Məhkəmə qərarları › İş №2(105)-1192/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1192/2021

19.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1192/2021 19.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Nahid Nəsrəddin oğlunun katibliyi, İddiaçı nümayəndəsi Seyfullayev Bahadır Mödhəd oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(067)-2490/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(067)-2490/2020 saylı qətnaməsi ilə (hakim A.Sadıqov) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 208,57 manat məbləğində əsas borcun **********11550 saylı abonent koduna və 15 manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı bank hesabına ödənilməsi, ödənilmiş dövlət rüsumunun 5 manatının iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı İB ondan apelyasiya şikayəti verərək qətnamənin iddianın təmin edilməmiş hissəsində ləğv edilməsini və iddianın tamamilə təmin edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 424,57 manat məbləğində əsas borcun **********11570 saylı abonent koduna və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı bank hesabına tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını bununla əsaslandırmışdır ki, cavabdehin istifadə etdiyi təbii qaza görə ödənilməmiş borcu qalmışdır. Rəsmi xəbərdarlıq olunmasına baxmayaraq abonent tərəfindən borc hələ də ödənilməmişdir. Abonentin borcu onun mənzilində quraşdırılmış qaz sayğacının göstəricilərinə əsasən hesablanmışdır. Cavabdeh onunla bağlanmış «qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqı barədə» müqavilənin müvafiq bəndlərini pozmaqla üzərinə götürdıüyü öhdəlikləri yerinə yetirmir və buna görə də iddia təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı cıxarılmışdır. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, TƏRƏFLƏRİN İZAHATLARİ və SÜBUTLARİ: İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi qismən maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunmuş, işin halları və təqdim edilmiş sübutlar tam araşdırılmamışdır. “İddiaçı“ X1 RQİİ-si ilə Cavabdeh arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə əsasında o, təbii qazdan istifadə edir. Abonent üçün qaz sayğacı quraşdırılmışdır. Həmin sayğaca Xaçmaz RQİİ-nin Xaçmaz xidmət sahəsinin işçiləri tərəfindən abonentin iştirakı ilə xx.xx.2020-ci il tarixdə baxış keçirilmiş, labarotoriya rəyinə əsasən sayğacda müdaxilə aşkar olunduğu üçün abonent Cavabdeh barəsində Xaçmaz RQİİ- nin Xaçmaz xidmət sahəsinin işçiləri tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2020-ci il tarixli, ******* saylı akt tərtib edilmiş və dəymiş ziyan 2160 m3 və ya 216 manat hesablanaraq abonentin koduna işlənilmişdir. Həmin aktı Cavabdeh etiraf edərək heç bir irad bildirmədən imzalamışdır. Akta görə hesablanmış 216 manat itirilmiş qazın ziyanını abonent 2020-ci ilin noyabr ayında ödəmişdir. Bu ödəmələr abonent saldosunda öz əksini tapmışdır. Beləki, abonent Cavabdeh barəsində “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2020ci il tarixli, ******* saylı akt tərtib olunanadək yaşayış evində 4 gözlü qaz plitəsindən, qızdırıcı radiator sobasından, qeyri-standart su qızdırıcısı-kalonkalardan istifadə etməklə təbii qaz istehlak etmişdir. İddiaçı iddia ərizəsində cavabdehdən tutulması xahiş olunan 424,57 manat məbləğ abonent Cavabdeh təbii qazdan istifadəyə görə yaranan debitor borcudur. Bu borcun ödənilməsi cavabdehin müqavilə öhdəliklərindən irəli gəlir. Tərəflər arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə“ müqavilənin 3.3-cü bəndində göstərilir ki, istehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması bu müqaviləyə əlavə olunmuş ARDNŞ-nin Şurasının xx xxxx 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş qaydalara uyğun olaraq tənzimlənir. Lakin Xaçmaz rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(067)-2485/2020 saylı qətnaməsində hansı səbəbdən iddianın tam deyil, qismən təmin edilməsinin əsaslılığı barədə heç bir qeyd yoxdur. Buna görə də qətnamə qismən təmin edilməməsi hissəsində ləğv edilməli, iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmə kollegoyasının iclasında İddiaçı nümayəndəsi Seyfullayev Bahadır Mödhəd oğlu apelyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. İş üzrə Cavabdeh məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan “İddiaçı“ X1 RQİİ-si ilə Cavabdeh arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” 13522 saylı müqavilədən görünür ki, tərəflər təbii qazdan istifadə edilməsi və dəyərinin vaxtında ödənilməsi barədə razılığa gəlmişlər. Yenə iş materiallarında olan xx xxxxxxx 2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, “İddiaçı“ İB Cavabdeh həmin tarixə 424,57 manat debitor borcunun olması və bu borcu 5 gün müddətinə ödənilməsi barədə xəbərdarlıq etmişdir. Yenə də iş materiallarında olan abonent Cavabdeh saldosundan görünür ki, onun təbii qazdan istifadəyə görə sentybar 2020-ci il tarixinə ümumilikdə 424,57 manat borcu (o cümlədən 216 manat akt üzrə borcu) vardır. MƏHKƏMƏNİN HÜQUQİ MÖVQEYİ: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddianın təmin edilmiş hissəsində qətnamədən apelyasiya şikayəti verilmədiyindən məhkəmə kollegiyası MPM-nin 372.6-cı maddəsinə əsasən hesab edir ki, bu hissədə qətnamə hazırkı mərhələdə apelyasiya baxışının predmeti hesab edilmir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb, işdə olan sübutları araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(067)-2490/2020 saylı qətnaməsi iddianın rədd edilməsi hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə də təmin olunmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflər təbii qazdan istifadə edilməsi və dəyərinin vaxtında ödənilməsi barədə müqavilə bağlamışlar və “İddiaçı“ İstehsalat Birliyi Cavabdeh məxsus yaşayış evini təbii qazla təchiz etmişdir. Lakin abonent müqavilənin şərtlərini pozaraq istehlak etdiyi qazın dəyərini vaxtında ödəməmiş, bununla da onun debitor borcu yaranmışdır. xx xxxxxxx 2020-ci il tarixli xəbərdarlıq məktubu ilə müəyyən edilir ki, bu borc 424,57 manat təşkil edir. Həmin borcun 216 manat hissəsi təbii qazdan istifadə qaydalarının pozulması nəticəsində akt əsasında yaranmış borc, qalan 208,57 manat hissəsi isə sayğac üzrə istifadə edilmiş təbii qazın dəyəri olan borcdur. Mübahisəni araşdıran məhkəmə iddianı qismən təmin etmiş, borcun 208,57 manat hissəsini təmin etsə də, akt əsasında yazılmış 216 manat hissəsini təmin etməmiş, lakin bunu öz qətnaməsində əsaslandırmamışdır. Apelyasiya şikayətindən görünür ki, Cavabdeh məxsus yaşayış evindəki sayğaca Xaçmaz RQİİ-nin Xaçmaz xidmət sahəsinin işçiləri tərəfindən abonentin iştirakı ilə xx.xx.2020-ci il tarixdə baxış keçirilmiş, labarotoriya rəyinə əsasən sayğacda müdaxilə aşkar olunduğu üçün abonent Cavabdeh barəsində Xaçmaz RQİİ- nin Xaçmaz xidmət sahəsinin işçiləri tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2020-ci il tarixli, ******* saylı akt tərtib edilmiş və dəymiş ziyan 2160 m3 və ya 216 manat hesablanaraq abonentin koduna işlənilmişdir. Həmin aktı Cavabdeh etiraf edərək heç bir irad bildirmədən imzalamışdır. Qeyd edilən aktın və oradakı borcun abonent tərəfindən mübahisələndirilməsi, həmin akt əsasında tələb edilən borcun silinməsi barədə işdə hər hansı mötəbər sübut yoxdur. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, bu borc da cavabdehin abonent koduna işlənilməlidir. İşə baxan məhkəmə isə bu hala düzgün qiymət verməmiş, akt əsasında tələb edilən borcun da abonentin koduna işlənilməsinə dair iddianın rədd edilməsi barədə əsassız nəticəyə gəlmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə görə qaz paylayıcısı müqavilə əsasında istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını və ötürülməsini təşkil etməlidir. Qanunun qeyd edilən maddəsinin 8-ci və 9-cu bəndlərinin tələblərinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmi. “Qazdan istifadə Qaydaları”nın 2.3.5-ci bəndinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir. Həmin Qaydaların 2.2.5-ci bəndinə əsasən istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etmək paylayıcının hüququdur. Eyni Qaydaların 3.1.5-ci bəndinə əsasən qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməlidir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Bu Qayadaların 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. İşin tədqiq edilən faktiki hallarından göründüyü kimi cavabdeh tərəfindən qaz sayğacına müdaxilə edildiyi üçün dəymiş ziyan olaraq ona qanunsuz istifadə etdiyi təbii qazın həcmi 2160 kub metr, dəyəri isə 216 manat hesablanmışdır. Bundan əlavə, təbii qazdan istifadəyə görə cavabdehin əvvəldən 208,57 manat borcu olmuşdur. Məhkəmə araşdırması nəticəsində vurulmuş zərərin məbləğinin ümimilikdə 424,57 manat təşkil etdiyi məlum olmuşdur və həmin məbləğin cavabdehin abonent koduna işlənilməsi barədə iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki halda iddianın tamamilə təmin edilməməsi abonenti təbii qazla təchiz edən və onun dəyərini yığmaq öhdəliyini daşıyan istehlakçı olaraq İddiaçı İB-nin hüququnun pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, İddiaçı İB iddianın tamamilə təmin olunması barədə apelyasiya şikayətinin əsaslarına dair dəlillərini sübut edə bilmişdir. Bu baxımdan, məhkəmə kollegiyası onun apelyasiya şikayətində göstərdiyi dəlilləri qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilməməsi hissəsində ləğvi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(067)-2490/2020 saylı qətnaməsi iddianın rədd edilməsi hissəsində ləğv edilməli, iddia tamamilə təmin olunmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən, iddianın verilməsi üçün ödənilmiş 20,40 manat və apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 10,40 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. AR MPM-in 404-1-ci madəsinə əsasən apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.2, 393, 402 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(067)-2490/2020 saylı qətnaməsi iddianın rədd edilməsi hissəsində ləğv edilsin və bu hissədə yeni qətnamə qəbul edilərək iddia təmin edilsin. Cavabdeh təbii qazdan istifadəyə görə akt əsasında yaranmış 216 manat məbləğində borc **********11550 saylı abonent koduna tutulsun. Qalan hissədə, yəni Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 208,57 manat məbləğində əsas borcun **********11550 saylı abonent koduna ödənilməsi hissələrində qətnamə dəyişdirilmədən saxlanılsın. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 20,40 manat və apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 10,40 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı bank hesabına ödənilsin. Qətnamə dərhal qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar