Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1199/2023 21.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbi, sübutların qiymətləndirilməsi, borcun etirafı) X3 Süleymanovanın sədrliyi və məruzəsi, X5 Məmmədov və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddiası üzrə Sumqayıt Şəhər Məhkəməsinin 17 mart 2023-cü il tarixli, 2(060)-499/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası, müəyyən etdi: İşin halları:
1. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 23600 manat məbləğində pulun və məhkəməyə iddia qaldırılması üçün ödənilmiş 162 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, o, Cavabdeh xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən 3000 manat məbləğində borc pul vermişdir. Həmçinin xx.xx.2021-ci il tarixində Kapital Bankdan öz adına götürdüyü 10600 manat krediti və 10000 manat nağd şəkildə pulu Cavabdeh vermişdir. Cavabdeh hazırki borcu 2022-ci ilin fevral ayına kimi qaytarmalı idi. Lakin cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirməklə borcu qaytarmaqdan yayınır. Ona görə də cavabdehin ona borclu olduğu 23600 manat borcun geri alınması ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətindədir. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
3. Cavabdeh məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, o, iddia tələbini qəbul etmir. Belə ki, xx.xx.2018-ci il tarixdə Sumqayıt şəhər 1 saylı notariat kontorunun xüsusi notariusunda kredit müqaviləsi bağlayaraq 3000 manat məbləğində pul götürmüşdür. Aralarında olan razılaşmaya əsasən o, “Kapitalbanka” məxsus iş kartını iddiaçıya təhvil vermişdir ki, hər ay kartından pul çıxarıb borcundan götürsün, iddiaçı həmin məbləği 2021-ci ilin oktyabr ayına qədər onun maaş kartından artıqlaması ilə götürüb, yəni 6000 manat məbləğində maaş kartından pul götürmüşdür. 2021-ci ildə o, iddiaçıya bildirmişdir ki, ona olan borcunu artıqlaması ilə maaş kartından götürmüsən, onun maaş kartının vaxtı bitib, kartı yenisi ilə yenilənib, artıq köhnə kartı işləmir, kartın özünə geri qaytarsın. O, bundan sonra onu və ailə üzvlərini tez-tez qapıya gələrək narahat edərək, nalayiq söyüşlərlə təhqir edərək guya onun iddiaçıya 3000 manatın üzərinə faizlər gələrək 10000 manat borcu var. Tamara ona bildirmişdir ki, bu əlyazma aralarında olan razılaşmadır, o, isə məcbur olub səs-küy yaratmamasından ötrü həmin əlyazmanı yazmağa razılıq vermişdir. Halbuki, onun cavabdehə heç bir borcu yox idi, çünki, Tamara onun maaş kartından 3000 manat olan borcuna görə 6000 manat pul götürmüşdür. Bir müddət keçdikdən sonra ona hədə-qorxu gələrək qonşular qohumlar içərisində biabır etmişdir ki, o, iddiaçını evinə buraxıb, ondan yenidən əlavə pul tələb etsin. O, elə bu səbəbdən məcbur olub onu Sumqayıt şəhər Polis İdarəsinə yazılı ərizə ilə şikayət etmişdir. Onun Tamaraya heç bir borcu yoxdur, iddia tələbi tamamilə qanunsuz və əsassızdır. Onun təqdim etdiyi sənədlər sübut hesab edilə bilməz. Ona görə də hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd olunmalıdır. Əlavə olaraq bildirir ki, onlar Tamara ilə illərdir yaxından tanışdırlar, 2015-ci ildə ona təcili 1500 manat pul lazım olduğu üçün Tamaradan borca pul götürmüşdür, həmin məbləğdən müəyyən hissəsini Tamaraya qaytarmış, 2017ci ildə Tamara onu məhkəməyə vermiş, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-2080/2017 saylı qətnaməsi ilə ondan 1981 manat məbləğində pulun tutulub İddiaçı verilməsi qət edilmişdir. Həmin borc ödənilib, Sumqayıt İcra Şöbəsində borc qaytarılması ilə bağlı işə xitam verilmişdir. Qeyd olunanlara əsaslanaraq, məhkəmədən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.
4. İddiaçı ilə Cavabdeh arasında notarial qaydada bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixədək qaytarmaq şərti ilə Cavabdeh 3.000 (üç min) manat məbləğində borc pul vermişdir.
5. Ödəniş qrafikindən görünür ki, İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli GTKR3896265A125 saylı Kredit müqaviləsinə əsasən İddiaçı Bank tərəfindən 35 ay müddətinə, illik 24.71% olmaqla, hər ay 427.97 manat ödəmək şərti ilə 10600 manat məbləğində kredit verilmişdir.
6. Əlyazma ilə yazılmış xx.xx.2021-ci il tarixli iltizamda göstərilmişdir «Mən Cavabdeh İddiaçı Kapital bankdan müqavilə GTKR3896265A125, kod ******* – 35 aylıq 2021-ci ildən əsasən öz adına götürdüyü -10.600AZN- nağd krediti (ayda 428 manat olmaqla) -1500 man. Bir kart - mənə təqdim edib. Bundan əlavə Yaşmada bağımı özəlləşdirməkdən ötrü pul lazım olduğundan 10000 (on min manat) manat nağd pul götürmüşəm. Bu pulu iyul 2021-ci ildə götürmüşəm. İpotekam 2022-ci ilin fevral ayında alınan kimi borcu qaytaracam. Öz imzala və xəttimlə təsdiq edirəm. İmza: R.Vəfa xx.xx.2021».
7. “Cinayət təqibinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, araşdırma zamanı Vəfa Rüstəmov izahat verərək göstərmişdir ki, 2021-ci ilin iyul ayında onun xahişi ilə tanışı X6 10.000 manat kredit götürərək aylıq ödəmək şərti ilə ona vermişdir. O da həmin krediti hər ay ödəmişdir.
8. Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 31 iyul 2023-cü il tarixli 2(105)-1199/2023 nömrəli qərardadına əsasən İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair mülki iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmiş və icraat dayandırılmışdır.
9. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 avqust 2023-cü il tarixli 4/1355-5/1144 nömrəli ekspert rəyinin nəticə hissəsində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş, mülki işin 09-cu vərəqində olan damalı dəftər vərəqi üzərində “Mən Cavabdeh...” sözləri ilə başlayıb, “...Öz imzamla və xəttimlə təsdiq edirəm imza: R Vəfa xx.xx.2021” sözləri ilə bitən qəbzdəki əlyazmalar (qəbzin 7-ci sətrindəki “10.600 AZN” və 9-cu sətrindəki “1.500 man. Bir Kart” hərf və rəqəmli əlyazmalardan və sonunda olan “xx.xx.2021” tarix göstəricisindəki “12” rəqəmindən başqa) və həmin qəbzin 14-cü sətrindəki “(on min manat)” əlyazmaları - eyni şəxs – Cavabdeh tərəfindən icra olunmuşdur.
10. Həmçinin həmin rəydən görünür ki, mülki işin 09-cu vərəqində olan damalı dəftər vərəqi üzərində “Mən Cavabdeh...” sözləri ilə başlayıb, “...Öz imzamla və xəttimlə təsdiq edirəm imza: R Vəfa xx.xx.2021” sözləri ilə bitən qəbzin 7-ci sətrindəki “10.600 AZN”, 9-cu sətrindəki “1.500 man. Bir Kart” hərf və rəqəmli əlyazmaları və sonunda olan “xx.xx.2021” tarix göstəricisindəki “12” rəqəmi - eyni şəxs – İddiaçı tərəfindən icra olunmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
11. Sumqayıt Şəhər Məhkəməsinin 17 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakim Günel Tanrıverdiyeva) iddianın qismən təmin edilməsi, Cavabdeh 3000 (üç min) manat məbləğində pul və 21 (iyirmi bir) manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
12. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı Bankdan götürdüyü 10600 manat məbləğində pulu və əlavə olaraq 10000 manat pulu iddiaçıya verməsi ilə bağlı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Məhkəmə hesab etmişdir ki, hazırda məhkəməyə təqdim edilən iltizam tərəflərin həqiqi iradəsini əks etdirmir, hər hansısa hüquqi nəticə əldə etməyə yönəlməmişdir və yalnız görünüş üçün bağlanmışdır. İddia tələbi yalnız xx.xx.2018-ci il tarixli kredit müqaviləsi əsasında 3000 manat məbləğində pulun verilməsi hissəsində əsaslı şübhədənkənar mötəbər sübutla təsdiq olunur. Cavabdeh sözügedən kredit müqaviləsi üzrə iddiaçıya olan borcunu tam məbləğdə ödədiyini bildirsə də, məhkəməyə bununla bağlı sübut təqdim etməmişdir. Bu səbəbdən də məhkəmə hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 3000 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.5 və 404, 739.1, 739.2, 442, 443.1, 445.2.1-ci maddələri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1, 119.1, 217.4, 216-220, 227, 233 və 360-cı maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
Apellyasiya şikayəti və onun dəlilləri
14. Sumqayıt Şəhər Məhkəməsinin 17 mart 2023-cü il tarixli 2(060)-499/2023 nömrəli qətnaməsi ilə razılaşmayan İddiaçı apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən gəldiyi nəticəni onun bankdan götürdüyü 10.600 manat məbləğində pulu və əlavə olaraq 10.000 manat pulun cavabdehə verilməsi ilə bağlı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməməsi ilə əsaslandırmışdır. Halbu ki, iş materialarında olan xx.xx.2021-ci il tarixli iltizamda qeyd olunur ki, Cavabdeh Nizami qızı (AZE ********) İddiaçı Kapital bankdan müqavilə GTKR389626 5A 125-kodu: 2505337-35 aylıq 2021-ci ildən əsasən öz adına 10.600 AZN krediti ona təqdim edib. Bundan əlavə Yaşmada bağını özəlləşdirməkdən ötrü pul lazım olduğundan 10.000 manat nağd pul götürmüşdür, ipoteka 2022-ci iln fevral ayında alınan kimi borcu qaytaracaq, öz imzası və xətti ilə təsdiq etmişdir. Göründüyü kimi cavabdeh iddiaçıdan kredit müqaviləsindən əlavə 20.600 manat məbləğində pul aldığını yazılı qəbzlə etiraf etmişdir. Birinci instansiya məhkəməsində cavabdeh verdiyi izahatında həmin 20.600 manat məbləğində pulun iddiaçıya qaytardığını bildirsədə, bununla bağlı hər-hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Həmçinin birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərək gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəməyə təqdim edilən iltizam tərəflərin həqiqi iradəsini əks etdirmir, hər hansısa hüquqi nəticə əldə etməyə yönəlməmişdir və yalnız görünüş üçün bağlanmışdır. Belə ki, məhkəmə tərəflər arasında hələ 2017-ci ildən borc məsələsi ilə bağlı məhkəmə mübahisəsinin olduğunu, tələb olunan məbləğdən (20600 manat) dəfələrlə az məbləğdə pulun (3000 manat) notarial qaydada təsdiqlənmiş kredit müqaviləsi əsasında verildiyini nəzərə alaraq, iddiaçının 20600 manat məbləğində pulu cavabdehə verməsini inandırıcı, ağlabatan və məntiqli hesab etmir. Hesab edir ki, məhkəmənin gəldiyi nəticə əsaslı və qanuni deyil. Belə ki, cavabdeh heç bir kənar təsir olmadan ondan 20.600 manat məbləğində pul aldığını öz əl yazması ilə yazdığı qəbzlə təsdiq etmiş, həttda həmin pulu 2022-ci ilin ferval ayına kimi geri qaytaracağı ilə bağlı öhdəlik götürmüşdür və həmin qəbzi heç bir kənar təsir olmadan yazmışdır. Məhkəmənin həmin borcun cavabdehə notarial qaydada verilməməsi ilə bağlı gətirdiyi iradına qarşı onu bildirmək istəyir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Göründüyü kimi, qanunverici 3000 manatdan yuxarı olan borcun notarial qaydada yox, yazılı formada olmasını ehtiva edir. Hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 17 mart 2023-cü il tarixli 2(060)-499/2023 nömrəli qətnaməsi qismən ləğv edilməli, iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməlidir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
17. İddiaçı apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi.
18. Cavabdeh apellyasiya şikayətinə etiraz edib, təmin olunmamasını xahiş etdi. İzahatında həmçinin bildirdi ki, iddiaçı Kapital Bankdan kredit götürüb ona borc verib, eləcə də bağ sahəsinin sənədləşməsi üçün iddiaçıdan 1000 manat borc alıb. Lakin o, həmin borc məbləğlərini tam qaytarıb. Onun hazırda iddiaçıya yalnız kredit müqaviləsi əsasında borc götürdüyü 3000 manat borcu qalıb. Eləcə də bildirir ki,iltizamda 1000 rəqəminin sonuna «0» rəqəmi əlavə edərək iddiaçı məbləği 10.000 manat göstərib. Bundan başqa 10.600 AZN sözlərini də o, yazmayıb. Bu halların məhkəmə tərəfindən nəzərə alınmasını xahiş edir.
19. Eyni zamanda cavabdeh məhkəmə araşdırması zamanı verdiyi ilkin izahatında iddiaçıdan 10.600 manat borc aldığını, lakin həmin məbləği ödədiyini bildirmişdir.
Apellyasiya baxışının hədləri
20. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi iddiaçı verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilərək iddianın tam təmin olunmasını xahiş etmiş, iddianın təmin olunmayan hissəsini mübahisələndirmişdir. Qətnamə iddianın təmin olunmuş hissəsində mübahisələndirilməmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını mübahisələndirilən hissədə, apellyasiya dəlilləri həcmində yoxlamağı qanunauyğun hesab edir. Qətnamə digər hissədə yoxlanılmır.
Tətbiq edilən hüquq
21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Maddə 882.5. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir.
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 115.0. İşə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər; Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv olunmalı, həmin hissədə yeni qətnamə qəbul edilməli və mübahisələndirilən hissədə iddia təmin olunmalıdır.
24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmiş, qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərini nəzərə almamış, iddianı əsassız olaraq qismən təmin etmişdir.
25. Göründüyü kimi Sumqayıt Şəhər Məhkəməsinin 17 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakim Günel Tanrıverdiyeva) iddianın qismən təmin edilməsi, Cavabdeh 3000 (üç min) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
26. Birinci instansiya məhkəməsi iddianın təmin edilməyən hissəsi ilə bağlı gəldiyi nəticəni belə əsaslandırmışdır ki, məhkəməyə təqdim edilən iltizam tərəflərin həqiqi iradəsini əks etdirmir, hər hansısa hüquqi nəticə əldə etməyə yönəlməmişdir və yalnız görünüş üçün bağlanmışdır.
27. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan İddiaçı araşdırılan apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir.
28. Apellyator, şikayətin dəlili olaraq göstərmişdir ki, cavabdeh ondan 20.600 manat məbləğində pul aldığını öz əl yazması ilə yazdığı qəbzlə təsdiq etmiş, həttda həmin pulu 2022-ci ilin ferval ayına kimi geri qaytaracağı ilə bağlı öhdəlik götürmüşdür və həmin qəbzi heç bir kənar təsir olmadan yazmışdır.
29. Məhkəmə kollegiyası tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətinin dəlilləri ilə bağlı hüquqi dəyərləndirmə apararaq şikayətin dəlilini əsaslı hesab edir.
30. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmır və təqdim edilən iltizamın tərəflərin həqiqi iradəsini əks etdirməməsi, yalnız görünüş üçün bağlanması barədə mövqeyini əsaslı hesab etmir.
31. Mülki Məcəllənin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. 882.5-ci maddəsinə əsasən əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir.
32. Mülki Məcəllənin 882-ci maddəsinin dispozitv şərtindən görünür ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyən edilmiş forma üzrə verilməsi tələb olunur, lakin razılaşma yolu etiraf olunmuşsa formaya riayət edilməsinin məcburiliyi tələb olunur.
33. Hazırki işin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh borc öhdəliyini iltizam yazmaqla etiraf etmişdir.
34. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri).
35. Konstitusiya Məhkəməsi Plenumunun İ.Ağayevin şikayəti üzrə 22 yanvar 2013-cü il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmələr səlahiyyətləri çərçivəsində qanuna uyğun, dəqiq, hər hansı üstünlüyə, ayrı-seçkiliyə və ya qərəzliliyə yol vermədən, tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinə əməl etməklə, işlərə hərtərəfli baxaraq hər kəsin ədalətli məhkəmə araşdırılması hüququnu təmin etməlidirlər.
36. İddiaçı tələbinin əsası olaraq cavabdeh tərəfindən icra edildiyini iddia etdiyi iltizama əsaslanır. Həmin iltizamı yazmaqla cavabdehin iddia olunan məbləğdə borc götürdüyünün etiraf edildiyini bildirir.
37. Kollegiya araşdırması zamanı cavabdeh sözügedən iltizamdakı yazıları mübahisələndirərək bir qisim yazıların onun tərəfindən icra olunmadığını göstərmişdir.
38. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 iyul 2023-cü il tarixli 2(105)-1199/2023 nömrəli qərardadına əsasən iş üzrə təyin edilmiş məhkəməxəttşünaslıq ekspertizası ilə əlaqədar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 avqust 2023-cü il tarixli 4/1355-5/1144 nömrəli ekspert rəyinin nəticə hissəsində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş, mülki işin 09-cu vərəqində olan damalı dəftər vərəqi üzərində “Mən Cavabdeh...” sözləri ilə başlayıb, “...Öz imzamla və xəttimlə təsdiq edirəm imza: R Vəfa xx.xx.2021” sözləri ilə bitən qəbzdəki əlyazmalar (qəbzin 7-ci sətrindəki “10.600 AZN” və 9-cu sətrindəki “1.500 man. Bir Kart” hərf və rəqəmli əlyazmalardan və sonunda olan “xx.xx.2021” tarix göstəricisindəki “12” rəqəmindən başqa) və həmin qəbzin 14-cü sətrindəki “(on min manat)” əlyazmaları eyni şəxs – Cavabdeh tərəfindən icra olunmuşdur.
39. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
40. Göründüyü kimi məhkəmə araşdırması zamanı borcun götürlməsini təsdiq edən iltizamnamədəki işin həllinə birbaşa təsir edən məlumatların cavabdeh tərəfindən icra olunduğu müəyyən edildi.
41. İltizamdakı məlumatları araşdıraraq məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh iltizamda İddiaçı Kapital bankdan müqavilə GTKR3896265A125, kod ******* – 35 aylıq 2021-ci ildən əsasən öz adına götürdüyü nağd krediti (ayda 428 manat olmaqla) mənə təqdim edib göstərmişdir.
42. İş üzrə toplamış sənədlərdən (kredit ödənişinə dair cədvəl) görünür ki, iltizamda sözügedən kredit müqaviləsi üzrə götürülmüş kredit məbləği 10.600 manat təşkil etmişdir. Burdan belə nəticəyə gəlinir ki, cavabdeh tərəfindən 10.600 manat borc qəbul edilmişdir.
43. Eyni zamanda qeyd olunmalıdır ki, məhkəmə araşdırması zamanı cavabdeh ziddiyətli ifadələr verərək 10600 manat iddiaçıdan borc almasını etiraf etmiş, lakin həmin borc məbləğlərini qaytardığını bildirmişdir.
44. İş üzrə sənədlərdən görünür ki, oxşar məlumatları Cavabdeh Sumqayıt şəhər Pİ-nin 3-cü PB-də vermiş olduğu izahatında 2021-ci ilin iyul ayında onun xahişi ilə tanışı X2 kredit götürərək aylıq ödəmək şərti ilə ona verdiyini göstərmişdir.
45. Bundan əlavə cavabdeh iddiaçıdan bağının özəlləşdirilməsi məqsədi ilə 1000 manat aldığını, iltizamda 1000 rəqiminin sonuna «0» rəqəmi artırıldığını göstərsə də bu göstərilənlər ekspert rəyi ilə təkzib olunur. Eksprt rəyi ilə müəyyən edildi ki, «on min manat» sözləri Cavabdeh tərəfindən icra olunmuşdur.
46. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfin mübahisələndirilən hissədə iddiası məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır.
47. Cavabdeh tərəf həmin borc məbləğlərinin ödənildiyini göstərsə də ödənişlərlə bağlı heç bir sübut nə birinci instansiyada araşdırma zamanı, nə də apellyasiya icraatı zamanı məhkəməyə təqdim etməmişdir.
48. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosessual qanunvericilik sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki prosessual qanunvericilik məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
49. Sübutetmə vəzifəsinin bölgüsü baxımından öhdəliyin icra edildiyini sübut etmə vəzifəsi öhdəlik daşıyan şəxsə aiddir, odur ki, alınmış pulun qaytarıldığını sübut etmə vəzifəsi pul alan şəxsin üzərinə düşür.
50. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar).
51. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, iddia qismən təmin edilməklə qanuni və əsaslı qətnamə qəbul edilməmişdir.
52. Məhkəmə aktlarının qanuniliyi, ənənəvi olaraq, məhkəmə aktının maddi və prosessual hüquq normalarına uyğunluğu kimi qəbul olunur. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılıb və qərar qəbul edilmiş olsun. Mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir.
53. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
54. Beləliklə, məhkəmə kollegiyası şərh olunanlara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 17 mart 2023-cü il tarixli, 2(060)-499/2023 nömrəli qətnaməsi qismən –iddianın təmin edilməyən hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək iddia mübahisələndirilən hissədə təmin olunmalı, Cavabdeh İddiaçı xeyrinə 20.600 (iyirmi min altı yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 141 manat məbləğində pul tutulmalıdır.
55. Ekspertiza təhqiqatının dəyərinin əvəzi olaraq 138 (yüz otuz səkkiz) manat Cavabdeh alınaraq SAP (XİİS) hesabı X1 kod 210005 VÖEN ********** müxbir hesab AZ41NABZ********************, SWİFT Bik: CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına keçirilməlidir.
56. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 372, 384, 385, 392-393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 17 mart 2023-cü il tarixli, 2(060)-499/2023 nömrəli qətnaməsi qismən - iddianın təmin olunmayan hissəsində ləğv edilsin. Cavabdeh 20.600 (iyirmi min altı yüz) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 141 (bir yüz qırx bir) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Ekspertiza təhqiqatının dəyərinin əvəzi olaraq 138 (bir yüz otuz səkkiz) manat Cavabdeh alınaraq SAP (XİİS) hesabı X1 kod 210005 VÖEN ********** müxbir hesab AZ41NABZ********************, SWİFT Bik: CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülçün. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.