Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1189/2023 27.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zaur İkram oğlu, hakimlər X2 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi ilə, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi və pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 02 iyul 2021-ci il tarixli, 2(060)- 4073/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.Satıcı İddiaçı MMC-nin (bundan sonra “iddiaçı” və ya “MMC”) direktoru X7 ilə alıcı Cavabdeh (bundan sonra “cavabdeh”) arasında xx.xx.2017-ci il tarixdə 01 saylı alqı-satqı müqaviləsi (bundan sonra – Müqavilə) bağlanmışdır. Müqavilə üzrə malların 1 kisəsinin qiyməti Klass A 5,7 manat və Klass B 4,9 manat təşkil etmişdir. Müqaviləyə 1 saylı Əlavə Sazişlə malların 1 kisəsinin qiyməti Klass A 5,8 manat və Klass B 5 manat müəyyən edilmişdir.
2. İddiaçı MMC tərəfindən verilmiş maliyyə arayışına əsasən, onunla cavabdeh arasında imzalanmış Müqaviləyə əsasən sonuncuya "xxxx" sement məhsulları satılmışdır. Cavabdeh həmin müqavilə üzrə xx.xx.2017-ci il tarixində 1000 manat ödəmişdir. Cavabdehin xx.xx.2021-ci il tarixinə MMC-yə 74348 manat məbləğində qalıq borcu mövcuddur.
3. MMC ilə işləyən X5 əsasən xx.xx.2018-ci il tarixinə cavabdehin MMC-yə 74348 manat qalıq borcunun olduğu qeyd edilmiş və akt tərəflərin imzaları ilə təsdiqlənmişdir.
4. Cavabdeh xx.xx.2021-ci il tarixdə 74348 manat məbləğində qalıq borcunun mövcud olması barədə Pretenziya ilə xəbərdar edilmişdir.
5. Bakı şəhəri 41 saylı notariat kontorunda imzalanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsi ilə X7 cavabdehə 74348 manat məbləğində pulu xx.xx.2018-ci il tarixinədək faizsiz borc olaraq vermişdir.
6. Müxtəlif tarixlərə olan, imzalanmış nağd pulun təhvil-təslim aktlarına əsasən, cavabdeh borcuna görə MMC-yə müxtəlif məbləğlərdə ödənişlər etmişdir.
7. Müxtəlif tarixlərə olan əmtəə-nəqliyyat qaimələrinə əsasən, "xxxx" ASC tərəfindən müxtəlif çəkilərdə sement məhsulları Sumqayıt şəhəri, 21-ci məhəllədə yerləşən daş bazarına, cavabdehə təhvil verilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı iddia ərizəsi (iddia tələbinin həcminin artırılması barədə ərizə) ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək cavabdehdən xx.xx.2017-ci il tarixli müqavilə üzrə 78920 (yetmiş səkkiz min doqquz yüz iyirmi) manat pulun, habelə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat bank xidməti haqqının tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, MMC ilə cavabdeh arasında 2017-ci ilin noyabr ayı ərzində "xxxx" sement məhsullarının nisyə qaydada alqı-satqısı həyata keçirilmişdir. İddiaçı ilə cavabdeh arasında imzalanmış müqaviləyə əsasən iddiaçı "xxxx" sement məhsullarını cavabdehə sataraq onun satış ünvanına çatdırmağı, cavabdeh isə malları qəbul edərək malların dəyərini razılaşdırılmış vaxta iddiaçıya ödəməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2018-ci il tarixli “X8”na əsasən müəyyən edilmişdir ki, xx.xx.2018-ci il tarixinə cavabdehin iddiaçıya cəmi 74348 (yetmiş dörd min üç yüz qırx səkkiz) manat borcu mövcud olmuşdur. Bundan sonra cavabdeh heç bir ödəniş etməyərək müqavilə üzrə üzərinə düşən öhdəliklərini tam yerinə yetirməmişdir.
10. Məhkəmə prosesi getdiyi dövrdə müəyyən edilmişdir ki, cavabdeh 2019-cu ilin aprel-noyabr aylarında MMC-dən "xxxx" sement məhsullarının alışını həyata keçirmiş və sonuncu dəfə 31 dekabr 2019-cu il tarixdə 2000 manat ödəniş edərək, həmin dövr üçün 4572 manat borcu qalmışdır. Beləliklə, cavabdehin müqavilə üzrə borcu 78920 manat təşkil edir.
11. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 329.2, 329.3, 385.1, 387.2, 398.1, 425.1, 442, 443.1, 445.2 və 448.1-ci maddələrinə istinad etmişdir.
12. Cavabdehin nümayəndəsi və vəkili iddiaya etiraz olaraq göstərib ki, şirkətin əvvəlki direktoru ilə cavabdeh arasında razılaşma olub, həmin razılaşmaya əsasən ödənişlərin hamısı sabiq direktora edilib. Direktor da cavabdehin borcunu silib, lakin buna dair sübutu məhkəməyə təqdim edə bilmir. Digər tərəfdən cavabdehin borcunu ödəmədiyi təqdirdə, ona yenidən malın verilməsi münkün deyildi.
13. Cavabdehin nümayəndəsi və vəkili iddia müddətinin tətbiqi barədə ərizə də verərək, iddia müddəti tətbiq edilməklə iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-4073/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 74348 manat pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. (hakim Aynur Behbudova)
15. Birinci instansiya məhkəməsi iddia tələbini qeyd edilən məbləğ hissəsində təmin edərkən verilmiş iddia tələbinin hüquqi əsasını təşkil edən müqavilə münasibətlərinin, həmin münasibətlərdən irəli gələn öhdəliklərin yerinə yetirilməməsinə istinad etmişdir.
16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 425.1, 442, 445.2.1, 567-ci, Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
17. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-3264/2021 nömrəli, 21 dekabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Lətifə Məmmədova (sədrlik edən və məruzəçi), Gülnarə Tağızadə, Telman Quliyev)
20. Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq göstərmişdir ki, cavabdeh apellyasiya şikayətində onun iddiaçıya hər hansı bir borcunun olmamasını qeyd etsə də, buna dair hər hansı bir sübut təqdim etməmişdir. Cavabehin iddiaçıya borclu olmasına dair isə iş materiallarında bunu sübut edən sənədlər, o cümlədən müqavilə, müqaviləyə əlavə saziş, yoxlama aktı, maliyyə arayışı, qaimələr və s. mövcuddur. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat.
21. Cavabdeh (vəkil X3) kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
22. Şikayət onunla əsaslandırılmışdır ki, borca dair işin halları lazımi qaydada araşdırılmamış, məhkəmə tərəfindən əsassız olaraq iddia müddəti tətbiq olunmamışdır.
23. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)2804/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-3264/2021 nömrəli, 21 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir.
24. Ali Məhkəmənin mövqeyi belə olub: -mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr müəyyən etmişlər ki, tərəflər arasında müqavilə öhdəliklərinin icra edilməməsindən qaynaqlanan 74.348 manat borca dair xx.xx.2018-ci il tarixdə akt tərtib olunmuşdur. İddiaçının hazırkı tələbinə dair ərizəsi isə birinci instansiya məhkəməsinə xx.xx.2021-ci ildə daxil olmuşdur. Eyni zamanda, iş materiallarına cavabdeh tərəfindən iddiaçıya müxtəlif tarixlərdə (o cümlədən 2018-ci ilin may ayında, habelə 2019-cu ilin avqust ayınadək) və müxtəlif məbləğlərdə pulun ödənilməsinə dair qəbzlər əlavə olunmuşdur. Cavabdeh ərizə verərək iddia müddəti ötürüldüyündən tələbin rədd olunmasını xahiş etmişdir. Buna baxmayaraq, işə mahiyyəti üzrə baxan məhkəmələr iddia müddətinin tətbiqinə dair ərizə üzrə araşdırma aparmamış, cavabdehin istifadə etdiyi müdafiə vasitəsinə heç bir hüquqi qiymət verməmişlər. Bu hal həqiqətə nail olmaq üçün iş üzrə əhəmiyyət kəsb edən xüsusatların hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasına, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmasına dair normaların pozulmasına, nəticə etibarilə maddi hüquq normalarının düzgün tətbiq olunmamasına dəlalət edir; -hazırkı mübahisənin düzgün həlli üçün iddianın təmin olunmuş 74.348 manat hissəsində tələbin qanuni əsasları üzrə iddiaçının tələb hüququnun həcmi, borcunu ödədiyini bildirən cavabdehin dəlilləri sübutetmə yükünə riayət olunmaqla yoxlanılmalı, ödənilməmiş borc müəyyən olunduğu halda, cavabdehin iddia müddətinin tətbiqinə dair ərizəsi üzrə tam və hərtərəfli araşdırma aparılmalı, bu çərçivədə cavabdehin öhdəliyin icra vaxtının (buna müvafiq olaraq iddia müddətinin əvvəlinin) hansı tarixdən başlandığı, iddianın qaldırıldığı tarixədək bu müddətin (müddətin başlamasından sonra, o cümlədən 2018 və 2019-cu ildə edilmiş ödənişlərə dair qəbzlər və digər hüquqi hərəkətlərlə) kəsilibkəsilmədiyi və əhəmiyyət kəsb edən digər hallar aydınlaşdırılmaqla iddia tələbinə və cavabdehin ərizəsinə yekun hüquqi qiymət verilməlidir.
ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
25. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Ş.R.Abasov (sədrlik edən və məruzəçi), S.A.Qafari və İ.K.Dəmirov) 2(105)-1916/2022 nömrəli, 29 noyabr 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt şəhər Məhkəməsinin 02 iyul 2021-ci il tarixli, 2(060)-4073/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
26. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi faktiki olaraq əşyanın hissə-hissə ödənilməsini nəzərdə tutmuş, tərəflərdən birinin öhdəliyi icra etməsi digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirilmişdir. Göründüyü kimi, alıcı şərtləşdirilmiş öhdəliyi icra etməmiş, alış qiymətini tam ödəməmişdir. Hazırda araşdırılan mübahisənin predmeti olan alqı-satqı müqaviləsi əvəzli müqavilədir, yəni satıcının müəyyən əşyanı alıcının mülkiyyətinə verəcəyi, alıcının isə həmin əşyanı qəbul edib əvəzində razılaşdırılmış pul məbləğini əşyanın qiymətini satıcıya ödəyəcəyi haqqında razılaşmadır. Alqı-satqı müqaviləsinin predmeti olan əşyanın dəyəri yalnız pulla ödənilir və satıcı əşyanı alıcının mülkiyyətin vermək müqabilində ondan həmin əşyanın qiymətini almalıdır. Buna görə də alqı-satqı müqaviləsi əvəzli müqavilə hesab edilir.
27. Apellyasiya instansiyası məhkəməsi qeyd edib ki, cavabdeh bir tərəfdən alınmış malın dəyərini ödədiyini bildirsə də, digər tərəfdən iddiaçı tərəfindən iddia müddətinin ötürülməsinə istinad edərək iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsini xahiş edir.
28. Cavabdehin də istinad etdiyi yoxlama aktından görünür ki, cavabddehin xx.xx.2018-ci il tarixinə 74348 (yetmiş dörd min üç yüz qırx səkkiz) manat qalıq borcu vardır. Başqa sözlə, qeyd edilən tarixə tələb edilən borcun mövcud olması işin mübahisəsiz halıdır. Cavabdeh həmin borc məbləğini ödədiyini iddia etsə də, bununla bağlı məhkəməyə heç bir mötəbər və legitim sübut təqdim edə bilməmişdir. Əksinə, işdən görünür ki, cavabdeh həmin borc barədə notarial müqavilə bağlamaqla onun mövcudluğunu etiraf etmişdir. Hazırda cavabdeh tərəf həmin müqavilənin hazırki mübahisəyə aidiyyatı olmadığını, yaxud zor tətbiqi ilə bağlandığını iddia etsə də, bu dəlil ağalabatan deyil. Qeyd olunan kredit müqaviləsini MMC-nin direktoru öz adından bağlasa da, işin faktiki halından görünür ki, həmin müqavilə məhz cavabdehin MMC-yə borcunun təsdiqi üçün bağlanmışdır.
29. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsinin izahatından görünür ki, cavabdeh borcu ödəmədikdən sonra, artıq ona mal verilməyəndə notarial qaydada borcu təsdiqləməyi təklif edərək müqavilədə göstərilən müddətə qədər həm işini bitirəcəyini, həm də borcunu ödəyəcəyini bildirmişdir. Hazırda tələb edilən borc notarial qaydada təsdiqlənmiş borc məbləğidir.
30. Apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfin həmin dəlilini işin həqiqi halına uyğun hesab edib və göstərib ki, bu fakt həm də, onunla öz təsdiqini tapır ki, tərəflər arasında 2019-cu ildə də sement məhsullarına dair alqı-satqı münasibətləri əvvəlki qaydada davam etmişdir.
31. Apellyasiya instansiyası məhkəməsi cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizə verməsinə istinadən vurğulayıb ki, bu faktın özü cavabdeh tərəfindən borcun mövcudluğunun qəbuluna yönəlmiş hərəkət kimi qiymətləndirilə bilər. Əks halda, olmayan borc tələbinə görə iddia müddətinin tətbiqinə ehtiyac qalmazdı.
32. Apellyasiya instansiyası məhkəməsi göstərib ki, tərəflər arasında müqavilə öhdəliklərinin icra edilməməsindən qaynaqlanan 74.348 manat borca dair xx.xx.2018-ci il tarixdə akt tərtib olunmuşdur. İddiaçının hazırkı tələbinə dair ərizəsi isə birinci instansiya məhkəməsinə xx.xx.2021-ci ildə daxil olmuşdur. İşdə olan əmtəə-nəqliyyat qaimələrindən məlum olur ki, tərəflər arasında sement məhsullarının alqı-satqısı 2019-cu ildə də davam etmişdir. Eyni zamanda iş materiallarına cavabdeh tərəfindən iddiaçıya müxtəlif tarixlərdə (o cümlədən 2018-ci ilin may ayında, habelə 2019-cu ilin avqust ayınadək) və müxtəlif məbləğlərdə pulun ödənilməsinə dair qəbzlər əlavə olunmuşdur. 2019-cu ilə aid həmin sənədlərdə də dəyişən rəqəmlərlə cavabdehin MMC-yə tələb olunan borcunun olması öz əksini tapır.
33. Cavabdeh iddiaçıdan 2019-cu ildə də sement məhsulları almış və aldığı sement məhsullarına görə 2019-cu ildə müxtəlif aylarda ödənişlər etmişdir. Cavabdeh tərəfindən kredit üzrə sonuncu ödənişin avqust 2019-cu il tarixdə edilməsi və bu hərəkətlə də borclu şəxsin borcunu etiraf etməsi nəzərə alınsa, onda Mülki Məcəlləsinin 380.1 və 380.2-ci maddələrinə uyğun olaraq belə nəticəyə gəlmək olar ki, hazırki tələb üzrə iddia müddətinin axımı məhz 2019-cu ildən başlayır ki, 3 illik həmin iddia müddəti də 2022-ci ildə başa çatır. Hazırki iddia isə xx.xx.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur.
