Məhkəmə qərarları › İş №2(105)-1197/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1197/2021

09.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1197/2021 09.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Əliyev Əliağa Vahid oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı azyaşlı uşaqları ilə birlikdə yaşayış sahəsindən istifadə hüququnun müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(060)-2320/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(060)-2320/2020 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. (hakim İ.Xəlilov) Qətnamədən narazı qalan İddiaçı ondan apelyasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsini və onun iddiasının təmin edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun və övladları Elşən və Elvinin cavabdehlə birgə tikdikləri və yaşadıqları Xaçmaz şəhəri, Hüseynbala Əliyev küçəsində yerləşən 8 saylı evdən istifadə hüququnun müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, 2005-ci ildə Cavabdeh ilə evlənmişlər və onun valideynlərinin evinə gəlin köçmüşdür. Ancaq müəyyən səbəblərdən nikahlarını rəsmiləşdirməmişlər. Birgə nikahdan iki uşaqları-xx.xx.2006-cı ildə Elşən və xx.xx.2009-cu ildə Elvin adlı uşaqları anadan olmuşdur. Ailə münasibətləri pozuduğundan onlar ayrılmışlar və Xaçmaz Rayon Məhkəməsinin 2(067)- 2687/2017 saylı, xx xxx 2017-ci il tarixli qətnaməsinə əsasən iki uşağı onun himayəsinə verilmiş, iki uşağa görə hər ay onun xeyrinə 150 manat alimentin tutulması qət edilmişdir. Cavabdehlə birgə yaşadıqları vaxt ünvan 1 ünvanda qaynanasının adına olan 0,04 ha həyətyanı torpaq sahəsində bir otaqlı ev tikmişlər. Həmin evi birgə yaşadıqları zaman birgə vəsaitləri hesabına tikmişlər. O, iki uşağı və cavabdeh uzun müddətdir ki, həmin evdə birgə yaşayırlar. Ailə münasibətləri pozulduğundan sonra, cavabdeh onu və uşaqları evdən çıxmağa məcbur edir. Onun isə başqa yaşayış sahəsi yoxdur. Cavabdeh onun və uşaqlarının bu evdən heç bir hüququ olmadığını bildirir, lakin onun və uşaqlarının bu evdən istifadə hüquqları vardır. Mübahisəli ev dövlət reyestrindən qeydiyyatdan keçməmişdir. Mübahisəli evə dair hüququ olduğuna görə iddia təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İş üzrə İddiaçı apelyasiya şikayətini bununla əsaslandırmışdır ki, məhkəmə mübahisəni hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün qiymət verməmiş, iddianın təmin edilməməsi barədə səhv nəticəyə gəlmişdir. Məhkəmə yalnız cavabdeh tərəfin mənafeyinə uyğun qətnamə qəbul edərək maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Mübahisəli tikilinin yerləşdiyi 0,04 torpaq sahəsi cavabdehin anası olan X1 adınadır, o, bu torpaq sahəsini ya bələdiyyədən, ya da ondan əvvəlki qurumlardan almışdır. Tərəflər isə orada birgə yaşadıqları zaman yaşayış evi inşa etmişlər və artıq 14 ildir ki, orada yaşayırlar. Qətnamə elan edildikdən aonra isə, cavabdeh və anası onları bu evdən qovmuşlar. Mübahisəli evə dair hüquqlar dövlət qeydiyyatına alınmasa da, 2006-cı ildən cavabdehin faktiki sahibliyindədir. Mübahisəli hüquq münasibətləri 2006-cı ildə yarandığına görə hazırkı mübahisəyə 2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsinin normaları tətbiq edilməli və iddia təmin olunmalıdır. Onun hazırda yaşamağa başqa yeri yoxdur. Bu hallara məcmu halda qiymət verilsəydi, iddia təmin olunmalı idi. Göstərilənlərə əsasən qətnamə ləğv edilməli, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməlidir. Apelyasiya baxışı zamanı iştirak etdiyi məhkəmə iclasında İddiaçı və onun vəkili X2 apelyasiya şikayətini müdafiə etdilər və bildirdilər ki, şikayət əsaslı olduğuna görə təmin edilməli, qətnamə ləğv olunmalı, iddia isə təmin edilməlidir. İddiaçı əlavə etdi ki, cavabdehin fikri odur ki, mübahisəli evə yeni tanış olduğu qadını gətirsin, bu isə yolverilməzdir, çünki o və birgə nikahdan doğulmuş iki uşağın yaşamağa başqa yerləri yoxdur. Apelyasiya baxışı zamanı iştirak etdiyi məhkəmə iclasında Cavabdeh şikayətə etiraz etdi və onun rədd olunmasını xahiş etdi. Cavabdeh əlavə etdi ki, o, nə iddiaçını, nə də uşaqlarını evdən qovmamışdır. Onun evi yoxdur. Ev anasınındır. İddiaçı ondan ayrıca otaq istəyir, bu isə mümkün deyildir. O, keçmiş arvadının və iki uşağının bu evdə yaşamasına etiraz etmir. Məhkəmə kollegiyasının sonuncu iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. İş materiallarına əlavə edilmiş AZ-İİ 700846 saylı və AZ-İİİ 323446 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Cavabdeh ilə İddiaçı faktiki nikahlarından iki uşaqları-xx.xx.2006-cı il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X5 anadan olmuşlar. Yenə iş materiallarında olan DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, İdarənin arxiv sənədlərinə əsasən ünvan 2 ünvanda X1 adına qeydiyyata alınmış fərdi yaşayış evi aşkar edilməmişdir. Yenə də iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2020-ci il tarixli, 05/2337 saylı və xx.xx.2021-ci il tarixli, 01/4492 saylı arayışlarından görünür ki, Cavabdeh adına mülkiyyət və digər əşya hüquqlarının qeydiyyata alınması barədə hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində keçmiş Tİ və MHQ idarələrinin arxiv məlumatlarında, ƏMDK və DTXK tərəfindən təqdim edilmiş elektron bazada məlumat yoxdur. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, iş üzrə tərəflərin izahatlarını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb, işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, tərəflər 2005-ci ildə faktiki nikah münasibətlərinə girmiş, bu nikahdan onların iki uşaqları olmuşdur. İddiaçı iddia edir ki, ailə qurduqdan sonra, onların birgə vəsaiti ilə cavabdehin anasına məxsus olan 0,04 ha torpaq sahəsində yaşayış evi inşa etmiş və orada yaşamışlar. Həmin tikili üzrə hər hansı hüquqlar dövlət qeydiyyatına alınmamışdır. Tərəflər arasında nikah pozulmuşdur və iki uşaq iddiaçının himayəsində saxlanılmışdır. Hazırda İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun və övladları Elşən və Elvinin cavabdehlə birgə tikdikləri və yaşadıqları Xaçmaz şəhəri, Hüseynbala Əliyev küçəsində yerləşən 8 saylı evdən istifadə hüququnun müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş üzrə iddia ərizəsindən məlum olur ki, iddiaçı azyaşlı uşaqları ilə birlikdə ünvan 3 ünvanında yerləşən 0,04 ha torpaq sahəsində inşa edilmiş bir otaqlı evə dair tələb irəli sürmüşdür. Lakin həmin evə dair işdə heç bir sübut yoxdur. Eləcə də mübahisəli evin və onun yerləşdiyi torpaq sahəsinin kimə məxsus olması barədə işdə hər hansı hüquq müəyyənedici sənəd mövcud deyildir. Əksinə, iş materiallarında olan DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin cavab məktublarından məlum olur ki, idarənin arxiv sənədlərinə əsasən ünvan 2 ünvanda X1 və Cavabdeh adına rəsmi reyestrdə qeydiyyata alınmış fərdi yaşayış evi və digər daşınmaz əmlak aşkar edilməmişdir. Başqa sözlə, işin tədqiq olunan faktiki hallarından görünür ki, mübahisəli ev özbaşına tikilidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinin tələbinə görə, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-cı maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Məhkəmə kollegiyası nəzərə alır ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin ev faktiki olaraq mövcuddur və tərəflər oradan yaşayış sahəsi kimi istifadə edir. Cavabdeh mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq uzun müddət həmin evdə yaşamış iddiaçı da öz yetkinlik yaşına çatmayan uşaqları ilə həmin şərtlər daxilində bu evdə yaşaya bilər. Onlar da орада йашайан шяхслярин йашамыш олдуьу шяртляр дахилиндя йашамаг имканыna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Cavabdeh məhkəmədə fərdi yaşayış evinin özünə məxsus olmadığını bildirsə də, yuxarıda göstərilən məzmunlu izahatlar onun bu dəlili tamami ilə təkzib edir. Belə ki, o, məhkəmədə izahat verərkən iddiaçının uşaqları ilə birlikdə həmin evdə yaşamasına etiraz etmədiyini, yalnız iddiaçının ayrıca otaq tələbini qəbul etmədiyini bildirmişdir. Qeyd olunanlarla yanaşı, işdən görünür ki, iddiaçı özbaşına tikili hesab olunan yaşayış evinə istifadə hüququnun müəyyən edilməsini tələb edir. Halbuki, daha öncə qeyd olunduğu kimi özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı qanunla müəyyən edilmişdir. Belə olan halda səlahiyyətsiz şəxdən, yəni özünün qanuni əsaslara söykənən istifadə hüququ olmayan şəxsdən ona aid olması ehtimal edilən özbaşına tikilmiş yaşayış evinə istifadə hüququnun tanınmasını tələb etmək əsaslı hesab edilib təmin edilə bilməz. Belə ki, yaşayış sahəsinə istifadə hüququnun yaranması əsasları qanunla müəyyən edilmişdir. İstər tərəflər arasında hüquq münasibətlərinin yarandığı dövrdə, yəni xx.xx.2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsində, istərsə də Mülki Məcəllədə özbaşına tikiliyə istifadə hüququnun tanınması anlayışı yoxdur. Bütün hallarda qanunverici yaşayış sahəsinə istifadə hüququnun tanınması üçün həmin yaşayış sahəsinin qanuni əsaslarla mövcud olmasını tələb edir. AR MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. Hazırkı halda, İddiaçı məhkəmə iclasında Cavabdeh onun hansı hüquqlarını pozmasını sübuta yetirə bilməmişdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə xx xxxxxxx 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilməyən İddiaçı tələbini rədd edərkən məhkəmə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası iddiaçının apelyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, apelyasiya şikayətinin əsaslarına dair məhkəməyə hər hansı mötəbər və legitim sübut təqdim edə bilməmişdir. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətini formal mülahizələr kimi qiymətləndirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(060)- 2320/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən:Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar