Məhkəmə qərarları › İş №2(105)-1219/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1219/2021

22.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1219/2021 22.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, iddiaçı ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakı ilə açıq məhkəmə iclasında Zəngilan Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(034)-99/2020 saylı qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Zəngilan Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(034)-99/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Gülsarə İmanova) iddiaçı ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsinə dair mülki iş üzrə iddia tələbi təmin edilməmiş, iddiaçı təşkilat qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə 7008,81 ABŞ dolları əsas, müqavilə müddəti üçün hesablanmış 0 ABŞ dolları faiz, 2624,75 ABŞ dolları cərimə, müqavilənin bitdiyi tarixdən xx.xx.2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 1042,75 ABŞ dolları borcun, ümumilikdə 10676,31 ABŞ dolları məbləğində kredit borcunun və iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, cəmiyyətlə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 484/15 saylı plastik kart kredit müqaviləsinə əsasən cavabdehə 12 ay müddətinə illik 24% dərəcəsi ilə kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri cəmiyyətə qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsinə əsasən cəmiyyət tərəfindən müqavilə ilə müəyyən olunmuş məbləğ və ona hesablanmış faizlər hər ayın müvafiq günü tam şəkildə ödənilməlidir. Eyni zamanda kredit müqaviləsinə əsasən cavabdeh üzərinə düşən öhdəlikləri icra etməməsi və ya lazımınca icra etməməsi üçün dəbbə pulu ödəməlidir. Belə ki, cavabdeh üzərinə düşən öhdəlikləri icra etmədikdə kreditin, kredit üzrə hesablanmış faizlərin və gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilən gün üçün faizlər də hesablanmaqla ümumi məbləğə müvafiq dəbbə pulu ödəməlidir. Kredit müqaviləsinə əsasən cavabdeh öz üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirilməməsinə görə cəmiyyətə dəymiş zərər məbləğində məsuliyyət daşıyır. Kredit müqaviləsi üzrə cavabdeh öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar bank tərəfindən cavabdehə dəfələrlə şifahi müraciət edilməsinə və xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq kredit borcunun banka qaytarılması təmin edilməmişdir. Bu səbəbdən də cavabdehin xx.xx.2019cu il tarixinə ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməmiş 7008,81 ABŞ dolları əsas, müqavilə müddəti üçün hesablanmış 0 ABŞ dolları faiz, 2624,75 ABŞ dolları cərimə, müqavilənin bitdiyi tarixdən xx.xx.2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 1042,75 ABŞ dolları borc, ümumilikdə 10676,31 ABŞ dolları məbləğində kredit borcu vardır. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdehlə bağlanmış xx.xx.2015-ci il tarixli, 484/15 saylı plastik kart kredit müqaviləsinə əsasən 3000 ABŞ dolları məbləğində vəsaitin ayrılması nəzərdə tutulsa da, sonradan bu məbləğ 7000 ABŞ dolları məbləğinə qədər artırılmışdır. Cavabdeh xx.xx.2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında plastik kredit kartının onun tərəfindən həqiqətən alındığını, lakin ümumi məbləğin yarısını şəxsi istehlak xərcləri üçün, yarısını da banka lazım olan əşyaların alınmasında istifadə etdiyini bildirmişdir. Lakin, məhkəmənin laqeyd yanaşması nəticəsində cavabdehin izahatında banka olan borcunu etiraf etməsi ilə bağlı cümlələr məhkəmə iclas protokolunda öz əksini tapmamışdır. Cavabdehin borcunu etirafı ilə bağlı izahatı məhkəmə tərəfindən təhrif edilmiş və iddiaçının iddiasının həqiqətən əsaslı olması qənaətinə gəlməyə əsas verən bu halı məhkəmə iclas protokoluna qeyd etməmişdir. Cavabdehin mənafeyi baxımından sonradan işə qoşulan bankın keçmiş əməkdaşı olmuş, hazırda vəkillik fəaliyyəti ilə məşğul olanın həmin plastik kredit kartının cavabdeh tərəfindən, ümumiyyətlə, qəbul edilməməsi fonunu iclasda göstərərək hansı vasitə ilə olursa olsun, məhkəmənin mülki işə tam, ətraflı və obyektiv baxaraq qərar qəbul etməsinə dolayı yolla maneçilik törətmişdir. Qeyd edilən nüanslar cavabdehin fikrindən yayınmasına gətirib çıxarmışdır. Bu onunla əsaslandırılmışdır ki, bank tərəfindən plastik kredit kartının cavadehə verilməsini təsdiq edən balansdan kənar kassa məxaric orderi və kartın məxfi pin zərfinə dair sənəd məhkəməyə təqdim edilə bilməmişdir. Halbuki, bankın keçmiş əməkdaşları olmuş cavabdeh və vəkili bankın fəaliyyəti zamanı sənədlərin saxlanma vəziyyətindən xəbərdar olduqları üçün hazırda bankın həmin sənədləri təqdim edə bilməməsini əvvəlcədən bildikləri və borcun ödənilməsi məsuliyyətindən yayınmaq üçün həmin vəsatəti vermişdilər. Hazırki işə dair yekun məhkəmə qətnaməsi iddiaçıya xx.xx.2020-ci il tarixdə daxil olduğundan həmin iclas protokolu ilə yekun məhkəmə qətnaməsi arasında hansı ziddiyyətli məqamların olubolmaması, cavabdehin izahatının məhkəmə iclasında verdiyi kimi qətnamədə göstərilibgöstərilməməsi və məhkəmə tərəfindən iddia tələbinin hansı əsaslarla təmin edilməməsinə tam əmin olmaq məqsədilə qətnamənin iddiaçıya poçt vasitəsilə rəsmi qaydada daxil olması gözlənilmişdir. Məhkəmə qətnaməsi iddiaçıya rəsmi qaydada daxil olduqdan sonra ölkədə baş vermiş “COVİD 19” virusunun kütləvi şəkildə yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilmiş məhdudiyyətlər məhkəməyə gedərək məhkəmə iclas protokolları ilə tanış olmağa maneə yaratmışdır. Bu səbəbdən də qanunvericilikdə məhkəmə iclas protokolu ilə tanış olmaq və ona dair qeydləri vermək üçün müəyyən edilmiş müddət tərəflərindən üzürlü səbəbdən ötürülmüşdür. “xxxx” MMC bankın sabiq rəhbərliyindən aktiv və passivləri rəsmi qaydada təhvil almadığından Əmanətlərin Sığortalanması Fonduna rəsmi qaydada bankın heç bir aktiv və passivi təhvil verilməmişdir. Buna görə də Əmanətlərin Sığortalanması Fondu ləğvedici kimi öz fəaliyyətini təşkil etməkdə uzun müddət çətinliklərlə üzləşmişdir. Belə çətinliklər bu gün də müəyyən sənədlərin əslinin tapılaraq aşkar edilməməsində özünü göstərməkdədir. Hesabdan çıxarışdan aydın şəkildə görünür ki, vəsait yalnız şəxsi istehlak məqsədləri üçün əyləncə mərkəzlərində, geyim mağazalarında, restoranlarda istifadə edilmişdir və bu da öz növbəsində onu deməyə əsas verir ki, vəsait bankın xərcləri üçün istifadə edilməmişdir. Bundan əlavə, birinci instansiya məhkəməsi mülki işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmadan qətnamə qəbul etmişdir. Belə ki, bankın əməkdaşı olmuş, banka aid sənədlərin toplandığı qovluğa cavabdehlik daşıyan və bank sənədlərinin həmin qovluqda olmasını öz imzası ilə təsdiq edən səlahiyyətli şəxs, yəni kassir məhkəmə iclasına şahid qismində dəvət edilərək ifadəsi alınmamışdır. Cavabdehin kredit götürməsini təsdiq edən bank sənədlərinin məhkəməyə hansı səbəbdən təqdim edilməməsini məhkəmə araşdırmamışdır. Həmçinin şahid qismində dindirilməsini zəruri hesab etdikləri şəxs bank sənədləri olan balansdan kənar kassa məxaric orderi, məxfi pin zərfi və kartın istifadəsi üçün illik xidmət haqqı ilə əlaqədar apellyasiya instansiya məhkəməsi tərəfindən ədalətli və obyektiv qərar qəbul edilməsinə görə vacib məqamların aydınlaşdırılmasına səbəb olacaqdır. Qeyd etdikləri dəlillərin birinci instansiya məhkəməsi tərəfindən araşdırılmaması qeyri-obyektiv, əsassız və qanunsuz qətnamənin qəbul edilməsinə səbəb olmuşdur. Beləliklə, cavabdehin qanunsuz hərəkətləri nəticəsində banka ziyan dəymişdir. Hazırki mübahisə üzrə iddia tələbinin formal əsaslara görə təmin edilməməsi gələcəkdə banka qarşı kreditorların tələblərini icrasız qoyacaq, bu isə dövlətin mənafeyinə ziddir. Cavabdeh öz mənafeyi naminə qanunsuz fəaliyyətlə məşğul olmuş, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək bankın əmlakını mənimsəmiş, saxtakarlıq etmişdir. Bununla əlaqədar olaraq, məhkəmə bu iş üzrə xüsusi qərardad qəbul edərək prokurora məlumat verməli və işin hallarını daha dəqiq, obyektiv araşdırılıb yekun qərar verməlidir. İddiaçı ASC ləğv prosesində olan bankdır və onun kreditorları qarşısında öhdəliyini yerinə yetirmək vəzifəsi vardır, bu halda bankın borcalanlara verdiyi kredit məbləğinin borcundan məhrum eləmək qeyri obyektiv və qərəzlidir. Belə ki, əmanətçilərin əmanətlərinin qaytarılması, kreditorların tələblərinin yerinə yetirilməsi və digər tədbirlərlə əlaqəli xərclər ödənilməlidir. Bütün bunlar bir daha onu sübut edir ki, kredit cavabdeh tərəfindən səxsi istehlak məqsədləri üçün istifadə edilmişdir, bu səbəbdən iddianın rədd edilməsi yolverilməzdir. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsi xahiş olunmuşdur. İddiaçı ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X3 məhkəmə iclasında apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də məhkəmə iclasına gəlmədiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPMnin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı təşkilatın apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan xx xxxxxx 2015-ci il tarixli, 484/15 saylı plastik kart kredit müqaviləsindən görünür ki, İddiaçı açıq səhmdar cəmiyyəti Cavabdeh illik 24 faizlə 12 ay müddətinə 3000 ABŞ dolları kredit xəttinin açılmasını öhdəsinə götürmüşdür. İş materiallarında olan ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xx xxxxxx 2019-cu il tarixli məktubundan görünür ki, xx.xx.2015-ci il tarixli, 484/15 saylı plastik kart kredit müqaviləsi üzrə Cavabdeh xx xxxxxx 2019-cu il tarixə olan əsas borcu 7008,81 ABŞ dolları, faiz borcu 0 ABŞ dolları, cərimə borcu 2624,75 ABŞ dolları, müqavilənin bitdiyi tarixdən xx.xx.2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 1042,75 ABŞ dolları, ümumilikdə 10676,31 ABŞ dolları təşkil edir. İş materiallarında olan Əmanətlərin Sığortalanması Fondu tərəfindən Cavabdeh ünvanlanmış xx xxxxxx 2019-cu il tarixli xəbərdarlığın surətindən görünür ki, kredit müqaviləsi üzrə borcun ödənilməsi tələb edilmişdir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 425.2-ci maddəsinə görə öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidır. Həmin Məcəllənin 430.1-ci maddəsinə görə əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Məhkəmə kollegiyası qeyd olunan qanunvericilik normalarının tələbləri baxımından hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, xx xxxxxx 2015-ci il tarixli, 484/15 saylı plastik kart kredit müqaviləsinə əsasən İddiaçı açıq səhmdar cəmiyyəti Cavabdeh illik 24 faizlə 12 ay müddətinə 3000 ABŞ dolları kredit xəttinin açılmasını öhdəsinə götürmüşdür. Kredit xəttinin açılması özlüyündə həmin kredit müqaviləsi üzrə cavabdehin öhdəliyinin yaranması anlamına gəlmir. Belə ki, plastik kart kredit müqaviləsi üzrə öhdəliyin yaranması üçün balansdan kənar kassa məxaric orderi tərtib edilməli və kartın məxfi pin zərfinin cavabdehə təqdim edilməsinə dair sənəd olmalıdır. Məhkəmə kollegiyası plastik kart kredit müqaviləsi üzrə balansdan kənar kassa məxaric orderini və kartın məxfi pin zərfinin cavabdehə verilməsini təsdiq edən sənədi məhkəməyə təqdim etməsini iddiaçının nümayəndəsinə təklif etsə də, iddiaçının nümayəndəsi həmin sənədlərin tapılmadığını və kartın məxfi pin zərfinin cavabdehə təqdim edilməsi barədə hər hansı bir sübut təqdim edə bilməyəcəyini göstərmişdir. Halbuki qeyd edilən halları sübut etmək yükü iddiaçının üzərinə düşür. İş materiallarından, iddia ərizəsindən, iddiaçının apellyasiya şikayətindən görünür ki, ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia tələblərini cavabdehlə bağlanmış xx xxxxxx 2015-ci il tarixli, 484/15 saylı plastik kart kredit müqaviləsinə əsasən 3000 ABŞ dolları məbləğində vəsaitin ayrılması nəzərdə tutulsa da, sonradan bu məbləğin 7000 ABŞ dolları məbləğinə qədər artırılması ilə əsaslandırmışdır. Lakin ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehə verilən kreditin məbləğinin artırılaraq 7000 ABŞ dolları olmasına dair heç bir sənədi nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiya məhkəməsinə təqdim etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası onu da qeyd edir ki, bank tərəfindən plastik kart kredit müqaviləsi üzrə kreditin verilməsi şahid ifadəsi ilə sübuta yetirilə bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. İddiaçı apellyasiya şikayətində Cavabdeh məhkəmə iclasında iddianı etiraf etdiyini göstərmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin iddianı etiraf etməsi məhkəmə iclas protokolunda göstərilməmişdir. Həmçinin cavabdeh iddianı etiraf etməsi barədə məhkəməyə yazılı ərizə də təqdim etməmişdir. Halbuki Azərbaycan Respublikası MPM-nin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Məhkəmə kollegiyası hesab edir ki, iş materiallarında olan hesabdan çıxarış iddianın təmin edilməsi üçün əsas ola bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi digər dəlilləri əsassız hesab edir. İddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan, işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Zəngilan Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(034)-99/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Səyyad Qafari

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar