Məhkəmə qərarları › İş №2(105)-122/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-122/2022

10.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-122/2022 10.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, Cavabdeh iştirakı ilə açıq məhkəmə iclasında Abşeron Rayon Məhkəməsinin 18.11.2020-ci il tarixli, 2(012)-3878/2020 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin 18.11.2020-ci il tarixli, 2(012)-3878/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Cəmilə Səfiyeva) İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsinin ləğv edilməsi və borcun tutulması tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, Cavabdeh 002A********** saylı kredit müqaviləsi üzrə 6490,8 manat məbləğində kredit borcu, 581,27 manat məbləğində faiz borcu, 20 manat məbləğində cərimə borcu olmaqla, cəmi 7092,07 manat pulun və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı Qapalı Səhmdar cəmiyyətinin xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmiş, cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: İş materiallarından görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh cəmiyyətin xeyrinə 6490,8 manat kredit borcu, 581,27 manat faiz borcu və 927,44 manat cərimə olmaqla, cəmi 7999,51 manat məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, Cavabdeh cəmiyyətlə 04.07.2019-cu il tarixdə bağladığı 002A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 2,0833% olmaqla 24 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 9000 manat məbləğində kredit götürmüşdür. Cavabdeh kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə 07.04.2020-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh götürdüyü kredit borcundan 2509,2 manat ödəniş etmiş və cavabdehin cəmiyyətə 6490,8 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1-ci bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən cavabdeh kredit borcunu və faiz borcunu kreditora qaytarmadığı üçün 28.08.2020-ci il tarixə 143 gün üçün hesablanmış faiz borcu 581,27 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5% məbləğində cərimə ödəməlidir. 28.08.2020-ci il tarixə 143 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 927,44 manat təşkil edir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cəmiyyətlə Cavabdeh arasında bağlanmış 04.07.2019-cu il tarixli, 002A********** saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh cəmiyyətin xeyrinə 002A********** saylı kredit müqaviləsi üzrə 6490,8 manat məbləğində kredit borcu, 581,27 manat məbləğində faiz borcu, 927,44 manat məbləğində cərimə borcu olmaqla, cəmi 7999,51 manat bоrcun və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iclası zamanı araşdırılmış sübut növlərinə hüquqi qiymət verilməmiş və birinci instansiya məhkəməsi bir sıra nöqsanlara göz yumub ədalətsiz bir qətnamə qəbul etmişdir. Belə ki, məhkəmə çəkişməsi başlanılmamışdan öncə, banka bir neçə dəfə rəsmi ödəniş etsə də, həmin ödənişlər əsas borca deyil, əsas borcun bank tərəfindən şişirdilmiş faizlərinə hesablanmışdır. Həmin xüsusat birinci instansiyası məhkəməsi tərəfindən də tam araşdırılmamış və hüquqi qiymət verilməmişdir. İddiaçının belə bir iddia ilə müraciət etməsinin səbəbini bilmir. Bankın bir ildən çox müddət ərzində işləri ilə tam maraqlanmadığı vətəndaş hüquqlarına səthi yanaşmasına dəlalət edir. Cavabdeh apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinə əsas borca aid hissədə dəyişiklik edilməli, qalan hissələrdə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarından görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Babək filialı ilə bağlanmış 04 iyul 2019-cu il tarixli, 002A********** saylı kredit müqaviləsinə əsasən Cavabdeh aylıq 2,0833% faiz dərəcəsi olmaqla, 24 ay müddətinə 9000 manat kredit verilmişdir. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin 09.09.2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh 04.07.2019-cu il tarixli, 002A********** saylı kredit razılaşması üzrə 28 avqust 2020-ci il tarixə əsas borcu 6490,8 manat, faiz borcu 581,27 manat, cərimə borcu 927,44 manat, cəmi borcu 7999,51 manat təşkil edir. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar cəmiyyəti tərəfindən Cavabdeh göndərilmiş 26 avqust 2020-ci il tarixli məktubun surətindən görünür ki, kredit müqaviləsi üzrə borcun ödənilməsi barədə xəbərdar edilmişdir. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 10 yanvar 2022-ci il tarixli, 9/8886 saylı rəyindən görünür ki, Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 04.07.2019-cu il tarixli, 002A********** nömrəli kredit müqaviləsinin şərtləri əsas götürülməklə Cavabdeh 28.08.2020-ci il tarixədək (sualda göstərilən tarix) banka olan borcu 7103,11 manat, o cümlədən, əsas borc üzrə 6337,36 manat, faiz borcu üzrə 765,75 manat təşkil edir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. İş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Babək filialı ilə Cavabdeh arasında bağlanmış 04 iyul 2019-cu il tarixli, 002A********** saylı kredit müqaviləsinə əsasən Cavabdeh aylıq 2,0833% faiz dərəcəsi olmaqla, 24 ay müddətinə 9000 manat kredit verilmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib, hesab edir ki, cavabdehin kredit razılaşması üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsi, hazırki öhdəlik hüquq münasibətlərinin məhz cavabdehin təqsiri üzündən pozulması işdə iştirak edən şəxsin izahatı və mülki işin materialları ilə də inkar edilmədiyindən və cavabdeh pul vəsaitini qanunsuz saxlamaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə ondan faydalandığından, birinci instansiya məhkəməsi qətnaməsi əsas borca aid hissədə istisna olmaqla, qalan hissələrdə qanuni və əsaslıdır. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 10 yanvar 2022-ci il tarixli, 9/8886 saylı rəyi ilə müəyyən edilir ki, Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 04.07.2019-cu il tarixli, 002A********** nömrəli kredit müqaviləsinin şərtləri əsas götürülməklə Cavabdeh 28.08.2020-ci il tarixədək (sualda göstərilən tarix) banka olan borcu 7103,11 manat, o cümlədən, əsas borc üzrə 6337,36 manat, faiz borcu üzrə 765,75 manat təşkil edir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinə əsas borc məbləğinə aid hissədə dəyişiklik edilməli, Cavabdeh iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 6337,36 manat məbləğində əsas borc tutulmalıdır. Cavabdeh apellyasiya şikayətində banka bir neçə dəfə rəsmi ödəniş etsə də, həmin ödənişlərin əsas borca deyil, faizlərə hesablandığını göstərmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MM-nin 432.4-cü maddəsinə əsasən əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. İşdən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Babək filialı tərəfindən kredit müqaviləsinə əsasən Cavabdeh 9000 manat kredit aylıq 2,0833% faiz hesablanmaqla verilmişdir. Göründüyü kimi, Cavabdeh kredit müqaviləsinə əsasən faiz ödəməyi öhdəsinə götürmüşdür. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi digər dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinə əsas borca aid hissədə dəyişiklik edilməli, qalan hissələrdə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 100 manat Cavabdeh tutularaq X2, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab nömrəsi AZ43CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3 olan hesabına köçürülməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 18.11.2020-ci il tarixli, 2(012)-3878/2020 saylı qətnaməsinə əsas borc məbləğinə aid hissədə dəyişiklik edilsin. Cavabdeh iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 6337,36 (altı min üç yüz otuz yeddi manat 36 qəpik) manat məbləğində əsas borc tutulsun. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 100 (bir yüz) manat Cavabdeh tutularaq X2, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab nömrəsi AZ43CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3 olan hesabına köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar