Məhkəmə qərarları › İş №2(105)-1210/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1210/2021

04.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1210/2021 04.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, iddiaçı “Yelo Bank” açıq səhmdar cəmiyyətinin nümayəndəsi X1 və cavabdeh X7 iştirakları ilə açıq məhkəmə iclasında Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-3387/2020 saylı qətnaməsindən cavabdeh X7 apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-3387/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Əfqan Ələkbərov) iddiaçı “Yelo Bank” açıq səhmdar cəmiyyətinin cavabdeh X8 qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, cavabdeh X6 1040,26 manat əsas, 362,2 manat faiz, 52 manat cərimə borcu, xx xxxxxxx 2016-cı ildən xx xxxxx 2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 156 manat əldən çıxmış fayda olmaqla, cəmi 1610,46 manat borcun və ödənilmiş dövlət rüsumundan 24 manatın tutularaq iddiaçı “Yelo Bank” açıq səhmdar cəmiyyətinə ödənilməsi qət edilmiş, cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, “Yelo Bank” açıq səhmdar cəmiyyəti iddia ilə məhkəməyə müraciət edərək X6 cəmiyyətin xeyrinə xx xxxxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə 1040,26 manat əsas, 362,2 manat faiz, 412,73 manat cərimə borcu, xx xxxxxxx 2016-cı il tarixdən xx xxxxx 2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 190,95 manat əldən çıxmış fayda olmaqla, cəmi 2006,14 manat borcun və ödənilmiş 30 dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, X10 xx xxxxxxxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı X5 açıq səhmdar cəmiyyətindən faizsiz 25 ay müddətinə 1500 manat məbləğində kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. xx xxxxx 2020-dək X7 banka xx xxxxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə 1040,26 manat əsas borc, 362,2 manat faiz borcu, 412,73 manat cərimə və kredit müqaviləsi üzrə xx xxxxxxx 2016-cı il tarixdən xx xxxxx 2020-ci il tarixədək geckdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 190,95 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 2006,14 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işə onun iştirakı olmadan baxılmışdır. Məhkəmə qətnaməsi maddi və prossesual hüquq normalarının pozulması ilə qəbul olunmuşdur. Apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında cavabdeh X10 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək iş üzrə məhkəmə qətnaməsinin ləğv edilib, iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etdi və əlavə olaraq göstərdi ki, o, bir dəfə məhkəmə iclasında iştirak etmiş, sonralar vaxtı olmadığına görə məhkəmə iclasına gələ bilməmişdir. Onun “Yelo Bank” açıq səhmdar cəmiyyətinə 1610 manat borcu vardır, borcunu hissə-hissə ödəməyə razıdır. İddiaçı “Yelo Bank” açıq səhmdar cəmiyyətinin nümayəndəsi X2 məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin iddianın təmin edilmiş hissələrində dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissələrində dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddianı qismən təmin edərkən, cavabdehin kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməməsinə, iddianın qismən təmin olunması üçün əsasların olmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmaqla, işə əlavə edilmiş sənədlərə tam uyğundur. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin faktiki olaraq iddianın təmin edilmiş hissələrində ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı bu hissədə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarından görünür ki, İddiaçı X5 açıq səhmdar cəmiyyətinin 4 saylı filialı ilə bağlanmış xx.xx.2014-cü il tarixli, 11-Y-1-0-703-14 saylı kredit xətti (“Telekart” layihəsi) və bank hesabı müqaviləsinə əsasən X8 25 ay müddətinə 1500 manat məbləğində plastik kartdan istifadə etməklə kredit verilmişdir. İş materiallarında olan İddiaçı X5 açıq səhmdar cəmiyyətinin maliyyə arayışından görünür ki, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə X7 xx.xx.2020-ci il tarixə banka 1040,26 manat əsas borcu, 370,31 manat faiz borcu, 412,73 manat cərimə borcu, gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 190,95 manat əldən çıxmış fayda olmaqla, cəmi 2006,14 manat borcu vardır. İş materiallarında olan İddiaçı X5 açıq səhmdar cəmiyyətinin xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, X10 xx.xx.2014-cü il tarixli, 11-Y-1-0-703-14 saylı kredit müqaviləsinə görə verilmiş krediti 5 gün müddətində könüllü şəkildə ödəməyi təqdirdə, borcun məhkəmə qaydasında tutulması üçün tədbirlər görüləcəyi barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. İş üzrə araşdırılmış sübutlardan görünür ki, İddiaçı X5 açıq səhmdar cəmiyyətinin 4 saylı filialı ilə bağlanmış xx.xx.2014-cü il tarixli, 11-Y-1-0-703-14 saylı kredit xətti (“Telekart” layihəsi) və bank hesabı müqaviləsinə əsasən X11 oğluna 25 ay müddətinə 1500 manat məbləğində plastik kartdan istifadə etməklə kredit verilmişdir. İş materiallarında olan maliyyə arayışı ilə müəyyən edilmişdir ki, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə X7 xx.xx.2020-ci il tarixə banka 1040,26 manat əsas borcu, 370,31 manat faiz borcu, 412,73 manat cərimə borcu, gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 190,95 manat əldən çıxmış fayda olmaqla, cəmi 2006,14 manat borcu vardır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib, hesab edir ki, cavabdehin kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsi, hazırki öhdəlik hüquq münasibətlərinin məhz cavabdehin təqsiri üzündən pozulması işin mübahisəsiz halları olmaqla, həmin faktlar işdə iştirak edən şəxslərin izahatları və mülki işin materialları ilə də inkar edilmədiyindən və cavabdeh pul vəsaitini qanunsuz saxlamaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə ondan faydalandığından, birinci instansiya məhkəməsi düzgün olaraq cavabdeh X6 1040,26 manat əsas, 362,2 manat faiz, 52 manat cərimə borcu, xx xxxxxxx 2016-cı ildən xx xxxxx 2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 156 manat əldən çıxmış fayda olmaqla, cəmi 1610,46 manat borcun və ödənilmiş dövlət rüsumundan 24 manatın iddiaçı “Yelo Bank” açıq səhmdar cəmiyyətinin xeyrinə tutulması nəticəsinə gəlmişdir. Cavabdeh apellyasiya şikayətində məhkəmənin işə onun iştirakı olmadan baxılmasını göstərmişdir. İş materiallarından görünür ki, xx xxxxxxxx 2020-ci il tarixdə keçirilən məhkəmənin iclasında cavabdeh X10 iştirak etmişdir. Bu halı məhkəmə kollegiyasının iclasında cavabdeh X10 da etiraf etmişdir. Cavabdeh apellyasiya şikayətində məhkəmə qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyini göstərsə də, bunların nədə ifadə olunduğunu konkret qeyd etmədiyindən məhkəmə kollegiyası onun bu dəlili ilə razılaşmır. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissələrində faktlar nöqteyinəzərindən qanuni və əsaslı olduğundan, işdə, iş üzrə məhkəmə qətnaməsinin iddianın təmin edilmiş hissələrində apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi iddianın təmin edilmiş hissələrində dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh X7 apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-3387/2020 saylı qətnaməsi iddianın təmin edilmiş hissələrində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Fuad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar