Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1206/2021 31.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt şəhər məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-5442/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt şəhər məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim A.İsmayılov) iddianın qismən təmin edilməsi, Cavabdeh 3260 manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumunun İddiaçı xeyrinə tutulması qət edilmişdir. İddiaçı qətnamədən apelyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Cavabdeh qarşı «pul tələbinə» dair iddia ərizəsi ilə Sumqayıt şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh 3260 manat məbləğində dəymiş ziyan, 5 il müddətində kirayə verdiyi 12.000 manat pulun, 5.000 manat mənəvi ziyanın və 30 manat dövlət rüsumunun onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh 2015-ci ilin avqust ayından tanıyır. Belə ki, həmin vaxt Sumqayıt şəhərində yerləşən ona məxsus olan mənzili 38.000 manata satmış, problemlərini həll etdikdən sonra əlində 20.000 manat pul qalmlşdır. Həmin pula ucuz qiymətə həyət evi almaq istədiyindən Sumqayıt şəhərində ev alqı satqısı ilə məşğul olan Cavabdeh və Akif Nağıyev adlı şəxslərlə danışmış, onlara ev almaq istədiyini bildirmiş, onlar isə həmin qiymətə ev ala bilməyin mümkünsüz olduğunu bildirmişlər. Lakin həmin qiymətə ipoteka ilə ev tapa biləcəklərini əlində olan pulu isə ilkin ödəniş kimi verə biləcəyini demişlər. Cavbadehin təklifi sərfəli olduğundan o, ailəsi ilə məsləhətləşmiş və qərara gəlmişdir ki, ipoteka ilə ev alsınlar. Bundan sonra Rövşən və Akif ilkin ödənişə əvvəlcədən 12.000 manat və evin şəkillərinin çəkilməsi üçün xırda xərclər çıxacağını bildirmişdir. O, isə cavabdehin bu təklifi ilə razılaşmışdır. Bundan sonra Rövşən ona xx xxxxxx 2015- ci il tarixdə zəng edərək 6000 manat verməli olduğunu demiş, onun tapşırığına əsasən oğlu arvadı ilə birlikdə 6000 manat pulu Rövşənə vermişdir. Səhərisi gün oğlu Kamillə birlikdə görüşüb 6000 manat yazılı sənəd almışdır. Bundan bir həftə sonra xx xxxxxx 2015-ci il tarixdə Rövşən yenə zəng edib pulun qalan hissəsini də verməli olduğunu demişdir. Evdə 3500 manat olduğundan oğlu Kamil 3500 manat pulu Rövşən və Akifə vermişdir. Bundan başqa evin şəkillərinin çəkilməsi sayta yerləşdirilməsi, beh verilməsi və s. xərclərə birlikdə cəmi 12.550 manat pul tərəfindən Akiflə Rövşənə verilmişdir. Bundan sonra Rövşən ona bildirmişdir ki, 1 həftə ərzində kredit ayrılacaq və məsələ öz həllini tapacaqdır. Lakin bunlara baxmayaraq onlar dedikləri sözə əməl etməmişlər, hər dəfə bəhanələr gətirərək məsələdən yayınmışlar, telefon zənglərinə cavab verməmişlər, daha sonra isə ümumiyyətlə telefonlarına zəng çatmamış və o, onları tapa bilməmişdir. Buna görə də, o, Sumqayıt şəhər Polis İdarəsinin 4-cü polis Bölməsinə şikayət etmiş, həmin vaxt pulun 1800 manatını Akif, 2740 manatını isə Rövşənin anası qaytarmış, qalan pulu isə qaytaracaqlarına söz versələr də sonradan aradan çıxmışlar. Daha sonra məhkəmə dövründə Akif ona 4000 manat da pul ödəmiş və onun ona qarşı heç bir şikayəti tələbi olmamışdır. Razılıqlarına əsasən yerdə qalan 6000 manatı isə Cavabdeh ödəməli idi. Lakin Rövşən ona dəymiş ziyandan cəmi 2740 manat ödəmiş, yerdə qalan 3260 manatı bu günədək ödəməmişdir. Cavabdeh cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra o, Rövşənlə əlaqə saxlamış, pulunun qalan hissəsini ödəməsini tələb etmiş, Rövşən isə ona borcunu ödəyəcəyini, bildirmişdir. Bundan sonra o, hər dəfə onunla telefon əlaqəsi saxlamış, Rövşən ona ödəniş edəcəyini bildirsə də ödəniş etməmiş, sonuncu dəfə isə 2020-ci ilin əvvəllərində artıq cəzasını çəkdiyini, ona heç bir ödəniş etməyəcəyini bildirərək, telefonu söndürmüş, ondan sonra bir daha onunla əlaqə saxlaya bilməmişdir. Bundan başqa cavabdehin əməlləri nəticəsində mənəvi sarsıntı mənəvi istirab keçirmiş, evini satdıqdan sonra cavabdehin təqsiri ucbatından uzun müddət kirayədə yaşamağa məcbur olmuşdur. Polisə, məhkəməyə müraciətlər etmiş, uzun sürən məhkəmə proseslərində, istintaqda və digər prossesual hərəklərdə iştirak etmişdir. Bütün bunlar hamısı ona maddiyyat mənəvi sarsıntı mənəvi istirab bahasına başa gəlmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Sumqayıt şəhər məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozmaqla qəbul olunmuşdur. Məhkəmə qətnamə çıxararkən mülki iş üzrə dəlillərə və sübutlara düzgün qiymət verməmişdir. Qətnamə əsassız, ədalətsiz və qanunsuzdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılması mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt şəhər məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsini hazırkı iş üzrə cavabdehin borcu qismən etiraf etməsini və iddiaçının iddia tələbinin 5 il müddətində kirayəyə verdiyi 12.000 manat pulun və 5.000 manat mənəvi ziyanın cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində istinad etdiyi halları sübut edə bilməməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticədən narazı qalan iddiaçı apellyasiya şikayəti vermiş, apellyasiya şikayətinin məzmunundan görünür ki, qətnaməni iddianın təmin edilməyən hissəsində mübahisələndirir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq aşağıdakı əsaslara görə qətnaməni mübahisələndirilən hissədə qanuni və əsaslı hesab edir. İşdən görünür ki, iddiaçı cavabdehin ona 6000 (altı min) manat borcu qaldığını, həmin puldan 2740 manat qaytardığını, 3260 manat qalan borcu qaytaracağına söz verdiyini, lakin, söz verdiyi vaxtdan uzun müddət keçməsinə baxmayaraq, verdiyi sözə əməl etmədiyini və bugünə kimi bir manat da olsun pul qaytarmadığını əsas gətirərək, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmiş, cavabdehdən 3260 manat məbləğində dəymiş ziyan, 5 il müddətində kirayə verdiyi 12.000 manat pulun, 5.000 manat mənəvi ziyanın alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının mübahisələndirdiyi iddia tələbinin təmin edilməyən hissələri 5 il müddətinə kirayə haqqı və 5000 manat məbləğində mənəvi zərərdən ibarətdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (Azərbaycan Respublikası MPM-nin 77.1 və 14.2. maddələri). Azərbaycan Respublikası MPM-nin 106.1. maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekpertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları il, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən olunur. (Azərbaycan Respublikası MPM-nin 76.1, 76.2-ci maddələri) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudovun Rusiyaya qarşı iş üzrə» xx xxxx 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti, incumbit probalion» (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Göründüyü kimi, üzərinə sübutetmə yükü düşən iddiaçı mübahisələndirdiyi hissələrdə öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları təsdiq edən tutarlı sübutlar təqdim edə bilmədiyindən, iddia tələblərini bu hissədə təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2006-cı il tarixli qərarı). Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt şəhər məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt şəhər məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səyyad Qafari Hakimlər Şəmsəddin Abasov Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-1206/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1206/2021
31.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver