Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1207/2022 14.07.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı "Bank VTB (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə faiz borcunun qaytarılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 2(012)- 571/2021 nömrəli qətnaməsindən iddiaçı "Bank VTB (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim C.İ.Səfiyeva) İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə faiz borcunun qaytarılması tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı ASC qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 oktyabr 2021-ci il tarixli, 2(105)-2789/2021 nömrəli qətnaməsi ilə (hakim T.O.Quliyevin sədrliyi və məruzəsi ilə, hakimlər G.F.Tağızadədən və L.M.Məmmədovadan ibarət tərkibdə) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, e-2(012)-571/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi mülki kollegiyasının 14 mart 2022-ci il tarixli qərarı ilə (hakimlər E.Şamayev (sədrlik edən və məruzəçi), E.Vəliyeva və A.Abbasov) İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 oktyabr 2021-ci il tarixli, 2(105)- 2789/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC və Cavabdeh2 arasında bağlanmış 119-557-1- 9915/1 saylı, xx.xx.2013-cü il tarixli kommersiya krediti müqaviləsindən irəli gələn və Abşeron Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(012)-408/2015 saylı qətnaməsi ilə müəyyən edilən pul öhdəliklərinin vaxtında icra edilməməsi səbəbindən həmin müqavilənin şərtlərinə əsasən hesablanmış 14.462,77 manat məbləğində faiz borcu və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC və Cavabdeh2 arasında 119557-1-9915/1 saylı, xx.xx.2013-cü il tarixli “Kommersiya krediti müqaviləsi” bağlanmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 məxsus olan Xırdalan şəhəri, məhəllə 27, ev 18V ünvanında yerləşən ümumi sahəsi 101.5 kv.m., yaşayış sahəsi 77.0 kv.m., yardımçı sahəsi 24.5 kv.m. olan 4 otaqlı 23 nömrəli mənzil ipoteka qoyulmuş və bu barədə 119607-NEDVİJ-2005 saylı, xx.xx.2013-cü il tarixli “Daşınmaz əmlak ipoteka müqaviləsi” əsasında Bank qarşısında ipoteka ilə yüklü etmişdir. Lakin, borclu şəxs öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində onun Banka 07 noyabr 2014-cü il tarixə 28772.08 manat məbləğində əsas borc, 1036.99 manat məbləğində faiz və 3131 manat məbləğində cərimə, cəmi 32940.07 manat məbləğində borcu qalmışdır. Bank tərəfindən kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, cərimənin ödənilməsinə, tələbin ipoteka predmetinə yönəldilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(012)-408/2015 saylı qətnaməsi ilə cavabdehdən 119557-1-9915/1 saylı, xx.xx.2013-cü il tarixli Kommersiya krediti müqaviləsi üzrə ümumilikdə 30.309.01 AZN məbləğində pulun tutulması və ipoteka predmetinin ilkin satış qiyməti 61.000 manat müəyyən edilməklə Xırdalan şəhəri, məhəllə 27, ev 18V ünvanında yerləşən ümumi sahəsi 101.5 kv.m., yaşayış sahəsi 77.0 kv.m., yardımçı sahəsi 24.5 kv.m. olan 4 otaqlı 23 nömrəli mənzilə yönəldilməsi qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin 11 fevral 2015-ci il tarixli, 2(012)-408/2015 saylı qətnaməsindən narazı qalan Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2015-ci il tarixli, 2(105)960/2015 saylı qətnaməsi ilə ipoteka predmetinin ilkin satış qiymətinin 61.000 manat müəyyən edilməsi hissəsində Abşeron Rayon Məhkəməsinin qətnaməsinin dəyişdirilməsi, Xırdalan şəhəri, məhəllə 27, ev 18V ünvanında yerləşən ümumi sahəsi 101.5 kv.m., yaşayış sahəsi 77.0 kv.m., yardımçı sahəsi 24.5 kv.m. olan 4 otaqlı 23 nömrəli mənzilin ilkin satış qiymətinin 92.000 AZN müəyyən edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2015-ci il tarixli, 2(105)-960/2015 saylı qətnaməsindən narazı qalan Cavabdeh1 həmin qətnamədən kasassiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 04 mart 2016-cı il tarixli, 2(102)-794/16 saylı qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2015-cı il tarixli, 2(105)- 960/2015 saylı qətnaməsinin qismən dəyişdirilərək, Xırdalan şəhəri, məhəllə 27, ev 18V ünvanında yerləşən ümumi sahəsi 101.5 kv.m., yaşayış sahəsi 77.0 kv.m., yardımçı sahəsi 24.5 kv.m. olan 4 otaqlı 23 nömrəli mənzilin ilkin satış qiyməti 85000 manat müəyyən edilmişdir. Bununla da Abşeron Rayon Məhkəməsinin qətnaməsi qanuni qüvvəsini almış və həmin qətnaməyə əsasən verilmiş müvafiq icra vərəqəsi icra olunması üçün Abşeron Rayon icra şöbəsinə göndərilmişdir. Həmin icra sənədinə əsasən icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş və icra sənədində göstərilmiş tələblərin cavabdehlər (borclular) tərəfindən könüllü icrası üçün müddət təyin edilmişdir. Lakin həmin müddət başa çatmış və cavabdehlər (borclular) icra sənədində göstərilmiş tələbləri könüllü icra etməmişlər. Bu səbəbdən icra vərəqəsinin icra edilməsi məqsədi ilə ipoteka predmetlərinin açıq hərracdan satılması üçün müvafiq sifariş verilmiş və həmin sifarişə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən hərrac təşkil edilərək keçirilmişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli Y469 saylı hərracın nəticələri haqqında protokola əsasən hərracın qalibi (alıcı) Bank VTB (Azərbaycan) ASC olmuşdur. "xxxx" MMC ilə Bank arasında xx.xx.2016-cı il tarixində bağlanmış hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləyə əsasən Cavabdeh1 məxsus Xırdalan şəhəri məhəllə 27, ev 18V ünvanında yerləşən ümumi sahəsi 101.5 kv.m, yaşayış sahəsi 77.0 kv.m., yardımçı sahəsi 24.5 kv.m. olan 4 otaqlı 23 nömrəli mənzil Banka satılmışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-İ tərəfində verilmiş RX ******* saylı çıxarışa əsasən fərdi yaşayış evi üzərində Bank VTB (Azərbaycan) ASCnin mülkiyyət hüquqları tanınmışdır. (42 nömrəli reyestr kitabının 64 nömrəli vərəqində qeydiyyata alınmışdır. Qeydiyyat nömrəsi:**********). Bundan sonra İddiaçı ASC cavabdehlər Cavabdeh2, Cavabdeh1, X2, X5, X6 və X3 qarşı mənzildən çıxarma və mənzilin boşaldılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edilmişdir. Abşeron Rayon Məhkəməsinin 17 may 2018-ci il tarixli, 2(102)-1920/2018 saylı qətnaməsi ilə Bankın iddia tələbinin təmin edilməsi, Cavabdeh2, Cavabdeh1, X2, X5, X6 və X1 rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 18V ünvanında yerləşən 23 saylı mənzildən məcburi qaydada çıxarılmaları və həmin evin boşaldılaraq İddiaçı ASC-yə təhvil verilməsi qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(012)408/2015 saylı qətnaməsinin qəbul edildiyi tarixdən icra edilənədək 5 (beş) ilə yaxın müddət keçmişdir. Sözügedən qətnamənin uzun müddət sonra icra edilməsinə səbəb isə cavabdehlər tərəfindən əsassız apellyasiya və kassasiya şikayətlərinin verilməsi, ipoteka predmeti olan əmlakı vaxtında boşaltmamaqlarıdır. Məhkəmə qətnamələrindən görünür ki, cavabdehlərin məqsədi qanuni və əsaslı məhkəmə qətnaməsinin icrasını gecikdirmək olmuşdur. Cavabdehlərin məqsədli hərəkətləri nəticəsində pul öhdəlikləri vaxtında icra olunmamış və bunun nəticəsində kredit müqaviləsinin şərtlərinə əsasən faizlər yığılmışdır. Kredit müqaviləsindən irəli gələn və Abşeron Rayon Məhkəməsinin qətnaməsi ilə müəyyən edilən pul öhdəlikləri vaxtında icra olunmadığı üçün yaranmış 14462,77 manat borc məbləğində faiz borcu cavabdehlərdən tutularaq Banka qaytarılmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı ASC Abşeron Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsi 05 aprel 2021-ci il tarixli qətnaməni qəbul edərkən Azəbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1,442, 445, 448.1, 449.1, 449.4, 739.2-ci maddələrinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair 09 iyul 2009-cu il tarixli qərarında göstərilən halları və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh1 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən Cavabdeh1 nümayəndəsi Vəkil apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər Cavabdeh2 məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən həmin cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak etmiş şəxslərin izahatlarını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən gəldiyi nəticəni Cavabdeh2 tərəfindən iddiaçıya məxsus borc pul məbləğindən hər hansı şəkildə faydalanması və ya həmin məbləği əsassız əldə edilməsi sübuta yetirilməməsi, digər cavabdeh isə ipoteka qoyan olması və onun məsuliyyətinin ipoteka predmeti ilə məhdudlaşdırılması ilə əsaslandırmışdır. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamışdır. Bu nəticədən narazı qalan iddiaçı qətnamədən kassasiya şikayəti vermiş və işə kassasiya qaydasında baxan kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qətnaməni ləğv edib, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması qərara alarkən məhkəmələrin Mülki Məcəllənin 447.5-ci maddəsini düzgün tətbiq etmədiyini, həmin maddənin rəsmi şərhinə dair Konstitusiya Məhkəməsinin mövqeyini nəzərə almadığını, iddiaçının apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verməyərək MPM-nin 220.4, 392-ci maddələrinin tələblərinin pozulduğunu, Cavabdeh1 kredit müqaviləsi üzrə yalnız ipoteka qoyan qismində deyil, həmçinin zamin qismində əsas borclunun öhdəliklərinin icrasına məsuliyyəti üzərinə götürdüyünü, hazırkı mübahisənin düzgün həlli üçün ilkin olaraq məhkəmə qətnaməsi ilə müəyyən olunmuş borc məbləğinin hansı tarixə hesablanması və həmin qətnamənin hansı tarixdə faktiki icra olunmasının müəyyən edilməsini, bundan sonra həmin qətnamənin kredit müqaviləsinin olduğu vaxt kəsiyində tam icra olunduğu halda, borcun hesablandığı tarixdən icra olunduğu tarixədək, qətnamə kredit müqaviləsinin müddəti bitdiyi tarixdən sonra icra edildiyi halda isə kredit müqaviləsi üzrə müəyyən olunmuş müddətin sonunadək qətnamə ilə müəyyən edilən əsas borcun müqavilə üzrə faiz məbləği, kredit müqaviləsi bitdiyi tarixdən qətnamə tam icra olunduğu tarixədək isə Mülki Məcəllənin 447.5-ci maddəsinə əsasən yeni qətnamə ilə müəyyən edilən əsas borca illik 5 % dərəcəsi ilə zərərin məbləğinin müəyyən edilməsi və iddia tələbinə göstərilən maddi hüquq normaları tətbiq edilməklə hər iki cavabdehə qarşı iddia tələbinin dəlillərinə hüquqi qiymət verilməsini qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, kassasiya instansiya məhkəməsi qərarında şərh edilən məcburi göstərişin tam, hərtərəfli və obyektiv araşdırılmaqla birinci instansiya məhkəmənin qəbul etdiyi qətnamənin qanuniliyi və əsaslılığı məsələsinə apellyasiya şikayətlərinin dəlilləri nəzərə alınmaqla hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla iddia tələbi üzrə hüquqi dəyərləndirmə aparmaqla, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və MPM-nin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Eyni zamanda mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Prosessual qanunvericilik sübutetmə yükünün bir qayda olaraq tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirir. Sözsüz ki, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. İşin mübahisə olunmayan halı ondan ibarətdir ki, iddiaçı ilə Cavabdeh2 arasında 36 ay müddətə kredit müqaviləsi bağlanmış və digər Cavabdeh1 həmin kredit müqaviləsi üzrə zamin durmaqla yanaşı həmçinin ipoteka müqaviləsi bağlanmışdır. Qüvvədə olan məhkəmə aktları ilə borcun tutulması barədə iddia qismən təmin edilmişdir. Hazırkı iş üzrə iddia tələbi pul məbləğinin ödənilməsinin gecikdirilməsi nəticəsində faizin ödənilməsi barədədir. Baxılan iş üzrə iddia tələbinin qanuni əsasını isə Mülki Məcəllənin 445.7-ci maddəsi təşkil edir. Mülki Məcəllənin 445.7. maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 24 dekabr 2014-cü il tarixli qərarında göstərmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Bu zaman məhkəmə iddiaçının faiz qismində tələb etdiyi məbləğin kredit vəsaitindən kredit müqaviləsi üzrə müəyyən edilmiş istifadə haqqı, yaxud zərər olduğu barədə məsələləri araşdırmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 24 dekabr 2014-cü il tarixli qərarında göstərmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Hazırki iddia tələbinin əsasını ipoteka predmetinin satışından əldə olunan pul vəsaitinin borcun ödənilməsi üçün kifayət etməməsi və ya cavabdehin pul vəsaitindən istifadə etməsi nəticəsində faydalanması deyil, pul məbləğinin ödənilməsinin gecikdirdirilməsi nəticəsində faizin ödənilməsi təşkil edir. İşdən göründüyü kimi tərəflər arasında kredit müqaviləsi xx.xx.2013-cü il tarixdə bağlanmış, müqavilə xx.xx.2016-cı il tarixədək qüvvədə olmasına baxmayaraq, borc xx.xx.2016-cı il tarixdə tam ödənilmişdir. Məhkəmə kollegiyası Konstitusiya Məhkəməsinin yuxarıda istinad olunan 24 dekabr 2014-cü il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyini hazırkı iddiaya tətbiq edilməklə qeyd edir ki, iddiaçı kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqı qismində faizlərin tutulmasını tələb etməkdə haqlı olmuşdur. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, Mülki Məcəllənin 445.7. maddəsinin tələbi baxımından müqavilə üzrə müəyyən edilmiş 14.462,77 manat faiz borcu Cavabdeh2 tutulmalı və alınaraq iddiaçıya verilməlidir. Məhkəmə kollegiyası iddianın Cavabdeh1 tutulması hissəsinə gəldikdə isə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Cavabdeh1 qarşı iddianın rədd edən aşağı instansiya məhkəməsi hesab etmişdir ki, sonuncu ipoteka qoyan olduğundan və onun məsuliyyəti ipoteka predmeti ilə məhdudlaşdırıldğından, ipoteka predmetinin satılması ilə onun iddiaçı qarşısında öhdəliklərinə xitam verilmişdir. Lakin məhkəmə nəzərə almamışdır ki, həmin cavabdeh kredit müqaviləsi üzrə yalnız ipoteka qoyan qismində deyil, həmçinin zamin qismində əsas borclunun öhdəliklərinin icrasına məsuliyyəti üzərinə götürmüşdür. Odur ki, zamin kimi iddiaçı qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır (Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələri). Lakin iddiaçı zaminə qarşı hazırkı iddia tələbi ilə müraciət edərkən Mülki Məcəllə ilə nəzərdə tutulmuş 1 illik müddəti ötürmüşdür. Belə ki, tərəflər arasında bağlanmış müqavilə 3 il müddətinə, yəni xx.xx.2013-cü ildən xx.xx.2016-cı ilədək bağlanmış, bununla zaminə qarşı tələbi xx.xx.2017-ci ildə bitdiyi halda, xx.xx.2020-ci ildə müraciət etmiş, bununla da 1 illik kəsici müddəti ötürmüşdür. Mülki Məcəllənin 354.2. maddəsinə əsasən həmin Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Qeyd olunan maddədə nəzərdə tutulan müddət əslində iddia müddəti deyil, kəsici müddətdir. Kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Yəni həmin müddət keçdikdən sonra maraqlı şəxs əqdi mübahisələndirmək hüququnu itirir. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, kəsici müddətin tətbiq edilməsi üçün mübahisə tərəfinin iddia müddətinin tətbiqinə dair ərizə verməsi də tələb olunmur. Çünki Mülki Məcəllənin 375.2-ci maddəsi yalnız iddia müddətlərinə aiddir. Kəsici müddətin tətbiq edilməsi isə məhkəmənin səlahiyyətinə aid olub, həmin müddətin tətbiqi üçün mübahisə tərəfinin ərizə verməsi tələb olunmur. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbinin qismən təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ İddiaçı ASC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. Cavabdeh2 119-557-1-9915/1 saylı, xx.xx.2013-cü il tarixli kommersiya krediti müqaviləsi üzrə hesablanmış 14462 (on dörd min dörd yüz altmış iki) manat 77 (yetmiş yeddi) qəpik məbləğində faiz borcu və 30 manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia tələbi Cavabdeh1 aid hissədə rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1207/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1207/2022
14.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver