Məhkəmə qərarları › İş №2(105)-1204/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1204/2024

09.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1204/2024 09.07.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim X2, hakimlər Məmmədov Zaur İkram oğlu və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağayeva Elnarə Nəriman qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması tələbinə dair” mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin 22 fevral 2024-cü il tarixli, 2(074)-386/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Şamaxı Rayon Məhkəməsinin 22 fevral 2024-cü il tarixli, 2(074)-386/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(074)-828/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq, Cavabdeh hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlamaqla, xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 170 manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir (hakim Fərid Yaqubov). Həmin qətnamədən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq, Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi bardə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2007-ci ildə cavabdeh X7 ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Birgə nikahdan xx.xx.2009-cu il təvəllüdlü Mədinə və xx.xx.2013-cü il təvəllüdlü Safura adlı iki uşaqları var. Cavabdehlə aralarında yaranmış müəyyən ailə münaqişələri nəticəsində nikahları Şamaxı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə pozulmuş, uşaqların onun yanında qalması və uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay sabit pul məbləğində hər uşağa görə 120 manat olmaqla, cəmi 240 manat alimentin tutulub ona veriməsi qət edilmişdir. Hazırda həmin aliment məbləği uşaqların saxlanılması üçün kifayət etmir. Belə ki, məlum olduğu kimi, hər bir uşağın təlabatına, o cümlədən, geyiminə, istirahətinə, təhsil və tibbi xərclərinə kifayət qədər vəsait tələb olunur. Məhkəmənin müəyyən etdiyi aliment məbləği isə hazırda uşaqlarının qeyd olunan təlabatlarını ödəməyə yetərli deyildir. Bu səbəbdən də, aliment miqdarının artırılması barədə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə yuxarıda qeyd olunan qətnamə qəbul edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(074)-386/2024 saylı qətnaməsinin iddianın qismən təmin edilməsi hissəsində ləğv edilməsini və hər ay hər uşağa görə 140 manat olmaqla cəmi 280 (iki yüz səksən) manat sabit pul məbləğində alimentin tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və işdə iştirak edən şəxslərin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hazırda o, ikinci dəfə evlənmiş və ailəsi ilə birlikdə Bakı şəhərində kirayədə yaşayır, daimi iş yeri olsa da, əmək haqqı stabil deyildir. İndiki həyat yoldaşı X6 ilə birgə nikahından xx.xx.2022-ci il təvəllüdlü X8 adlı övladı vardır. Gündəlik məişət xərcləri çox olsa da, o, aliment ödəməkdən yayınmır, sadəcə hər uşağa görə 170 manat ödəməyə maddi imkanı çatmır. Hal-hazırda onun real olaraq hər uşağa görə 140 manat ödəmək imkanı vardır. Qeyd etdiyi məbləğdən artığını ödəmək iqtidarında deyil. Əgər bu hal yaşanarsa ailəsinin mənəvi və psixoloji durumuna mənfi təsir edəcəkdir. Məhkəmə isə qeyd edilən halları nəzərə almamışdır. Apellyasiya şikayəti üzrə məkəmə kollegiyası iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbi barədə məhkəməyə məlumat verməmiş, məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən olunan hallara tətbiq edilməli hüquq normaları baxımından qiymət verib hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər və apellyasiya instansiyası məhkəməsinin mövqeyi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələb və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(074)- 828/2018 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh Yolçiyeva (Məmmədova) Gülşən Yaqub qızına qarşı nikahın pozulması tələbinə dair iddiası qismən təmin edilərək, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında xx.xx.2007-ci il tarixdə Şamaxı rayon Məlhəm kənd İƏD-si üzrə nümayəndəliyində bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 07 nömrə ilə qeydə alınmış nikah qeydinin pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X3 anası Yolçiyeva (Məmmədova) Gülşən Yaqub qızının yanında saxlanılması, iddiaçı Cavabdeh xx.xx.2018-ci il tarixdən başlayaraq xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində aliment alınıb cavabdeh Yolçiyeva (Məmmədova) Gülşən Yaqub qızına verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 51.2-ci maddəsinə əsasən, uşaqların hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər (onları əvəz edən şəxslər), bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda isə müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) və məhkəmə tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 75.1 və 75.4-cü maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişkən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə, alimentin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla, aliment ödəməkdən azad edə bilər. BMT-nin “Uşaq hüquqları Bəyannaməsi”nin 2 saylı prinsipinə əsasən, “uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir”. Həmin Bəyannamənin 4 saylı prinsipinə əsasən, uşaq sosial təminatın faydalarından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o, eləcə də anası, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Uşağın lazımi qidalanma, mənzil, əyləncə və tibbi xidmət hüququ olmalıdır. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Qanunun 19-cu maddəsinə görə, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarının 8.2-ci bəndində də məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Digər tərəfdən, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Göründüyü kimi, istinad olunan qanunvericilik aktları uşaqların daha üstün mənafeyindən çıxış edərək hər bir halda və hər hansı çətinliyə baxmayaraq uşağın minimum dolanacaq xərclərini qarşılamağı valideynlərin əsas vəzifəsi kimi müəyyən etmişdir. Konkret halda uşaqları bilavasitə ana, yəni iddiaçı saxladığından uşaqların minimum dolanacaq xərclərini çəkmək, yəni minimum dolanacaq xərclərinə yaxın məbləğdə aliment ödəmək vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdehin yeni nikaha daxil olması və bu nikahdan da uşağının olması onun iddiaçının yanında qalan uşaqlarının təminat həddini aşağı səviyyədə saxlamağa, yaxud cavabdehin maddi imkanı çatan hədlə məhdudlaşdırmağa əsas vermir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilərək və ya dəyişdirilərək alimentin təyin olunmuş məbləğinin azaldılması üçün əsas ola bilməz. Ona görə də həmin dəlillər qəbuledilməzdir. Məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual normaların tətbiqində səhvə yol verməmiş, qanuni və əsaslı olan qətnamə qəbul etmişdir. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 402.1-ci maddəsinə müvafiq olaraq mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilə bilməz. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə hesablanır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin iş üzrə 22 fevral 2024-cü il tarixli, 2(074)-386/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Hazırkı qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar