Məhkəmə qərarları › İş №2(105)-1215/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1215/2021

07.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1215/2021 07.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X1 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-3096/2020 saylı qətnaməsindən iddiaçı S.Q.Öztürkün verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-3096/2020 saylı qətnaməsi ilə (hakim R.N.Qoşqarlı) iddiaçı Öztürk (Musayev) Səlim Qəhrəman oğlunun cavabdeh X2 qarşı kredit müqaviləsinin ləğvi edilməsi tələbi dair iddia ərizəsi təmin edilməmişdir. İddiaçı S.Q.Öztürk apelyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-3096/2020 saylı qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Öztürk (Musayev) Səlim Qəhrəman oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandımışdır ki, onunla cavabdeh X3 arasında “X10” (NTD Travel) MMC-nin fəaliyyəti ilə bağlı iş münasibəti yaranmışdır. 2015-ci ilin oktyabr ayında əvvəllər xidmət sahələri ilə məşğul olan şəxs kimi tanıdığı X3 təsisçisi və direktoru olduğu MMC-yə gələrək onunla iş şəriki olmaq istədiyini bildirərək MMC-yə sərmayə qoymaq niyyətini söyləmişdir. R.T.Şıxəliyev bu təkliflə təxminən 6-7 dəfə MMC-yə gəlmiş və sərmayə qoymaqda israr etmişdir. Həmin vaxt təsisçisi olduğu MMC-nin İran İslam Respublikasından özəl təyyarə reysləri ilə 2016-cı ilin Novruz bayramı günlərində Azərbaycana çoxlu sayda turist gətirilməsi ilə bağlı biznes planı hazırlamışlar. R.T.Şıxəliyev biznes planı ilə tanış olmuş və həmin planın həyata keçirilməsi üçün 150 min vəsait lazım olduğunu bilərək ona 100000 manat sərmayəni özünün ödəmək istədiyini, 2015-ci ilin dekabr ayının sonuna kimi iki nəfərdə olan borc məbləğini alıb 100 min manatı tam verəcəyini bildirmişdir. Onlar şifahi qaydada razılaşmışlar və R.T.Şıxəliyev xx xxxxxx 2015-ci il tarixdə MMC-nin mühasibi X6 10000 manat pul ödəyərək qalan məbləği dekabr ayının sonuna kimi ödəyəcəyini bildirmişdir. xx xxxxxx 2015-ci il tarixdə MMC və R.T.Şıxəliyev arasında bağlanacaq investisiya müqaviləsini hazırlayıb ona təqdim etmiş, lakin cavabdeh səbəb göstərmədən müqaviləni imzalamamışdır. xx xxxxxx 2016-cı il tarixdə yenə MMC-nin mühasibinə 3000 manat ödəyən R.T.Şıxəliyev bundan sonra ödəmələri dayandırmışdır. MMC biznes plan üzrə öhdəsinə düşən işləri yerinə yetirsə də (İran Tehran və Təbriz şəhərlərində müvafiq olaraq Espinaz və Şəhriyar otellərində təqdimat tədbirləri keçirilmiş, reklam bukletləri hazırlanmış, tərcüməçilərdən istifadə edilmiş, İrandakı turizm şirkətlərinin rəhbərləri Azərbaycana dəvət edilərək 1 həftə qonaq saxlanılmış, yerli turizm potensialı və proqramları onlara təqdim edilmiş, İranın 2 ən böyük Avia firmaları (Qeshm Air və Mahan Air) ilə ilkin razılaşma bağlanaraq Azərbaycana xüsusi uçuşların təşkili üçün 70000 ABŞ dolları ödəniş edilmişdir. R.T.Şıxəliyev ona borclu olan şəxslərin pulu qaytarmadıqlarını bildirərək razılaşdıqları məbləği ödəməmişdir. Bu səbəbdən də o, biznes planını həyata keçirə bilməmiş və çəkdiyi 101500 ABŞ dolları və 20000 manat xərc boşa getmişdir. R.T.Şıxəliyev ona təklif etmişdir ki, müəyyən vaxt ərzində yerdə qalan məbləği ödəyəcək və dəymiş zərəri başqa planı həyata keçirməklə aradan qaldıracaqdır. Alternativ planları həyata keçirsələr də R.T.Şıxəliyev MMC-yə hissəhissə 2016-cı ilin iyul ayına kimi 27000 manat pul vermiş və qalan 60000 manat vəsaiti əvvəl ödəyə bilməyəcəyini, daha sonra isə ödəməyəcəyini bildirmişdir. Halbuki 2016-cı ilin fevral ayından iyul ayına kimi R.T.Şıxəliyev MMC-dən hər ay min manat olmaqla 6000 manat mənfəət götürmüşdür. R.T.Şıxəliyev razılaşdıqları biznes planını həyata keçirməməsi nəticəsində ona böyük maddi zərər vurulmuş, ödəmə qabiliyyəti itmiş, nəticədə 4 bankla ödəmə problemi yaşamış, bank mənzilini və avtomobilini borcunun əvəzinə götürmüş, xarici valyutada aldığı kredit problemli kredit səviyyəsinə çatmış, ipotekada olan mənzil ilə bağlı məhkəmə prosesləri davam edir. 2016-cı ilin iyul ayından təxminən 3-4 ay sonra R.T.Şıxəliyev 40000 manatı qaytarmağını tələb etməyə və niyyətinə çatmaq üçün onu hədələməyə başlamışdır. O, R.T.Şıxəliyevə onun təqsiri üzündən zərər çəkdiyini bildirsə də cavabdeh fikrindən daşınmamışdır. Eyni ilə R.T.Şıxəliyev MMC-nin mühasibi X7 dəfələrlə, şərləyərək həbs etdirəcəyi ilə hədələmişdir. 2017-ci ilin oktyabrdekabr aylarında iddiaçı işləmək üçün bir neçə dəfə Türkiyəyə gedib-gəlmiş və bunu bilən R.T.Şıxəliyev onun barədə səfirliyə yalan məlumatlar verərək işini pozacağı ilə onu hədələmiş, email ünvanına hədə-qorxu dolu məktublar yazaraq onu kredit müqaviləsi bağlamağa məcbur etmişdir. R.T.Şıxəliyev xx xxxxxx 2018-ci il tarixdə onu özünün idarə etdiyi avtomobilə əyləşdirib Binəqədi rayonunda yerləşən 27 saylı notariat kontoruna tanışı olan notariusun yanına aparmışdır. Onlar notariusun otağında müqaviləni imzalayaraq kontordan çıxmışlar. Həmin vaxt R.T.Şıxəliyev nə ona nağd qaydada, nədə ki, köçürmə yolu ilə pul ödəməmişdir. Hesab edir ki, Rauf Şıxəliyev ilə onun arasında kredit münasibətləri mövcud olmadığı və cavabdeh ona 50000 manat borc vermədiyi üçün xx xxxxxx 2018-ci il tarixli kredit müqaviləsi ləğv edilməlidir. Buna əsas ola biləcək, o cümlədən aralarında kredit müqaviləsinin hansı səbəbdən bağlandığını təsdiq edəcək kifayət qədər sübutları var və həmin sübutlar iddia ərizəsinə əlavə olunur. Rauf Şıxəliyev onların iş münasibətləri olduğu və həmin işlərə görə kifayət qədər borca düşdüyü göz önündədir. X13 ilə onun arasında bağlanmış kredit müqaviləsində göstərilən 50000 manat pul (əslində onun sərf etdiyi vəsait 40000 manatdır) birgə gördüyü ticari fəaliyyətlə bağlı sərf olunan vəsaitdir. İşin bu halı onu göstərir ki, aralarında kredit müqaviləsi bağlansa da, faktiki olaraq müqavilədə göstərilən 50000 manat pul cavabdeh tərəfindən ona verilməmişdir. İki ildən artıq müddət keçməsinə baxmayaraq cavabdeh aralarında bağlanmış müqavilə üzrə 50000 manat pulu ona verməmiş və buna baxmayaraq cavabdeh ona borcu olduğunu bildirir. Həmin pulun ona verilməsi barədə cavabdehə təklif göndərmiş, əks halda müqavilənin ləğv edilməsinə dair məhkəmədə iddia qaldıracağımı bildirmişdir. Cavabdehə pulu ödəməsi barədə təklif göndərməyindən artıq beş gün keçib, lakin cavabdeh pulu ona verməmiş və bu səbəbdən də aralarında bağlanmış müqavilənin ləğv edilməsi barədə məhkəmədə iddia qaldırmaq zərurəti yaranmışdır. Ona görə də, cavabdeh X4 ilə onun arasında xx xxxxxx 2018-ci il tarixdə Bakı şəhəri 27 saylı Notariat Kontorunda bağlanmış kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: İddiaçı S.Q.Öztürk apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi xx xxxxxx 2020-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında cavabdeh X3 apelyasiya şikayətinə etiraz edib, təmin olunmamasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada iddiaçı Öztürk (Musayev) Səlim Qəhrəman oğluna məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən iddiaçı Öztürk (Musayev) Səlim Qəhrəman oğlunun iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, cavabdehin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən cavabdehin verdiyi apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan X3 və Öztürk (Musayev) Səlim Qəhrəman oğlu arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh Öztürk (Musayev) Səlim Qəhrəman oğluna 50000 (əlli min) manat məbləğində borc pul vermiş, Öztürk (Musayev) Səlim Qəhrəman oğlu isə Cavabdeh 50000 (əlli min) manat məbləğində borc pul adlığını etiraf etmişdir. Öztürk (Musayev) Səlim Qəhrəman oğlu 50000 manat borc pulu xx.xx.2019-cu il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilən tərəflərin öz aralarında tərtib edilmiş ödəniş cədvəlindən görünür ki, iddiaçı Cavabdeh Öztürk (Musayev) Səlim Qəhrəman oğlundan 2016-cı ilin fevral, mart, aprel, may və iyun aylarında hər ay 1000 manat, cəmi 5000 manat pul almışdır. Kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarışdan görünür ki, “X10” (NTD Travel) MMC-nin qanuni təsisçisi Öztürk (Musayev) Səlim Qəhrəman oğludur. xx xxxxxx 2015-ci il tarixli 01 nömrəli investisiya müqaviləsindən görünür ki, “X10” (NTD Travel) MMC-nin təsisçisi və direktoru Öztürk (Musayev) Səlim Qəhrəman oğlu ilə fiziki şəxs olan Cavabdeh arasında investisiya müqaviləsi tərtib olunsa da həmin müqaviləni tərəflər imzalamamışdır. Biznes plandan görünür ki, Öztürk (Musayev) X8 İslam Respublikasından özəl təyyarə reysləri ilə 2016-cı ilin Novruz bayramı günlərində Azərbaycana çoxlu sayda turist gətirilməsi ilə bağlı biznes planı hazırlamışdır. Laçın Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(047)-225/2019 saylı qətnaməsi ilə Öztürk (Musayev) Səlim Qəhrəman oğlundan 50000 (əlli min) manat borc pulun alınıb Cavabdeh verilməsi, Öztürk (Musayev) Səlim Qəhrəman oğlunun Cavabdeh qarşı xx xxxxxx 2018-ci il tarixdə Bakı şəhəri Binəqədi rayon 27 saylı Notariat Kontorunda bağladıqları kredit müqaviləsinin etibarsız sayılması, 101,500 ABŞ dolları və 20000 manat məbləğində biznes planın həyata keçirilməsi üçün MMC tərəfindən çəkilmiş xərclərə, həmin xərclərin nəticəsində ödəmə qabiliyyətini itirdiyi üçün maddi zərərə görə 56000 ABŞ dolları və 35000 manat məbləğində pulun Cavabdeh alınıb ona verilməsi tələbinə dair qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir. Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(106)-2791/2019 saylı qətnaməsi ilə Cavabdeh və Öztürk (Musayev) Səlim Qəhrəman oğlu tərəfindən verilmiş apelyasiya şikayətlərinin təmin edilməməsi və Laçın Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(047)-225/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-1540/2020 saylı qərarı ilə Öztürk (Musayev) Səlim Qəhrəman oğlunun kassasiya şikayəti təmin edilməmişdir. Laçın Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilir ki, Öztürk (Musayev) Səlim Qəhrəman oğlundan 16141,54 ABŞ dolları əsas borc, 3755,41 ABŞ dolları faiz borcu, 300 ABŞ dolları cərimə olmaqla, cəmi 20196,95 ABŞ dolları məbləğində pul ödəniləcək günə Azərbaycan Mərkəzi Bankının ABŞ dollarının manata məzənnə kursuna uyğun borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutulub iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinin tələblərinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinin tələblərinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740.2-ci maddəsinin tələblərinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 324.1-ci maddəsinin tələblərinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.2-ci maddəsinin tələblərinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Başqa tərəfin qəbul etməsi tələb olunan iradə ifadəsi başqa tərəfə çatdığı andan etibarlı olur (MM-nin 325.1-ci maddəsi). Qeyd olunan Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir (MM-nin 390.1-ci maddəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin həmin Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcbur etməyə yol verilmir. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir (MM-nin 390.4-cü maddəsi). Həmin Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə almır (MM-nin 404.2-ci maddəsi). Həmin Məcəllənin 337.1-ci maddəsinə həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. “Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının xx xxxx 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxx 2004-cü il tarixli qərarında Plenum hesab edir ki, mülkiyyət hüququ, onun əmələ gəlməsi və xitamı, alqı-satqı müqaviləsinin etibarlılığının müəyyən olunmasına dair bəzi məsələlər üzrə, habelə mübahisə olunan məhkəmə aktının qanuniliyi ilə əlaqədar aşağıdakılar qeyd olunmalıdır. Hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyət hüququ toxunulmazdır. Mülkiyyət hüququ insan hüquq və azadlıqlarına dair beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur (insan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadılıqlarm müdafiəsi haqqında Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsi və s.). Mülkiyyət hüququ müəyyən hüquqi faktın və ya belə faktların məcmusunun mövcudluğu zamanı yaranır. Mülkiyyət hüququnun yaranması üsullarından biri bu hüququn müqavilə üzrə əldə edilməsindən ibarətdir. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 342.4 və 324.5-ci maddələri). Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Bu məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Əqdin notariat qaydasında təsdiqlənməsi Mülki Məcəllənin 331ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Əqdin notarial təsdiqlənməsi qaydası notariat haqqında qanunla müəyyənləşdirilir (Mülki Məcəllənin 329.1, 334.1, 334.2, 334.3.1 və 647.1-ci maddələri). Beləliklə, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin müddəalarına görə notariat hərəkətlərinin aparılması qaydaları bu Qanun, Azərbaycan Respublikasının digər qanunvericilik aktları və onların əsasında Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi müvafiq təlimatla, Azərbaycan Respublikasının konsulluqlarında aparılan notariat hərəkətlərinin qaydaları, həmçinin Azərbaycan Respublikasının Konsul Nizamnaməsi, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının birgə təsdiq etidyi təlimatla müəyyən edilir. “Notariat haqqında” Qanuna əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatda nəzərdə tutulur ki, notarius borc (pul məbləği) verilməsinə dair kredit müqaviləsini təsdiq edərkən, tərəflərin həqiqi niyyətinin müəyyən edilməsi üçün pulun verilməsi və qaytarılması ilə bağlı öhdəlikləri, hüquq və vəzifələri, öhdəliyin icrasının təminatı və öhdəlik icra olunmadıqda, tutmanın yönəldilməsi üsulunu və digər müqavilə şərtlərini izah etməli və bu barədə müqavilədə qeyd yazılmalıdır (48-1-ci bənd). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəfə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1, 338 və 339-cu maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1- ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən 1 (bir) il ərzindəəqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlar, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir Nəzərə alınmalıdır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Birinci instansiya məhkəməsi iddia ərizəsini təmin etməkdən imtina etdikdə gəldiyi nəticənin əsası kimi hesab etmişdir ki, iddiaçı S.Q.Öztürk cavabdeh R.T.Şıxəliyevin ona pul verməməsini, sərmayə qoyduğu 40.000 manat əvəzi olaraq 50.000 manat borc verilməsinə dair onu hədələməklə müqavilə bağlamağa məcbur etdiyini göstərsə də, istinad etdiyi hallara dair məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Tərəflər arasında yaranmış mübahisə üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlmişdir. İddiaçı S.Q.Öztürk apelyasiya şikayətinin dəlillərini təsdiq edən və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin olunmamasına dair heç bir sübut təqdim edə bilməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutlarla öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında dəyişdirilmədən və apelyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də, apelyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı S.Q.Öztürkün verdiyi apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-3096/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar