Məhkəmə qərarları › İş №2(105)-1213/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1213/2021

23.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1213/2021 23.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ağamirova Nigar Kamran qızının katibliyi, İddiaçı X4, Cavabdeh2 iştirakı ilə, İddiaçı X4 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-5164/2020 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-5164/2020 saylı qətnaməsi ilə iddia qismən təmin olunmuş, Cavabdeh2 3700 manat və ödənilmiş dövlət rüsumuna görə 20 manat məbləğində pulun alınaraq X5 verilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. (hakim G.Tanrıverdiyeva) Qətnamədən Cavabdeh2 apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: X8 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 4700 manat məbləğində pulun, habelə ödənilmiş dövlət rüsumuna görə 20 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X8 tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2019-cu il tarixində özünə həyətyanı torpaq sahəsi almaq üçün Sumqayıt şəhəri, 36-cı məhəllədə yerləşən ev alqı-satqısı ilə məşğul olan Cavabdeh1 ofisinə getmişdir. Cavabdeh1la söhbət etmiş və ondan soruşmuşdur ki, Yaşıldərə massivində 6000 (altı min) manat məbləğində 3,6 sot torpağın satıldığı barədə elan vermişdir. Ofisə getməkdə məqsədi, həmin torpaq sahəsinin harada yerləşməsi ilə bağlı məlumat alması olmuşdur. Cavabdeh1 ona həm torpaq sahəsinin harada yerləşməsi barədə məlumat vermiş, həm də sözügedən torpaq sahəsində əlavə olaraq iki maşın mişar daşının da olduğunu qeyd etmişdir. O, Vüqarla razılaşmış və gedib torpağa baxmışlar. Torpağa baxdıqdan sonra, sahə xoşuna gəlmiş və Vüqara oranın sahibinin çağırılmasını istəmişdir. Ondan sonra hər ikisi ofisə qayıtmış və Vüqar torpağın sahibi olan Cavabdeh2 zəng edərək, torpağa müştəri olduğu üçün ofisə gəlməsini bildirmişdir. Elə Muradla da ofisdə tanış olmuş və torpağı neçəyə satdığını soruşmuşdur. Murad da Cavabdeh1 dediyi kimi 3,6 sot torpaq sahəsini 6000 manat satdığını qeyd etmişdir. Onlar danışıb razılaşmış və 6000 manat məbləğində pulu sayaraq Cavabdeh2 vermişdir. Həmin vaxt, yəni xx.xx.2019-cu il tarixdə aralarında müqavilə bağlanmış və həmin müqavilədə Cavabdeh1 şahid qismində çıxış etmişdir. Müqavilə bağlandıqdan sonra evə getmiş və atası Nümayəndə bu barədə məlumat vermişdir. Atası da həmin torpaq sahəsinə aid olan sənədlərin harada olduğunu soruşanda, o da sənədlərin olmadığını, lakin Vüqarla Murad ona tez bir zamanda bələdiyyədən sənədlərin çıxarışını verəcəklərini bildirmişlər. Atası onun aldadıldığını bildirmiş və buna görə də Murada zəng edərək pulun qaytarılmasını tələb etmişdir. Uzun cəhdlərdən sonra, Cavabdeh2 ilə X13 oğlu ümumilikdə borclarından 1600 manat qaytarmışlar. Qalan məbləğin isə xx.xx.2019-cu il tarixində qaytaracağı ilə bağlı Cavabdeh2 iltizam imzalamışdır. İltizamı xx.xx.2019-cu il tarixində imzalamasına baxmayaraq, ona olan borcunu bu günədək qaytarmamışdır. Ona görə də məcbur olub bu barədə Sumqayıt şəhər Prokurorluğuna şikayət etmiş və prokurorluq cinayət işinin başlanması üçün materialları Sumqayıt şəhər 3-cü Polis Bölməsinə göndərmişdir. Cinayət işinin materialları bölmənin tədqiqatçısı polis mayoru Əsgər Kazımova həvalə olunmuş və tədqiqatçı onların və dəllal Cavabdeh1 izahatını almışdır. Cavabdeh2 isə çağırışa gəlməmiş və qaçıb gizlənmişdir. Nəticədə tədqiqatçı xx.xx.2020-ci il tarixdə cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İş üzrə Cavabdeh2 apelyasiya şikayətini bununla əsaslandırmışdır ki, məhkəmənin qətnaməsi əsassızdır. Belə ki, mübahisəli torpaq sahəsinə görə həqiqətən də X8 ona 6000 manat pul vermişdir, lakin sonradan aralarındakı razılaşma pozulduğundan X8 ondan pulunu tələb etmişdir. Həmin puldan 2300 manatı özü şəxsən iddiaçıya qaytarmışdır. xx xxxx 2020-ci ildə isə onun qardaşı Vüqar Əsədov ünvan 1 ünvanında 3200 manat pulu Şıxbabayev Vüsala vermişdir. Məhkəmə iclasında onun iştirakı təmin edilməmiş, mübahisə üzrə araşdırma tam aparılmamışdır. Buna görə də qətnamə ləğv edilməlidir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apelyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Əlavə etdi ki, qalıq borc kimi 3700 manat puldan 3200 manatını evini satıb qaytarmışdır. Pulu Vüsalın atası Mətləbə qardaşı Vüqar vermişdir. Hazırda onun iddiaçıya cəmi 500 manat borcu qalıb. Apelyasiya baxışı zamanı iddiaçı X8 apelyasiya şikayətinə etiraz edərək bildirdi ki, Cavabdeh2 ona hazırda 3700 manat borcu qalıbdır. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İş üzrə digər Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə SMS xəbərdarlığı AZEMİS vasitəsilə göndərilsə də, heç bir səbəb göstərmədən o, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan X6 ilə Cavabdeh2 arasında sadə yazılı qaydada bağlanmış əqddən (alqı-satqı müqaviləsi) görünür ki, Cavabdeh2 özünə məxsus olan 320 kv.metr torpaq sahəsini 6000 manata V.Şıxverdiyevə satmağa razı olduğunu bildirmişdir. Yenə iş materiallarında olan xx.xx.2019-cu il tarixli yazılı iltizamdan görünür ki, Cavabdeh2 X2 olaraq satdığı 3,6 sot torpağın pulunu, yəni 4700 manat məbləğində pulu xx.xx.2019-cu il tarixədək qaytaracağına söz verir, qaytarmadığı təqdirdə barəsində cinayət işi qaldırılmasına razıdır. İşdə olan xx.xx.2020-ci il tarixli yazılı iltizamdan görünür ki, Cavabdeh2 3 sot torpaq sahəsini Cavabdeh1 vasitəsilə X5 6300 manata sənədsiz olaraq satmışdır. Aldığı pulları borclarına vermişdir. Hazırki iltizamı Vüqarla birlikdə həmin pulu həmin ayın 25-nə kimi düzəldib qaytaracaqlarına söz verirlər. Yenə işdə olan Sumqayıt şəhər Pİ-nin 3-cü PB-nin cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx xxxxx 2020-ci il tarixli qərardan görünür ki, X4 Cavabdeh2 barəsində etdiyi şikayət əsasında toplanmış material üzrə cinayət hadisəsi aşkar olunmadığından, cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə kollegiyasının iclasında şahid Əsədov Vüqar Mətləb oğlu ifadəsində göstərdi ki, onun qardaşı Vüsal narkotik aludəçisidir. Yaranmış borcu o, Murada məxsus evi sataraq ödəmişdir. Pulu iddiaçının atası Mətləbə o, şəxsən özü vermişdir. Lakin bunun üstündən 3 gün keçəndən sonra Vüsal ona zəng edərək 3700 manat pulunu verməsini tələb etmişdir. Həmin pulu onun atasına ödədiyini deyəndə isə Vüsal ona bildirmişdir ki, pul başqa şəxsə yox, ona verilməlidir. X9 3200 manat borcunu o, Vüsalın atası Mətləbə vermişdir və cəmi 500 manat borcları qalıb. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddianın rədd edilmiş hissəsində qətnamədən apelyasiya şikayəti verilmədiyindən məhkəmə kollegiyası hesab edir ki, hazırda bu hissədə qətnamə MPM-nin 372.6-cı maddəsinə əsasən apelyasiya baxışının predmeti deyildir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iş üzrə tərəflərin izahatlarını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən, apelyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-5164/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh2 istifadəsində olan sənədsiz 320 kv.metr torpaq sahəsini 6000 manata X1. O, bu torpaq sahəsinə dair hüquq müəyyənedici sənədləri tezliklə alaraq ona verəcəyini söyləmiş, lakin torpaq sahəsinə dair sənədlər əldə edilmədiyindən X8 torpaq sahəsinə görə verdiyi pulu geri tələb etmişdir. Bu fakt işin mübahisəsiz halıdır. Əsas mübahisə qaytarılmış pulun məbləği ilə bağlıdır. İddia tərəfi iddia edir ki, verilmiş 6000 manat puldan cəmi 2300 manatı qaytarılmış, 3700 manatı qaytarılmamışdır. Cavabdeh tərəf əsas pul məbləğini qaytardığını, hazırda 500 manat borc qaldığını bildirir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. AR MPM-nin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Daha öncə qeyd olunduğu kimi Sumqayıt şəhəri, 76-cı məhəllədə yerləşən 320 kv.m (tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən) torpaq sahəsinin iş üzrə Cavabdeh2 tərəfindən X5 6000 manata satması işin mübahisəsiz halıdır. Bu fakt iş materiallarında olan yazılı sübutlarla və tərəflərin izahatları ilə təsdiq edilir. Başqa sözlə, iddiaçının cavabdehə 6000 manat pul verməsi işdə olan yazılı sübutlarla öz təsdiqini tapsa da, həmin pulun tam qaytarılmasının sübut edilmə yükü cavabdehin üzərinə düşsə də o, bu faktı sübut edə bilmir. Birinci instansiya məhkəməsinin sorğusu əsasında Sumqayıt şəhər Polis İdarəsi 3-cü Polis bölməsinin göndərdiyi materiallardan məlum olur ki, X4 müraciəti əsasında araşdırma aparılarkən Cavabdeh1 Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsində verdiyi izahatında bildirmişdir ki, o, Sumqayıt şəhəri, 36-cı məhəllədə yerləşən əmlak alqı-satqısı bürosunda işləyir. Cavabdeh2 bir neçə ildir ki, tanıyır. Belə ki, o dəmir darvaza ustasıdır. Təxminən 2019-cu ilin oktyabr ayında Murad ona müraciət edərək, Sumqayıt şəhəri, 76-cı məhəllədə yerləşən 3,06 sot ərazidə hasara alınmış və içərisində iki maşın mişar daş olan torpaq sahəsinin olduğunu və həmin torpaq sahəsini satmaq istədiyini bildirmişdir. Murad ona müştəri tapmağı xahiş etdikdə, onun verdiyi elanı qeydiyyatdan keçirmiş, lakin həmin torpağa aid sənədlərin olub-olmaması barədə onda dəqiq məlumat olmamışdır. xx xxxxxx 2019-cu il tarixdə işlədiyi ofisə Vüsal Şıxbabayev adlı şəxs bir neçə ailə üzvləri ilə birlikdə gəlib ev tikmək üçün təxminən iki sot torpaq sahəsi axtardığını bildirmişlər. O, da Sumqayıt şəhəri, 76-cı məhəllədə 3,06 sot torpaq sahəsinin olduğunu, yerin içərisində iki maşın mişar daşı da olmaqla Murad adlı şəxsin həmin ərazini cəmi 6000 manata satdığını qeyd etmişdir. Təklif olunan yerin qiyməti çox sərfəli göründüyündən Vüsal ona həmin əraziyə baxmaq istədiklərini bildirmişdir. Bundan sonra birlikdə 76-cı məhəlləyə getmiş və həmin ərazini göstərdikdə onlar torpağın sahibi ilə görüşmək istədiklərini bildirmişlər. O, da Murada zəng vuraraq torpağa müştəri olduğundan, ora dəvət etmişdir. Az sonra Murad ora gəlmiş və Vüsalgil ona torpağı almaq istədiklərini və torpağa mülkiyyətini təsdiq edən sənədinin olub-olmamasını soruşmuşlar. Murad torpağa dair bələdiyyənin onun adına vermiş olduğu sərəncamın olduğunu, pulu ona verdikləri günün sabahısı mülkiyyətə dair çıxarışı əldə edib rəsmi qaydada onlarla alqı-satqı edəcəyini bildimişdir. Həmin vaxt Murada müraciət edərək “Sən dəqiq olaraq bir günə torpağa mülkiyyət təsdiq edən sənədi əldə edə biləcəksənmi?” deyə soruşanda Murad ona da tam əminliklə bir günə bütün sənədləri həll edəcəyini qeyd etmişdir. Onlar Murada inanmış və elə həmin gün 36cı məhəllədə yerləşən ona məxsus ofisdə 6000 manat pulu Vüsalgil Murada vermiş və notarial müqavilə bağlananadək onunla öz aralarında komputerdə yazılmış müqavilə bağlamışlar. Murad da 6000 manat pulu sayıb onlardan götürmüşdür. Pulu sayarkən Vüsalgil onun fotoşəkillərini çəkmişlər. Həmçinin Vüsal 300 manat da makler haqqı kimi ona vermişdir. Murad da öz növbəsində əldə etmiş olduğu puldan 300 manat ona təqdim etmişdir. Lakin həmin günün səhərisi Vüsalgil atası Mətləb də daxil olmaqla bütün ailə üzvləri ofisinə gəlib Murad tərəfindən aldadıldıqlarını bildirərək, Muradın oraya çağırılmasını tələb etmişlər. O, zəng vurub Muradı ofisə dəvət etsə də, həmin gün gəlməmişdir. Həmin günün sabahısı onlar yenə onun ofisinə gəlmişlər. O, bir daha Murada zəng vurub birtəhər onu ofisə çağırmışdır. Ofisdə Mətləb pulu Muraddan pulu tələb edəndə, Murad pulu borclarına xərclədiyini, hal-hazırda pulunun olmadığını bildirdi. Həmin vaxt o, həmin alqı-satqıdan əldə etmiş olduğu 600 manatı Mətləbə verərək, bir makler kimi öz payına düşən puldan imtina etdiyini bildirmişdir. Bundan sonra Mətləb Muradın yaxasından yapışıb verilən pulu tələb edəndə, Murad da cibindən 1000 manat çıxarıb ona verərək qalan pulun qaytarılması üçün xx xxxxxx 2019-cu il tarixədək vaxt istəmişdir. Mətləbgil çarəsiz qalıb razılaşmış və orada Murad onların iştirakı ilə iltizam yazaraq qalan 4700 manat pulu xx xxxxxx 2019-cu il tarixədək qaytaracağına söz vermişdir. Lakin həmin vaxtdan təxminən 15 gün sonra Murad ofisində Mətləblə görüşərək ona əlavə olaraq 1000 manat da pul vermişdir. Bundan sonra isə görüşməkdən imtina edərək, hal-hazıradək onlara borclu qalmış olduğu 3700 manat pulu qaytarmamışdır. Bundan əlavə, iş materiallarında olan xx.xx.2019-cu il tarixli yazılı iltizamdan görünür ki, Cavabdeh2 X2 olaraq satdığı 3,6 sot torpağın pulunu, yəni qalıq 4700 manat məbləğində pulu xx.xx.2019-cu il tarixədək qaytaracağı barədə öhdəlik götürmüşdür. Məhkəmə araşdırması zamanı iddiaçı bildirdi ki, həmin puldan 1000 manat da ödənilmiş, 3700 manat isə qaytarılmamışdır. Məhkəmə iclasında mübahisə üzrə 60xx xxxxxxxx 3700 manatın ödənilməmiş qalması faktı, iş üzrə tərəflərin izahatları ilə də təsdiq olunur. Cavabdeh həmin məbləğdən sonradan 3200 manat ödəməsini və qalıq məbləğin 500 manat olmasını bildirsə də qeyd edildiyi kimi bununla bağlı məhkəməyə əsaslı şübhələrdən kənar heç bir mötəbər və legitim sübut təqdim edə bilməmişdir. Bu səbəbədən də, məhkəmə kollegiyası Cavabdeh2, habelə məhkəmə iclasında şahid kimi ifadə vermiş Əsədov Vüqar Mətləb oğlunun dəlillərini qəbul etmir. Beləliklə də, məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh2 özünə məxsus torpaq sahəsinin satılması adı ilə iddiaçı X3 6000 manat məbləğində pul almış, torpağın alqı-satqısı baş tutmadığından sonradan həmin pulu qaytaracağına söz vermiş, həmin puldan 2300 manat qaytarsa da, qalan məbləği aralarında razılaşdıqları müddətdə qaytarmağa dair öhdəlik götürsə də öhdəliyini icra etməmiş, nəticədə V.Şıxbabayevə 3700 manat məbləğində maddi ziyan dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yenə həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. İşin tədqiq olunan faktiki hallaqından göründüyü kimi Cavabdeh2 iddiaçı qarşısında öhdəlyi yaranmışdır və öhdəliyin onun təqsiri üzündən pozulması nəticəsində iddiaçıya zərər vurulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx xxx 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Mülki Məcəllənin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Göstərilənlərdən görünür ki, Mülki Məcəllənin 21-ci maddəsi şəxsin hüquqlarının pozulması nəticəsində yaranan maddi zərərin ödənilməsinin ümumi qaydaları kimi qəbul oluna bilər. AR Konstitusiyasının 13-cü maddəsinin İİİ hissəsindən və 71-ci maddəsinin İİ hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqlardan sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericinin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüquqdan istifadə edilməsi. Bu mənada Mülki Məcəllənin 560.3.4-cü maddəsi xüsusi önəm kəsb edir. Bu normaya əsasən hüquqdan sui-istifadə, o cümlədən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki halda Cavabdeh2 hüquqdan sui-istifadə etməsi iddiaçının güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyasının qənaətinə görə bu tipli mübahisələrdə başqa mövqenin tutulması düzgün olmayan president yaratmaqla arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlardan da göründüyü kimi, hazırda Cavabdeh2 tərəfindən iddiaçıya 3700 manat məbləğində zərər vurulmuşdur və o, həmin pulu iddiaçıya geri qaytarmalıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlmişdir ki, 3700 manat Cavabdeh2 alınaraq X5 ödənilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddianın bu qaydada təmin edilməsi həm işin faktiki hallarına, həm də qüvvədə olan qanunvericiliyin tələblərinə tamamilə uyğundur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, şikayətdə göstərilən dəlillər apelyasiya şikayətinin təmin edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15,40 manat dövlət rüsumu Cavabdeh2 özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-5164/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15,40 manat məbləğində dövlət rüsumu Cavabdeh2 özünə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar