Məhkəmə qərarları › İş №2(105)-1219/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1219/2024

21.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1219/2024 21.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: pul tələbi, maddi zərər) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X12 (sədrlik edən və məruzəçi), X2 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-82/2024 nömrəli qətnaməsindən İddiaçı və cavabdeh "xxxx" şirkəti tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” RX seriyalı, № ******* saylı çıxarışın surətindən görünür ki, İsmayıllı rayonu, Diyallı kəndində yerləşən 2,8279 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydə alınmışdır.

2. "xxxx"MMC-nin sorğuya cavabından görünür ki, tərəflərindən "xxxx" MMC-nin ünvanına ünvanına 07 aprel 2021-ci il tarixdə 9 ton kartofun İsmayıllı rayonundan Şəmkir rayonuna daşınılması ilə bağlı sifariş daxil olmuş və xidmətin icrası ** JL *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü İbrahim Məmmədov tərəfindən müvəffəqiyyətlə icra edilmişdir.

3. xx.xx.2021-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarın surətindən görünür ki, 2 noyabr 2021-ci il tarixdə ünvan 2 ünvanında yaşayan İddiaçı ərizə ilə müraciət edərək bildirmişdir ki, “Buta” adlanan şirkətin Tural və Samir adlı işçiləri özbaşına ona məxsus İsmayıllı rayonunun Diyallı kəndində yerləşən 2,83 ha torpaq sahəsində çəkdiyi çəpərləri sökərək həmin ərazidə 2 il əkin işləri aparmışlar. Həmin şəxslər söz versələr də, ona vurduqları maddi ziyanı bu günə kimi ödəməmişlər və buna görə də həmin şəxslər barəsində qanuni tədbir görülməsi barədə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir.

4. Sumqayıt Şəhər Məhkəməsinin sorğusuna “X7 İnstitutu” publik şəxsin mütəxəssisləri tərəfindən verilmiş rəydən görünür ki, ümumilikdə texnoloji xəritəyə görə 3 ha torpaq sahəsində kartofun səpilməsinə texniki xidmətin göstərilməsi və məhsulun yığılmasına çəkilən xərc orta hesabla 37071 manatdır. Bu sahədən alınan 75 ton məhsulun bir hissəsinin ərzaqlıq, bir hissəsinin toxumluq, bir hissəsinin isə yem kimi istifadə oluna biləcəyini və hər 1 kq-nın orta satış qiymətinin həmin dövr üçün 0,70 man olduğunu nəzərə alsaq, 3 ha-dan ümumi gəlirin 52500 manat, xalis gəlirin isə 15429 manat ola biləcəyi məlum olur.

5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/8448 saylı ekspert rəyindən görünür ki, İsmayıllı rayon Diyallı kənd ərazisində yerləşən mülki iş materiallarında və qərardadda göstərilən qeyd olunan materiallar istifadə etməklə (qara işlərdə nəzərə alınmaqla, yeni materialların daşınması, turbaların rənglənməi, quyuların qazılması, turbaların basdırılması, sement, qum palçığın qarışdırılması, qaynaq işlərinin aparılması, turbaların basdırılması, sement, qum, palçığın qarışdırılması, qaynaq işlərinin aparılması, tikanlı məftillərin turbalara birləşdirilməsi, qapının qoyulması) həmin torpaq sahəsinin çəpərlənməsi üçün yerinə yetirilməli müxtəlif növ tikinti təmir və quraşdırma işlərinin təqribi dəyərinin bazar qiymətlərinə uyğun olaraq 20434 manat məbləğində olduğu müəyyən edilir.

6. İddiaçı təsərrüfatında 2,8 hektar ərazidə kartof yetişdirilməsi Biznes Planından görünür ki, 2,8 hektar ərazidə kartof yetişdirilməsi üçün əldə olunacaq məhsulun ümumi olaraq əmtəəlik kartofun gəliri-54000 manat, xalis gəlir 30938 manat təşkil edir.

Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-dən 140000 (yüz qırx min) manat məbləğində pulun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, İsmayıllı rayonu Diyallı kənd ərazisində yerləşən 2.83 ha torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti İdarəsi tərəfindən verilmiş RX ******* saylı çıxarışına əsasən ** Xİ ***8-ci il tarixdən onun xüsusi mülkiyyətindədir. Diametri 7 sm uzunluğu 2 metr 50-60 sm qazma işlərində istifadə olunan divarları qalın cəmi 276 ədəd turbalar basdıraraq ara məsafələri 12-15 sm olmaqla tikanlı məftillərlə həmin torpaq sahəsi çəpərlənmişdir. Həmin çəpər "xxxx" şirkətinin əməkdaşları Tural (mob tel: ***-***-**-**) və tanımadığı digər şəxslər tərəfindən gizli yolla talanaraq oğurlanlıbdır. Çəpərin turbaları və tikanlı məftilləri Diyallı kənd sakini Çingizin idarə etdiyi traktora yükləyərək, ona məlum olmayan istiqamətə aparıblar. Çingizlə əlaqə saxlamış, o, bildirib ki, turbaların cuzi miqdarını onun qapısına töküblər. Qalan əksər qismini isə Tural və Samir adlanan şəxslər hara apardıqlarını bilməyibdir. Hazırda həmin turbaların , tikanlı məftillərin bazar qiyməti, eləcə də çəpərin çəkilməsi 15 min manatdan artıq edir. 2019-cu ilin yaz mövsümündə həmin torpaq sahəsi, ondan xəbərsiz və gizlincə “Buta” şirkəti tərəfindən şumlanaraq kartof səpilərək payız mövsümündə yığılıbdır. 2020-ci ildə həmin torpaq sahəsinə onun razılığı ilə İsmayıllı rayon sakini Dəmirov Akif tərəfindən taxıl əkilibdir. 2021-ci ilin aprel ayının əvvəllərində bir kq 75 qəpikdən ibarət 9 ton 600 kq kartof toxumu alaraq səpmək üçün həmin torpaq sahəsinə gəlmişdir. Lakin yenə də “Buta” şirkətinin əməkdaşları tərəfindən torpaq sahəsinin şumlanaraq, kartof səpildiyini görmüşdür. Onlara bildirdi ki, bu nə özbaşnalıqdır, kim icazə verib, nə əsasında başqasının yerini özbaşınıza istifadə edirlər. Onlardan aldığı cavabın məzmunu isə bu oldu: Sən bilirsən ki, “Buta” şirkəti kimə məxsusdur, get kimə şikayət edirsən et, bizə heçnə edə bilməzsən.” Məcbur olub aldığı kartof toxumunu İsmayıllı şəhərində avtovağzalın yanında olan keçmiş kəlağayı sexinin anbarına boşaltmışdır. Alıcı axtarmağına baxmayaraq tapa bilməmişdir. Məcbur olub, Tovuz və Gədəbəy rayonlarına aparmış, lakin əkin-səpin mövsümü başa çatdığından sata bilməmişdir. Toxum göyərərək istifadə üçün tam yararsız hala düşmüşdür. Beləliklə də 8.300 manat ziyana düşmüşdür. “Buta” şirkətinin əməkdaşı Tural adlı şəxslə əlaqə saxlamışdır. O, da ona bildirdi ki, şirkətin məsul işçisi X8 bu barədə məlumat vermişdir. Onlar ancaq onun göstərişlərini yerinə yetirirlər. Quliyev Bəşirlə bir neçə dəfə telefon əlaqəsi saxlamışdır. Onların bu qanunsuz hərəkətləri barədə məlumat vermiş və ona vurulan zərərin ödənilməsini tələb etmişdir. O, da Bakıda onunla şirkətdə görüşməyini məsləhət bildirdi. Nəhayət onunla Bakı şəhərində yaşadığı mənzildə görüşmüşdür. Qeyd etdiklərini ona bildirmişdir. O, da özünü ona məxsus torpağın mülkiyyətçisi kimi apararaq bildirdi ki, 1 ha torpağa illik 400 manat icarə haqqı verir, istəyirsən budur istəmirsəndə budur. Get kimə şikayət edirsən et. O, bununla da tabeliyində olan şəxslərin yuxarıda qeyd olunan hərəkətlərinə bəraət verərək ona onların vurduqları zərərdən imtina edibdir. X1 və onun tabeliyində olan işçilər tərəfindən mülkiyyət hüququnun kobud surətdə pozulmasına dair aidiyyatı orqanlarına müraciət etmişdir. Bu müraciətlər əsasında İsmayılı rayon Polis şöbəsi tərəfindən araşdırmalar aparılıb. Tərəfindən təqdim edilən zəruri dəlillər və sübutlara hüquqi qiymət verilməmiş, uzun müddət süründürməçiliyə yol verilərək cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. İstintaq aparan polis əməkdaşı ilə söhbət etmişdir. Bildirib ki, qarşınızdakı “BUTA” şirkətidir. Heç nə edə bilmirlər. Bununla da mülkiyyət hüququnun pozulmasından uzun müddət keçməsinə baxmayaraq pozulmuş hüququnun bərpasına və ona vurulmuş ziyanın ödənilməsinə nail ola bilməmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətindədir. “Buta” şirkətinin əməkdaşlarının qeyri-qanuni əməlləri nəticəsində ona xüsusilə külli miqdarda ziyan vurulmuşdur. Belə ki, bu şirkətin əməkdaşları tərəfindən ona vurulan ziyanın qiymətini 140.000 manat məbləğində hesab edir. Qeyd etdiyi kimi uzunluğu 2 metr 60 sm 76 mm turbanın bir metrinin bazar qiyməti 15-16 manat təşkil edir. Yəni bir ədəd 2 m 76 mm turbanın bazar qiyməti 15 manatdan 4 manat 14 qəpik təşkil edir. Həmin ölçüdə 276 ədəd turbaların bazar qiyməti 12,226 ( on iki min iki yüz 26 manat) manat təşkil edir. Tikanlı məftillərin qiyməti isə 3 manat təşkil edir. Yəni tikanlı məftillərlə birlikdə 15,226 manatdır. Hazırda həmin ərazinin yenidən çəpərlənməsi üçün fəhlə isə 4 min manat məbləğində pul tələb edirlər. Turbaların basdırılması üçün bir ədəd quyunun 50-60 sm dərinliyində qazılması üçün 5 manat pul tələb edirlər. Beləliklə də tək çəpərə görə ona 19 min manatdan artıq ziyan vurublar. Tovuz rayounundan bir kiloqramını 75 qəpikdən aldığı 9 ton 600 kq kartof toxumuna 6 min 750 manat pul vermişdir. 300 manat verərək qeyd etdiyi ünvana gətirərək, boşaltmasına 60 manat pul vermişdir. Yenidən 60 manat pul verərək "xxxx" MMC-nin balansında olan **-JL-*** dövlət qeydiyyat nişanlı avtomobilə yükləyərək daşıma haqqı 250 manat verməklə Tovuz rayonuna gətirmişdir. Boşaltmağa 60 manat verərək, toxumu aldığı Sakit adlı şəxsin həyətinə boşaltmışdır ki, bəlkə sata bilər. Lakin kartof səpin mövsümü başa çatdığından sata bilməmişdir. Göyərərək istifadəyə yararsız vəziyyətə düşübdür. Bu xərcləridə nəzərə alsaq kartof toxumuna 8.230 manat məbləğində pul xərcləmişdir. Xüsusi mülkiyyətində olan torpaq sahəsinin də yerləşdiyi ərazidən 1 hektar 30-35 ton miqdarında məhsul verir. 1 hektar yerə toxumun səpilməsi aqrotexnik qaydalara riayət etməklə (sulanması, kultivizasiyası, dərmanlanması və s.) 6 min manat civarında pul tutur. Bu da 3 hektara şamil edildikdə 18 min manat məbləğində pul təşkil edir. Yerli məhsul kartofun bir kq-nın qiyməti bir manat, 1 manat 50 qəpiyə qədərdir. 3 hektar isə 80-85 ton civarında kartof məhsulu verir. Bu 80-85 ton kartof təxminən 15 tonuna qədər kiçik ölçülü toxum üçün kartof təşkil edir. Yerdə qalan 60-65 ton kartof iri ölçüdə olduğundan və bazarda böyük tələbat olduğundan 1 kq-ın qiyməti 1,20dən 1,50-dək təşkil edir. Kiçik ölçüdə olan kartofun qiyməti isə 70 qəpik təşkil edir. Əgər 60-65 ton kartofun 1 kq-ı bazar qiyməti 1 manatdan 10-15 ton kiçik ölçüdə kartofun isə bazar qiyməti 1 kq-ı 70 qəpik təşkil edərsə bir ildə 3 hektardan 70 min manatadək məhsul götürülür. Bu məbləğdən, səpin və əksinə çəkilən 18-20 manatı çıxdıqda yerdə 50-55 min manat xalis gəlir qalır. Deməli ildə 3 hektardan götürülən xalis gəlir 50-55 manat təşkil edərsə 2 ildə isə 100-110 manat xalis gəlir əldə etmiş olurlar. Göstərdiyi ziyanı da bunun üstünə gəlsə, “Buta” şirkətinin əməkdaşları tərəfindən ona 140.000 manat məbləğində ziyan vurulubdur. Beləliklə də “Buta” şirkətinin əməkdaşlarının xüsusi mülkiyyətində olan 2.83 ha torpaq sahəsindən öz bildikləri kimi istifadə etmələri sərəncam vermələri gizli yolla, çəpərin söküb talanmaları öz başına əkib becərmələri götürdükləri məhsulu mənimsəmələri xüsusi mülkiyyətində olmasına baxmayaraq 10 tona yaxın kartof toxumunun səpilməsinə imkan verməmələri Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına Dövlətlərinin təməl prinsiplərinə ziddir və haylarıdır. Belə ki, Azərbaycan Respubliası Konstitusiyasının 7-ci maddəsinin 1-ci hissəsində göstərilmişdir ki, Azərbaycan dövləti demokratik hüquqi, dünyəvi unitar Respublikadır. “Buta” şirkətinin bu qanunsuz əməlləri nəticəsində Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsində Azərbaycan Respublikası MM-nin 152.1-ci maddəsində nəzərdə tutulan, subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququndan məhrum olunmuşdur. Qeyd edilən şirkətin əməkdaşlarının bu əməlləri ilə ona vurulan zərər qanundan əmələ gələn öhdəliklərə aid olmadığından Azərbaycan Respublikası MM-nin 1091-ci maddəsindən nəzərdə tutulan əsassız varlanma anlayışına aid deyildir. Şirkətin əməkdaşları tərəfindən ona vurulan zərər Azərbaycan Respublikası MM-nin 9-cu bölməsində nəzərdə tutulan mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklərə aiddir. Həmin Məcəllənin 1096-cı maddəsində göstərilmişdir ki, mülki hüquq pozuntusu (delikt) hüquqda və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gələrib çıxaran təqsirli, hüquqa zidd ( mülki qanunvericiliyin normalarını pozan) əməldir. Hərəkət və ya hərəkətsizlikdir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin məcəllənin 1099.1-ci maddəsində göstərilmişdir ki, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin məcəllənin 21.1- ci maddəsində göstərilmişdir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda müqavilədə zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Əlavə olaraq bildirir ki, az da olsa onun da Ordu quruculuğunda əməyi vardır. 1-ci Qarabağ Müharibəsində doğma əmisi oğlu X14 şəhid olubdur. Doğma bacısı oğlu X10 2-ci qrup əlil olubdur. Doğma oğlu Allahyarov Kənan 2-ci Qarabağ müharibəsində Füzuli, Cəbrayıl, Hadrut, Xocavənd rayonlarının və eləcə də Şuşa şəhərinin düşmən tapdağından azad olunmasında tam iştirak etməklə 2 ildən artıq hərbi xidmətdə olubdur. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə medallarla təltif olunubdur. Bununla göstərmək istəyir ki, Dövlətin ərazi bütövlüyü və suverenliyinin qorunub saxlanılmasında onlarında canı, qanı və tərləri vardır. Aidiyyatı orqanlara müraciətinə baxmayaraq yuxarıda qeyd olunan fakt və hallara biganə yanaşılıb, elə bilki həmin torpaq sahəsinin mülkiyyətçisi o, yox AQRO “BUTA” şirkətinin əməkdaşlarıdır. 2016-cı ilin yay ayından “himfoma” diaqnozulu bəd xərçəng xəstəliyindən əziyyət çəkir. Artıq xüsusi mülkiyyətində olan torpaq sahəsin marağı itdiyindən satışa çıxarmışdır. Həmin sahədən özü bildiyi kimi istifadə etməyi qeyri mümkündür. Kənar şəxslər imkan vermir.

9. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-82/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh "xxxx" şirkətindən 20434 (iyirmi min dörd yüz otuz dörd) manat məbləğində maddi zərərin tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 100 (bir yüz) manat məbləğində pul vəsaiti cavabdeh "xxxx" şirkətindən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir (hakim Gülnarə Tağızadə).

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1097.1, 1115, 1108.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 106, 124.1, 217 və 220.5-ci maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

11. İddiaçı apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024cü il tarixli 2(060)-82/2024 saylı qətnaməsini tamamilə ləğv edib, birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar əsasında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, şirkətin əməkdaşlarının bu əməlləri ilə ona vurulan zərər qanundan əmələ gələn öhdəliklərə aid olmadığından Azərbaycan Respublikası MM-nin 1091-ci maddəsindən nəzərdə tutulan əsassız varlanma anlayışına aid deyildir. Şirkətin əməkdaşları tərəfindən vurulan zərər Azərbaycan Respublikası MM-nin 9-cu bölməsində nəzərdə tutulan mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklərə aiddir. Həmin Məcəllənin 1096-cı maddəsində göstərilmişdir ki, mülki hüquq pozuntusu (delikt) hüquqda və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gələrib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. Hərəkət və ya hərəkətsizlikdir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin məcəllənin 1099.1-ci maddəsində göstərilmişdir ki, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin məcəllənin 21.1-ci maddəsində göstərilmişdir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda müqavilədə zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Əlavə olaraq bildirir ki, az da olsa onun da Ordu quruculuğunda əməyim vardır. 1-ci Qarabağ Müharibəsində doğma əmisi oğlu X14 şəhid olubdur. Doğma bacısı oğlu X10 2-ci qrup əlil olubdur. Doğma oğlu Allahyarov Kənan 2-ci Qarabağ müharibəsində Füzuli, Cəbrayıl, Hadrut, Xocavənd rayonlarının və eləcə də Şuşa şəhərinin düşmən tapdağından azad olunmasında tam iştirak etməklə 2 ildən artıq hərbi xidmətdə olubdur. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə medallarla təltif olunubdur. Bununla göstərmək istəyir ki, Dövlətin ərazi bütövlüyü və suverenliyinin qorunub saxlanılmasında onların da canı, qanı və tərləri vardır. Aidiyyəti orqanlara müraciətinə baxmayaraq yuxarıda qeyd olunan fakt və hallara biganə yanaşılıb, elə bil ki, həmin torpaq sahəsinin mülkiyyətçisi o yox AQRO “BUTA” şirkətinin əməkdaşlarıdır. 2016cı ilin yay ayından “himfoma” diaqnozulu bəd xərçəng xəstəliyindən əziyyət çəkir. Artıq xüsusi mülkiyyətində olan torpaq sahəsin marağı itdiyindən satışa çıxarmışdır. Həmin sahədən öz bildiyi kimi istifadə etməyi qeyri-mümkündür.

13. Qeyd edilən şirkətin əməkdaşlarının bu əməlləri ilə ona vurulan zərər qanundan əmələ gələn öhdəliklərə aid olmadığından Azərbaycan Respublikası MM-nin 1091-ci maddəsindən nəzərdə tutulan əsassız varlanma anlayışına aid deyildir. Şirkətin əməkdaşları tərəfindən ona vurulan zərər Azərbaycan Respublikası MM-nin 9-cu bölməsində nəzərdə tutulan mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklərə aiddir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin sorğusuna “X7 İnstitutu” publik şəxsin mütəxəssisləri tərəfindən verilmiş rəydən görünür ki, ümumilikdə texnoloji xəritəyə görə 3 ha torpaq sahəsində kartofun səpilməsinə texniki xidmətin göstərilməsi və məhsulun yığılmasına çəkilən xərc orta hesabla 37071 manatdır. Bu sahədən alınan 75 ton məhsulun bir hissəsinin ərzaqlıq, bir hissəsinin toxumluq, bir hissəsinin isə yem kimi istifadə oluna biləcəyini və hər 1 kq-nın orta satış qiymətinin həmin dövr üçün 0,70 man olduğunu nəzərə alsaq, 3 ha-dan ümumi gəlirin 52500 manat, xalis gəlirin isə 15429 manat ola biləcəyi məlum olur. Həmin məbləğ əldən çıxmış faydadır.İşin həmin halları iddiaçının izahatı, işə əlavə edilmiş xx.xx.2021-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarı ilə təsdiq olunur.

14. Məhkəmə yuxarıda göstərilən maddi normalarının pozulması ilə yanaşı prosessual hüquq normalarının tələblərinə də riayət etməmişdir. Məhkəmə tərəfindən AR MPM-nin 9,14,82.4,88 və 220-ci maddənin tələbləri aşkar şəkildə pozulmuşdur. AR Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Belə ki, xx.xx.2021-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarı ilə cavabdeh tərəfindən 2019-2021-ci illərdə həmin torpaq sahəsində kartof əkilməsi, becərilməsi və tədarükü təsdiq olunur.

15. Göstərilən maddi normalarının pozulması ilə yanaşı prosessual hüquq normalarının tələblərinə də riayət etməmişdir. Məhkəmə tərəfindən AR MPM-nin 9,14,82.4,88 və 220-ci maddənin tələbləri aşkar şəkildə pozulmuşdur. AR Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Belə ki, xx.xx.2021-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarı ilə cavabdeh tərəfindən 2019-2021-ci illərdə həmin torpaq sahəsində kartof əkilməsi, becərilməsi və tədarükü təsdiq olunur.

16. Cavabdeh "xxxx" şirkətinin nümayəndəsi və vəkili Vəkil da apellyasiya şikayəti verib Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-82/2024 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsində qeyd edilən məsələlərin Cavabdeh MMC ilə heç bir aidiyyəti yoxdur. Cavabdeh MMC-nin həm hüquqi, həm faktiki ünvanı Sumqayıt şəhərində olmuşdur, nə Bakıda, nə də İsmayıllada Cavabdeh MMC-nin heç bir filial, nümayəndəliyi və ya hər hansı başqa bir struktur bölməsi fəaliyyət göstərməmişdir. İddia ərizəsində qeyd edilən şəxslər – X11 və X9 Cavabdeh MMC-nin heç vaxt əməkdaşı olmayıblar. Həmçinin iddia ərizəsində qeyd edilən şəxs – X13 da Cavabdeh MMC-nin direktoru deyildir. Belə ki, Cavabdeh MMC-nin direktoru X5r. Bununla bağlı Dövlət Vergi Xidmətinin saytından çıxarış birinci instansiya məhkəməsinə təqdim edilsə də, bu hal da digərləri kimi nəzərə alınmamışdır. Qeyd etmək istəyirlər ki, İddiaçı iddia ərizəsində qeyd etdiyi məqamları heç bir sübutla təsdiq edilməsinə nail olmamış, eyni zamanda qeyd etdiyi məqamların Cavabdeh MMC ilə bağlılığını heç bir əsasla sübut edə bilməmişdir. Qeyd olunanlardan da göründüyü kimi, mübahisə predmetinin Cavabdeh MMC-yə heç bir aidiyyətinin olmaması birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmadığından Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-82/2024 saylı qətnaməsi ləğv edilərək iddia tələbinin təmin edilməməsi ilə bağlı yeni qətnamə qəbul edilməlidir.

18. İddiaçı iddia tələbi üzrə ona vurulmuş zərərin Cavabdeh MMC-yə heç bir aidiyyəti yoxdur. Belə ki, İddiaçı məhkəməyə təqdim etdiyi sübutlarla ona vurulmuş “zərərin” Cavabdeh MMC-nin işçiləri və rəhbərliyi tərəfindən həyata keçirildiyi aşkar edilməmişdir. Lakin bu hal birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamış, zərər vurulmaqla bağlı cavabdehin təqsiri sübut edilməsə də əsassız olaraq iddia tələbi təmin edilərək cavabdehdən direktoru və ya hər hansı işçisi tərəfindən vurulmuş zərər olmasa da, zərər vurulması adı ilə cavabdehdən pulun tutulması barədə qətnamə qəbul edilmişdir. Mülki Məcəllədə işəgötürənin öz işçisinin vurmuş olduğu zərərə görə məsuliyyət daşıması ilə bağlı norma mövcuddur. İşin hallarında sözügedən şəxslərin Cavabdeh MMC ilə heç bir bağlılılığı (əmək və ya xidmət müqaviləsi və s. əsasında) olmasa da əsassız məhkəmə qətnaməsi ilə Cavabdeh MMC-dən qanunsuz olaraq pulun tutulması ilə bağlı qətnamə qəbul edilmişdir. İddiaçının iddia ərizəsində qeyd etdiyi məqamlar təqdim etmiş olduğu sübutlarla öz təsdiqini tapmasa da bu hal birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Belə ki, cavabdeh tərəfindən iddiaçıya hər hansı zərər vurulması halı heç bir sübutla öz təsdiqini tapmamışdır. İddiaçının iddia ərizəsində qeyd etdiyi şəxslərin - X11 və X4 Cavabdeh MMC-nin heç vaxt əməkdaşları olmaması, Cavabdeh MMC ilə heç bir bağlılıqlarının olması birinci instansiya məhkəməsi tərəfindən tərəfindən aydınlaşdırılmamış və bu hal da tamamilə əsassız və qanunsuz məhkəmə qətnaməsinin qəbul edilməsi ilə nəticələnmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməsi üçün əsas kimi nəzərə alınmış X11 və X9 tərəfindən zərər vurulmasının Cavabdeh MMC ilə bağlılığı araşdırılmamış və müəyyən edilməmiş fakta və əsaslandırılmamış sübuta əsasən iddia tələbi əsassız olaraq təmin edilmişdir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

19. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

20. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını, cavabdeh tərəfin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi, iddia tələbinin faktiki olaraq "xxxx" MMC-yə qarşı yox "xxxx" MMC-yə qarşı verməli olduğunu bildirmiş, məhkəmədən cavabdehin əsl cavabdeh "xxxx" MMC ilə əvəz olunmasını xahiş etmişdir.

21. Məhkəmə iclasında cavabdeh "xxxx" şirkətinin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçı tərəfin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:

22. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

23. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

24. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.

25. Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.

26. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

30. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

31. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

32. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

33. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

34. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

35. Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir.

Apellyasiya baxışının hədləri

36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

37. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

38. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-82/2024 nömrəli qətnaməsindən hər iki tərəf apellyasiya şikayəti vermişdir. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

39. Apellyasiya instansiyası məhkəməsi tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-82/2024 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə iddianının təmin edilməməsi yeni qətnamə çıxarılmalıdır.

40. İşin hallarından görünür ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışa əsasən, İsmayıllı rayonu, Diyallı kəndində yerləşən 2,8279 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydə alınmışdır.

41. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" şirkətindən 140000 manat məbləğində pulun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

42. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-82/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh "xxxx" şirkətindən 20434 (iyirmi min dörd yüz otuz dörd) manat məbləğində maddi zərərin tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 100 (bir yüz) manat məbləğində pul vəsaiti cavabdeh "xxxx" şirkətindən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Hər iki tərəf həmin qətnamədən apellyasiya şikayətləri vermişdirlər.

43. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, iddia ərizəsində qeyd edilən məsələlərin Cavabdeh MMC ilə heç bir aidiyyəti yoxdur. Cavabdeh MMC-nin həm hüquqi, həm faktiki ünvanı Sumqayıt şəhərində olmuşdur, nə Bakıda, nə də İsmayıllada Cavabdeh MMC-nin heç bir filial, nümayəndəliyi və ya hər hansı başqa bir struktur bölməsi fəaliyyət göstərməmişdir. İddia ərizəsində qeyd edilən şəxslər – X11 və X9 Cavabdeh MMC-nin heç vaxt əməkdaşı olmayıblar. Həmçinin iddia ərizəsində qeyd edilən şəxs – X13 da Cavabdeh MMC-nin direktoru deyildir.

44. Apellyasiya instansiya məhkəməsinin iclasında İddiaçı iddia tələbinin faktiki olaraq "xxxx" MMC-yə qarşı yox "xxxx" MMC-yə qarşı verməli olduğunu bildirmiş, məhkəmədən cavabdehin əsl cavabdeh "xxxx" MMC ilə əvəz olunmasını xahiş etmişdir.

45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Əsl olmayan tərəf əvəz edildikdən sonra işə əvvəldən baxılmağa başlanır.

46. Göründüyü kimi, iddiaçının tələbi cavab verməli şəxsə qarşı qaldırılmamışdır, birinci instansiya məhkəməsi isə mülki işə mahiyyəti üzrə baxıb qətnamə çıxarmışdır.

47. Kollegiya bununla bağlı qeyd edir ki, hazırkı mərhələdə cavabdehin əsl cavabdehlə əvəz olunması mümkün olmadığından, iddia düzgün olmayan cavabdehə qarşı qaldırıldığından, cavabdehin apellyasiya şikayəti təmin edilməli, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iş üzrə yeni qətnamə çıxarılaraq, iddia rədd olunmalıdır.

48. Eyni zamanda iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir.

49. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392- 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-82/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatı üçün tələb edilən 100 (bir yüz) manat pul İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X3, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ **********0000003944 SWİFT BİK CTREAZ 22, hesab nömrəsi «AZ34CTRE ********************) keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar