Məhkəmə qərarları › İş №2(105)-1201/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1201/2022

24.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1201/2022 24.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X8 Tağızadənin sədrliyi və məruzəsi, X1 və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Bəhruz Fizuli oğlu Mirzəzadənin katibliyi, Cavabdeh: Cavabdeh iştirakı ilə, İddiaçı cavadehlər Cavabdeh qarşı qızıl-zinət əşyalarının qaytarılması tələbinə dair mülki iş üzrə Zəngilan Rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Zəngilan Rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakim G.K.İmanova) iddianın təmin edilməsi, Cavabdeh çəkisi 20 qram olan, 3000 manat dəyərində komplekt üzük-sırğa, çəkisi 15 qram olan dəyəri 1500 manat olan sep-klon və çəkisi 10 qram olan, dəyəri 1000 manat olan qolbağ natura şəklində özləri və ya özləri yoxdursa həmin əşyaların dəyərinin alınaraq İddiaçı verilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyalarının qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən ona məxsus olan dəyəri 20 qram-3000 manat dəyərində komplekt üzük-sırğa, 15 qram dəyəri-1500 manat sep-klon və 10 qram, dəyəri-1000 manat olan qolbağının alınaraq ona verilməsi, həmin qızıl-zinnət əşyaları olmadığı təqdirdə isə onların dəyərinin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Bu nikahdan onların övladları olmamışdır. Cavabdehin ona qarşı laqeyd münasibəti, kobud rəftarı onların ailə münasibətlərinin dağılmasına səbəb olmuşdur. Belə ki, cavabdeh tez-tez evdə səbəbsiz yerə, heç bir əsas olmadan dava-dalaş yaratmış, dəfələrlə onu döyüb, söyərək təhqir etmişdir. Cavabdeh sonuncu dəfə onu evdən döyərək qovmuşdur. Cavabdehlə ailə münasibətləri baş tutmadığından onlar hazırda ayrılmışlar və rəsmi olaraq xx.xx.2020-ci il tarixdə boşanmışlar. Toy zamanı ona 20 qram, dəyəri-3000 manat olan komplekt üzük-sırğa, 15 qram dəyəri-1500 manat olan sep-klon və 10 qram dəyəri1000 manat olan qolbağ hədiyyə edilmişdir. Həmin qızıl-zinət əşyalarının şəkilləri də vardır. Cavabdeh onu döyərək evdən qovduğu zaman ona məxsus olan qızıl-zinət əşyaları evdə qalmışdır. Evdən çıxanda elə əynində olan qeyimi ilə çıxıb getmişdir. Sonradan 2-3 gün sonra evə əşyalarını almağa gəlmişdir, amma qızıllarını əlindən almışlar. Belə ki, qayınanası oğlundan ona hədiyyə olunan qızılları tələb etmişdir O vermək istəməsə də həyat yoldaşı təkidlə qızılları verməyi tələb edərək ona bu qızıllardanda yaxşısını alacağını bildirərək ona hədiyyə olan qızılları üzük sırğadan ibarət olan komplektini, sep-kulonunu və qolbağını anasına vermişdir. Sonradan hər dəfə qızıllarını istəyəndə yoldaşı alıb verəcəyini bildirsə də qızıllarını qaytarmamışdır. Bundan sonra da evlərində mübahisələr qutarmamışdır ki, bu səbəbdən də aralarında olan nikah pozulmuşdur. O, dəfələrlə cavabdehdən ona məxsus olan qızıl-zinət əşyalarının ona qaytarılmasını xahiş etsə də, bir belə qızılların əvəzinə avqust ayında 1500 manat verəcəyini bildirmişdir. Dəfələrlə özü qızılların onlarda olduğunu etiraf etmişdir. WhatsApp danışıqlarında da qızılların əvəzinə 1500 manat verəcəyini bildirmişdir. Həmin qızıllar ona hədiyyə edilmiş və ona məxsusdur. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının iddiasını tam təmin edərkən kobud pozuntuya yol vermişdir. Belə ki, iddiaçı iddia ərizəsində iddia tələbini irəli sürərkən tələb etdiyi qızıl zinət əşyalarının əyyarını dəqiq markasını qeyd etmədiyi halda hakim tərəfindən sübuta yetirilmədən mənbəyi, mənşəyi və əyyarı məlum olmayan mütəxəssis rəyi formalaşmayan, yalnız iddiaçının müəyyən etdiyi qiymət əsasında yazılmış qiymətlərə qanunsuz şəkildə hüquqi qiymət vermiş, iddianı təmin etmişdir. Həmin əşyaların cavabdehin anası tərəfindən götürülməsinə məhkəmə qiymət verməmişdir. Zəngilan Rayon Məhkəməsinin 27 yanvar 2021-ci il tarixli 2(034)-314/2021 saylı qətnaməsini ləğv edib, iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, ona oxşar izahat verdi və onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməlidir, apellyasiya şikayəti isə qismən təmin edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini təmin edərkən, iddiaçıya məxsus olan qızıl-zinət əşyalarının cavabdehdə qalmasının sübuta yetirilməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur, lakin əşyalarının qiymətinə gəldikdə məhkəmə tərəfindən düzgün qiymət müəyyən etməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşdə olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən aydın olur ki, tərəflər arasında olan nikah xx.xx.2020-ci il tarixdə ləğv edilmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinin tələbinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələblərinə müvafiq olaraq, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ərarvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s); ər arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir (maddə 32.1, 32.2). Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər (maddə 37.1-37.2). Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər rəsmi nikaha daxil olaraq ailə qurmuşlar, birgə nikahdan isə onların uşaqları olmamışdır. Tərəflər arasında olan nikah ləğv edilmişdir. Tərəflər ailə qurarkən iddiaçıya toy zamanı çəkisi 20 qram, dəyəri 3000 manat olan qızıl komplekt üzük-sırğa, çəkisi 15 qram dəyəri 1500 manat olan qızıl sep-klon və çəkisi 10 qram, dəyəri 1000 manat olan qızıl qolbağ hədiyyə edilmişdir. Tərəflər arasında münasibətlər pozulduğundan cavabdeh iddiaçını döyərək evdən qovduğu zaman iddiaçıya məxsus olan qızıl-zinət əşyaları evdə qalmışdır. İddiaçı dəfələrlə cavabdehdən ona məxsus olan qızıl-zinət əşyalarının ona qaytarılmasını tələb etsə də, bunun heç bir nəticəsi olmamış və cavabdeh iddiaçı ilə birbaşa danışıqlarında və vasap danışıqlarında qızılların ona aid olduğunu bildirərək qızılların əvəzinə 1500 manat pul verəcəyini bildirmişdir. Bu məsələyə aydınliq gətirilməsindən ötrü Cavabdeh özünün məhkəmə iclasında iştirak etməsi dəfələrlə qərara alınmasına baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməkdən imtina etmişdir. Məhkəmə kollegiyası cavabdehin iş üzrə qızılların dəyərini düzgün dəyərləndirilməsi barədə gəldiyi nəticə ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 sentyabr 2022-ci il tarixli 9/4608 saylı rəyindən müəyyən edilir ki, çəkisi 20 qram olan qızıl komplekt üzük-sırga 750 əyar oldugu halda 2000 manat, 583, 585 əyar oldugu halda 1600 manat, çəkisi 15 qram olan qızıl sep-klon 750 əyar oldugu halda 1500 manat, 583, 585 əyar oldugu halda 1200 manat, çəkisi 10 qram olan qızıl qolbağ 750 əyar 1000 manat, 583, 585 əyar olduğu 800 manat, göstərilən qızıl-zinət əşyalarının 750 əyar olduğu halda hazırki dövrdə olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 4500,00 manat, 583, 583 əyar olduğu halda isə 3600,00 manat müəyyən edilir. Məhkəmə kollegiyası iclası zamanı cavabdeh bildirmişdir ki, iddiaçı tərəfindən tələb edilən əşyalar əsas metal bəzək (bijuteriya) olmuş, odur ki, həmin əşyaların əyarı olmamışdır. Belə olan halda məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, iddiaçaya məxsus olan çəkisi 20 qram olan, 1600 manat dəyərində qızıl komplekt üzük-sırğa, çəkisi 15 qram olan dəyəri 1200 manat olan qızıl sep-klon və çəkisi 10 qram olan, dəyəri 800 manat olan qızıl qolbağın cavabdeh tərəfindən iddiaçıdan alıb qeri qaytarılmadığı sübuta yetirildiyindən belə nəticəyə gəlir ki, həmin qızıl zinət əşyaları, onlar olmadıqda isə onların dəyəri Cavabdeh alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının bir saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən istifadə etmək hüququna malikdir. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilə bilməz. Məhkəmə nəzərə alır, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-nin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34-cü maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 402-1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətini araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi ləğv edilməməlidir, lakin dəyişdirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Zəngilan Rayon Məhkəməsinin iş üzrə 27 iyul 2021-ci il tarixli 2(034)-314/2021 nömrəli qətnaməsi dəyişdirilsin. Cavabdeh çəkisi 20 qram olan 1600 manat dəyərində komplekt üzük-sırğa, çəkisi 15 qram olan dəyəri 1200 manat olan sep-klon və çəkisi 10 qram olan dəyəri 800 manat olan qolbağ natura şəklində özləri və ya özləri yoxdursa həmin əşyaların dəyəri alınaraq İddiaçı verilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul X2 alınaraq SAP (XİİS) hesabı X4 kod 210005 VÖEN ********** müxbir hesab AZ41NABZ********************, SWİFT Bik: JTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34JTRE******************** hesabına keçirilsin. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar