Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1199/2021 07.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı iştirakı ilə Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(067)-2124/2020 saylı qətnaməsindən İddiaçı verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(067)-2124/2020 saylı qətnaməsi ilə (hakim İ.Ə.Xəlilov) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməmiş və iddia ərizəsi verilərkən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. İddiaçı apelyasiya şikayəti verib, Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(067)-2124/2020 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, o, uzun illərdir ki, xırda buynuzlu heyvanların alışı və satışı ilə məşğuldur. xx.xx.2020-ci il tarixdə Feruz Əmirovdan 67 baş quzunu 175 manatdan alıb 185 manata Cavabdeh satmışdır. Cavabdeh ona 4000 manat pul vermiş, 8300 manat borclu qalmışdır. Ondan dəfələrlə pulunu tələb etsə də, o, müxtəlif bəhanələrlə pulunu verməkdən yayınır. Ona görə də, Cavabdeh 8300 (səkkiz min üç yüz) manat pulun və 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Xaçmaz Rayon Məhkəməsi xx xxxxxxx 2020-ci il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası MPM-nin 9,14,88 və 217.3-cü maddələrinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada Cavabdeh məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Xaçmaz RPŞ-nin xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Şərifov X1 Çingiz Əmrəli oğlu barəsində Xaçmaz RPŞ-nə müraciət etmiş, lakin toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərardan müəyyən edilir ki, araşdırma zamanı Cavabdeh izahatında göstərmişdir ki, Kamal və Kənan qardaşlarını 2 ildir ki tanıyır. O, Xaçmaz rayonu ərazisindəki kəndlərə gedərək qoyun satmaq istəyən kənd camaatı ilə görüşüb, satış qiymətində razılaşaraq onlardan heyvanlar alır. Həmin aldığı heyvanları Kamalın icarə əsasında işlətdiyi Xaçmaz rayonu Qımıl kənd yolunda yerləşən qəssab dükanına gətirərək orada satır və əldə olunan qazanc pulu Kamala verir və qarşılığında Kamal ona həmin qazancın yarısını verməlidir. Lakin həmişə Kamal ona 10-20 manat pul verərək qalan pulu guya çoxaldaraq daha çox qoyun alacaqları ilə aldadır. 2020-ci il aprel ayının 23-ü Kamal Feruz adlı şəxsdən birinci dəfə 37 baş, ikinci dəfə isə 30 baş olmaqla 11700 manata cəmi 67 baş quzu almışdır. Birinci hissə gətirilən 37 baş quzunu Kamal ondan satmasını istəmişdir. O da 37 baş quzunun 25 başını hissə-hissə satmışdır. Daha sonra yerdə qalan 42 baş quzuları da o, müştərilərə satmış və Kamala ümumilikdə 6000 manat pul ödəmişdir. Həmin 6000 manat puldan Kamal 67 baş quzu aldığı Feruz adlı şəxsə 4000 manat pul vermişdir. Yerdə 7700 manat borc pul qalmışdır. Feruz adlı şəxs hazırda Kamal və Kənan qardaşlarından ona olan 7700 manat pulunun verilməsini tələb edir. Kamal da həmin 67 baş quzunu satdığına görə Feruza verilməli olan 7700 manat pulu onun ödəməsini tələb edir. Bundan başqa Cavabdeh izahatında əlavə olaraq bildirmişdir ki, satdığı 67 baş quzunun pulunu yəni 6000 manat pulu Kamala vermişdir. Toplanmış materiallardan görünür ki, Kamal və İddiaçı qardaşları 1 başının qiyməti 175 manat olmaqla Feruz Əmirovdan birinci dəfə 37 baş, daha sonra isə 30 baş quzu alaraq ümumilikdə ona 11700 manat puldan 4000 manat pul ödəmişlər. Cavabdeh isə ümumilikdə satdığı 67 baş quzunun pulunu Kamal Şərifova verdiyini və onun heç kəsə borclu olmadığını bildirmişdir. Feruz Əmirov və Elşən İsayev isə Feruzdan alınan 67 baş quzunun pulu olan 11700 manat pulu məhz Kamal və İddiaçı qardaşlarının boyun götürdüklərini onların Cavabdeh ilə hər hansı bir sövdələşmələrinin olmadığını bildirmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci 14.2.6-cı maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən, o cümlədən başqa şəxsə zərər vurulması nəticəsində yaranır. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 581 və 581.2-ci maddələrinə əsasən satıcı alıcıya keyfiyyəti alqısatqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Alqı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiasını təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Sadalanan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmiş və iddiaçı apelyasiya şikayətinin təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün heç bir sübut təqdim edə bilməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Ona görə də apelyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyıb, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında dəyişdirilmədən, apelyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də, apelyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402, 403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı verdiyi apelyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(067)-2124/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova
Məhkəmə qərarları › İş №2(105)-1199/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1199/2021
07.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver