Məhkəmə qərarları › İş №2(105)-1198/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1198/2025

12.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1198/2025 12.11.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi, ilkin iddiaçının nümayəndəsi və vəkili Vəkil2, qarşılıqlı iddiaçı Cavabdeh1 ASC-nin nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 ASC və "xxxx" ASC-yə qarşı lizinq ödənişlərinin tutulması və borcun silinməsi barədə ilk, iddiaçı "xxxx" ASC-nin cavabdeh İddiaçı qarşı pul, lizinq müqaviləsinin ləğv edilməsi və əmlakın istifadəyə qaytarılması barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-95/2025 nömrəli, 17 yanvar 2025-ci il tarixli qətnaməsindən qarşılıqlı iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 17 yanvar 2025-ci il tarixli qətnaməsi ilə (hakim H.Əhmədov) ilkin iddia ərizəsinin qismən təmin edilməsi, İddiaçı tərəfindən «Lada Vesta» markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilin (ban:XTAGFK440NY629463, buraxılış ili: 2021, mühərrik P100911, rəngi: ağ, texniki pasportun verilmə tarixi: xx.xx.2022) lizinqə alınmasına görə ilkin ödəniş kimi Cavabdeh1 ASC-yə ödənilmiş 12000 (on iki min) manat pul və 67 manat dövlət rüsumu Cavabdeh1 ASC-dən alınıb İddiaçı ödənilməsi, Cavabdeh1 ASC tərəfindən İddiaçı xx.xx.2024-cü il tarixədək hesablanmış borcu silinməsi, ilkin iddia ərizəsinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia ərizəsinin qismən təmin edilməsi, Cavabdeh1 ASC ilə İddiaçı arasında bağlanmış 2022-ci il 11 aprel tarixli lizinq müqaviləsinin ləğv edilməsi, qarşılıqlı iddia ərizəsi qalan hissədə təmin edilməməsi, aparılmış ekspertiza tədqiqatına görə 50 manat pul vəsaiti Cavabdeh1 ASC-dən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilməsi qət edilmişdir. Qarşılıqlı iddiaçı "xxxx" ASC qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İlk iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1 ASC və "xxxx" ASC-yə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada texniki cəhətdən saz, 2021-ci il buraxılışlı və ya ondan daha təzə buraxılış ili olan “Lada Vesta” markalı avtomobilin və ya onun dəyəri olan 24000 manat pulun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddiaçı MPM-nin 53-cü maddəsinin tələblərinə əsasən xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək 12200 (on iki min iki yüz) manatın cavabdehlərdən alınaraq ona ödənilməsini təmin edilməsini xahiş etmişdir. İlk iddiaçı iddia tələbinin həcminin artırılmasına dair xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh1 ASC-nin üzərinə “Lada Vesta” markalı, 77PR589 dovlət qeydiyyat nişanlı avtomobillə (ban:XTAGFK440NY629463, buraxılış ili: 2021, mühərrik P100911, rəngi: ağ, texniki pasportun verilmə tarixi: xx.xx.2022) hadisə anına eyni vəziyyətdə olan, eyni markalı və buraxılış ili avtomobilin İddiaçı tərəflər arasında bağlanılmış xx.xx.2022-ci il tarixli 1 nömrəli uzun müddətli icarə (daxili lizinq) müqaviləsinin predmeti kimi lizinqə (Cavabdeh1 ASC-nin üzərinə “Lada Vesta” markalı, 77PR589 dövlət qeydiyyat nişanlı avtomobilin lizinq şirkətinə təhvil verilmə anına olan qalıq borcla) və təhvil verilməsi öhdəliyinin qoyulması; bu tələb təmin edilmədiyi təqdirdə İddiaçı tərəfindən ilkin ödəniş kimi Cavabdeh1 ASC-yə ödənilmiş 12200 (on iki min iki yüz) manatın və müqavilədə nəzərdə tutulmuş lizinq mükafatından artıq ödənilmiş vəsaitin cavabdeh lizinq şirkətindən alınıb iddiaçıya ödənilməsi; «Lada Vesta» markalı, 77PR589 dövlət qeydiyyat nişanlı avtomobil iddiaçının təqsiri ucbatından məhv olmadığı və avtomobilin cavabdeh lizinq şirkətinə təmir edilməsi üçün verilməsinə görə Cavabdeh1 ASC tərəfindən hazırki tarixədək hesablanmış borcun silinməsi; iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun Cavabdeh1 ASC-dən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı dövründə ilk iddiaçı iddia tələbinin həcminin artırılmasına dair xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı tərəfindən “Lada Vesta” markalı, 77PR589 dövlət qeydiyyat nişanlı avtomobilin (ban:XTAGFK440NY629463, buraxılış ili: 2021, mühərrik P100911, rəngi: ağ, texniki pasportun verilmə tarixi: xx.xx.2022) lizinqə alınmasına görə ilkin ödəniş kimi Cavabdeh1 ASC-yə ödənilmiş 12200 (on iki min iki yüz) manatın, müqavilə bağlanıldığı tarixdən yolnəqliyyat hadisəsi baş verən tarixədək ödənilmiş cəmi 9300 (doqquz min üç yüz) manat lizinq ödənişlərinin cavabdehlər Cavabdeh1 ASC və "xxxx" ASC-dən müştərək qaydada alınıb iddiaçıya ödənilməsi, “Lada Vesta” markalı, ** PR *** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçının təqsiri ucbatından məhv olmadığı və avtomobilin cavabdeh lizinq şirkətinə təmir edilməsi üçün verilməsinə görə Cavabdeh1 ASC tərəfindən hazırki tarixədək hesablanmış borcun silinməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun Cavabdeh1 ASC-dən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, 01 iyul 2023-cu il tarixdə ona lizinqə verilmiş «Lada Vesta» GFK44-X49-52 markalı 77 PR-589 qeydiyyat nömrə nişanlı avtomobili etibarnamə ilə qızı X3 idarə edərkən Masallı rayonun Rüdəkənar kənd sakini X4 idarə etdiyi «Opel Astra» markalı **-KD-***-qeydiyyat nişanlı avtomobillə toqquşaraq yolnəqliyyat hadisəsi bas vermişdir. Həmin hadisə hüquq-mühafizə orqanı tərəfindən araşdırılmıs və müvafiq qərar qəbul edilmişdir. Belə ki, Lənkəran ŞRPŞ-nin İB-nin baş müstəntiqi, polis mayoru Asəf Məmmədov tərəfindən qəbul edilmiş 13 iyul 2023-cü il tarixli qərar ilə cinayət işinin baslanması rədd edilmis və yol-nəqliyyat hadisəsi zamanı inzibati xətanı törətmis şəxs X7 barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsindən ötrü Lənkəran ŞRPŞ-nin DYPB-nə göndərilməsi qərara alınmış və Lənkəran Rayon Məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli, 3(049)- 1414/2023 nömrəli qərarı ilə X7 İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilinmiş və zərərçəkmiş şəxs X2 dəymiş maddi ziyan və zərərin ödənilməsi ilə bağlı mülki-iddia qaydasında məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. Beləliklə də hər iki qərarla sübuta yetirilmişdir ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ona lizinqverən "xxxx" ASC arasında bağlanmış 11 aprel 2022-ci il tarixli, 1 saylı uzun müddətli icarə (daxili lizing) müqaviləsinə əsasən məxsus 2021-ci il buraxılışlı, Lada Vesta markalı ** PR *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. Həmin ziyanı müəyyən etmək üçün tərəfindən "xxxx" ASC-nin ixtisaslaşdırılmış avtomobil mərkəzinə müraciət edilmiş və həmin mərkəzin eksperti X12 tərəfindən verilmiş 08 avqust 2023-cü il tarixli, F/049 saylı ziyan aktına əsasən avtomobil hadisə nəticəsində tam yararsız hala düşmüş, ona görə də ona əvvəlki saz vəziyyətə gətirmək texniki cəhətdən mümkün deyildir. Daha sonra ekspert həmin avtomobilin hazırki bazar qiymətinin 24000 manat olduğunu müəyyən etmişdir. Hadisədən sonra həmin avtomobil tərəfindən "xxxx" ASC-yə təhvil verilmişdir. Həmin avtomobil ”Azsığorta" ASC tərəfindən tam (kasko) sığortalanmışdır. Aralarında olan sığorta müqaviləsinə görə isə sığortaçı ona dəymiş ziyanı tam ödəməlidir. Eyni zamanda, qeyd edir ki, o, lizinq müqaviləsinə əsasən verilmiş ödəniş cədvəlinə uyğun bütün ödənişlərini həyata keçirmiş və hadisə baş verdiyi ana cəmi 9300 manat pul ödəmişdir. Lizinq müqaviləsinə əsasən müqavilə müddəti bitdiyi andan o, avtomobilə mülkiyyət hüququ əsasında sahib olur. Qarşılıqlı iddiaçı "xxxx" ASC cavabdeh İddiaçı qarşı lizinq müqaviləsi üzrə borcun tutulması və lizinq müqaviləsinin ləğv edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, İddiaçı Cavabdeh1 ASC-nin xeyrinə 4340 manat əsas, 217 manat faiz, 1302 manat cərimə borcu olmaqla, cəmi 5859 manat pulun və 79 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 2022-ci il 11 aprel tarixli lizinq müqaviləsinin ləğv edilməsi və "xxxx" ASC-nin mülkiyyətindəki “Lada Vesta” markalı **-PR-*** dövlət nömrə nişanlı avtomobilin İddiaçı qanunsuz istifadəsindən alınaraq Cavabdeh1 ASC-yə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, cavabdeh İddiaçı ilə Cavabdeh1 ASC-nin arasında bağlanmış 11 aprel 2022-ci il tarixli lizinq müqaviləsinə əsasən İddiaçı Cavabdeh1 ASC-dən “Lada Vesta” markalı 77- PR-589 dövlət nömrə nişanlı avtomobili lizinqlə 36 ay müddətinə icarəyə götürmüşdür. Ona verilmiş ödəniş cədvəli üzrə 2022-ci ilin may ayından başlayaraq lizinq alan hər ay lizinq verənə 620 manat icarə haqqı ödəməlidir. Lizinq alan İddiaçı xahişilə avtomobilin idarə edilməsi onun qızı Aysu Məmmədzadəyə etibar edilmiş, başqa sözlə, ona etibarnamə verilmişdir. 2023-cü il iyulun 1-də Aysu Məmmədzadə avtomobili qəzaya uğratmışdır. Lizin müqaviləsinin 3.3-cü bəndinə əsasən: “ Qəza və ya digər hadisə nəticəsində lizinq predmetinin təmirinə zərurət yarandıqda lizinq alan öz vəsaiti hesabına onu təmir etdirməli və cədvəl üzrə lizinq ödənişlərini davam etdirməlidir. Müqavilənin bu müddəasına əməl edilmədikdə, lizinq predmetinin qalıq dəyəri, faizlər və cərimə lizinq alandan tələb edilərək alınır. Bu halda lizinq alanın müqavilənin 1.9-cu bəndində göstərilmiş xərclərin əvəzini geri tələb etmək hüququ yoxdur.” Lakin İddiaçı lizinq müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etməkdən yayınmış, 2023-ci ilin iyun ayı daxil olmaqla ödəniş etdikdən sonra icarə haqqını ödəməkdən boyun qaçırır. Halbuki, "xxxx" ASC avtomobili tam təmir etdirmişdir. Təmir başa çatmaq üzrədir. İddiaçı isə məlum olmayan əsaslarla avtomobilin bərpası üçün çəkilən xərcləri onun dəyərindən çox hesablayaraq tələb edir. Cavabdehin tələbi lizinq müqaviləsinə və qanuna əsaslanmır. Bu səbəbdən, o, lizinq müqaviləsi üzrə borc öhdəliyini icra etmədiyinə görə ödənilməmiş borcu ödəməli və lizinq müqaviləsi ləğv edilərək avtomobil onun mülkiyyətçisi Cavabdeh1 ASC-yə qaytarılmalıdır. 2023-cü il yanvarın 01-i vəziyyətinə İddiaçı 4340 manat əsas borcu vardır. Bundan əlavə, lizinq müqaviləsinin 3.4-cü bəndinə əsasən: “Lizinq alan ona verilmiş aylıq ödəniş cədvəli üzrə 2 ay dalbadal ödənişləri etməsə, hər gecikdirilmiş gün üçün aylıq ödənişlərin 1 faizi həcmində cərimə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə müvafiq olaraq, borcun məbləğinin illik 5 faizi həcmində faiz borcunu ödəməlidir.” 2023-cü il yanvarın 01-i vəziyyətinə borcun 4340 manatın illik 5 faizi həcmində hesablanmış 217 manat faiz borcu vardır. Bir aylıq ödənişin 1 faizi həcmində cərimə bir günü 6.20 x 210 gün=1302 manat cərimə ödəməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Qarşılıqlı iddiaçı "xxxx" ASC Abşeron Rayon Məhkəməsinin 17 yanvar 2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassız olduğuna görə ləğv edilərək, ilkin iddianın rədd, qarşılıqlı iddia tələblərinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Cavabdeh1 ASC-dən Ş. Məmmədovun xeyrinə 12000 manat pul vəsaitinin tutulması qənaətinə gələrkən məhkəmə, ilkin 12000 manat ödənişin edilməsi haqqında iddiaçının izahatını, onun qızı Aysu Məmmədzadənin və yaxını Vaqif Abbasovun ifadələrini qətnamədə ilkin iddianın əsas sübutu kimi qəbul etmişdir. Halbuki, əvvəla, yaxın şəxslər ilkin iddiaçının tərəfində maraqlı olduğu üçün onların ifadəsini iddia tələbinin sübutu kimi qəbul etmək qanunla yolverilməzdir. İkincisi, işdən göründüyü kimi, İddiaçı bütün ödənişlərinə qəbz verilmişdir. Bu fakt hesabdan çıxarışda da əks edilir. Eyni zamanda, qətnamənin 12-ci səhifəsində ödənişə görə verilmiş qəbzlərin