34. Tərəflər arasında qeyd olunan kredit müqaviləsi də xx.xx.2018-ci ildə bağlanmış, müqavilənin icra müddəti xx.xx.2018-ci il tarixdə bitmişdir. Başqa sözlə, iddia müddətinin axımı həmin vaxtdan hesablansa belə, yenə 3 illik müddət ötürülmür.
35. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 567, 600, 601, 442, 445, 448, 372, 373, 377 və 380-ci maddələri ilə əsaslandırmışdır.
c) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat.
36. Cavabdeh (vəkil X3) kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
37. Şikayət onunla əsaslandırılmışdır ki,: - apellyasiya məhkəməsi heç bir əsas olmadan iddaçının mövqeyində duraraq, iddiaçının tərtib etdiyi heç bir qaimə fakturaya əsaslanmayan xx.xx.2018-ci il tarixli yoxlama aktını əsaslı hesab etməyə çalışaraq müxtəlif qaimə fakturaları əsas gətirmişdir ki, bu da yoxlama dövrünə aid edilməyən mal-əmtəə qaimləridir ki, yoxlama aktlarından 2 il sonra tərtib edilmiş bu cür sənədlərə istinad edilə bilməzdi; -bundan başqa, məhkəmə cavabdehin borclu olmasını əsaslandırmaq istəyərkən onun həmin vaxt MMC-nin direktoru işləmiş Eldar Əkbərovla bağladığı borc müqaviləsinə istinad edərək cavabdehin borclu olmasına şübhəli əsaslarla inandığını qətnamədə əsaslandırmaq istəmişdir; -məhkəmə iddia müddətinin ötməsinə baxmayaraq, işdə olan tərəflərin təsdiq etdiyi müqavilədən kənar sement məhsulunun nağd pula verilməsini, tərəflərin müqavilə üzrə alqı-satqı etməsi kimi şərh etmişdir. Məhkəmə qətnamədə qeyd edib ki, tərəflər arasında borc müqaviləsi bağlandıqdan sonra həmin müqavilə üzrə olan öhdəliklər ödənilmiş hesab edilməlidir. Məhkəmə bu ziddiyyətli halı qətnamədə şərh etməmişdir;.
38. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)1570/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 22(105)-1916/2022 nömrəli, 29 noyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir.
39. Ali Məhkəmənin mövqeyi belə olub: -apellyasiya instansiyası məhkəməsi sement məhsullarına görə cavabdeh tərəfindən iddiaçıya 2018-ci ilin may ayında, habelə 2019-cu ilin avqust ayınadək müxtəlif məbləğlərdə pulun ödənilməsi və bununla da sonuncu ödənişin edildiyi avqust 2019-cu il tarixdən iddia müddətinin kəsilməsi nəticəsinə gəlib, belə olan halda, müddətin kəsilməsinə əsas verən həmin ödənişlərin nəyə görə nəzərə alınmaması və tələb edilən borcdan çıxılmaması qətnamədən görünmür. -apellyasiya instansiyası məhkəməsi tərəflər arasında xx.xx.2018-ci ildə bağlanmış kredit müqaviləsini cavabdeh tərəfindən borcun mövcudluğunun etiraf edilməsi kimi qəbul edərək və həmin müqavilənin icra müddətinin xx.xx.2018-ci il tarixdə bitməsini nəzərə alaraq göstərib ki, iddia müddətinin axımı həmin vaxtdan hesablansa belə, yenə 3 illik müddət ötürülmür. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi 08 may 2018-ci il tarixli kredit müqaviləsi bağlanandan sonra da cavabdeh tərəfindən nə qədər ödəniş edilməsinə aydınlıq gətirməyib. - istər 31 mart 2018-ci il tarixli yoxlama aktı imzalanandan, istərsə də 08 may 2018ci il tarixli kredit müqaviləsi bağlanandan sonra cavabdehin iddia müddətini kəsən müxtəlif vaxtlarda, müxtəlif məbləğlərdə ödənişlər etməsini göstərən apellyasiya məhkəməsi həmin ödənişlərin konkret tarixi və məbləğlərini də qətnamədə göstərməmiş, yalnız ümumi ifadələrlə kifayətlənmişdir. Halbuki apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxan məhkəmə kimi iddia müddətinin axımının başlanması, həmin müddətin kəsilməsi, müddətin kəsilməsinə əsas verən ödənişlərin sayı, tarixi və məbləğlərini konkret müəyyən etməli və həmin ödənişləri müddətin kəsilməsinə əsas verən hal kimi qəbul edirdisə, ödənilən məbləğin tələb edilən məbləğdən çıxılmasını təmin etməli idi. - apellyasiya məhkəməsi qeyd edib ki, cavabdeh iddiaçıdan 2019-cu ildə də sement məhsulları almış və aldığı sement məhsullarına görə 2019-cu ildə müxtəlif aylarda ödənişlər etmişdir. Cavabdeh tərəfindən kredit üzrə sonuncu ödənişin avqust 2019-cu il tarixdə edilməsi və bu hərəkətlə də borclu şəxsin borcunu etiraf etməsi nəzərə alınsa, müddət keçməyib. (bax:33-cü bənd) Apellyasiya instansiyası məhkəməsinin bu mövqeyi də anlaşılan deyil. Belə ki, apellyasiya instansiyası məhkəməsi müddətin kəsilməsi baxımından bir tərəfdən cavabdehin xx.xx.2018-ci il tarixli Yoxlama Aktından sonra 2018-ci ilin may ayından 2019-cu ilin avqustunadək ödəniş etməsini göstərib, digər tərəfdən də cavabdehin iddiaçıdan 2019-cu ildə də aldığı sement məhsullarına görə 2019-cu ildə müxtəlif aylarda ödənişlər etməsini qeyd edib. Nəticədə məlum deyil ki, cavabdeh tərəfindən 2018-ci ilin may ayından 2019-cu ilin avqustunadək həyata keçirilmiş ödənişlər Yoxlama Aktına əsasən yaranmış qalıq borcun ödənilməsidir, yaxud cavabdehin Yoxlama Aktından sonra iddiaçıdan aldığı sement məhsullarının əvəzinin ödənilməsidir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
-tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilənin 5.1-ci maddəsinə əsasən müqavilə üzrə ödəmələr satıcının təqdim etdiyi sənədlər əsasında malın alıcı tərəfindən təhvil alındığı tarixdən 1 ay müddətində aparılır. Satıcının təklif etdiyi endirimli satışlar 100 % əvvəlcədən ödəniş şəklində aparılır. Tərəflər ən azı 3 ayda bir dəfə çatdırılmış malların həcmi, ödənilmiş məbləğ və qalıq borc barədə yoxlama aktı və hər dəfə ödəniş edilərkən təhvil-təslim aktı tərtib edirlər. Müqavilənin tələbinə əsasən 3 ay müddətinə çatdırılmış malın həcmi, ödənilmiş məbləğ və qalıq borc barədə yoxlama aktı xx.xx.2018-ci il tarixdə aparılmış, guya ki, qalıq borc müəyyən edilmişdir. Yoxlama aktı müqavilə şərtlərinə uyğun aparılmamış, müqavilə ilə müəyyən edilmiş əsaslar aktda göstərilməmişdir. Belə ki, yoxlama aktında cavabdehə çatdırılmış malların çatdırılmasını sübut edən əmtəə nəqliyyat qaiməsi və qaiməyə uyğun malın həcmi, alıcıya çatdırılmış hər partiya malın (qaimə əsasında) ödənilmiş məbləği və qalıq məbləği müəyyən edilmədən yekun qalıq borcu müəyyən edilmişdir. Bu son qalıq borcunun haradan yaranması aktla müəyyən edilməmişdir. Əslində aktda müəyyən edilmişdir ki, yoxlama dövründə, yəni 01 yanvar 2017-ci ildə xx.xx.2018-ci ilə qədər alıcı (cavabdeh) tərəfindən götürülən mal dövriyyəsinin məbləği 10.828 manat olmuş, həmin dövr üçün ödənilən məbləğ 9.712 manat təşkil etmişdir ki, burada qalıq borcu 1106 (bir min yüz altı) manat təşkil edir. Bu səbəbdən məhkəmənin iddia tələbini bu cür səthi araşdıraraq iddiaçının yoxlanılmamış sənədlərinə hüquqi qiymət verməsi başa düşülən deyil; -eyni zamanda iddiaçının məhkəməyə təqdim etdiyi yoxlama aktı saxta olaraq sonradan tərtib edilmişdir. Çünki yoxlama aktının cavabdehlə olan 2-ci hissəsində cavabdehin imzası yoxdur. İş materiallarında olan və məhkəmənin sübut növü kimi əsaslandığı yoxlama aktı (xx.xx.2018 tarixli) qanunvericiliyin və bağlanmış xx.xx.2017-ci il tarixli müqavilənin şərtlərini pozmaqla tərtib edildiyindən əsas sübut kimi götürülə bilməzdi. Götürülməsi mümkün olsa, onda 1106 (bir min yüz altı) manat qalıq borc kimi qəbul edilməlidir; -məhkəməyə təqdim edilmiş kassa-mədaxil qəbzlərindən görünür ki, cavabdehin iddiaçıya qalıq borcu olmamışdır. Belə ki, qalıq borcu olduqda kassa-mədaxil orderində qalıq borc hissəsində məbləği qeyd edilməlidir, necə ki, başqa qəbzlərdə bu cür borc qeyd edilmişdir; -bundan başqa, məhkəmə cavabdehin xx.xx.2021-ci il tarixdə məhkəməyə iddia müddətinin keçməsi ilə əlaqədar ərizə verməsini qətnamədə göstərsə də, bu halın əsaslı olub-olmamasını araşdırmamış və qətnamədə ərizənin təmin edilməsi üçün hər hansı bir hal göstərilməmişdir. Mülki Məcəllənin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmənin iddiaçının iddia tələbinin artırmağa dair xx.xx.2021-ci il tarixli iddia ərizəsinə əlavəsində eyni əsaslarla cavabdehdən əlavə olaraq 4000 (dörd min) manat, cəmi 78920 (yetmiş səkkiz min doqquz yüz iyirmi) manat pul tutulmasını xahiş etməsini əsassız hesab edərək rədd etməsi və iddianı qismən təmin etməsi göstərir ki, məhkəmə əlavə iddia ərizəsi üzrə doğru nəticəyə gəldiyi halda iddia üzrə yanlış və əsasız nəticəyə gəlmişdir. Belə ki, iddia ərizəsinə əlavə də eyni əsaslarla verilmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
40. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
41. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsini xahiş etdi.
42. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
43. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Maddə 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Maddə 432. Öhdəliyin hissə-hissə icrası 432.1. Əgər kreditor razıdırsa, borclu öhdəliyi hissə-hissə icra edə bilər (öhdəliyin hissə-hissə icrası). 432.3. Əgər borclu kreditora bir neçə eyni növlü öhdəlik icra etməlidirsə və onun icra etdikləri bütün öhdəliklərin ödənilməsi üçün yetərli deyildirsə, icra zamanı borclunun özünün müəyyənləşdirdiyi öhdəlik ödənilir. Əgər borclu ödənilən öhdəliyi müəyyənləşdirməzsə, onda ödənilmə müddəti çatmış öhdəliklərdən müvafiq olaraq kreditorda daha az təminatı olan öhdəlik əvvəlcə ödənilir, bərabər təminatlı öhdəliklərdən borclu üçün daha ağır olanı, eyni dərəcədə ağır olan öhdəliklərdən daha köhnə öhdəlik, eyni müddətli öhdəliklərin isə hamısı ödənilir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 597.1. Alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdətutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissəhissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
44. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
45. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 02 iyul 2021-ci il tarixli, 2(060)- 4073/2021 nömrəli qətnaməsi qismən- cavabdehdən 9 000 (doqquz min) manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia təmin edilməməli, qətnamə- “65348 (altmış beş min üç yüz qırx səkkiz) manat məbləğində pul, 30 (otuz) manat məbləğində dövlət rüsumu və 0,40 (qırx qəpik) manat məbləğində bank xidməti haqqının tutularaq İddiaçı MMC-yə ödənilməsi”hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
47. Məhkəmə kollegiyası mübahisə ilə bağlı aşağıdakıları qeyd edir.
48. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir.
49. İşin müəyyən edilmiş faktiki halları baxımından iddianın qanuni əsası kimi Mülki Məcəllənin 567-ci və 597.1-ci maddələri nəzərdən keçirilə bilər. Belə ki, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.
50. İddia tələbi tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə borca dair tərtib edilmiş və təsdiqlənmiş xx.xx.2018-ci il tarixli akta əsaslanır. İddiaçı, bu məbləğdə alacağının cavabdeh tərəfindən ödənilmədiyini bildirirək pulun tutulmasını tələb edir. 51.Cavabdeh ərizə verərək iddia müddəti ötürüldüyündən tələbin rədd olunmasını xahiş etmişdir.
52. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi və vəkili iş üzrə audit yoxlama ekspertizasının təyin edilməsini xahiş etmiş və bildirmişdir ki, yoxlama diller aktına əsasən, xx.xx.2017-ci ildən xx.xx.2018-ci il tarixə kimi Cavabdeh tərəfindən götürülən mal dövriyyəsinin məbləği 10.828 manat təşkil etmiş, həmin dövr üçün ödənilən məbləğ 9.712 manat təşkil etmişdir, burada qalıq borcu 1106 manat təşkil etmişdir. Yoxlama aktında bu qalıq borcun haradan yaranması, yəni malın alıcıya hansı əmtəə qaimə sənədləri ilə təhvil verilməsi, nəqliyyat qaimə fakturalarının olması, alınan həmin məhsulun qəbul edilməsi öz əksini tapmamışdır. Satıcı təşkilat İddiaçı MMC özünün üstün səlahiyyətlərindən istifadə etməklə, akt tərtib edib vermədiyi əmtəəyə görə alıcıdan artıq pul tələb etmişdir. Hazırki vəziyyətdə İddiaçı MMC-nin xx.xx.2017-ci il tarixdən xx.xx.2018ci il tarixə kimi fiziki şəxs Cavabdeh Məhəmməd oğlunu müqavilə üzrə verdiyi sement məhsulları və aldığı pullar audit yoxlanılması aparılmaqla müəyyən edilməlidir.
53. Məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə audit yoxlama ekspertizası təyin edilməsi barədə vəsatət təmin edilməmiş, xx.xx.2023-cü il tarixli digər qərardadla məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixə kimi Cavabdeh tərəfindən İddiaçı MMC-yə nə qədər ödəniş edilmişdir? xx.xx.2018-ci il tarixdən sonrakı dövr üzrə Cavabdeh tərəfindən İddiaçı MMC-yə nə qədər ödəniş edilmişdir? Edilmiş bütün ödənişlər nəzərə alınmaqla Cavabdeh İddiaçı MMC-yə borcu nə qədər təşkil edir?
54. xx.xx.2023-cü il tarixli ekspert rəyinin tədqiqat hissəsində ekspert aşağıdakıları qeyd etmişdir: Təqdim edilmiş iş materiallarının 1-ci cildinin 28-ci səhifəsində olan, xx.xx.2017-ci il tarixi əhatə edən “müştəri hesabından çıxarış”dan göründüyü kimi, Cavabdeh xx.xx.2017-ci il tarixə olan qalıq borcu 73.232,00 manat, xx.xx.2017-ci il tarixi dövründə götürülən mal dövriyyəsi 10.828,00 manat, ödənilən pul vəsaiti isə 9.712,00 manat olmuş və tərəflər tərəfindən öz imzaları ilə təsdiq olunmuşdur. Təqdim edilmiş iş materiallarının 1-ci cildinin 29-cu səhifəsində olan, “Konstromat MMC ilə işləyən X8” sənədindən də göründüyü kimi, Cavabdeh həmin yoxlama aktının tarixinə, yəni xx.xx.2018-ci il tarixə olan qalıq borcu 74.348,00 manat (73232,00 + 10828,00 - 9712,00) müəyyən edilmiş və tərəflər tərəfindən öz imzaları ilə təsdiq edilmişdir. Həmçinin bildirilir ki, iş materiallarının 1-ci cildinin 126-cı səhifəsində olan, Bakı şəhəri 41 saylı notariat kontorunda imzalanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsi ilə cavabdehə 74348 manat məbləğində pul vəsaitinin xx.xx.2018-ci il tarixədək faizsiz borc olaraq verilməsi öz əksini tapmışdır. Bundan başqa, təqdim edilmiş iş materiallarının 1-ci cildinin 59-62-ci səhifələrində olan, xx.xx.2019-xx.xx.2020-ci il tarixi əhatə edən “müştəri hesabından çıxarış”dan göründüyü kimi, Cavabdeh tərəfindən xx.xx.2019-xx.xx.2020-ci il tarixi dövründə götürülən mal dövriyyəsi 84.912,00 manat, ödənilən pul vəsaiti isə 80.340 manat olmaqla, bu dövr üçün yaranmış qalıq borcu 4.572,00 manat (84912,00-80340,00) müəyyən edildi.
55. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan məlumatların düzgünlüyünə məhkəmə tərəfindən hüquqi qiymət verildikdən sonra, Cavabdeh İddiaçı MMC-yə olan ümumi qalıq borcu 78.920,00 manat (74.348,00 +4.572,00) məbləğində müəyyən edilir.
56. Məhkəmə kollegiyası cavabdehin iddia müddəti tətbiq olunması barədə ərizəsinə münasibətdə qeyd edir ki, təqdim olunmuş sənədlərlə müəyyən edilir ki, cavabdeh iddiaçıdan 2019-cu ildə sement məhsulları almış və aldığı sement məhsullarına görə 2019-cu ildə müxtəlif aylarda ödənişlər etmişdir. Ekspert rəyi ilə də müəyyən olunur ki, xx.xx.2019-xx.xx.2020-ci il tarixi əhatə edən “müştəri hesabından çıxarış” məlumatlarına əsasən, Cavabdeh tərəfindən xx.xx.2019-xx.xx.2020-ci il tarixi əhatə edən dövrdə götürülən mal dövriyyəsi 84.912,00 manat, ödənilən pul vəsaiti isə 80.340 manat olmaqla, bu dövr üçün yaranmış qalıq borcu 4.572,00 manat (84912,00-80340,00) müəyyən edilmişdir.
57. Kollegiya hesab edir ki, 2019-2020-ci illərdə tərəflər arasında mal dövriyyəsi olmuş, həmin dövrlə bağlı ödənişlər olmuşdur. Bu isə iddia müddətinin tətbiqini istisna edən amildir. Belə ki, cavabdeh tərəfindən sonuncu ödənişin 31 dekabr 2019-cu il tarixdə edilməsi xx.xx.2019-xx.xx.2020-ci il tarixli müştəri hesabından çıxarışda əks olunmuşdur. (İ c-səh 62)
58. Əgər borclu kreditora bir neçə eyni növlü öhdəlik icra etməlidirsə və onun icra etdikləri bütün öhdəliklərin ödənilməsi üçün yetərli deyildirsə, icra zamanı borclunun özünün müəyyənləşdirdiyi öhdəlik ödənilir. (Mülki Məcəllə maddə 432.3) Kollegiya hesab edir ki, cavabdeh tərəfindən əvvəlki ödənişlərin edilməməsi və ikinci mal dövriyyəsi ilə bağlı ödənişlər edilməsi iddia müddətinin keçməsi üçün əsas ola bilməz. Belə ki, tərəflər arasında işgüzar münasibətlər olmuş, mal dövriyyəsi və ödənişlər edilmiş, bu isə iddiaçının hərəkətsiz durmaması, buna müvafiq olaraq iddia müddətinin də keçmədiyinə dəlalət edir.
59. Mülki Məcəllənin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.
60. Məhkəmə kollegiyası ekspert rəyi ilə bağlı aşağıdakıları etməyi zəruri hesab edir.
61. Hazırki işdə iddiaçı MMC, əvvəlcə cavabdehlə bağladığı alqı-satqı müqaviləsi üzrə qalıq borcuna dair xx.xx.2018-ci il tarixli aktda göstərilən 74.348 manat borcun tutulmasını tələb etmiş, daha sonra tələbin həcmini artıraraq, cavabdehə 2019-cu ilin aprel-noyabr aylarında da mal verdiyini iddia etməklə 78.920 manat ödənilməmiş pulun tutulmasını xahiş etmişdir.
62. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etmiş və hesab etmişdir ki, iddiaçı tələbin həcminin artırılmasına dair ərizədə göstərilənlərə dair sübutları məhkməyə təqdim etməmiş, bu halları sübuta yetirməmişdir. Məhkəmə 74.348 manat borca dair akta istinad edərək həmin məbləğdə pulun tutulmasını qət etmişdir.
63. Məhkəmə kollegiyası hesab edir ki, rəydə borcun 78.920,00 manat məbləğində olduğu (artırılmış iddia tələbinin həcminə uyğun olaraq) müəyyən edilsə də, birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçı mübahisələndirməmiş, yalnız cavabdeh apellyasiya şikayəti vermişdir. Bu səbəbdən iddianın rədd edilmiş hissəsi yox, 74.348 manat həcmində təmin olunmuş hissəsi apellyasiya baxışının predmetini təşkil etmişdir.
64. Məhkəmə kollegiyası cavabdeh tərəfindən edilmiş ödənişlərin məbləği ilə bağlı isə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
65. İş materiallarında olan müştəri hesabından çıxarışlar 2 ədəd olmaqla xx.xx.2017-xx.xx.2018-ci il tarixlərini və xx.xx.2019-xx.xx.2020-ci il tarixlərini əhatə edir və həmin dövrlərdə tərəflər arasında olan hesablaşmaları, ödənişləri əks etdirirlər. İş materiallarında olan təhvil-təslim aktları ilə həmin hesablamalarda olan ödənişlərin ayrıayrı dövrlərdə edilməsi bir daha təsdiqlənir. Başqa sözlə, hesabdan çıxarışda olan əməliyyatlar tərəflər arasında edilmiş təhvil-təslim aktlarında da öz əksini tapır. Lakin iş materiallarında olan 31 may 2018-ci il tarixli təhvil-təslim aktı (İ cild-səh 55) ilə ödənilmiş 9000 manat cavabdeh tərəfindən ödənilsə də, tərəflər arasında olan hesabdan çıxarışlarda əks olunmamışdır. Ödənişin tarixindən də göründüyü kimi, o hesablaşmalar dövrünü əhatə etməyən aralıq dövrdə edilmişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən edilmiş həmin ödəniş nəzərə alınaraq ekspert rəyi ilə müəyyən edilmiş məbləğdən çıxılmalıdır. (74348-9000=65348 manat) Həmin ödəniş 2019cu ilə kimi, yəni tərəflər arasında ikinci dövrdə olan mal dövriyyəsi ilə bağlı deyil, birinci dövriyyə ilə bağlı edilmişdir.
66. Məhkəmə kollegiyasının iclasında bir neçə dəfə tərəflərə mübahisənin barışıq yolu ilə həlli təklif olunmuş, iddiaçının nümayəndəsi rəhbərliklə danışıqlar aparılması üçün cavabdehi və vəkilini danışıqlara dəvət etmiş, ödəniləcək məbləğin hissə-hissə ödənilməsinin, yaxud azaldılması imkanlarının mümkünlüyünü bildirmiş, lakin cavabdeh və vəkilindən heç bir təşəbbüs irəli gəlmədiyi üçün mübahisənin barışıq yolu ilə həlli mümkün olmamışdır.
67. Kollegiya cavabdeh tərəfin bir tərəfdən iddia müddətinin tətbiqi barədə ərizə təqdim etməsi, digər tərəfdən son apellyasiya baxış iclaslarında borc məbləğinin mübahisələndirilməsi və bununla bağlı audit yoxlaması keçirilməli olması barədə vəsatətlər təqdim etməklə mövqeyini də ziddiyyətli hesab edir. Belə mövqe ona dəlalət edir ki, cavabdeh özünün iddia etdiyi məbləğdə olan az borcla razılaşır, borcun məhkəmə araşdırması ilə müəyyən edilmiş məbləğdə olması isə cavabdehi qane etmir, bu səbəbdən iddia müddətinin tətbiqi ilə bağlı məsələ qoyulur.
68. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
69. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
70. Məhkəmə kollegiyası hesab edir ki, işin halları və təqdim olunmuş sübutlarla cavabdehin iddiaçıya borcunun olması öz təsdiqini tapmışdır.
71. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 02 iyul 2021-ci il tarixli, 2(060)-4073/2021 nömrəli qətnaməsi qismən- cavabdehdən 9 000 (doqquz min) manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi hissəsində ləğv edilsin, həmin hissədə iddia təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 02 iyul 2021-ci il tarixli, 2(060)-4073/2021 nömrəli qətnaməsi- “65348 (altmış beş min üç yüz qırx səkkiz) manat məbləğində pul, 30 (otuz) manat məbləğində dövlət rüsumu və 0,40 (qırx qəpik) manat məbləğində bank xidməti haqqı tutularaq İddiaçı MMC-yə ödənilməsi”- hissəsində dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatlarının dəyəri olan 200 manat pul Cavabdeh tutularaq X1 (Müxbir hesab: AZ41NABZ********************, kod: 210005,VÖEN:**********), Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, AZ34CTRE******************** saylı hesaba ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.