Məhkəmə qərarları › İş №2(105)-12/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-12/2023

26.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-12/2023 26.07.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X16 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “X14” MMC-yə qarşı istehsalat qəzası nəticəsində dəymiş zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin 15 iyul 2019-cu il tarixli, 2(029)-623/2019 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Qusar Rayon Məhkəməsinin 15 iyul 2019-cu il tarixli qətnaməsi ilə (hakim R.Kazımov) İddiaçı cavabdeh “X14” MMC-yə qarşı istehsalat qəzası nəticəsində dəymiş zərərin ödənilməsi tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. İddiaçı qətnamədən apelyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı cavabdeh “X14” MMCyə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “X14” MMC-dən onun xeyrinə 2006-cı il üzrə 715.20 (yeddi yüz on beş manat iyirmi qəpik) manat, 2007-ci il üzrə 1035.60 (bir min otuz beş manat altmış qəpik) manat, 2008- ci il üzrə 1317.12 (bir min üç yüz on yeddi manat on iki qəpik) manat, 2009-cu il üzrə 1430.40 (bir min dörd yüz otuz manat qırx qəpik) manat, 2010-cu il üzrə 1591.20 (bir min beş yüz doxsan bir manat iyirmi qəpik) manat, 2011-ci il üzrə 1748.16 (bir min yeddi yüz qırx səkkiz manat on altı qəpik) manat, 2012-ci il üzrə 1912.32 (bir min doqquz yüz on iki manat otuz iki qəpik) manat, 2013-cü il üzrə 2040.48 (iki min qırx manat qırx səkkiz qəpik) manat, 2014-cü il üzrə 2133.30 (iki min bir yüz otuz üç manat otuz qəpik) manat, 2015-ci il üzrə 2241.12 (iki min iki yüz qırx bir manat on iki qəpik) manat, 2016-cı il üzrə 2399.04 (iki min üç yüz doxsan doqquz manat dörd qəpik) manat, 2017-ci il üzrə 2536.80 (iki min beş yüz otuz altı manat səksən qəpik) manat, 2018-ci il üzrə 2597.28 (iki min beş yüz doxsan yeddi manat iyirmi səkkiz qəpik) manat və 2019-cu ilin üç ayı üzrə 770.40 (yeddi yüz yetmiş manat qırx qəpik) manat olmaqla, cəmi 24468.42 (iyirmi dörd min dörd yüz altmış səkkiz manat qırx iki qəpik) manat məbləğində ödənilməmiş müavinətin və 01 aprel 2019-cu il tarixdən etibarən hər ay müavinətin tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 02 yanvar 1987-ci il tarixdə Qusar rayon X11 çilingər işinə qəbul olunmuşdur. 26 mart 1990-cı il tarixdə bədbəxt hadisə nəticəsində xəsarət almışdır. 21 fevral 1991-ci il tarixdə ona peşə xəstəliyi nəticəsində əmək fəaliyyətinin 60 faizi itirdiyinə görə 3-cü qrup əlillik verilmişdir. 21 iyun 1993-cü il tarixdə işlədiyi Qusar rayon X7 işdən azad olunmuşdur. Əlilliyə görə dövlət tərəfindən ona müavinət təyin olunmuşdur. Həmin müavinəti o, 01 yanvar 2006-cı il tarixə kimi almış və daha sonra müavinətin verilməsi dayandırılmışdır. Müavinətin dayandırılmasına səbəb Qusar rayon X10 “Azərittifaqının” 31 yanvar 2006-ci il tarixli qərarı ilə və 01 fevral 2006-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən özəlləşdirilməsi olmuşdur. Bununla bağlı keçmiş Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən sahibkar X5 27 iyun 2006-cı il tarixli 000741 qeydiyyat nömrəli “mülkiyyət hüququ haqqında şəhadətnamə” verilmişdir. Xəsarət aldığı müəssisə təşkilatı hüquqi formasını dəyişməklə “X14” MMC-yə çevrilmişdir. Bununla da “X14” MMC Qusar rayon X10 hüquqi varisi hesab edilmişdir. Azərbaycan Respubikası Nazirlər Kabinetinin 09 yanvar 2013-cü il tarixli 03 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği”nin 3.10-cu bəndinə əsasən zərər dəyməsində təqsirkar olan müəssisənin yenidən təşkil edildiyi halda onun hüquqi varisi zərərçəkənə zərərin əvəzini ödəyir. Azərbaycan Respublikası Prezidentinin 04 avqust 2008-ci il tarixli 04 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi qaydaları”nın 5.6-ci bəndinə əsasən dövlət müəssisələrinin özəlləşdirilməsinin başa çatması tarixindən, eləcə də onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə mindikdən sonra istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclər Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 239-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada ödənilir. O, xəsarət nəticəsində peşə əmək qabiliyyətinin 60 faizini itirmişdir. Ona görə də ona ödənilməli olan aylıq ödənc onun peşə əmək qabiliyyətini itirdiyi gündən əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin xəsarət nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilib ödənilməlidir. Cavabdeh “X14” MMC-dən onun xeyrinə 2006-cı il üzrə 715.20 (yeddi yüz on beş manat iyirmi qəpik) manat, 2007-ci il üzrə 1035.60 (bir min otuz beş manat altmış qəpik) manat, 2008-ci il üzrə 1317.12 (bir min üç yüz on yeddi manat on iki qəpik) manat, 2009-cu il üzrə 1430.40 (bir min dörd yüz otuz manat qırx qəpik) manat, 2010-cu il üzrə 1591.20 (bir min beş yüz doxsan bir manat iyirmi qəpik) manat, 2011-ci il üzrə 1748.16 (bir min yeddi yüz qırx səkkiz manat on altı qəpik) manat, 2012-ci il üzrə 1912.32 (bir min doqquz yüz on iki manat otuz iki qəpik) manat, 2013-cü il üzrə 2040.48 (iki min qırx manat qırx səkkiz qəpik) manat, 2014-cü il üzrə 2133.30 (iki min bir yüz otuz üç manat otuz qəpik) manat, 2015-ci il üzrə 2241.12 (iki min iki yüz qırx bir manat on iki qəpik) manat, 2016-cı il üzrə 2399.04 (iki min üç yüz doxsan doqquz manat dörd qəpik) manat, 2017-ci il üzrə 2536.80 (iki min beş yüz otuz altı manat səksən qəpik) manat, 2018-ci il üzrə 2597.28 (iki min beş yüz doxsan yeddi manat iyirmi səkkiz qəpik) manat və 2019-cu ilin üç ayı üzrə 770.40 (yeddi yüz yetmiş manat qırx qəpik) manat olmaqla, cəmi 24468.42 (iyirmi dörd min dörd yüz altmış səkkiz manat qırx iki qəpik) manat məbləğində ödənilməmiş mavinətin və 01 aprel 2019-cu il tarixdən etibarən hər ay müavinət tutulmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Qusar Rayon Məhkəməsinin 15 iyul 2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnaməni əsassız, qanunazidd, qeyri-obyektiv hesab edir. Qusar Rayon Məhkəməsi qeyd olunanları və həmin hallara dair sübutlarını araşdırmadan və onlara hüquqi qiymət vermədən, eləcə də iddianın rədd olunmasını əsaslandıracaq heç bir arqument gətirmədən sadəcə olaraq “məhkəmə belə hesab edir ki, iddia rədd olunmalıdır” yazaraq əsassız və qanunsuz qətnamə qəbul etmişdir. O, öz tələbini əsaslandırdığı hallara dair kifayət qədər sübutları məhkəməyə təqdim etmişdir. Həmin sübutlar qanuni qüvvəyə minmiş Sumqayıt Apellyasiya Məhkəməsinin 11 mart 2014-cü il tarixli 2-2(105)-67/2014 nömrəli qərarı təsdiq olunmuşdur. Amma məhkəmə iddianın hansı əsasla rədd olunması barədə hər hansı bir əsaslandırma aparmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən cavabdeh “X14” MMC-nin vəkili Vəkil apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallanı araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİMƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsini İddiaçı öz tələbini əsaslandırdığı hallara dair məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməməsi və bu halların məhkəmə iclasında öz təsdiqini tapmaması ilə əsaslandırmışdır. Bu nəticədən narazı qalan iddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnaməni mübahisələndirərək onun ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla iddia tələbi üzrə hüquqi dəyərləndirmə aparmaqla, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdən görünür ki, İddiaçı 02 yanvar 1987-ci il tarixdə Qusar rayon X11 çilingər işinə qəbul olunması, 26 mart 1990-cı il tarixdə bədbəxt hadisə nəticəsində xəsarət alması, 21 fevral 1991-ci il tarixdə ona peşə xəstəliyi nəticəsində əmək fəaliyyətinin 60 faizi itirdiyinə görə 3-cü qrup əlillik verilməsi, 21 iyun 1993-cü il tarixdə işlədiyi Qusar rayon X7 işdən azad olunması işin mübahisəsiz halıdır. Baxılan iş üzrə iddia tələbi istehsalat qəzası nəticəsində dəymiş zərərin ödənilməsi barədədir. Əmək Məcəlləsinin 239-cu maddəsinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin, eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. İşəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir. İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir. Azərbaycan Respubikası Nazirlər Kabinetinin 09 yanvar 2013-cü il tarixli 03 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği”nin 2.1-ci maddəsinə əsasən istehsalatda əmək xəsarəti nəticəsində zərərçəkənin əmək qabiliyyətinin azalması və ya ölümü nəticəsində dəyən zərərin əvəzi aylıq ödənişlər yolu ilə ödənilir. Həmin aylıq ödənc zərərçəkənin xəsarət almazdan və yaxud peşə əmək qabiliyyətini itirdiyi gündən əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin xəsarət nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilib ödənilir. Məhkəmə kollegiyası tərəfindən tərəflərin ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsi məqsədi ilə mülki iş üzrə məhkəmə mühasibatlıq ekspertizası keçirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 9/219 №li 10 aprel 2023-cü il tarixli ekspert rəyi ilə İddiaçı hesablanmalı olan müavinətin məbləği (01 yanvar 2006-cı il tarixdən 01 aprel 2019-cu il tarixədək) 14499,21 manat müəyyən edilmişdir. Həyata və ya sağlamlığa zərər vurulması üçün məsuliyyəti müəyyənləşdirilmiş qaydada təsdiq edilən hüquqi şəxsin yenidən təşkil edildiyi halda müvafiq ödənişləri icra etmək vəzifəsini onun hüquq varisi daşıyır. Zərərin əvəzinin ödənilməsi tələbləri də ona qarşı irəli sürülür (Mülki Məcəllənin 1126.1. maddəsi). Azərbaycan Respubikası Nazirlər Kabinetinin 09 yanvar 2013-cü il tarixli 03 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği”nin 3.10-cu bəndinə əsasən zərər dəyməsində təqsirkar olan müəssisənin yenidən təşkil edildiyi halda onun hüquqi varisi zərərçəkənə zərərin əvəzini ödəyir. Azərbaycan Respublikası Prezidentinin 04 avqust 2008-ci il tarixli 04 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi qaydaları”nın 5.6-ci bəndinə əsasən dövlət müəssisələrinin özəlləşdirilməsinin başa çatması tarixindən, eləcə də onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə mindikdən sonra istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclər Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 239-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada ödənilir. Məhkəmə kollegiyası tərəfindən işin hərtərəfli araşdırılması məqsədilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər İdarəsinə sorğu göndərilmiş, 3 saylı Ərazi Vergilər İdarəsinin 14 iyul 2023-cü il tarixli **********229200 №li “X14” MMC-nin təsis sənədlərinin təsdiq edilmiş surəti göndərilmiş, hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməyə əsasən “X14” MMC-nin 05 dekabr 2006-cı il tarixdə dövlət qeydiyyatına alınmışdır. Qüvvədə olan məhkəmə aktları ilə İddiaçı Qusar Konserv zavodunda çilingər işlədiyi vaxt xx.xx.1990-cı ildə bədbəxt hadisə nəticəsində xəsarət