siyahısı qeyd edilmişdir. Əgər ilkin ödəniş edilərdisə, ödəyiciyə mütləq xəzinə mədaxil qəbzi verilərdi. Bundan əlavə, şahid ifadəsilə bu və ya digər məbləğin kimin kimə verilməsi məhkəmədə sübut kimi qəbul edilsəydi, uydurma qərəzli iddialar son dərəcə çoxalar, üzdəniraq naqis məhkəmə təcrübəsi yaranardı. Məhz bu səbəbdən, məhkəmə təcrübəsində yol verilməyən ümumiyyətlə, maddi və prosessual hüquq normalarına zidd olan bu qətnaməyə ilk dəfədir ki, rast gəlir. Qətnamənin müəllifi sanki qanunu unudaraq, özünü qanun hesab etmişdir. İddiaçı iddiasına Cavabdeh1 ASC-nin nümayəndəsinin yazılı etirazı qətnamənin 6 və 7-ci səhifələrində əks edilsə də, etirazın qanuni və əsaslı dəlillərinə qiymət verməmişdir. Etirazın dəlilləri aşağıdakı məzmundadır. Cavabdeh1 ASCnin iddiaya olan yazılı etirazından görünür ki, İddiaçı iddia tələbləri əsassızdır, çünki, bir tərəfdən tələbləri təsdiq edə bilən sübut yoxdur, digər tərəfdən isə tələblər lizinq müqaviləsinin şərtlərinə ziddir. Halbuki, iddia tələbini sübut etmək yükü qanunla tərəflərin üzərinə qoyulmuşdur. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, yalnız müqavilə onun tərəfləri üçün öhdəlik yaradır və bu öhdəliklərin icrası onlar üçün məcburidir. İlkin iddia tələbində göstərilir ki, lizinq müqaviləsi bağlanarkən guya, İddiaçı Cavabdeh1 ASC-yə 12.000 manat ödəmişdir. Sığorta təşkilatının təqdim etdiyi məlumata əsasən İddiaçı 1728 manat 70 qəpik sığorta haqqının sığorta təşkilatına 400 manat isə avtomobilin dövlət reyestrində qeydə alınıb nömrə verilməsi üçün yol polisinə ödəmişdir. O, digər ödənişləri etməmiş və bu barədə sübut yoxdur. Lizinq müqaviləsinin 3.3-cü bəndinə əsasən: “Qəza və ya digər hadisə nəticəsində lizinq predmetinin təmirinə zərurət yarandıqda lizinq alan öz vəsaiti hesabına onu təmir etdirməli və cədvəl üzrə lizinq ödənişlərini davam etdirməlidir. Müqavilənin bu müddəasına əməl edilmədikdə, lizinq predmetinin qalıq dəyəri, faizlər və cərimə lizinq alandan tələb edilərək alınır. Bu halda lizinq alanın müqavilənin 1.9cu bəndində göstərilmiş xərclərin əvəzini geri tələb etmək hüququ yoxdur.” Lakin İddiaçı lizinq müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etməkdən yayınmış, 2023-ci ilin iyun ayı daxil olmaqla ödəniş etdikdən sonra icarə haqqını ödəməkdən boyun qaçırır. Halbuki, "xxxx" ASC avtomobili tam təmir etdirmişdir. İddiaçı isə məlum olmayan əsaslarla avtomobili qəbul etmir. Cavabdehin tələbi lizinq müqaviləsinə və qanuna əsaslanmır. Bu səbəbdən, o, lizinq müqaviləsi üzrə borc öhdəliyini icra etmədiyinə görə ödənilməmiş borcu ödəməlidir. 2023-cü il yanvarın 01-i vəziyyətinə İddiaçı 4340 manat əsas borcu vardır. Qəza 2023-cü ili yulun 01-də törədildiyi halda, Cavabdeh1 ASC qarşılıqlı iddiada ona güzəşt edərək lizinq müqaviləsinə əsasən istismar haqqını yanvarın 01-dək tələb edir. Bu ödənişlərin edilməməsi müqavilə öhdəliklərinin icra edilməməsi deməkdir və məhkəmə onların icrasını öhdəliyi icra etməyən tərəfin üzərinə qoymalıdır. Göründüyü kimi, məhkəmə qətnamədə qarşılıqlı iddianın əsasını yoxlayıb, ona qiymət verməyib. Mülki Məcəllənin müqavilə və öhdəliklərin icrası institunu tətbiq etməkdən sanki qəsdən yayınmışdır. Qətnamənin 11-12-ci səhifələrində lizinq müqaviləsinin şərtlərinin, eləcə də 17-ci səhifəsində lizinq münasibətlərini tənzimləyən Mülki Məcəllənin normalarının sadalanmasına baxmayaraq, hər iki tərəfin iddia tələblərinə münasibətdə onların təqdim etdiyi sübutlara, habelə qarşılıqlı iddiaçının dəlillərinə də əhəmiyyət belə verilməmişdir. Halbuki, İddiaçı lizinq müqaviləsi üzrə avtomobili istismar etdiyinə görə yaranmış icarə haqqı üzrə borcu müqaviləyə və qanuna əsasən borcu ödəməlidir. Avtomobilin lizinq verənə qaytarılması, onun istismarı dövründə yaranmış icarə haqqı borcunu ödəməkdən icarəçini azad etmir. Qətnamədə qeyd edilir ki, müqavilədə lizinq mükafatı göstərilməyib. Lakin müqaviləyə əlavə edilmiş annuitet icarə haqqı cədvəlindəki aylıq ödənişlərin məbləğinə lizinq mükafatı daxildir. Azərbaycan Respublikası Mülki Məcəllənin 21, 1096 və 1097-ci maddələrinə əsasən məhz təqsirli hərəkət və ya hərəkətsizlikdə təqsirli şəxsdən ziyanın əvəzi tutula, yaxud o, öhdəlikdən azad edilə bilər. Məhkəmə qətnamədə lüzumsuz mülahizələrlə qətnaməni süni şişirtməklə mahiyyətdən yayınmaqla yanaşı Cavabdeh1 ASC-nin məhz təqsirinin əsasının və səbəbini göstərməmişdir. MPM-in 81-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə pul ödənişi barədə tələbi iddiaçının tərəfində maraqlı şəxsin ifadəsinə əsasən qanunsuz qiymətləndirmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən qarşılıqlı iddiaçı Cavabdeh1 ASC-nin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən ilkin iddiaçının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdeh "xxxx" ASC-yə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2. maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 17 yanvar 2025-ci il tarixli qətnaməsi ilkin iddia tələbinin təmin olunan, qarşılıqlı iddia tələbinin borcun tutulması hissələrində ləğv edilməli və həmin hissələrdə iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi ilkin iddianın qismən təmin edilməsini cavabdeh lizinq şirkətinin lizinqdən istifadəyə görə iddiaçıdan 15 ay üçün lizinq mükafatı ilə birlikdə ümumi lizinq ödənişi olaraq 9300 manat, ilkin ödəniş kimi 12000 manat, sığorta haqqı ödənişi kimi 1728,70 manat alması, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsini isə tələbin faktiki əsası qanuni əsasının şərtlərinə tam uyğun gəlməməsi, iddianın Cavabdeh1 ASC ilə İddiaçı arasında bağlanmış 11 aprel 2022-ci il tarixli lizinq müqaviləsinin ləğv edilməsi hissəsi istisna olmaqla digər hissələrdə iddianın əsassız olmasının işin araşdırılmış halları ilə təsdiq olunması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan qarşılıqlı iddiaçı "xxxx" ASC vermiş olduğu apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etsə də, şikayətin məzmununa əsasən qətnaməni ilkin iddia tələbinin təmin edilən, qarşılıqlı iddia tələbinin təmin edilməyən hissəsində mübahisələndirmişdir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə qarşılıqlı iddiaçının mübahisələndirdiyi hissələrdə baxılaraq hüquqi qiymət verilməlidir. İlkin İddiaçıla "xxxx" ASC arasında xx.xx.2022-ci il tarixli, 1 saylı uzun müddətli icarə (daxili lizinq) müqaviləsinin bağlanması, həmin avtomobilin etibarnamə ilə Aysu Məmmədzadə tərəfindən idarə edilərkən Hüseyn Əliyevin idarə etdiyi «Opel Astra» markalı **-KD-***-qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsinin baş verməsi və hadisənin hüquq-mühafizə orqanı tərəfindən araşdırılaraq Hüseyn Əliyevin Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsi və zərərçəkmiş şəxs A.Məmmədzadəyə dəymiş maddi zərərin ödənilməsi ilə bağlı mülki-iddia qaydasında məhkəməyə müraciət etmək hüququnun tövsiyə edilməsi işin mübahisəsiz halıdır. Mübahisələndirilən hissədə ilkin iddia tələbi lizinq ödənişinin geri qaytarılması və borcun silinməsi, qarşılıqlı iddia tələbi isə lizinq obyektindən istifadəyə görə yaranmış borcun və lizinq obyektinin geri qaytarılması barədədir. Baxılan iş üzrə iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 747.1, 748-1.9., 748-1.12, 748-1.12.4, 748-10.1, 748-10.2, 748-10.4, 748-10.6, 748-13.4-cü maddələri nəzərdən keçirilə bilər. Lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır. Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Lizinq ödənişləri bilavasitə lizinq verənin hesabına köçürülür. Lizinq alan lizinq ödənişləri üzrə öhdəliklərini yerinə yetirmədikdə lizinq verənin bu Məcəllə və lizinq müqaviləsi ilə nəzərdə tutulmuş və öhdəliklərin təmin edilməsinə yönəldilmiş hərəkətləri həyata keçirmək hüququ vardır (Mülki Məcəllənin 747.1, 748-1.9., 748-1.12, 748-1.12.4, 748-10.1, 748-10.2, 748-10.4, 748-10.6, 748-13.4. maddələri). Məhkəmə kollegiyası ilk öncə ilkin iddia tələbinin təmin edilən hissəsinə qiymət verilməsini zəruri hesab edir. İşdən görünür ki, ilkin iddiaçı lizinq müqaviləsinin bağlanması zamanı ilkin ödəniş kimi 12200 manat Cavabdeh1 ASC ödənilməsini əsas gətirərək, həmin pulun ona geri qaytarılmaqla, hesablanmış borcun silinməsini xahiş etmiş, bu hissədə iddianı təmin edən birinci instansiya məhkəməsi iddiaçının özünün və qətnamədə X8, protokolda isə ifadə verən kimi X11 qeyd edilmiş şahid X5 ifadəsi ilə öz təsdiqini tapdığı, həmin izahat və ifadənin təkzib edilməsi ilə bağlı cavabdeh tərəfin mötəbər və tutarlı sübutlar təqdim etməməsi, lizinq şirkətinin ilkin iddiaçının hesabına 12000 manat pul əldə etməklə əsassız varlanmış olduğu qənaətinə gəlmişdir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlar, ekpertlərin rəyləri, yerində müayinə keçirməklə, səs və video yazıları, şahidlərin ifadələri o cümlədən, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən olunur. (Azərbaycan Respublikası MPMnin 76.1, 76.2-ci maddələri) Həmçinin nəzərə alınmalıdır ki, prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-in 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. Qeyd olunan mülki prosessual normaların tələbləri baxımından mülki məhkəmə icraatının prinsipinə əsasən sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Qeyd olunmalıdır ki, mülki qanunvericilik lizinq münasibətləri üzrə ilk ödəniş şərtini müəyyən etməsə də və belə müqavilə şərti daha çox nisyə alqı-satqı müqavilələri üçün xarakterik olsa da, tərəflərin iradəsi əsasında lizinq müqaviləsində ilkin ödənişin müəyyən olunması istisna edilmir. Lakin Mülki Məcəllənin 748-10.1-ci maddəsinə görə lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə edilmiş ilkin ödəniş də lizinq ödənişi hesab edilir. Həmçinin o da nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 748- 10.6-cı maddəsi lizinq ödənişlərinin nağd pulla həyata keçirilməsini istisna etməsədə, lizinq ödənişləri bilavasitə lizinq verənin bank hesabına köçürülür. Lakin hazır ki iş üzrə sübut etmə vəzifəsi üzərinə düşən ilkin ididiaçı ilkin ödəniş olaraq tələb etdiyi pul vəsaitinin lizinq verən cavabdehin bank hesabına ödənilməsini təsdiq edən (ödəniş qəbzi və s.) təqdim etməmiş, əksinə Cavabdeh1 ASC ilkin iddiaçı tərəfindən aparılmış bütün ödənişlərə dair sonuncuya qəbz verməklə, bu faktı hesabdan çıxarışda əks etdirmiş, ödənişə görə verilmiş qəbzlərin surəti və maliyyə arayışını iş materiallarına əlavə etmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudovun Rusiyaya qarşı iş üzrə» 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti, incumbit probalion» (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, mövcud lizinq müqaviləsi üzrə Cavabdeh1 ASC-yə ilkin ödəniş olaraq 12.200 (on iki min iki yüz) manat məbləğində pul vəsaitinin ödənilməsi barədə ilkin iddiaçının izahatı, eləcə də şahid ifadəsi iş üzrə toplanmış digər sübutlarla təsdiq olunmadığından, işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi qəbul edilə bilməz. Göründüyü kimi, üzərinə sübutetmə yükü düşən ilkin iddiaçı mübahisələndirdiyi hissədə öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları təsdiq edən tutarlı sübutlar təqdim edə bilmədiyindən, ilkin iddianı bu hissədə təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. İlkin iddia tələbinin avtomobilin ilkin iddiaçının təqsiri ucbatından məhv olmadığı və avtomobilin cavabdeh lizinq şirkətinə təmir edilməsi üçün verilməsinə görə Cavabdeh1 ASC tərəfindən ilk iddiaçıya xx.xx.2024-cü il tarixədək hesablanmış borcun silinməsi hissəsinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, ilkin iddiaçı baş vermiş yolnəqliyyat hadisəsində təqsirli olmadığını, dəymiş ziyanı müəyyən etmək üçün "xxxx" ASCnin ixtisaslaşdırılmış avtomobil mərkəzinə müraciət etdiyini və mərkəzin eksperti Arif Tağıyev tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, F/049 saylı ziyan aktına əsasən avtomobilin hadisə nəticəsində tam yararsız hala düşdüyü üçün sözügedən avtomobili "xxxx" ASC-yə təhvil verdiyini, eləcə də ödəniş cədvəlinə uyğun bütün ödənişlərini həyata keçirərək hadisə baş verdiyi ana cəmi 9300 manat pul ödədiyini əsas gətirərək, yaranmış borcun silinməsini xahiş etmiş, cavabdeh "xxxx" ASC isə lizinq dəyəri 22320 manat olan avtomobilə görə ilkin iddiaçı tərəfindən son əməliyyatın xx.xx.2023-cü il tarixdə olmaqla cəmi 8680 manat ödəniş etdiyini, sonrakı aylarda 620 manatdan 7 aya (620 x 7=4340) və illik 5 % hesablanmış 217 manat faiz və bir aylıq ödənişin 1% həcmində cərimə tətbiq edilməklə (6,20 x 210 gün = 1320) manat, ümumilikdə 5859 manat borclu qaldığını bildirərək iddiaya etiraz etmiş və bu halları təsdiq edən 2022-2023-cü illər üzrə hesabdan çıxarış, maliyyə arayışı, hesablaşma qaydasını əks etdirən ödəniş cədvəli və lizinq müqaviləsinə icarə-lizinq predmetinin adı və onun razılaşdırılmış protokol dəyəri olan 1 saylı Əlavəni təqdim etmişdir. Lizinq müqaviləsinin 3.3-cü bəndinə əsasən “Qəza və ya digər hadisə nəticəsində lizinq predmetinin təmirinə zərurət yarandıqda lizinq alan öz vəsaiti hesabına onu təmir etdirməli və cədvəl üzrə lizinq ödənişlərini davam etdirməlidir. Müqavilənin bu müddəasına əməl edilmədikdə, lizinq predmetinin qalıq dəyəri, faizlər və cərimə lizinq alandan tələb edilərək alınır. Bu halda lizinq alanın müqavilənin 1.9-cu bəndində göstərilmiş xərclərin əvəzini geri tələb etmək hüququ yoxdur. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Mülki Məcəllənin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımı şəkildə icra etməlidirlər. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (Mülki Məcəllənin 385.1. maddəsi). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (Mülki Məcəllənin 442-ci maddəsi). İlkin iddiaçının istinad etdiyi ixtisaslaşdırılmış avtomobil mərkəzinin avtoekspertinin avtomobilin əsaslı təmirə qoyulması və əvvəlki vəziyyətə gətirilməsinin texniki cəhətdən mümkünsüzlüyü barədə tərtib etdiyi akta gəldikdə qeyd olunmalıdır ki, məhz iddiaçının özünün təqdim etdiyi xx.xx.2023-cü il tarixli rəydə hadisə nəticəsində avtomobilin zədə alınmış hissələri sadalanaraq həmin ehtiyat hissələrinin qiymətinin müəyyən edilməsi mümkün olmadığından, qiymətləndirilmənin aparılmaması qeyd olunmuşdur. Həmçinin həmin rəyin ikinci səhifəsində yol qəza hadisəsi nəticəsində zədələnmiş və dəyişdirilmədən təmirə ehtiyacı olan hissələr kimi qabaq kapotun sol hissəsi, qabaq sol fara göstərilmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2- 9/3466/2024 saylı rəyindən isə görünür ki, İ və İİ suallar üzrə nəticəyə əsasən yol nəqliyyat hadisəsindən əvvəlki vəziyyətdən, xarici əmtəə görünüşü və hərəkət hissələri saz vəziyyətdə olan təyinatı üzrə istifadəyə yararlı 2021-ci il buraxılışlı “Lada Vesta” markalı, 77PR589 dövlət qeydiyyat nişanlı avtomobilin istismar müddəti nəzərə alınaraq hadisə baş verən tarixə normal vəziyyətdə respublikadaxili orta bazar pərakəndə satış qiyməti təxminən 20000,0 manat müəyyən edilir. Həmin avtomobilin qalıq qiyməti barədə məlumat olmadığı üçün həmin avtomobilə dəymiş ziyanı müəyyən etmək mümkün olmadığı, İİİ və İV suallar məhkəmə əmtəəşünaslıq ekspertizasının səlahiyyətlərinə aid olmadığından təhqiqat aparılmadığı göstərilmişdir. İşdən həmçinin görünür ki, ilkin iddaçı İddiaçı lizinq müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etmədiyindən, Cavabdeh1 ASC məxsus “Lada Vesta” markalı, **- PR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər "xxxx" ASC aid təmir müəssələrinin birində aradan qaldırılmaqla sözügedən avtomobil təmir olunmuş və müvafiq aktla X10 təhvil verilmişdir (2-ci cild 1-5 vərəq). Göründüyü kimi mübahisəli avtomobilin tam yararsız olmadığı, əksinə onun təmir edilməsinin mümkün olduğu iş materialları ilə bir daha öz təsdiqini tapdığından, məhkəmə kollegiyası ilkin iddiaçının bu dəlilini əsaslı hesab etmir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, “Lada Vesta” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçının təqsiri ucbatından məhv olmaması belə onu ödənişlərdən azad etmədiyindən, bu hissədə ilk iddianı təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. Məhkəmə kollegiyası qarşılıqlı iddia tələbinin borcun tutulması hissəsinə gəldikdə isə qeyd edir ki, hazırkı iş üzrə tərəflər arasında lizinq müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış və bu müqavilə üzrə müəyyən edilmiş əmlakı, yəni avtomobili qarşılıqlı iddiaçı cavabdehin istifadəsinə yararlı vəziyyətdə vermiş, qarşılıqlı iddia üzrə cavabdeh isə həmin əmlakı qəbul edərək müqavilə üzrə öhdəliyi lazımınca icra etməyərək, lizinq müqaviləsinə əlavə kimi müəyyən edilmiş hesablaşma qaydasını əks etdirən ödəniş cədvəli üzrə ödənişləri icra etməmiş, nəticədə qarşılıqlı iddiaçının Mülki Məcəllənin 385, 442, 748-1.12.4, 748-13.4-cü maddələrinə və mövcud lizinq müqaviləsinin 3.3. bəndinə əsasən müqavilədən irəli gələn öhdəliyi tələb etmək hüququ yaranmışdır. Qarşılıqlı iddia tələbinin “Lada Vesta” markalı **-PR-*** dövlət nömrə nişanlı avtomobilin İddiaçı qanunsuz istifadəsindən alınaraq Cavabdeh1 ASC-yə qaytarılması hissəsinə gəldikdə isə qeyd edir ki, sözügedən avtomobil xx.xx.2023-cü il tarixdə baş vermiş qəzadan sonra qarşılıqlı iddiaçı Cavabdeh1 ASC-yə təhvil verildiyindən, iddia tələbini bu hissədə rədd etməklə aşağı instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 17 yanvar 2025-ci il tarixli qətnaməsi ilkin iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin borcun tutulması hissəsində ləğv edilməli, həmin hissələrdə yeni qətnamə qəbul edilməli, ilkin iddianın rədd, qarşılıqlı iddianın qismən təmin edilməli, ilkin İddiaçı Cavabdeh1 ASC-nin xeyrinə 4340 manat əsas, 217 manat faiz, 1302 manat cərimə borcu olmaqla, cəmi 5859 manat pulun və 79 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulmalı, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Bununla yanaşı, məhkəmə kollegiyası həmçinin hesab edir ki, ilkin İddiaçı tərəfindən ödənilmiş 67 manat dövlət rüsumu ilkin iddia tələbi təmin edilmədiyindən onun özünə aid edilməlidir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (MPM-nin 119.1. maddəsi). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ Qarşılıqlı iddiaçı Cavabdeh1 ASC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 17 yanvar 2025-ci il tarixli qətnaməsi ilkin iddia tələbinin təmin edilən, qarşılıqlı iddia tələbinin borcun tutulması hissəsində ləğv edilsin və həmin hissələrdə iş üzrə yeni qətnamə qəbul edilsin. İlkin İddiaçı cavabdehlər Cavabdeh1 ASC və "xxxx" ASC-yə qarşı lizinq ödənişlərinin tutulması və borcun silinməsi barədə ilkin iddia tələbi rədd edilsin. İlkin İddiaçı tərəfindən ödənilmiş 67 (altmış yeddi) manat məbləğində dövlət rüsumu ilkin iddiaçının özünə aid edilsin. Qarşılıqlı iddia tələbi qismən təmin edilsin. İlkin İddiaçı qarşılıqlı iddiaçı Cavabdeh1 ASC-nin xeyrinə 4340 (dörd min üç yüz qırx) manat əsas, 217 (iki yüz on yeddi) manat faiz, 1302 (min üç yüz iki) manat cərimə borcu olmaqla, cəmi 5859 (beş min səkkiz yüz əlli doqquz) manat pul və 79 (yetmiş doqquz) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutulsun. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar