Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1204/2023 09.08.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X4 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması tələbinə dair mülki iş üzrə Şuşa Rayon Məhkəməsinin 06 aprel 2023-cü il tarixli, 2(077)- 7/2023 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Şuşa Rayon Məhkəməsinin 06 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakim S.Mehrəliyev) iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh6, Cavabdeh4 və Cavabdeh3 birgə qaydada xx.xx.2021-ci il tarixli MK/25274/80/19 saylı kredit müqaviləsi üzrə 22757,14 manat əsas borc, 2412,26 manat faiz borcu, 30,98 manat cərimə borcu olmaqla cəmi 25200,38 (iyirmi beş min iki yüz manat 38 qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun 163 (bir yüz altmış üç) manat hissəsi İddiaçı ASC-nin xeyrinə tutulması, İddiaçı ASC ilə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 arasında bağlanmış xx.xx.2021-ci il tarixli MK/25274/80/19 saylı kredit müqaviləsi ləğv edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinin 97 (doxsan yeddi) manat hissəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh6, Cavabdeh4 və Cavabdeh3, 3 (üç) manat hissəsi İddiaçı ASC-dən tutulub X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ**********0000003944 SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** nömrəli hesaba köçürülməsi qət edilmişdir. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh6, Cavabdeh4 və Cavabdeh3 birgə qaydada iddiaçının xeyrinə 23058,02 manat əsas borc, 2445,18 manat faiz borcu, 330,98 manat cərimə borcu olmaqla, cəmi 25834,18 manat borcun və 168 manat dövlət rüsumunun tutulması, cavabdehlərlə bağlanmış kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh1, zaminlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 arasında imzalanmış xx.xx.2021-ci il tarixli, MK/25274/80/19 saylı kredit sazişinə əsasən bank dövriyyə vəsaitlərinin alınması məqsədilə borcalana 36 ay müddətinə, illik 24% hesablanmaqla 27000 manat məbləğində kredit vermişdir. Zaminlər həmin müqаviləyə əsаsən bаnk qаrşısındа öz üzərinə məsuliyyət götürərək krеdit müqаviləsindən irəli gələn öhdəliklərin icrаsı üçün borcalanla birgə məsuliyyət dаşımağı öhdələrinə götürmüşlər və krеditin qаytаrılmаsı ilə bаğlı onun bütün öhdəliklərini icrа еtməlidir. xx.xx.2022-ci il tarixinə 23058,02 manat əsas, 2445,18 manat faiz və 330,98 manat cərimə borcu hesablanmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh1 Şuşa Rayon Məhkəməsinin 06 aprel 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, Şuşa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin iddianın təmin edilən hissəsində ləğv edilməsi və həmin hissədə iddianın rədd edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddia tələbini qismən təmin edərkən düzgün hüquqi nəticəyə gəlməmiş və borc məbləğinin müəyyən edilməsinə dair sübutlara düzgün hüquqi qiymət verilməmişdir. İş materiallarından göründüyü kimi, iş üzrə iki məhkəmə mühasibatlıq ekspertizası keçirilmişdir. Şuşa Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə təyin edilmiş ilkin məhkəmə-mühasibatlıq ekspertizası ilə ekspert qarşısında xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə əsas, faiz və cərimə borcunun müəyyən edilməsi sualı qoyulmuşdur. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/7830 saylı rəyinə əsasən 22 aprel 2021-ci il tarixli MK/25274/80/19 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla cavabdehlərin 11 avqust 2022-ci il tarixə İddiaçı ASC-yə olan əsas borcu 21582,23 manat və faiz borcu 2187,72 manat müəyyən edilmişdir. Həmçinin, həmin rəylə cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixədək 5417.77 manat əsas borc və 5185.23 manat faiz borcu olmaqla cəmi 10603.00 manat ödəniş edildiyi müəyyən olunmuşdur. Məhkəmə araşdırması davam etdiyi dövrdə iddiaçı tərəfindən ilkin ekspert rəyinə etiraz verilərək kredit hesabı üzrə aparılmış əməliyyatlar və dövlət qurumları tərəfindən qoyulmuş sərəncamlar əsasında tutulan 454.15 manat məbləğində pulun, komissiyalar, həmçinin gecikmələrin nəzərə alınmadığı bildirilərək təkrar ekspertiza keçirilməsi tələb edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə təkrar ekspertiza təyin edilmiş və ekspert qarşısında aparılan ödənişlər, dövlət qurumları tərəfindən qoyulmuş sərəncamlar üzrə silinmiş məbləğlər, komissiyalar və gecikmələr nəzərə alınmaqla cavabdehin iddiaçıya olan əsas, faiz və cərimə borcunun müəyyən edilməsinə dair sual qoyulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti X2 tərəfindən aparılmış tədqiqatın nəticələrinə dair xx.xx.2023-cü il tarixli 9/809 saylı ekspert rəyinə əsasən xx.xx.2021-ci il tarixli MK/25274/80/19 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh1 xx.xx.2022-ci il tarixə İddiaçı ASC-yə olan əsas borcu 22757,14 manat və faiz borcu 2412,26 manat müəyyən edilmişdir. Həmçinin, həmin rəylə cavabdeh tərəfindən 4242.86 manat əsas borc və 5413.54 manat faiz borcu olmaqla cəmi 9656.40 manat ödəniş edildiyi qeyd edilmişdir. Məhkəmə iş materiallarında mövcud olan ziddiyyətlərə qiymət verməmiş, işin hallarını tam və hərtərəfli araşdırmamışdır. Məhkəmə qətnaməsinin əsasında təkrar mühasibatlıq ekspertizasının natamam araşdırma üzərində verilmiş rəyi durur. Bu səbəbdən hesab edir ki, qətnamə prosessual qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildir, qeyd edilən hallar nəzərə alınmaqla iddia tələbinin qismən təmin edilməsinə dair hissədə ləğv edilməli və cavabdehlərin öhdəliklərinin həcmi iddiaçı tərəfindən sübut edilmədiyindən iş üzrə həmin hissədə iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı ASC-nin nümayəndəsi X3 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdehlərə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2. maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak etmiş şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti mübahisələndirilən hissədə qismən təmin edilməli, qətnamə dəyişdirilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən gəldiyi nəticəni cavabdehlərin kredit müqaviləsindən irəli gələn öhdəliyini lazımınca yerinə yetirməmələri ilə əsaslandırmış, Cavabdeh1 isə bu nəticə ilə razılaşmayaraq qətnaməni iddia tələbinin təmin edilməyən hissəsində mübahisələndirmişdir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə cavabdehin mübahisələndirdiyi hissədə baxılaraq hüquqi qiymət verilməlidir. İlk növbədə qeyd olunmalıdır ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və MPM-nin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Prosessual qanunvericilik sübutetmə yükünün bir qayda olaraq tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirir. Sözsüz ki, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Baxılan iş üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 739-cu maddəsi təşkil edir. Həmin maddənin dispozisiya şərtlərinə görə bu cür iddiaların təmin olunması üçün tərəflər arasında etibarlı borc (kredit) müqaviləsi bağlanmış olmalı, müqavilə üzrə Bankın öhdəliyini yerinə yetirdiyi – müəyyən olunmuş məbləği cavabdehə verdiyi sübuta yetirilməlidir. Bu cür tələblər üzrə pulun borcluya verildiyini sübut etmək yükü Bankın üzərindədir. Bank həmin halı sübut etmək yükündən o vaxt azad edilə bilər ki, cavabdeh kredit müqaviləsi üzrə müəyyən edilən pulun ona verildiyini mübahisələndirməsin. Eyni zamanda mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. İşin mübahisə olunmayan halı ondan ibarətdir ki, tərəflər arasında xx.xx.2021-ci il tarixli, MK/25274/80/19 saylı kredit sazişi bağlanmış, dövriyyə vəsaitlərinin alınması məqsədilə borcalana 36 ay müddətinə, illik 24% hesablanmaqla 27000 manat məbləğində kredit verilmişdir. Məhkəmə kollegiyası kredit müqaviləsi üzrə yaranmış əsas və faiz borcunun cavabdeh tərəfindən mübahisələndirilməsi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin araşdırılmış halları zamanı müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən iki dəfə ekspertiza keçirilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/7830 saylı ekspert rəyinə əsasən xx.xx.2021-ci il tarixli MK/25274/80/19 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh1 xx.xx.2022-ci il tarixə İddiaçı ASC-yə olan əsas borcu 21582,23 manat və faiz borcu 2187,72 manat müəyyən edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/809 saylı ekspert rəyinə əsasən isə xx.xx.2021-ci il tarixli MK/25274/80/19 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh1 xx.xx.2022-ci il tarixə İddiaçı ASC-yə olan əsas borcu 22757,14 manat və faiz borcu 2412,26 manat müəyyən edilmişdir. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). Mülki Prosessual Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı). Qeyd edilməlidir ki, əsas borc və faiz məbləğinə dair iddiaçının istinad etdiyi maliyyə arayışı iddiaçı təşkilatın əməkdaşları tərəfindən hazırlandığından, iddiaçının subyektiv mülahizəsinə və maraqlarına əsaslanır. Bu isə əsas borc və faiz məbləği barədə tələb edilən tarixə ekspert rəyinin əsaslı olmasını qaçılmaz edir. Məhkəmə kollegiyası qeyd edir ki, keçirilmiş ekspert rəylərində cavabdehlərdən tutulmalı olan məbləğlər (əsas və faiz) arasında fərq olsa da, birinci instansiya məhkəməsi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/7830 saylı ekspert rəyində göstərilən məbləğləri deyil, xx.xx.2023-cü il tarixli 9/809 saylı ekspert rəyinə istinad edərək, həmin rəydə qeyd olunan borc məbləğinin cavabdehlərdən tutulması qənaətinə gəlmişdir. İşdən görünür ki, xx.xx.2022-ci il tarixli rəydə ekspertiza hesabdan çıxarış məlumatları və kredit müqaviləsinə əsasən aparılan ödənişlər nəzərə alınmaqla hesablandığı halda, xx.xx.2023-cü il tarixli rəydə isə müqavilə üzrə ödənişlər hesabdan çıxarış və maliyyə arayışı əsasında aparılmışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şuşa Rayon Məhkəməsinin 06 aprel 2023-cü il tarixli qətnaməsi dəyişdirilməli, xx.xx.2021-ci il tarixli, MK/25274/80/19 saylı kredit müqaviləsi üzrə öhdəliyin icra edilməməsinə görə ilkin ekspert rəyində göstərilən məbləğdə, yəni 21582 (iyirmi bir min beş yüz səksən iki) manat 23 (iyirmi üç) qəpik əsas borc, 2187 (iki min yüz səksən yeddi) manat 72 (yetmiş iki) manat faiz borcu cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh6, Cavabdeh4 və Cavabdeh3 alınaraq İddiaçı ASC-yə verilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.3. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ Cavabdeh1 apellyasiya şikayəti mübahisələndirilən hissədə qismən təmin edilsin. Şuşa Rayon Məhkəməsinin 06 aprel 2023-cü il tarixli qətnaməsi əsas və faiz borcunun tutulması hissəsində dəyişdirilsin. xx.xx.2021-ci il tarixli, MK/25274/80/19 saylı kredit müqaviləsi üzrə öhdəliyin icra edilməməsinə görə 21582 (iyirmi bir min beş yüz səksən iki) manat 23 (iyirmi üç) qəpik əsas borc, 2187 (iki min yüz səksən yeddi) manat 72 (yetmiş iki) manat faiz borcu cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh6, Cavabdeh4 və Cavabdeh3 alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1204/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1204/2023
09.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver