Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1207/2024 20.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh pul tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X3 və X1 ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borc tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(067)-604/2024 nömrəli qətnaməsindən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı ASC və Cavabdeh arasında bağlanmış 30 may 2023 il tariхli, **********90/1 nömrəli istehlak krеditi müqaviləsinə əsasən sonuncuya 12 ay müddətinə, illik 27 faiz dərəcəsi ilə 2280 manat məbləğində krеdit vеrilmişdir.
2. 30 may 2023 il tariхli, 300805-662290/1 nömrəli krеditi müqaviləsinin təminatı olaraq İddiaçı ASC və Cavabdeh arasında qızıl girov müqaviləsi bağlanmışdır.
3. 30 may 2023-cü il tarixli girovun saxlanca qəbul edilməsi aktından müəyyən olunur ki, 583 əyarlı 29.60 qram çəkidə 1 ədəd boyunbağı, 1 ədəd bilərzik, 1 ədəd qadın dəsti, 2 ədəd üzük, 750 əyarlı 4.5 qram çəkidə 1 ədəd üzük (1 qaşı çıxılıb) Bankın pul anbarına saxlanca verilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 180 manat məbləğində əsas bоrc və 273.38 manat faiz borcu оlmaqla, cəmi 453.38 manat borcun və 30.4 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASCyə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC və Cavabdeh arasında bağlanmış 30 may 2023 il tariхli, 300805-662290/1 nömrəli istehlak krеditi müqaviləsinə əsasən borcluya 12 ay müddətinə, illik 27 faiz dərəcəsi ilə 2280 manat məbləğində krеdit vеrilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafikini pоzmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, o banka olan borcunu ödəməmişdir. 06 dekabr 2023-ci il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 180 manat məbləğində əsas bоrcu və 273.38 manat faiz borcu оlmaqla, cəmi 453.38 manat məbləğində kredit bоrcu yaranmışdır. İstehlak krеditi müqaviləsinin şərtlərinə əsasən borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, borcalan krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır.
6. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(067)-604/2024 nömrəli qətnaməsi ilə (hakim Aynur Əliyeva) iddia qismən təmin edilmiş, Cavabdeh 94,07 manat faiz borcu və 7 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin kredit müqaviləsi üzrə əsas borca dair öhdəliyi girov predmetinin satılması ilə icra edilsə də, kredit müqaviləsi ləğv olunanadək əsas borc məbləğinə hesablanmış faiz borcu ödənilmədiyindən cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Buna görə də, o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə yaranmış faiz borcu iddiaçıya ödəməlidir.
8. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 269.1, 279, 284.2, 293.1, 293.2, 294.1, 385.1, 442, 443.1, 445.2.1, 448.1, 739-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9. Qətnamədən İddiaçı ASC apellyasiya şikayəti verib, qətnamənin ləğv edilərək iddianın tam təmin edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamədə qeyd edir ki, iddiaçı tərəfindən kredit müqaviləsinə əsasən cavabdehin 180 manat əsas, 273,38 manat faiz borcu olduğu qeyd edilməklə məhkəməyə kiçik mübahisələr üzrə iddia ərizəsi verilmiş, lakin iddia ərizəsində tərəflər arasında həmçinin, qızıl girov müqaviləsinin bağlandığı, kredit müqaviləsi üzrə əsas borc məbləğinin girov predmetinin satılması ilə təmin edildiyi barədə məlumatlar qeyd edilməmiş həmçinin, iddia ərizəsinə girov müqaviləsi və girov müqaviləsinə aid digər sənədlər əlavə edilməmişdir. Məhkəmə bu barədə məlumatları öz təşəbbüsü ilə mülki işi iddia icraatına keçirdikdən sonra cavabdehin məhkəmə iclasında verdiyi izahatdan və təqdim etdiyi sənədlərdən əldə etmişdir. Yalnız bundan sonra iddiaçı "xxxx" ASC tərəfindən elektron məhkəmə sisteminə girov müqaviləsi və aidiyyəti sənədlər natamam formada yerləşdirilmişdir. Yerləşdirilmiş sənədlərə isə yüklülük predmetinin hansı tarixdə, hansı məbləğdə satılması barədə sənəd, yüklülük predmetinin satılması barədə yüklülük verənə və borcluya göndərilmiş bildiriş və s. sənədlər əlavə edilməmişdir. Odur ki, mülki iş iddia icraatına keçdikdən sonra bank tərəfindən bütün zəruri səndlər xx.xx.2024-cü il tarixdə elektron məhkəmə portalı vasitəsi ilə təqdim edilmişdir. Həmin sənədlərlə birlikdə əlavə edilmiş çıxarışdan görünür ki, girov predmeti xx.xx.2023-cü il tarixdə 2100 manat məbləğində satılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, yüklülük predmetinin satılması barədə borcluya bildiriş göndərilməmişdir. Halbuki həmin xx.xx.2023-cü il tarixli bildiriş məhkəməyə təqdim edilmişdir. Məhkəmə qətnamə qeyd edir ki, iddiaçının xx.xx.2023-cü il tarixdə cavabdehə bildiriş göndərərək kredit müqaviləsi üzrə hesablanmış bütün əsas borcu tələb etməsi ilə bağlı iradə ifadəsinin həqiqi məzmunu müqavilədən imtinaya yönəlmişdir və məktubun cavabdeh tərəfindən qəbul edildiyi tarixdən müqavilə xitam edilmiş hesab edilməlidir. Belə olan halda iddiaçı həmin tarixdən (xx.xx.2023-cü il) gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərini tələb edə bilər və məhkəmə bunu bank tərəfindən təqdim edilən yüklülük predmetinin satılması barədə borcluya göndərilmiş bildirişə əsaslanaraq bildirir. Bundan əlavə, girov qoyulmuş əmlakın 2100 manat məbləğində satıldığı və ona görə əsas borcun 180 manat məbləğində qalması bank tərəfindən izahatda bildirilmişdir. Lakin, məhkəmə ümumiyyətlə əsas borca dair heç bir münasibət bildirməmiş və bunu qətnamadə əsaslandırmamışdır. Məhkəmənin mülahizəsinə görə, gızıl girovu satılıbsa deməli əsas borc tam bağlanıb. Hansı ki, məhkəmə qeyd edir ki, qızılın satılması və hansı məbləğdə satılmasını sübut edən sənəd yoxdur. Məhkəmə əlavə edilmiş sənədlə ətraflı tanış olduqdan sonra şübhəsi olsaydı müvafiq ekspertiza təyin edə bilərdi. Həmçinin, məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbinin həcminin az olmasına, kiçik mübahisələrə üzrə iddialara yazılı icraat qaydasında baxılmasına arxalanaraq, məhkəməyə natamam məlumatlar təqdim etməklə məhkəməni yanıltmaq nəticəsində iddiasının təmin olunmasına çalışmışdır. Bütün bunlardan belə nəticəyə gəlmək olur ki, məhkəmə qərar qəbul edərkən qərəzli və subyektiv olub və bank əvvəlcədən məlumatları təqdim etmədiyinə görə (halbuki məhkəmə prosesi zamanı təqdim edilib) bankı cəzalandırmaq üçün sübutlara məhəl qoymayaraq və bank tərəfindən çox güman ki, 180 manata görə şikayət verilməyəcəyinə arxalanaraq qanunsuz qərar qəbul edib.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsini, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
13. Məhkəmə iclasının yeri və vaxtı barədə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. İddiaçının nümayəndəsi “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə ərizə verərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
14. Maddə 279. Girovla təmin edilən tələb Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir.
15. Maddə 295. Girov qoyulmuş əşyaya tutmanın yönəldilməsi əsasları Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər.
16. Maddə 297. Girov qoyulmuş əşyanın realizə edilməsi (satılması) Girov qoyulmuş əşya hərracda (açıq auksionda) və ya “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda istənilən üsulla satıla bilər.
17. Maddə 298. Girov qoyulmuş əşyanın satışından götürülmüş məbləğin bölüşdürülməsi 298.1. Girov qoyulmuş əşyanın satılmasından əldə olunan məbləğ aşağıdakı ardıcıllıqla bölüşdürülür: 298.1.1. girov qoyulmuş əşyanın saxlanması, salamatlığı, yaxşılaşdırılması və onun satılmasına çəkilmiş xərclərin ödənilməsinə; (...) 298.1.3. girov saxlayanın tələblərinin ödənilməsinə; (...) 298.2. Bu Məcəllənin 298.1-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra girov qoyulmuş əşyanın satışından əldə olunan vəsaitin qalan hissəsi girov qoyulmuş əşyanın satılmasından 10 (on) iş günü müddətində girov qoyana qaytarılır. 298.3. Əgər girov qoyulmuş əşyanın satışından götürülən məbləğ girov saxlayanın tələbini ödəmək üçün yetərli deyildirsə, girov saxlayan çatışmayan məbləği, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əşyasından almaq hüququna malikdir. Bu halda girov saxlayanın girova əsaslanan üstünlük hüququ yoxdur.
18. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.
19. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. (...)
20. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. (...)
21. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. (...)
22. Maddə 739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
23. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
24. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)
25. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
26. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
27. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. (...)
28. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
29. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
30. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməlidir.
32. Belə ki, işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ASC və Cavabdeh arasında bağlanmış 30 may 2023 il tariхli, 300805- 662290/1 nömrəli istehlak krеditi müqaviləsinə əsasən sonuncuya 12 ay müddətinə, illik 27 faiz dərəcəsi ilə 2280 manat məbləğində krеdit vеrilmiş, kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təminat üsulu kimi eyni tarixli girov müqaviləsi bağlanmış və 30 may 2023-cü il tarixli girovun saxlanca qəbul edilməsi aktından müəyyən olunur ki, 583 əyarlı 29.60 qram çəkidə 1 ədəd boyunbağı, 1 ədəd bilərzik, 1 ədəd qadın dəsti, 2 ədəd üzük, 750 əyarlı 4.5 qram çəkidə 1 ədəd üzük (1 qaşı çıxılıb) Bankın pul anbarına saxlanca verilmişdir. Müqavilə üzrə öhdəlik icra olunmadığından tələb saxlanca verilmiş qızıl zinət əşyalarına yönəldilmiş və zinət əşyalarının satışından əldə edilmiş 2100 manat borcun ödənilməsinə yönəldilmişdir.
33. İddiaçı bank xx.xx.2023-cü il tarixli maliyyə arayışı ilə tərəflər arasında bağlanmış krеdit müqaviləsi üzrə borcdan 2100 manat çıxıldıqdan sonra cavabdehin banka 180 manat məbləğində əsas və öhdəlik tam icra olunmadığına görə müqavilənin qüvvədə olduğu müddət üçün 273.38 manat faiz borcunun olmasını göstərmiş və hazırki iddia ilə məhkəməyə müraciət etmişdir.
34. Kredit müqaviləsinin hissə-hissə geri qaytarılması üçün nəzərdə tutulmuş ödəniş cədvəlindən görünür ki, 2230 manat kredit müqaviləsi üzrə borca illik 27 faiz nəzədə tutlmaqla ümumilikdə 12 ay üçün hər ay 346,85 manat ödənilməsi nəzərdə tutulmuş və tərəflər ödəniş cədvəlini müqavilənin tərkib hissəsi kimi imzalamışlar.
35. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 432.4-cü maddəsinə əsasən əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır.
36. Birinci instansiya məhkəməsi iddia tələbi üzrə tələb edilən 180 manat əsas borcun rədd edilməsi nəticəsinə gələrkən gəldiyi nəticəni əsaslandırmamışdır.
37. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edilən hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, həmin hissədə qətnamə ləğv edilməli, iddiaçının tələbinə uyğun qətnamə çıxarılmalıdır.
38. Belə ki, Mülki Məcəllənin 298.3-cü maddəsinə əsasən, əgər girov qoyulmuş əşyanın satışından götürülən məbləğ girov saxlayanın tələbini ödəmək üçün yetərli deyildirsə, girov saxlayan çatışmayan məbləği, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əşyasından almaq hüququna malikdir...
39. Bununla yanaşı iddiaçı yuxarıda göstərilən tələb üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdə 30 manat dövlət rüsumu ödəmiş, birinci instansiya məhkəməsi iddia ərizəsini təmin etdikdə 07 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə nəticəyə gəlsə də, məhkəmə kollegiyası qeyd olunan hissədə də, məhkəmənin gəldiyi nəticə ilə razılaşmır.
40. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən, iddianın qiyməti 1.000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilməlidir.
41. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
42. İddiaçının tələbi 1000 manatadək olduğundan onun tərəfindən 30 manat dövlət rüsumu və 40 qəpik xidmət haqqı ödənilmiş, birinci instansiya məhkəməsi isə iddianı qismən təmin etsə də, dövlət rüsumunun məbləğini 07 manatadək azaltmışdır.
43. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəmə işin bütün faktiki hallarını araşdırmayaraq əsas borcun təmin edilməməsi və dövlət rüsumunun qismən tutulması barədə düzgün olmayan nəticəyə gəlmişdir.
44. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarının 1 və 4-cü bəndlərinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır.
45. Həmin qərarda həmçinin qeyd edilmişdir ki, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.
46. Göstərilənlərə əsasən, faiz borcunun tutulmasına dair hissədə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, bu hissədə məhkəmənin gəldiyi nəticə əsaslıdır.
47. Azərbaycan Respublikası MPM-in 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinə görə, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
48. Beləliklə sadalanan qanunvericilik aktları normalarına əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(067)-604/2024 nömrəli qətnaməsi qismən - əsas borc və dövlət rüsumunun tutulması hissəsində ləğv edilərək, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, Cavabdeh 180 manat əsas borc və 30,4 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ASC-nin hesabına ödənilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(067)-604/2024 nömrəli qətnaməsi qismən - əsas borc və dövlət rüsumunun tutulması hissəsində ləğv edilsin və göstərilən hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi həmin hissədə təmin edilsin. Cavabdeh 180 (bir yüz səksən) manat əsas borc və 30,4 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ASC-nin hesabına ödənilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.