Məhkəmə qərarları › İş №2(105)-1215/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1215/2023

06.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1215/2023 06.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X6 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-1053/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və vətəndaş İddiaçı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur.

2. Qərardan daha sonra görünür ki, Cavabdeh izahatında bildirmişdir ki, o, 3-4 ildir ki, İddiaçı tanıyır, sonuncu onun işlədiyi gözəllik salonuna gəldikdə tanış olmuşdur. Onun maddi sıxıntıları olduğu üçün yüksək faizlə pul borcu olmuşdur. Sevda bunu bilib ona aşağı faizlə pul verərək borclarını bağlamışdır. Sevdanın pulunu 1 il sonra qaytarmışdır. Bununla da aralarında rəfiqəlik münasibəti olmuşdur. Onun ailəsində olan sıxıntılara görə pula ehtiyacı olmuşdur. Sevda bunu bilib ona faizə pul götürə biləcəyini və ona verəcəyini söz vermişdir. O da buna etiraz etməmişdir. 2020-ci ilin əvvəllərində Sevda hissə-hissə olmaqla ona 18400 manat borca pul vermişdir. O həmin pulun 3050 manatını qaytarmışdır. Hal-hazırda, Sevdaya 14090 manat borcu qalmışdır. Sevda borc pulu ona verəndə pulun qaytarılması vaxtını dəqiq deməmişdir. Aralarında razılaşma olmuşdur ki, pulu hissə-hissə olmaqla imkanı daxilində qaytaracaqdır. Lakin məlum pandemiya vəziyyətinə görə işləri alınmamışdır. Bu səbəbdən, Sevdaya olan borcunu qaytara bilməmişdir. Buna görə aralarında narazılıq yaranmış və Sevda onun iş yerinə gəlib ünvanına xoşagəlməz sözlər dediyi üçün oğlu Ceyhun Sevda ilə əlaqə saxlayıb bu cür hərəkətlər etməməsini tələb etmişdir. Onlar Sevdanı hədələməmişlər. O, Sevdaya olan borcunu danmır, imkanı olanda borcunu hissə-hissə qaytaracaqdır.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 15000 manat pul vəsaitinin və ödənilmiş 135 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı təxminən 5 il olar ki, Cavabdeh tanıyır. Belə ki, iddiaçı əvvəllər ünvan 1 ünvanda yaşamışdır. Həmin binanın 1-ci mərtəbəsində yerləşən gözəllik salonuna getdiyi vaxtlarda iddiaçı cavabdehi saç ustası kimi tanımış və onun müştərisi olmuşdur. Salonda olduğu zaman təxminən 2019-cu ilin sonu, 2020-ci ilin əvvəlləri cavabdeh təcili pula ehtiyacının olduğunu bildirmişdir. Cavabdeh qısa zaman ərzində qaytaracağı şərti ilə iddiaçıdan 15000 manat pul istəmişdir. İddiaçı da cavabdehin maddi vəziyyətinə görə sıxıntılarını nəzərə alaraq 2020-ci ilin əvvəllərində ona 15000 manat pul vermişdir. Cavabdeh pulu alarkən 4-5 ay müddətində borcu tam olaraq qaytaracağına söz vermiş, lakin həmin müddət keçdikdən sonra iddiaçı pulu qaytarmasını istəsə də cavabdeh müxtəlif bəhanələrlə vaxt istəmişdir. İddiaçı dəfələrlə cavabdehin iş yerinə getsə də, sonuncu hər dəfə gizlənmiş, telefon zənglərinə qəti cavab verməmişdir. Sonradan isə cavabdehin Ceyhun adlı oğlu iddiaçı ilə əlaqə saxlayaraq anasını narahat etməməyi xahiş etmişdir. Hətta Ceyhun pulu özü qısa zamanda iddiaçıya qaytaracağına söz vermişdir. Lakin Ceyhun da verdiyi vədinə əməl etməyib iddiaçını aldatmışdır. Sonuncu dəfə də 2021-ci ilin dekabr ayının ortalarında cavabdehin iş yerinə gəlib pulunu tələb etdikdə cavabdeh salonda olsa da gizlənib iddiaçının qarşısına çıxmamışdır. Həmin zaman salonda işləyənlərə iddiaçı cavabdehə pulunu qaytarmasını bildirmələri barədə xəbərdarlıq etmişdir. Salondan qayıtdıqdan sonra isə cavabdehin oğlu Ceyhun whatsapp vasitəsi ilə mesaj göndərərək iddiaçını ailəsi, oğlu ilə şantaj etmiş, hədələyici sözlərlə təhqir edib kriminal aləmdə məşhur olan şəxslərin fotoşəkillərini paylaşmış, borcu bir daha istədiyi halda başına oyun açacaqları ilə hədələmişdir. İddiaçı tərəfindən Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə şikayət ünvanlanmışdır. Araşdırma nəticəsində qəbul edilmiş xx.xx.2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərardan da göründüyü kimi, Cavabdeh izahatında pulun 3050 manatını qaytardığını, 14090 manat borcunun qaldığını, bu səbəbdən də, aralarında narazılıq yarandığını, Sevdaya olan borcunu danmadığını və imkanı olanda borcunu hissə-hissə qaytaracağını bildirmişdir. Cavabdehin borclu olduğunu araşdırma zamanı oğlu Ceyhun Səlimov da təsdiqləmiş, hətta pulu ödəyəcəyinə söz vermişdir. Cavabdehin və onun oğlunun etirafedici ifadəsi bir daha təsdiqləyir ki, iddiaçıya 15000 manat borc vardır. Lakin cavabdeh məbləği azaldaraq guya 14090 manat borcu olduğunu bildirmişdir. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur.

5. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-1053/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh borca görə 14090 (on dörd min doxsan) manat və ödənilmiş dövlət rüsumuna görə 135 (yüz otuz beş) manat pul vəsaiti olmaqla, ümumilikdə, cəmi 14225 (on dörd min iki yüz iyirmi beş) manat pul vəsaitinin alınaraq İddiaçı xeyrinə tutulması, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Habil Əhmədov)

6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324, 325.1, 326, Mülki Prosessual Məcəllənin 14.2, 119, 217.4, 218.3-cü maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh apellyasiya şikayəti verib Abşeron Rayon Məhkəməsinin 2(012)- 1053/2023 saylıxx.xx.2023-cü il tarixli qətnaməsini ləğv edərək, İddiaçı iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ümumiyyətlə Cavabdeh izahat verməmişdir, ona yalnız Nəsimi Rayon Polis İdarəsindən adını bilmədiyi polis əməkdaşı zəng vurmuş və ondan hansı səbəbdən İddiaçı olan 15000 manat borc pul məbləğini qaytarmadığını soruşmuş, buna cavab olaraq isə Cavabdeh bildirmişdir ki, onun İddiaçı 3000 manat pul məbləğində borcu olmuşdur və artıq həmin borcu ona geri qaytarmamışdır. Həmçinin, qeyd edilmişdir ki X5 Sevdaya 3050 manat pul məbləği artıq geri qaytarmışdır, halbuki Cavabdeh 3050 manat deyil, 3000 manat pul məbləğində borcu İddiaçı geri qaytarmışdır. Lakin Nəsimi Rayon Polis İdarəsinin sözügedən qərarındanda göründüyü kimi, Cavabdeh adından izahat İddiaçı yalanları əsasında təhqiqatı aparan polis əməkdaşı tərəfindən yazılmışdır və həmin izahatda olan imza saxtadır, yəni cavabdeh tərəfindən deyil, hər-hansı bir digər şəxs tərəfindən imzalanmışdır. Bildirir ki, ümumiyyətlə Cavabdeh Nəsimi R ayon Polis İdarəsinə bu məsələ ilə bağlı, çağırılmamış və orada hər-hansı bir izahat verməmişdir. Məhkəmə tərəfindən Nəsimi Rayon Polis İdarəsində kamera vasitəsi ilə aparılan videoçəkilişə baxış keçirilərsə Cavabdeh idarəyə gəlmədiyi və onun həmin izahatı vermədiyi aşkar olar. Həmçinin Cavabdeh dost-tanışlardan maraqlandıqda ona məlum olmuşdur ki, artıq birinci dəfə deyildir ki, İddiaçı Vahid qızı digər şəxslərə borc pul verib daha sonra belə yalanlar ilə onlardan əsassız olaraq artıq pul məbləği tələb etmişdir.

9. İşin hallarında da, göründüyü kimi, tərəflər arasında borc müqaviləsi bağlanmamış, buna görə də Cavabdeh üzərinə İddiaçı əsassız olaraq tələb etdiyi 15000 manat pul məbləğinin ona geri qaytarılması öhdəliyi yaranmamışdır. İddiaçı və cavabdeh arasında müqavilə bağlanmamışdır, buna səbəb isə odur ki, İddiaçı Cavabdeh 3000 (üç min) manat məbləğində borc pul vermişdir. İddiaçı Cavabdeh 15000 (on beş min) manat pul məbləği vermiş, lakin borc müqaviləsi bağlamamışdır, halbuki pul məbləği üç min manatı keçdikdə borc müqaviləsi bağlanmalı idi.

10. Birinci instansiya məhkəməsi işin halların düzgün araşdırmamışdır, İddiaçı yalan izahatlarına və həmçinin Nəsimi Rayon Polis İdarəsinin qərarına əsaslanaraq, həmçinin tərəflər arasında borc müqaviləsi olmamasına baxmayaraq qətnamə çıxarmışdır, bu isə öz növbəsində İddiaçı əsassız olaraq varlanması səbəb olur.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.

12. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə iddiaçı yekun məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barədə məlumat verilməmişdir.

13. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

14. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

15. Maddə 739.1 Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

16. Maddə 739.2 Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.

17. Maddə 1091. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

18. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

22. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

23. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.

24. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

25. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

27. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

28. Apellyasiya şikayətindən görünür ki, cavabdeh Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-1053/2023 nömrəli qətnaməsinin iddianın təmin edilən hissəsini mübahisələndirmişdir.

29. Kollegiya qeyd edir ki, iddianın təmin edilməyən hissəsindən şikayət verilmədiyindən məhkəmə kollegiyası həmin hissədə araşdırma aparmır.

30. Ona görə də kollegiya Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-1053/2023 nömrəli qətnaməsinin yalnız mübahisələndirilən hissədə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

32. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar, həmçinin, mülki iş materiallarına əlavə olunmuş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar” ilə Cavabdeh etirafı əsasında iddiaçıya 3050 manat pul vəsaitini qaytarması və 14090 manat borcunun qalması öz təsdiqini tapmışdır. Cavabdeh borcu ödəməyi öhdəsinə götürməsinə baxmayaraq, borcun geri qaytarılmasını təmin etməmiş, bununla da, iddiaçının həmin borcu məhkəmə qaydasında tələb etmək hüququ yaranmışdır.

33. AR MPM-nin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir.

34. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.

35. X2 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.

36. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla qismən sübut edə bilmişdir. Cavabdeh isə apellyasiya şikayətinin dəlillərini sübuta yetirə bilməmişdir.

37. Kollegiya yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərindən çıxış edərək, bildirir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla, eyni zamanda ədalətli və qanuni mövqedir.

38. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

39. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)- 1053/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-1053/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar