Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1190/2022 04.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məmmədova Ramilə Camaləddin qızının katibliyi ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, 2(060)-986/2016 saylı qərardadından İddiaçı QSC tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ : Sumqayıt Şəhər Məhkəməsinin 12 fevral 2016-ci il tarixli qərardadı ilə (hakim İ.Məmmədov) İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki işin baxılmamış saxlanılması qərara alınmışdır. İddiaçı QSC icraatın təzələnməsinə dair vəsatət vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli qərardadı ilə (hakim E.Abdullayev) İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə iddiaçı tərəfindən verilmiş icraatın təzələnməsi barədə ərizənin təmin edilməməsi qərara alınmışdır. İddiaçı QSC Sumqayıt Şəhər Məhkəməsinin 12 fevral 2016-ci il tarixli qərardadından şikayət vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli qərardadı ilə (hakim A.İsmayılov) Sumqayıt Şəhər Məhkəməsinin 12 fevral 2016-ci il tarixli qərardadından İddiaçı QSC tərəfindən verilmiş şikayətin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. İddiaçı QSC Sumqayıt Şəhər Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli qərardadından şikayət vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli qərardadı ilə (hakim R.Qoşqarlı) İddiaçı QSC-nin Sumqayıt Şəhər Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli qərardadından verdiyi şikayətin geri qaytarılması qərara alınmışdır. İddiaçı QSC həmin qərardaddan da şikayət vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli qərardadından İddiaçı QSC-nin şikayətinə baxılması üçün mülki işlə birlikdə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-667/2022 nömrəli, 08.02.2022-ci il tarixli qərardadı ilə şikayət qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli və onunla bağlı 27 dekabr 2021-ci il tarixli qərardadları ləğv edilərək, şikayətə yenidən baxılması üçün mülki işin Sumqayıt Şəhər Məhkəməsinə qaytarılması qərara alınmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-986/2016 nömrəli, 31 mart 2022-ci il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin bu iş üzrə 16 noyabr 2021-ci il tarixli qərardadından İddiaçı QSC-nin şikayətinə baxılması üçün mülki işlə birlikdə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını iddiaçının şikayəti ilə birgə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, 2(060)-986/2016 nömrəli qərardadı ləğv edilməli və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün iş materialları həmin məhkəməyə qaytarılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi Sumqayıt Şəhər Məhkəməsinin 12 fevral 2016-cı il tarixli, 2(060)-986/2016 nömrəli qərardadından iddiaçı tərəfindən verilən şikayəti geri qaytararkən MPM-in 267 və 268-ci maddələrinə istinad etmiş və iddiaçının qərardaddan şikayət verilməsi üçün nəzərdə tutulan prosessual müddəti ötürməsinə istinad etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır. Belə ki, mülki işin materiallarında iddiaçı tərəfindən hazırkı şikayətdə mübahisələndirilən qərardadın iddiaçı tərəfindən alınmasını sübut edən hər hansı bir sənəd (məhkəmə qəbzi, poçt xəbərnaməsi) yoxdur. İşə baxan məhkəmə isə bu faktı araşdırmadan, şikayət müddətini qərardadın tarixindən (5 ildən artıq vaxt keçib) hesablamaqla şikayəti geri qaytarmışdır. Halbuki, Mülki Prosessual Məcəllənin 268.1 və 268.2-ci maddələrinə(qərardad qəbul edildiyi tarixdə olan məzmunda) əsasən şikayət qərardad tərəfə təqdim edildikdən və ya tərəf onu aldıqdan sonra 10 gün müddətində verilir. Qəradad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, işin qeyd edilən faktiki halı araşdırılmadan, yalnız qərardadın qəbul edilmə tarixindən uzun müddət keçməsi əsası ilə şikayəti geri qaytarmaqla, baxmayaraq ki, bu hal az əhəmiyyət kəsb etmir, obyektiv nəticəyə gəlmək olmaz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə şikayəti bu qaydada geri qaytarmaqda haqlı olmamışdır. Mülki Prosessual Məcəllənin 398.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Mülki Prosessual Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, 2(060)-986/2016 nömrəli qərardadı ləğv edilməli və sonrakı prosessual hərəkətlərin edilməsi üçün iş materialları həmin məhkəməyə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 398.0, 398.0.3, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, 2(060)-986/2016 nömrəli qərardadı ləğv edilsin. Mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Sumqayıt Şəhər Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1190/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1190/2022
04.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver