Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1197/2023 14.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə (Açar sözlər: kredit müqaviləsi, iddia müddəti) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X4 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(012)-790/2023 nömrəli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. xx.xx.2015-ci il tarixli, 1-Y-1-0-749-15 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh "xxxx" İKB ASC-dən illik 27,9 faizlə 12 ay müddətinə 5000 ABŞ dolları kredit götürmüşdür.
2. xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən, xx.xx.2015-ci il tarixli, 1-Y-1-0- 749-15 saylı kredit müqaviləsi üzrə Cavabdeh 2779,19 ABŞ dolları əsas borc, 2168,36 ABŞ dolları faiz borcu, 4715,12 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1123,35 ABŞ dolları məbləğində əldən çıxmış fayda kredit borcu vardır.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASCnin xeyrinə xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 2779,19 ABŞ dolları əsas borc, 2168,36 ABŞ dolları faiz borcu, 1178,78 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1123,35 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 7249,68 ABŞ dolları borcun və 126,98 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2015-ci il tarixli kredit kartının verilməsi müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən (hazırkı İddiaçı ASC) illik 27,9 faizlə 12 ay müddətinə 5000 ABŞ dolları kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. 2022-ci ilin iyul 8-dək Cavabdeh banka xx.xx.2015-ci il tarixli kredit kartının verilməsi müqaviləsi üzrə banka 2779,19 ABŞ dolları əsas borc, 2168,36 ABŞ dolları faiz borcu və 4715,12 ABŞ dolları cərimə borcu və xx.xx.2016-cı il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 4715,12 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 10786,02 ABŞ dolları borcu vardır. Cavabdeh xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu 4715,12 ABŞ dollar təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25 %-i miqdarında olmaqla, yəni 1178,78 ABŞ dolları məbləğində tələb olunur. Bundan əlavə cavabdeh sonuncu dəfə xx.xx.2017-ci il tarixində 29 ABŞ dollar məbləğində ödəniş etmişdir.
5. Cavabdeh vəkili-nümayəndəsi Vəkil ərizə ilə məhkəməyə müraciət edərək müqavilə üzrə iddia müddətinin keçməsi əsası ilə iddianın rədd edilməsini xahiş etmişdir.
6. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(012)-790/2023 nömrəli qətnaməsi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması barədə iddia tələbi təmin edilməmişdir. (hakim Elman Məmmədov)
7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinin tələblərinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir, lakin iddiaçı bank müqavilə tələbləri üzrə olan 3 illik iddia müddətini ötürmüş və bugünədək məhkəməyə müraciət etməmişdir. Odur ki, iddiaçı bank tərəfindən müqavilə tələbləri üzrə iddia müddəti ötürüldüyündən, cavabdehin vəkili-nümayəndəsinin ərizəsi üzrə iddia tələbi rədd edilməlidir.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 372.2, 373.2, 373.3, 375.2, 376-cı maddələri, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.1, 107,119.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
9. İddiaçı ASC apellyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsinin e-2(012)- 790/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi tam ləğv edilərək, iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Şikayətin dəlilləri:
11. Mülki Məcəllənin 399-cu maddəsinin tələbindən çıxış edərək demək olar ki, nə qədər borclu müqavilə üzrə öhdəliyini yerinə yetirməmişdir və müqavilədə belə bir şərtdə nəzərdə tutulmamışdır ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olsun. Onda cavabdeh bu vəzifəni yerinə yetirənə kimi kredit müqaviləsi qüvvədə olur. Belə hallarda müqavilədə nəzərdə tutulmuş öhdəliyin icrasının qurtarması anına kimi müqavilə qüvvədə olur. Göründüyü kimi məhkəmə işin bütün faktiki hallarını araşdırmadan iddia müddətinin keçməsi əsası ilə iddianı rədd etməkdə haqlı olmamış və qətnamədə səhv nəticəyə gəlmişdir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
12. Cavabdeh vəkili-nümayəndəsi Vəkil ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, İddiaçı ASC-nin apellyasiya şikayətini əsassız hesab edirlər. İddiaçı ABŞ dollarında bağlanmış kredit müqaviləsinə Azərbaycan Respublikası Prezidentinin fərmanına uyğun olaraq restrukturizasiya tətbiq etməmişdir. Həmçinin iddia tələbi üzrə iddia müddəti ötürülmüşdür. AR Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. AR Mülki Məcəlləsinin 373.3-cü maddəsinə əsasən, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Abşeron Rayon Məhkəməsi qətnaməsində haqlı olaraq qeyd etmişdir ki, "iddiaçı bu günədək cavabdehə bir dəfə də olsun bildiriş yollamamış və borcu tələb etməmişdir." Yuxarıdakılara əsasən, İddiaçı ASC-nin apellyasiya şikayətinin təmin edilməməsini, Abşeron Rayon Məhkəməsinin e-2(012)-790/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Apellyasiya icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında İddiaçı ASC-nin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.
14. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
15. Maddə 372. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
16. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir.
17. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
18. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
19. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
20. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
“E.S.Həkimovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin MİÜMK-nın 06 noyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarınauyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarı
21. İddia hüququnun şəxsin hüququnun pozulmasını bilməli olduğu gündən əmələ gəlməsinə dair göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı məsuliyyət hissinin artırılmasına xidmət etməklə yanaşı, onun həyata keçirilməsinə yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və suiistifadə hallarının qarşısının alınmasına yönəlmişdir. Qeyd edilən qərarında həmin məhkəmə iddia müddətinin axımının başlanğıcının bir tərəfdən subyekti hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəli olduğunu, bu iki müxtəlif faktorun mövcudluğunun, habelə, onların heç də hər zaman üst-üstə düşməsinin iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amil olduğunu qeyd etmişdir.
“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 03 iyun 2013-cü il tarixli qərarı
22. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə
23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
26. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
27. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.
28. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
30. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
31. Apellyasiya şikayətindən görünür ki, İddiaçı ASC Abşeron Rayon Məhkəməsinin e-2(012)-790/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi tam həcmdə mübahisələndirmişdir.
32. Ona görə də kollegiya Abşeron Rayon Məhkəməsinin e-2(012)-790/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
34. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, "xxxx" İKB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə illik 27,9 faizlə 12 ay müddətinə 5000 ABŞ dolları kredit verilmişdir.
35. İddiaçının iddia tələbi məhz qeyd olunan müqaviləyə istinadla irəli sürülmüş, birinci instansiya məhkəməsi isə həmin tələbi təmin etmədiyi zaman göstərilən müqavilədən yaranan tələblər üzrə iddia müddətinin keçmiş olmasına əsaslanmışdır.
36. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır; belə ki, cavabdehlə bank arasında bağlanmış müqavilə üzrə öhdəliklərin icrası üçün nəzərdə tutulmuş müddət xx.xx.2019-cu il tarixdə bitmiş və iddia müddətinin axımı başlanmışdır.
37. Hazırkı iş üzrə tərəflər arasında yaranmış münasibətlər müqavilədən irəli gələn öhdəlikəri ilə bağlı olduğundan, həmin mübahisələrə 3 illik iddia müddəti tətbiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, kredit müqaviləsi üzrə öhdəliklərlə bağlı İddiaçı ASC qanunla müəyyən edilmiş müddət ərzində məhkəməyə müraciət etmədiyindən və cavabdeh tərəf iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət etdiyindən birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.
38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Qərarında göstərilmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz.
39. Məhkəmə kollegiyası hesab edir ki, xx.xx.2015-ci il tarixdə bağlanmış müqavilə üzrə iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünə dair birinci instansiya məhkəməsinin qənaəti Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında müəyyən olunmuş hüquqi mövqeyə görə əsaslıdır və həmin müqavilə üzrə iddia müddətinin axımı kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2016-cı il tarixdən hesablanmalıdır.
40. Kollegiya həmçinin qeyd edir ki, həmin müqavilənin təşkil etdiyi tələblər üzrə iddia müddəti xx.xx.2019-cu il tarixdə bitmişdir, iddiaçı isə ilk dəfə ərizə ilə məhkəməyə xx.xx.2022ci il tarixdə müraciət etdiyinə görə iddia müddəti ötürülmüş hesab olunmalıdır.
41. Qeyd olunmalıdır ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.
42. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.
43. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları).
44. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir.
45. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
46. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(012)-790/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.