alması, xx.xx.1991-ci il tarixli 30 saylı protokola əsasən iddiaçının peşə xəstəliyi nəticəsində əmək fəaliyyətinin 60 faizini itirməsi və ona İİİ qrup əlillik dərəcəsinin verilməsi müəyyən edilmişdir. Həmçinin müəyyən olunmuşdur ki, X8 10 saylı, 31 yanvar 2006-cı il tarixli qərarına əsasən, iddiaçının əmək xəsarəti aldığı X17 X1 satılmış, Azərittifaqın “Azkoopsənaye” Birliyi ilə X9 arasında 01 fevral 2006-cı il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Bununla bağlı keçmiş Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi tərəfindən X5 27 iyun 2006-cı il tarixli, 000741 qeydiyyat nömrəli “mülkiyyət hüququ haqqında şəhadətnamə” verilmişdir. Həmçinin inzibati iş üzrə iş materiallarına əlavə olunmuş 21 fevral 1991-ci il tarixli 30 nömrəli protokola əsasən iddiaçı peşə xəstəliyi nəticəsində əmək fəaliyyətinin 60 faizini itirmiş və ona İİİ qrup əlillik dərəcəsi verilmişdir. X17 Kombinatı tərəfindən Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Qusar rayon Şöbəsinə göndərilmiş 31 yanvar 2006-cı il tarixli 09 nömrəli məktubuna əsasən iddiaçıya pensiya 01 yanvar 2006-cı il tarixə kimi ödənilmişdir. Göründüyü kimi iddiaçı bədbəxt hadisə nəticəsində xəsarət almış, 01 yanvar 2006-cı ilədək X3 təyin olunmuş müavinəti almışdır. Lakin iddiaçının peşə xəsarəti aldığı kombinat hazırda özəlləşdirildiyindən, yəni iddiaçının xəsarət aldığı müəssisə təşkilati-hüquqi formasını dəyişməklə, “X14” MMC-yə çevrildiyindən, qanunvericiliyin yuxarıda qeyd olunan normalarına əsasən zərərin dəyməsində təqsirkar olmuş müəssisənin hüquqi varisi olaraq hazırkı iş üzrə cavabdeh “X14” MMC iddiaçıya tələb olunan zərəri ödəməlidir. Lakin nəzərə almaq lazımdır ki, cavabdeh təşkilat şəhadətnaməyə əsasən 05 dekabr 2006-cı il tarixdə dövlət qeydiyyatından keçdiyindən, iddiaçıya ödənilən müavinətin məbləği iddiaçının tələb etdiyi 01 yanvar 2006-cı il tarixdən deyil, 05 dekabr 2006-cı il tarixdən 01 aprel 2019-cu il tarixədək ödənilməlidir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, ekspert rəyi ilə 1 aylıq hesablanmalı olan müavinətin məbləği 91,19 manat təşkil etdiyindən, 05 dekabr 2006-cı il tarixdən 01 aprel 2019-cu il tarixədək olan müddət ərzində ödənilməli olan müavinətin məbləği 13496,12 manat (148 ay x 91,19 manat=13496,12 manat) cavabdeh “X14” MMCdən alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə kollegiyası iddia tələbinin 01 aprel 2019-cu il tarixdən etibarən hər ay müavinətin tutulması hissəsinə gəldikdə isə qeyd edir ki, həmin hissədə iddia tələbi əsaslı olmadığından, təmin edilə bilməz. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və iddianın qismən təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. Bununla yanaşı, məhkəmə kollegiyası həmçinin hesab edir ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat cavabdeh “X14” MMC-dən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X6, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilməlidir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. (MPM-nin 119.1. maddəsi). Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏTETDİ İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Qusar Rayon Məhkəməsinin 15 iyul 2019-cu il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh “X14” MMC-dən 13496 (on üç min dörd yüz doxsan altı) manat 12 (on iki) qəpik məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Cavabdeh “X14” MMC-dən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 150 (yüz əlli) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X6, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar