Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1210/2023 10.08.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbi) X6 Süleymanovanın sədrliyi və məruzəsi, X3 Qafari və X4 ibarət tərkibdə, Nigar Natiq qızı Təhməzlinin katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzə Şabran Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli, 2(031)-162/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ona borclu olduğu 8450 manat pulu, əlavə olaraq ödədiyi 105 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh Məşədi ziyarətinə gedərkən tanımışdır. Cavabdeh həmin Məşədi ziyarətinin tur təşkilçisi və tur rəhbəri olmuşdur. Bir neçə dəfə həmin turla Məşadi ziyarətinə getmişdir. Sonuncu dəfə 2021-ci ildə turla Məşədi ziyarətinə gedərkən Cavabdeh onun üzərində pul olduğunu öyrənmişdir. Bundan sonra ondan hissə-hissə 8450 manat borc pul almışdır. Həmin pulları o, evini sataraq əldə etmişdir. Cavabdeh onun sadəlövlüyündən və avamlığından istifadə edərək hissə-hissə almışdır. O, hər dəfə valideynləri ilə məsləhətləşmək istədiyini bildirəndə, cavabdeh ona psixoloji təzyiq etmiş, buna ehtiyac olmadığına inandırmış və onu pul verməyə razı salmışdır. Lakin artıq pulunun qalmadığını görəndə nə edəcəyini bilməmiş və Cavabdeh dərhal pullarını geri tələb etmişdir. Lakin cavabdeh müxtəlif bəhanələr gətirərək pullarını geri qaytarmamışdır. Cavabdeh zənglərinə cavab vermədikdən sonra o, məcbur olub polisə müraciət etmişdir. X5 bildirmişlər ki, o, məhkəməyə müraciət etməlidir. Artıq uzun müddətdir ki, cavabdeh ona olan 8450 manat borcunu ödəməməsi ucbatından ona mənəvi ziyan dəymişdir, çünki o, valideynlərinə deməmiş həmin pulu cavabdehə vermişdir. Hazırda evsiz qalmış, çünki cavabdeh pulunu qaytarmır. Bu səbəbdən də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
3. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.
4. Şahid qismində dindirilən X1 bildirmişdir ki, İddiaçı onun bacısıdır. Bacısı Dürdanə Cavabdeh Məşədi ziyarətinə gedərkən tanımışdır. Cavabdeh həmin Məşədi ziyarətinin tur təşkilçisi və tur rəhbəri olmuşdur. Bacısı Dürdanə bir neçə dəfə həmin turla Məşadi ziyarətinə getmişdir. Sonuncu dəfə 2021-ci ildə turla Məşədi ziyarətinə gedərkən Namik bacısında pul olduğunu görmüşdür. Namik bacısı Dürdanəyə atasının xəstə olduğunu deyib, ondan hissə-hissə, 1500 manat+650 manat, cəmi 8450 manat borc pul almışdır. Sonra bacısı Namikə zəng edib pulunu tələb etmiş, Namik də cavabında pulunun olmadığını bildirmişdir. Bacısı pulu onun yanında verməmişdir. Anası karona xəstəsi olduğu vaxt bacısına demişdir ki, pulu ver ananı müalicə etdirək, bacısı da demişdir ki, pulu Namik adlı şəxsə vermişdir. O, özü Namikdən pulu istəməmiş, çünki, onu tanımamışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
5. Şabran Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli, 2(031)-162/2023 nömrəli qətnaməsi ilə (hakim Çingiz İsgəndərov) iddianın təmin edilməməsi qət edilmişdir.
6. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh qarşı pul tələbi ilə çıxış edən, sübut etmə yükünü daşıyan İddiaçı məhkəmə iclasında öz hüququnun bərpası, güvənli nəticəyə gəlinməsi barədə sübutlar təqdim edə bilməmişdir, ona görə də onun iddiası əsassız olduğundan təmin edilməməlidir.
7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 385.2, 386.1 və 449.1-ci maddələri, Mülki Prosessual Məcəllənin 14.2, 217.3, 217.4, 77.1, 77.3, 78.1, 78.2, 80, 88, 106.1, 216-237-ci maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayəti və onun dəlilləri
8. İddiaçı apellyasiya şikayəti verərək Şabran Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli, 2(031)-162/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmışdır. Həmçinin apellyator göstərmişdir ki, cavabdeh hazırlıq iclasında iddianı qəbul etmiş, ondan pul götürdüyünü etiraf etmişdir. Lakin, məhkəmə cavadehin bu razılığını protokola qeyd etməmiş, sübut kimi qəbul etməmişdir. Məhkəmə sonrakı proseslərə cavabdehin gəlmədiyini əsas gətirərək onun iddia tələbini təmin etməmişdir. Məhkəmə cavabdehin ona borclu olduğunu təsdiq edən səsyazmaları və cavabdehin ilkin hazırlıq iclasında verdiyi ifadələri qətnamədə qeyd etməmişdir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
11. İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.
12. Cavabdeh apellyasiya şikayətinin dəlillərini qəbul etmədi və təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. Həmçinin məhkəmə kollegiyasına xx.xx.2023-cü il tarixli yazılı ərizə təqdim edərək İddiaçı otel açmaq üçün 8450 manat məbləğində pulu alaraq Elbrus adlı şəxsə verdiyini, həmin pulun qaytarılmadığını göstərmişdir.
Apellyasiya baxışının hədləri
13. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi İddiaçı apellyasiya şikayəti verərək qətnamənin tam ləğv edilməsini xahiş etmişdir. Odur ki, məhkəmə kollegiyası Şabran Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli, 2(031)-162/2023 nömrəli qətnaməsinin tam yoxlanılmasını vacib hesab edir.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Maddə 882.5. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir.
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
16. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, yeni qətnamə qəbul edilməli, iddia təmin edilməlidir.
17. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, İddiaçı Cavabdeh hissəhissə 8450 manat borc pul verdiyini iddia etmiş və həmin məbləğin qaytarılmasını tələb edir.
18. Birinci instansiya məhkəməsi İddiaçı məhkəmə iclasında öz hüququnun bərpası, güvənli nəticəyə gəlinməsi barədə sübutların təqdim etməməsi əsası ilə iddianı rədd etmişdir.
19. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçı apellyasiya şikayəti vermişdir.
20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə qiymətləndirmə apararaq ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, şikayətin birinci instansiya məhkəməsində araşdırma zamanı cavabdehin hazırlıq iclasında iddianı qəbul etməsi, ondan pul götürdüyünü etiraf etməsi, məhkəmə tərəfindən cavadehin bu razılığının protokola qeyd edilməməsi barədə dəlili əsassızdır.
21. Belə ki, məhkəmə kollegiyası tərəfindən iş materialları, məhkəmə iclas protokolu və audio-video yazı məlumatları müqaisəli şəkildə öyrənilərkən qeyd olunan xüsusatlar öz təsdiqini tapmadı. Məhkəmə hazırlıq iclasında cavabdehin iddianı etiraf etməsi müəyyən edilmədi.
22. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya icraatı zamanı dindirilən cavabdeh iddianı etiraf etməsinə dair izahat verdi.
23. Apellyasiya araşdırması zamanı cavabdeh yazılı ərizə təqdim edərək 8450 manat pulu iddiaçıdan alaraq Elburus adlı şəxsə verdiyini, pulu qaytarmadığını göstərdi.
24. Azərbaycan Respublikası MPM-nin: Maddə 14.3. Məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. Maddə 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Maddə 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Maddə 220.4. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.
25. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş ərizə iddianı etiraf kimi qəbul edilməli, etirafın qanunun tələblərinə zidd olmaması, etirafın üçüncü şəxslərin mənafeyinə toxunmaması nəzərə alınaraq cavabdehin etirafı məhkəmə tərəfindən qəbul edilməli və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmalıdır.
26. Məhkəmə kollegiyası iddia edilən pul məbləğini iddiaçıdan alaraq Elburus adlı şəxsə verməsi barədə cavabdehin bildirdikləri ilə bağlı qeyd edir ki, həmin xüsusat iddiaçı tərəfindən təkzib edildi, iddiaçı pul vəsaitini Namikə verdiyini göstərdi. Göründüyü kimi Cavabdeh pul məbləğini Elburus adlı şəxsə verdiyini göstərsə də iddiaçıdan həmin məbləği özü qəbul etdiyini etiraf etmiş, pul məbləğinin Elburus adlı şəxsə verilməsi ilə bağlı etirazına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir.
27. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Şabran Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin olunmalıdır.
28. MPM-nin 119-cu maddəsinin tələbinə uyğun olaraq ödənilmiş dövlət rüsumu 105 (bir yüz beş) manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
29. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378- 382, 384.0.2, 385, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Şabran Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli, 2(031)-162/2023 nömrəli qətnaməsi ləğv olunsun, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 8450 (səkkiz min dörd yüz əlli) manat borc pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 105 (bir yüz beş) manat tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.