh1 tutulması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİ N H A L L A R İ : «xxxx» Açıq Səhmdar Cəmiyyəti Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada "xxxx” ASC-nin xeyrinə xx xxxxxx 2019-cü il tarixli kredit müqaviləsi üzrə 3981,11 manat əsas borc, 525 manat faiz borcu olmaqla, ümumilikdə 4506,11 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. «xxxx» ASC iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 xx xxxxxx 2019cü il tarixli kredit müqaviləsinə əsasən "xxxx” İKB ASC-dən illik 25 faizlə 15 ay müddətinə 5000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə xx xxxxxx 2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. xx xxxxxx 2020-ci il tarixədək Cavabdeh1 banka xx xxxxxx 2019-cü il tarixli kredit müqaviləsi üzrə 3981,11 manat əsas borc, 525 manat faiz borcu olmaqla, cəmi 4506,11 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməkdən boyun qaçırırlar. Qeyd edilənlərə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 445.2.1, 448.1, 465.2 və 472-ci maddələrinə əsasən iddia təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Şİ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ Nİ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh2 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə ona dair hissədə əsassız və qanunsuzdur. Belə ki, o, faktiki olaraq “xxxx” İKB ACS-dən kredit vəsaiti qəbul etməmişdir. Həmin bankdan krediti xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 götürmüş, tam şəkildə öz şəxsi məqsədləri üçün istifadə etmişdir. Həmin vaxt Cavabdeh1 heç bir yerdə işləmədiyi üçün o, kreditin götürülməsində zamin durmuşdur. Hazırda borclu Cavabdeh1 N saylı hərbi hissədə (hərbi hospitalda) həkim vəzifəsində işləyir və hər ay 1008 manat əmək haqqı alır. Borclu kredit borcundan yayınmaq üçün bu faktı məqsədli şəkildə məhkəmədən gizlətmişdir. Zaminlik müqaviləsinə əsasən borclu krediti ödəmək imkanı olmadıqda zamindən kreditin ödənilməsi tələb edilə bilər. Faktiki olaraq Cavabdeh1 işlədiyi üçün və yüksək əmək haqqı aldığına görə həmin kredit borcunu ödəmək imkanı vardır. O, borcluya zamin duran zaman öz aralarında razılığa gəlmişdilər ki, kredit borcunu borclu özü ödəyəcəkdir. Lakin Abşeron Rayon Məhkəməsi tərəfindən borclu ilə zamin arasında olan şifahi razılaşmanın şərtləri nəzərə alınmamışdır. Göstərilənlərə əsasən qətnamə ləğv edilməli, kredit borcunun Cavabdeh1 tutulması barədə yeni qətnamə çıxarılmalıdır. Apelyasiya baxışı zamanı məhkəmə iclasında Cavabdeh2 apelyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Əlavə etdi ki, Cavabdeh1 onun keçmiş əridir. Hazırda onlar ayrılmışlar. O, bir ailə olaraq birgə yaşadıqları dövrdə götürülmüş kreditə görə Cavabdeh1 zamin durmuşdur. Lakin o, aldığı krediti ailə üçün deyil öz məqsədləri üçün xərcləmişdir. Ona görə də krediti də o, özü ödəməlidir. Apelyasiya baxışı zamanı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iddiaçı «xxxx» ASC və digər Cavabdeh1 heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmişlər. Cavabdeh1 məhkəməyə göndərdiyi teleqramında göstərmişdir ki, “COVİD-19” infeksiyasına yoluxduğu üçün məhkəmə iclasında iştirak edə bilmir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə adları göstərilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan «xxxx» X1 ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2019-cü il tarixli, 4-MZ-1-0-1078-19 saylı «Bank, SİF vəsaiti ilə verilən kreditlər üzrə» Kredit Müqaviləsinin surətindən görünür ki, həmin müqavilənin 1.2.3, 1.2.5 - 1.2.8, 1.2.11. bəndlərinə əsasən Bank, borcalana istehlak məqsədilə illik 30 % olmaqla 15 ay müddətinə, 5000 (beş min) manat məbləğində kredit vermiş və borc alan kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müqavilədə göstərilən müddətdə və qaydada krediti, hesablanacaq faizlərlə birlikdə Banka qaytarmağı öhdəsinə götürmüşdür. Yenə iş materiallarında olan xx.xx.2019-cu il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh1 4950 manat məbləğində kredit verilmişdir. İşdə olan xx.xx.2019-cu il tarixli, 4-MZ-1-0-1078-19 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, əsas borclu Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrası Cavabdeh2nun zaminliyi ilə təmin edilmiş və sonuncu kredit məbləği, ondan istifadəyə görə hesablanan faizlər, dəbbə pulu (cərimə və peniya), borclanın borc öhdəliyi ilə bağlı öz vəzifələrini yerinə yetirməməsinə görə və ya lazımi qaydada yerinə yetirməməsinə görə Banka dəymiş ziyan və borc tələbi ilə bağlı məhkəmə xərcləri də daxil olmaqla zamin borc alan ilə eyni həcmdə Bank qarşısında birgə məsuliyyət daşıyır. Yenə işdə olan xx.xx.2020-ci il tarixli xəbərdarlıqdan və qəbzlərdən görünür ki, cavabdehlərə müqavilənin şərtlərinin pozulması ilə əlaqədar xəbərdarlıq edilmiş, borcun ödənilməsi üçün 5 gün vaxt verilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Mülki iş materiallarında olan xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx xxxxxx 2019-cü il tarixli kredit müqaviləsi üzrə banka 3981,11 manat əsas borc, 525 manat faiz borcu olmaqla ümumilikdə cəmi 4506,11 manat borcu vardır. MƏHKƏMƏNİN HÜQUQİ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, işdə iştirak edən şəxsin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-4530/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh1 iddiaçı bankdan illik 25 faizlə 15 ay müddətinə 5000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 borcluya zamin durmuş, bu barədə bankla müqavilə bağlamışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq, borc cavabdehlər tərəfindən tam ödənilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən, Cavabdeh1 həmin müqavilə üzrə iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, lakin kredit vəsaitinin ödəməli olmasına dair vəzifəsini tam yerinə yetirməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. AR Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yenə həmin Məcəllənin 445.2.1-ci maddəsinə uyğun olaraq öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Yenə də həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, borclu Cavabdeh1 iddiaçı bank qarşısında öhdəliyi yaranmışdır və cavabdehlər bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdirlər. Onun iddiaçıya kredit müqaviləsindəki öhdəlikləri yerinə yetirmədiyinə görə 3981,11 manat əsas borcu və 525 manat faiz borcu yaranmışdır. Bu borc işdə olan obyektiv sübutlarla, bank hesabından çıxarışla, kredit müqaviləsinə əlavə ilə, habelə maliyyə arayışı ilə təsdiq olunur. Yenə AR Mülki Məcəlləsinin 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Yuxarıda qeyd olunduğu kimi, xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər borcu ödəməmişlər və beləliklə də müqaviləni əhəmiyyətli dərəcədə pozduqları üçün iddiaçının tərəflər arasında bağlanmış müqaviləyə vaxtından əvvəl xitam verilməsi, habelə müqavilə üzrə borcun tələb olunması hüququ yaranmışdır. Apelyasiya şikayətindən görünür ki, Cavabdeh2 digər cavabdehin işləyərək qazanc əldə etdiyini, kredit borcunun ödəmə barədə onların öz aralarında razılaşmalarını əsas gətirərək yaranmış borcun yalnız əsas borclu Cavabdeh1 tutulmasını tələb edir. Məhkəmə kollegiyası hesab edir ki, sadalanan halların heç biri zaminliyə xitam verilməsi üçün əsas hesab edilmir. İşdən görünür ki, Cavabdeh2 müstəqil iradə ifadəsini həyata keçirərək borcun təminatı olaraq zamin durmuşdur və borclu ilə birlikdə bank qarşısında maddi məsuliyyət daşıyır, zaminlik müqaviləsinin ləğvi üçün isə heç bir əsas, habelə tələb yoxdur. Bununla belə, məhkəmə kollegiyası apelyanta izah edir ki, zamin kimi kredit müqaviləsi üzrə əsas borclunun xeyrinə ödədiyi pul vəsaitlərini bunu təsdiq edən sənədlərlə sonradan reqres qaydasında ondan tələb edə bilər. AR MPM-nin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə kolegiyası hesab edir ki, iddiaçı “xxxx” ASC öz tələblərinin əsası kimi istinad etdiyi halları qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla sübut edə bilmiş, lakin Cavabdeh2 apelyasiya şikayətinin dəlillərini məhkəmə iclasında sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, şikayətdə göstərilən dəlillər apelyasiya şikayətinin təmin edilməsi üçün əsas ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikasının MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında dəyişdirilmədən saxlanması, apelyasiya şikayətinin isə təmin edilməməsi üçün əsasdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15,40 manat dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT E T D İ: Apelyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-4530/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15,40 manat məbləğində dövlət rüsumu Cavabdeh2 özünə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar