Məhkəmə qərarları › İş №2(105)-1217/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1217/2025

04.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1217/2025 04.11.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2 qanuni nümayəndəsi - atası X3, cavabdeh Abşeron Rayon İcra Hakimiyyəti Mənzil Kommunal X2 Təmiri Birliyinin Abadlıq və Kommunal Xidmətlər İdarəsinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 qanuni nümayəndəsi, atası X3 cavabdehlər Abşeron Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat-İstismarı Təmiri Birliyinin Abadlıq və Kommunal Xidmətlər İdarəsi və Cavabdeh1 qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-1299/2025 nömrəli, 05 iyun 2025-ci il tarixli qətnaməsindən cavabdeh Abşeron Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat-İstismarı Təmiri Birliyinin Abadlıq və Kommunal Xidmətlər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 05 iyun 2025-ci il tarixli qətnaməsi ilə (hakim M.Mirhəsənli) iddianın qismən təmin edilməsi, İddiaçı1 xeyrinə maddi ziyana görə 1500 manat, mənəvi zərərə görə 2000 manat, hüquqi yardım göstərilməsi ilə bağlı 320 manat, cəmi 3820 manat pul Abşeron Rayon İcra Hakimiyyəti Mənzil Kommunal X2 Təmiri Birliyinin Abadlıq və Kommunal Xidmətlər İdarəsindən və Cavabdeh1 müştərək qaydada tutularaq ödənilməsi, İddiaçı2 qanuni nümayəndəsi, atası X3 xeyrinə maddi ziyana görə 1500 manat, mənəvi zərərə görə 3000 manat, hüquqi yardım göstərilməsi ilə bağlı 320 manat, cəmi 4820 manat pul Abşeron Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat-İstismarı Təmiri Birliyinin Abadlıq və Kommunal Xidmətlər İdarəsindən və Cavabdeh1 müştərək qaydada tutularaq ödənilməsi, iddia qalan hissədə təmin edilməməsi, məhkəmə xərclərinin cavabdehlərə aid edilməsi, Abşeron Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat-İstismarı Təmiri Birliyinin Abadlıq və Kommunal Xidmətlər İdarəsindən və Cavabdeh1 müştərək qaydada iddianın təmin edilmiş hissəsinə müvafiq olaraq 106.4 manat məbləğində dövlət rüsumu tutularaq dövlət gəlirlərinə alınması qət edilmişdir. Cavabdeh Abşeron Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat- İstismarı Təmiri Birliyinin Abadlıq və Kommunal Xidmətlər İdarəsi qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçılar İddiaçı1 və İddiaçı2 qanuni nümayəndəsi, atası X4 cavabdehlər Abşeron Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat-İstismarı Təmiri Birliyinin Abadlıq və Kommunal Xidmətlər İdarəsi və Cavabdeh1 qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı1 avtonəqliyyat vasitəsinin yetirdiyi xəsarətdən sonra dəymiş maddi ziyana görə 10000 manat, mənəvi zərərə görə 5000 manat və vəkil ilə müqavilə bağlamaq üçün ödənilmiş 320 manat olmaqla cəmi 15320 manat pulun; İddiaçı2 avtonəqliyyat vasitəsinin yetirdiyi xəsarətdən sonra dəymiş maddi ziyana görə 12 000 manat, mənəvi zərərə görə 5000 manat və vəkil ilə müqavilə bağlamaq üçün ödənilmiş 320 manat olmaqla cəmi 17320 manat pulun Abşeron Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat-İstismarı Təmiri Birliyinin Abadlıq və Kommunal Xidmətlər İdarəsindən və Cavabdeh1 tutularaq iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 Azərbaycan Respublikası CMnin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* №-li cinayət işi üzrə təqsirli bilinərək ittiham verilmişdir. İstintaq araşdırılması zamanı müəyyən edilmişdir ki, həqiqətən də Cavabdeh1 05 dekabr 2023-cü il tarixdə saat 12 radələrində Abşeron Rayon İcra Hakimiyyəti Mənzil Kommunal X2 Təmiri Birliyinin Abadlıq və Kommunal Xidmətlər İdarəsinə məxsus olan Yol Vərəqəsi əsasında idarə etdiyi “Kamaz” markalı **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti ilə Mehdi Hüseynzadə küçəsi istiqamətində hərəkətdə olarkən ehtiyatsızlıqdan “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmaqla yəni hərəkətə başlayarkən, yerdəyişərkən, dönərkən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verərək manevrin təhlükəsiz olduğuna və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı, onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələblərə əməl etməyərək həmin istiqamətdə yolu keçən piyada İddiaçı1 və İddiaçı2 avtomobilin qabaq sağ hissəsi ilə vuraraq nəticədə İddiaçı1 sağ əng sümüyünün yerdəyişməyən sınığı, sol bayır topuğun və aşıq sümüyünün açıq qəlpəli yerdəyişən sınığı, sol aşağı ətrafın 1/3-nin 1,0x1,5 sm ölçüdə cırılmış didilmiş yarası, yumşaq toxuma və sümük deffekti ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığa az ağır zərərvurmaya aid və İddiaçı2 isə politravma, sağ bazu, hər iki qasıq, oturaq, sağ bud, sol baldır, sümüklərinin, qabırğaların çoxsaylı sınıqları, iki tərəfli pnevmatoraks, düz bağırsağın travmatik zədələnməsi, aralığın fleqmonası ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaqla yolnəqliyyat hadisəsi törətmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X6 Publik Hüquqi şəxsinin Abşeron rayon şöbəsindən verilən 22 fevral 2024-cü il tarixli 24 TS nömrəli rəyindən görünür ki, İddiaçı1 xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi zaman aldığı xəsarətlərdən sonra xx.xx.2023-cü il tarixdə “X8”-ə müraciət etmiş və ona sağ əng sümüyünün yerdəyişməyən sınığı, sol bayır topuğun və aşıq sümüyünün açıq qəlpəli, yerdəyişən sınığı. Sol aşağı ətrafın aşağı 1/3-nin 7, 0 x l,5 sm ölçüdə cırılmış, didilmiş yarası, yumşaq toxuma və sümük deffekti ilə diqanozu qoyulmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi zamanı piyada qismində yüksək sürətlə hərəkət edən avtomaşının vurması nəticəsində bilmələri mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X6 Publik Hüquqi şəxsinin Abşeron rayon şöbəsindən verilən 22 fevral 2024-cü il tarixli 23 TS nömrəli rəyindən görünür ki, İddiaçı2 xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi zamanı aldığı xəsarətlərdən sonra xx.xx.2023-cü il tarixdə “X8”-ə müraciət etmiş və ona “Politravma Sağ bazu, hər iki qasıq, oturaq, sağ bud və sol baldır sümüklərinin, qabırğaların çoxsaylı sınıqları, iki tərəfli pnevmatoraks. Düz bağırsağın travmatik zədələnməsi, aralığın fleqmonası diqanozu qoyulmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə yol nəqliyyat hadisəsi zamanı piyada qismində yüksək sürətlə hərəkət edən avtomaşının vurması nəticəsində bilmələri mümkündür və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa ağır zərər vurmaya aiddir. Beləliklə də Cavabdeh1 Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmiş və əməlini etiraf edərək özünü təqsirli bilmişdir. Lakin özünü təqsirli hesab etməsinə baxmayaraq hadisə zamanı xəsarət alanlara heç bir maddi köməklik göstərəməyərək zərərçəkmiş şəxslərə vurduğu nə maddi nə mənəvi ziyanı ödəməməişdir. Lakin etdiyi cinayət hadisəsindən sonra yenə də avtomobil idarə edir. Ona görə də onun işlədiyi idarə də cavabdehlik daşıyır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilən Cavabdeh1 barəsində olan ********* nömrəli cinayət işi üzrə Abşeron Rayon Məhkəməsi (hakim Abusət Qasımov) xx.xx.2024-cü il tarixdə 1(012)-677/2024 nömrəli ittihamedici hökm çıxartmışdır. Abşeron Rayon Məhkəməsinin (hakim Abusət Qasımov) xx.xx.2024-cü il tarixli, 1(012)-677/2024 nömrəli hökmünə əsasən Cavabdeh1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, ona 02 (iki) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Cavabdeh1 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək - 1 gün müddət ona təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Cavabdeh1 cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəkməsi və cəza çəkmə müddətinin əvvəli onun məntəqə tipli cəza çəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanması, Cavabdeh1 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməmə, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat məbləğində pul Cavabdeh1 tutularaq dövlət nəfinə köçürülməsi, İş üzrə 01 ədəd disk cinayət işinin materiallarında, “Kamaz” markalı, ** AC *** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh1 istifadəsində saxlanılması nəzərə alınmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Abşeron Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat- İstismarı Təmiri Birliyinin Abadlıq və Kommunal Xidmətlər İdarəsi Abşeron Rayon Məhkəməsinin 05 iyun 2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayət verərək, qətnamənin Abşeron Rayon İcra Hakimiyyəti Mənzil Kommunal X2 Təmiri Birliyinin Abadlıq və Kommunal Xidmətlər İdarəsinə münasibətdə təmin edilən hissədə ləğv edilməsini və həmin hissədə iddia ərizəsinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin qətnaməsi həm maddi, həm də mənəvi zərərin ödənilməsi hissəsində maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən qətnamə Abşeron Rayon İcra Hakimiyyəti Mənzil Kommunal X2 Təmiri Birliyinin Abadlıq və Kommunal Xidmətlər İdarəsinə münasibətdə təmin edilən hissədə ləğv edilməli və həmin hissədə iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. İş materiallarında olan tibbi sənədlərdən görünür ki, iddiaçılar almış olduqları xəsarətlər nəticəsində onlar öz şəxsi vəsaitləri hesabına tibb müəssisələrində bir manat belə olsun pul vəsaitinin xərclədikləri barədə məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişlər. Onlar özəl tibb müəssisələrində deyil dövlət tibb müəssisələrində müalicələr almışlar və onlara göstərilən tibbi xidmətlərlə bağlı çəkilən xərclər icbari tibbi sığorta hesabına ödənilmişdir. Eyni zamanda iddia ərizəsinə əlavə olunmuş həkim reseptlərində qeyd olunan dərman preparatlarının iddiaçıların almış olduqları xəsarətlə bağlı həkim tərəfindən yazıldığını bundan əlavə dərman preparatlarının alınması ilə bağlı təqdim edilmiş qəbzlərdə göstərilən məbləğlərin qeyd olunan dərmanların alınmasına çəkilən xərcələrin olmasını iddiaçı tərəf sübut edə bilməmişdir. Amma buna baxmayaraq işə baxan məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərini pozaraq qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Məhkəmənin mənəvi zərərin əvəzinin ödənilməsi bağlı gəldiyi nəticə İddiaçı1 sağlamlığına az-ağır zərər vurulması, nəvəsi İddiaçı2 isə sağlamlığına ağır zərər vurulması onlarda yüksək dərəcəli mənəvi sarsıntı və iztiraba səbəb olduğunu qeyd etmişdir. Göründüyü kimi məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş sübutları təhrif etmiş, cavabdeh tərəfindən istinad edilmiş sübutlara qiymət verməmişdir. Göründüyü kimi iddiaçılar həm maddi, həm də mənəvi zərərin əvəzinin ödənilməsi ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. Lakin işə baxan məhkəmə işin faktiki hallarını iddiaçıların xeyrinə təhrif etməklə qeyd olunan prosessual hüquq normalarının tələıblərini pozmaqla qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Məhkəmə ümumiyyətlə qəbul etdiyi qətnamə iş materillarında olan sübutları təhrif etməklə qəbul edilmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı1 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı2 qanuni nümayəndəsi - atası X4 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdıraraq, məruzəçini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsini qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə iddiaçıların sağlamlığına az-ağır və ağır zərər vurulması ilə əsaslandırmışdır. Cavabdeh Abşeron Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat- İstismarı Təmiri Birliyinin Abadlıq və Kommunal Xidmətlər İdarəsi məhkəmənin gəldiyi bu nəticədən narazı qalaraq qətnamədən apellyasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsini xahiş etsə də, apellyasiya şikayətinin məzmununa əsasən qətnaməni ona aid hissədə mübahisələndirmişdir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə cavabdehin mübahisələndirdiyi hissədə baxılaraq hüquqi qiymət verilməlidir. Cavabdeh1 05 dekabr 2023-cü il tarixdə saat 12 radələrində Abşeron Rayon İcra Hakimiyyəti Mənzil Kommunal X2 Təmiri Birliyinin Abadlıq və Kommunal Xidmətlər İdarəsinə məxsus olan yol vərəqəsi əsasında idarə etdiyi “Kamaz” markalı **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti ilə Mehdi Hüseynzadə küçəsi istiqamətində hərəkətdə olarkən yol-nəqliyyat hadisəsini törətməsi işin mübahisəsiz halıdır. Baxılan iş üzrə iddia tələbi maddi və mənəvi ziyanın ödənilməsi barədədir. İddia tələbinin qanuni əsasını isə Mülki Məcəllənin 1099.1., 1099.2-ci maddələri təşkil edir. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. İşçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099.1., 1099.2-ci maddələri). Bu maddələrin məzmunundan göründüyü kimi hüquqi şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək vəzifələrinin icrası zamanı onun vurduğu zərərin əvəzini ödəməlidir. İşçi dedikdə isə əmək müqaviləsi əsasında, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxs başa düşülür. İşəgötürənin sözügedən maddə ilə nəzərdə tutulmuş məsuliyyətinin yaranması üçün mülki hüquq pozuntusu törədən şəxs hüquqi şəxsin işçisi olmalı, hüquqi şəxsin işçisi mülki hüquq pozuntusunu əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı törətməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il tarixli qərarına əsasən işəgötürənin məsuliyyətinin əsasını tapşırıq, əmr və göstərişlərinin icrası ilə bağlı görülən işin lazımi qaydada təşkil edilməməsi, tələb olunan diqqət və qayğının göstərilməməsi təşkil edir. Görüləcək işi zehni və fiziki qabiliyyətlərinə uyğun peşəkar şəxslərə (işçilərə) həvalə etmək, zəruri təlimat və tapşırıqlar vermək və icrasına nəzarət etmək obyektiv olaraq işəgötürənin vəzifəsidir. Məhz bu obyektiv vəzifənin lazımınca yerinə yetirilmiş olmaması baxımından qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə məsuliyyətə cəlb edilməsini zəruri hesab etmişdir. Odur ki, Mülki Məcəllənin 1099-cu maddəsi öz mənafeyi üçün başqalarının əməyindən (xidmətlərindən) yararlanan şəxslərin – işəgötürənin həmin işin icrası ilə əlaqədar üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyini müəyyən etmişdir. Nəzərə alınmalıdır ki, bu halda işəgötürənin məsuliyyəti təqsirsiz məsuliyyətdir və bu məsuliyyət işəgötürənin mənafeyi üçün və onun nəzarəti altında görülən işin lazımi qaydada, zəruri ehtiyatlılığın tələb etdiyi tərzdə təşkil edilməməsindən irəli gəlir. Məqsəd işəgötürəni onun nəzarəti altında görülən işlərin yerinə yetirilməsi ilə əlaqədar yarana biləcək zərərləri, arzuolunmaz nəticələri önləyici (preventiv) tədbirləri görməyə məcbur etməklə üçüncü şəxsləri, bütövlükdə cəmiyyəti qorumaqdır. İşəgötürənin iqtisadi vəziyyətinin işçi ilə müqayisədə daha üstün olması və zərər görmüş üçüncü şəxslərin mənafeyinin müdafiəsinin mümkün qədər tez vaxtda təmin edilməsi düşüncəsindən çıxış edərək qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə mülki hüquq məsuliyyəti daşımasını ədalətli və məqsədəmüvafiq hesab etmişdir. Lakin bu heç də işçinin təqsirli olaraq törətmiş olduğu mülki hüquq pozuntusuna görə məsuliyyətinin istisna edilməsini ifadə etmir. Belə ki, qeyd edildiyi kimi, Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Odur ki, zərərçəkənin istəyinə uyğun olaraq dəymiş zərərin əvəzinin ödənilməsi iddiası birgə məsuliyyətlilərdən işəgötürənə və ya işçiyə və ya eyni vaxtda hər ikisinə qarşı sürülə bilər. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir (Mülki Prosessual Məcəllənin 82.4. maddəsi). Qeyd etmək lazımdır ki, Cavabdeh1 05 dekabr 2023-cü il tarixdə saat 12 radələrində Abşeron Rayon İcra Hakimiyyəti Mənzil Kommunal X2 Təmiri Birliyinin Abadlıq və Kommunal Xidmətlər İdarəsinə məxsus olan Yol Vərəqəsi əsasında idarə etdiyi “Kamaz” markalı **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti ilə Mehdi Hüseynzadə küçəsi istiqamətində hərəkətdə olarkən ehtiyatsızlıqdan “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmaqla həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələblərə əməl etməyərək həmin istiqamətdə yolu keçən piyada İddiaçı1 və İddiaçı2 avtomobilin qabaq sağ hissəsi ilə vuraraq nəticədə İddiaçı1 dərəcəsinə görə sağlamlığa az ağır zərərvurmaya aid və İddiaçı2 isə dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaqla yol-nəqliyyat hadisəsi törətmişdir. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1118.1-ci maddəsinə əsasən fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Həmin Məcəllənin 1120.1-ci maddəsinə əsasən on dörd yaşı tamam olmamış və qazancı (gəliri) olmayan yetkinlik yaşına çatmayana (azyaşlıya) xəsarət yetirildikdə və ya onun sağlamlığı başqa şəkildə pozulduqda zərərin vurulması üçün məsuliyyət daşıyan şəxs sağlamlığın pozulması ilə bağlı çəkilən xərclərin əvəzini ödəməlidir. Məhkəmə kollegiyası tərəfindən işin hərtərəfli araşdırılması məqsədilə İddiaçı1 və azyaşlı nəvəsi İddiaçı2 müraciəti zamanı aparılmış müayinə və müalicələrin sığorta, şəxsi və s. digər vəsaitlər hesabına ödənilməsi barədə məlumatın, eləcə də xəstənin müalicəsi ilə əlaqədar verilmiş dərman vasitələrinin əks olunduğu resept blankının məhkəməyə təqdim edilməsi ilə əlaqədar “X8” Publik Hüquqi şəxsə sorğu göndərilmiş, sorğuya cavab olaraq “X8” Publik Hüquqi şəxsi tərəfindən İddiaçı1 və İddiaçı2 adına tərtib edilmiş xəstəlik tarixinin surəti göndərilmişdir. Məhkəmə kollegiyası tərəfindən İddiaçı1 və İddiaçı2 adına tərtib edilmiş xəstəlik tarixinin surətinə baxış keçirilmiş, həqiqətən də iddiaçıların baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində aldıqları xəsarətlərin aradan qaldırılması üçün müayinə və müalicə aparıldığı müəyyən edilmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçılar Abşeron Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat-İstismarı Təmiri Birliyinin Abadlıq və Kommunal Xidmətlər İdarəsinə qarşı iddia qaldırmaqda haqlı olmuşdur. Göründüyü kimi üzərinə sübutetmə yükü üzərinə düşən iddiaçılar mübahisələndirilən hissədə zərərlə bağlı sübutlar təqdim etdiyi halda, bunun əksini təsdiq edən sübutları üzərinə vəzifə düşən cavabdeh isə təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qüvvədə olan məhkəmə aktı ilə cavabdeh tərəfindən iddiaçılara maddi və mənəvi ziyan vurulması öz təsdiqini tapdığından, birinci instansiya məhkəməsi cavabdeh Abşeron Rayon İcra Hakimiyyəti Mənzil Kommunal X2 Təmiri Birliyinin Abadlıq və Kommunal Xidmətlər İdarəsindən maddi ziyan və mənəvi zərərə görə pulun tutulması barədə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə mübahisələndirilən hissədə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir və eləcə də qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli və iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ Cavabdeh “Abşeron Rayon İcra Hakimiyyəti Mənzil Kommunal X2 Təmiri Birliyinin Abadlıq və Kommunal Xidmətlər İdarəsinin apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 05 iyun 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar