Məhkəmə qərarları › İş №2(105)-1214/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1214/2022

31.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1214/2022 31.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Tağızadə X1 Telman Osman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı, Cavabdeh, onun nümayəndə və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı ziyan tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli, 2(031)-181/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Şabran Rayon Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli, 2(031)-181/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 3465.0 manat məbləğində ziyan pul alınıb İddiaçı verilməsi, Cavabdeh 100 (bir yüz) manat ekspertiza xərcinin alınıb Kapital Bank ASC Xətai filialı kod 200071, VÖEN **********, SWİFT kod AİİBAZ2X, Mühbir hesab AZ37NABZ********************, Benefisiarın adı Kadastr və Yerquruluşu Layihə TADQ MAR, benefisiarın hesabı AZ 23AŞŞB********************, VÖEN ********** olan hesaba köçürülməsi qət edilmişdir ( hakim Çingiz İsgəndərov) Qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti verərək Şabran Rayon Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli, 2(031)-181/2021 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh onun səhlənkarlığı üzündən ona dəymiş 3665 manat məbləğində ziyan pulunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ : Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, heç bir inzibati cərimə ödəməmişdir. banka getməmişdir. Məhkəməni aldatmaq məqsədilə cavabdeh yaxud təhqiqatçı şəxsiyyət vəsiqəsinin surətindən onun razılığı olmadan istifadə edib 40 manat cəriməni ödəmişlər. Məhkəmənin bu məsələ ilə əlaqədar ekspertiza təyin etməsi zəruridir. Hesab edir ki, Şabran RPŞ-nin təhqiqat qrupunda araşdırma hərtərəfli və obyektiv aparılmamışdır. İddiaçı etibarnaməsi olmadan nəqliyyat vasitəsini idarə etdiyi üçün ona qarşı məhkəmədə iddia qaldıra bilməzdi. Onun bu hüququnun olmasını iş materiallarında heç bir sübut növü yoxdur. Əslində isə maddi ziyan ona dəymişdir. İddiaçı yolda olan sürət həddini tənzimləyən nişanın tələblərini pozub yüksək sürətdə avtomobili idarə etmişdir. Sürət həddini tənzimləyən nişanın tələblərinə görə həmin yolda sürət həddi 30-50 ¬km saatda müəyyən edilmişdir. 30-50-km surətlə hərəkət edən nəqliyyat vasitəsi 600 kiloqramlıq camışı vurub öldürə bilməzdi. İddiaçının vurduğu camış maşının arxasına düşmüşdür. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Şabran Rayon Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli, 2(031)-181/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndə və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, protokoldan cavabdehin xəbəri olmayıb. Bundan əlavə qarşı tərəf nəqliyyat vasitəsini yüksək sürətlə idarə etmişdir. İdarə etməyə səlahiyyət verən etibarnaməsi də olmamışdır. Ziyanın məbləği də düzgün hesablanmayıb. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Şabran Rayon Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli, 2(031)-181/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək göstərdi ki, maşın arvadının mülkiyyətindədir. Birgə nikah dövründə əldə olunmuş əmlak olduğu üçün etibarnaməyə ehtiyac olmamışdır. Cavabdehin iştirakı ilə maşına baxış keçirilib və dəymiş ziyan hesablanıb. Barəsində protokol tərtib olunmayıb. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Şabran Rayon Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli, 2(031)-181/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-haki¬min məruzəsini, iş üzrə tərəflərin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işə əlavə edilmiş AC seriyalı 603714 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Mersedes” markalı, ** ZU *** dövlət qeydiyyat nömrə nişanlı sedan tipli, 1996-cı il buraxılışlı, muhərrik nömrəsi **********9503, ban nömrəsi WB2100371A182791 olan avtomobilin sahibi X2r. İşə əlavə edilmiş AZ-İ seriyalı 519211 saylı nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Qasımova (Umarova) Vəfa Qnyaz qızı 09 iyul 2009-cu ildə nikahlarını rəsmi qeyd etdirmişlər. İşə əlavə edilmiş AB seriyalı 286867 saylı sürücülük vəsiqəsindən görünür ki, İddiaçı 24.02.2021-ci il tarixədək sürücülük hüququ verilmişdir. İşə əlavə edilmiş Şabran rayon Polis Şöbəsi tərəfindən İddiaçı ünvanlanmış 08 dekabr 2020-ci il tarixli, 200-13080-3220 saylı məktubdan görünür ki, araşdırma zamanı iri buynuzlu heyvanını nəzarətsiz buraxdığı və heyvanın avtomobil yoluna çıxaraq yolnəqliyyat hadisəsinin baş verməsinə səbəb olduğu üçün Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 338.5.1-ci maddəsi ilə protokol tərtib edilmiş, lakin Sizin barənizdə heç bir inzibati protokol tərtib edilməmişdir. İşə əlavə edilmiş 03 oktyabr 2020-ci il tarixli cinayət təqibinin başlanmasının rədd olunması haqqında qərardan görünür ki, Cavabdeh və İddiaçı əməllərində cinayət tərkibi olmadığından cinayət təqibinin başlanması rədd edilmiş, Cavabdeh və İddiaçı yol hərəkəti qaydalarını pozub-pozmamasının Azərbaycan Respublikası İXM-nin 102-ci maddəsinə əsasən inzibati araşdırma aparılmasından ötrü qərarın surəti araşdırılması üçün Şabran RPŞ-nin DYPB-nə göndərilməsi qərara alınmışdır. İşə əlavə edilmiş 06.11.2020-ci il tarixli, İXP ******* saylı X3 Protokoldan və TP ******* saylı, 06.11.2020-ci il tarixli qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 338.5.1-ci maddəsində nəzərdə tutulmuş İnzibati xətanı törətdiyinə görə, barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. İşə əlavə edilmiş Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 04 avqust 2021-ci il tarixli 9/3605 saylı ekspert təyindən görünür ki, iş materiallarında olan «Surra» Servis məntəqəsinin 16.09.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 1996-cı il buraxılışlı «Mersedes Benz» markalı, ** ZU *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 3465.0 manat müəyyən edilir. Birinci instansiya məhkəməsi Cavabdeh inzibati qaydada təqsirli bilinməsi, Cavabdeh təsərrüfatında olan iri buynuzlu heyvanını nəzarətsiz buraxması və heyvanın avtomobil yoluna çıxaraq yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb olması, İddiaçı maddi ziyan vurması ilə bağlı mülki qaydada məsuliyyət daşımasına əsas olmasını müəyyən edərək iddianı qismən təmin etmiş, gəldiyi nəticəni də Mülki Məcəllənin 21.1, 21.2, 225.1, 1110.-cu maddələrinə istinad edərək əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakdan məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 1110-cu maddəsinə əsasən heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edərək qeyd edir ki, məhkəmə iddiaçının avtomobilinə zərərin dəyməsində cavabdehin günahkar olması əsası ilə iddianı təmin etməkdə haqlı olmuşdur. Belə ki, iş materiallarından müəyyən edilir ki, iddiaçı mülkiyyət hüququ əsasında arvadına məxsus nəqliyyat vasitəsini idarə edərkən cavabdehə məxsus heyvanlar nəqliyyat vasitəsinin qarşısına çıxmış, hadisə nəticəsində iddiaçıya məxsus nəqliyyat vasitəsinə ziyan dəymişdir. Qeyd edilən zərərin məbləği də ekspert rəyi ilə müəyyən edilmişdir. Qeyd edilən hadisə ilə əlaqədar ******* saylı, 06.11.2020-ci il tarixli qərar ilə Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 338.5.1-ci maddəsində nəzərdə tutulmuş İnzibati xətanı törətdiyinə görə, barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Bununla da müəyyən edilir ki, cavabdehə məxsus heyvanların yola çıxması nəticəsində nəqliyyat hadisəsi baş vermiş və iddiaçıya məxsus avtomobilə zərər dəymişdir. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, iddiaçı birgə nikah dövründə əldə etdikləri və arvadı Qasımova (Umarova) Vəfa Qnyaz qızına məxsus nəqliyyat vasitəsinə dəymiş zərəri cavabdehdən tələb etməkdə haqlı olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, cavabdeh yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus avtomobilə dəymiş 3465 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Bundan başqa məhkəmə kollegiyası hesab edir ki, keçirilmiş ekspertizanın dəyəri olaraq 100 manat pulun da cavabdehdən tutulması barədə məhkəmə gəldiyi nəticədə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İşin materiallarından da müəyyən edilir ki, hazırki iş üzrə məhkəmə xərcləri ekspertiza xərcindən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə 28 oktyabr 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Mahmudov Rusiyaya qarşı iş üzrə" 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation”, yəni, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanm şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2-ci bəndinin izahına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iş üzrə toplanılmış sübutlara məcmu halında qiymət verməklə belə nəticəyə gəlmişdir ki, iddia təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bundan başqa müəyyən edilmişdir ki, apellyant apelyasiya şikayətində qətnamənin ləğv edilərək iddianın təmin edilməsini xahiş etsə də şikayətini əsaslandıra bilməmiş, buna dair hər hansı bir sübut təqdim etməmişdir. Apelyasiya şikayətində göstərilən dəlillər formal mülahizələr olduğuna görə qətnamənin ləğvi üçün əsas ola bilməz. Eyni zamanda cavabdehin barəsində hər hansı protokol tərtib edilməməsi, cərimə ödəməməsi barədə dəlilinə qiymət verərək məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh barəsinə tərtib edilmiş protokol hazırki gündə qanuni qüvvəsindədir və hər hansı orqan tərəfindən mübahisələndirilməmiş, ləğv edilməmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Şabran Rayon Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli, 2(031)-181/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh apelyasiya şikayəti təmin olunmasın. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar