Məhkəmə qərarları › İş №2(105)-1221/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1221/2021

11.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1221/2021 11.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3 iştirakı ilə açıq məhkəmə iclasında, Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(067)-1330/2020 saylı qətnaməsindən İddiaçı və Cavabdeh apellyasiya şikayətlərinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(067)-1330/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Anar Sadıqov) İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(067)-1393 nömrəli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı artırılaraq xx.xx.2002-ci il təvəllüdlü X7 və xx.xx.2011ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 90 manat olmaqla, cəmi 180 manat məbləğində sabit pul şəklində alimentin alınaraq İddiaçı verilməsi qət edilmiş, iddiaçı və cavabdeh qətnamədən apellyasiya şikayətləri vermişlər. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, xx.xx.2020-ci il tarixdə İddiaçı iddia ilə məhkəməyə müraciət edərək birgə nikahlarından olan xx xxxxxxx 2002-ci il təvəllüdlü X7 və xx xxxx 2011-ci il təvəllüdlü X2 üçün müəyyən olunmuş alimentin miqdarının artırılaraq hər ay hər uşağa 170 manat, ümumilikdə 340 manat məbləğində alimentin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, keçmiş əri Cavabdeh ilə nikahlarına 2012-ci ildə xitam verilmişdir. Birgə nikahlarından olan xx xxxxxxx 2002-ci il təvəllüdlü X7 və xx xxxx 2011-ci il təvəllüdlü X2 üçün Xaçmaz Rayon Məhkəməsi hər iki uşağa cəmi 140 manat aliment təyin etmişdir. Halbuki bu həm qanunsuz, həm də əsassızdır. Belə ki, cavabdeh Rusiya Federasiyasında işləyir, kifayət qədər pulu, əmlakı və yeni aldığı avtomobili vardır, lakin uşaqlarının saxlanması üçün ödəniş etmək istəmir. Hər il uşaqlar üçün yaşayış minimumu müəyyən edilir. Bu il uşaqlar üçün yaşayış minimumu 170 manatdir. Cavabdeh soyadını dəyişərək Xudiyev əvəzinə, Həsənli etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanuni və əsaslı deyildir. Belə ki, ölkədə pandemiya olduğu bir zamanda 2 azyaşlı uşaqlarını dolandırır. O, heç bir yerdə işləmir və qəlir yeri yoxdur. Cavabdehin isə hər çür imkanları mövcuddur. O, məhkəmədə cavabdehin imkanlı olduğunu, Rusiya Federasiyasında işlədiyini, kifayət qədər pulu, əmlakları və avtomobili olduğunu bildirsə də, məhkəmə bunları nəzərə almayaraq uşaqların saxlanılması üçün alimentin miqdarını cəmi 40 manat artırmışdır, bu artım isə çox cüzi məbləğdir. İddiaçı apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı ilə 2001-ci ildə ailə həyatı qurmuşdur, tanışlıqları iddiaçının xalası oğlu Bəxtiyar vasitəsilə olmuşdur. Birgə yaşadıqları müddətdə xx.xx.2002-ci il tarixdə X10 və xx.xx.2011-ci il tarixdə X9 anadan olmuşlar. O, 1996-1999-cu illərdə Naxçıvanın Şahbuz rayonunda sərhəd bölgəsində hərbi xidmətdə olmuş, 1999-cu ildə qar uçurumuna düşmüş, şaxtanın təsirindən onun qara ciyəri yararsız hala düşmüşdür. Hazırda İİ qrup əlildir, ayda 130 manat pensiya alır, heç bir yerdə işləmir. Xəstəliyi çox ağır olduğu üçün 2012-ci ildə İddiaçı məhkəməyə ərizə verib ondan ayrılmış, məhkəmə uşaqlar üçün 140 manat aliment müəyyən etmişdir. Onun atası ağır İ qrup onkoloji xəstədir. İddiaçı onun maşının olmasını qeyd etmişdir, lakin bu həqiqətə uyğun deyildir, ondan aliment pulunu daha da artıq almaq üçündür. Məhkəmə iddiaçının həqiqətə uyğun olmayan sözlərinə istinad edərək ondan ayda hər uşaq üçün 90 manat aliment verilməsi barədə qətnamə çıxarmışdır. Halbuki uşaqlara verməli olduğu 140 manatı aldığı 130 manat pensiyanın üstünə atasının pensiyasından 10 manat qoyub hər ay vermişdir. Cavabdeh apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilib iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlmədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayətləri qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 xx.xx.2002ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Nərgiz Xudiyeva xx.xx.2011-ci il tarixdə anadan olmuşdur, atası Sənan Xudiyev, anası Gülnarə Xudiyevadır. İş materiallarında olan Xaçmaz rayon Məşğulluq Mərkəzinin xx.xx.2020-ci il tarixli, **********8 saylı arayışından görünür ki, Cavabdeh Xaçmaz rayon Məşğulluq Mərkəzində iş axtaran kimi qeydiyyata alınmamışdır, hal-hazıradək işsizlikdən sığorta haqqı almamış və onun adına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müqaviləsi bildirişi üzrə elektron informasiya sistemində əmək müqaviləsi aşkar edilməmişdir. İş materiallarında olan Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatın verilməsinə dair xx.xx.2018-ci il tarixli arayışından görünür ki, Cavabdeh 2-ci dərəcəli əlildir. İş materiallarından görünür ki, Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxx 2012-ci il tarixli, 2(067)-1464/2012 saylı qətnaməsi ilə cavabdeh X5 xx.xx.2002-ci il təvəllüdlü X7 və xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşaq üçün 50 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X6 verilməsi qət edilmişdir. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli, 2(067)-1393 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdeh X8 qarşı alimentin məbləğinin artırılması tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, cavabdeh X5 xx xxxxxxx 2002-ci il tarixdə doğulmuş X7 və xx xxxx 2011-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün xx xxxx 2014-cü il tarixdən hesablanmaqla hər ay hər uşaq üçün 70 manat, cəmi 140 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X6 verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. “Uşaq hüquqları haqqında” qanunun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” qanunun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına dair 7 saylı protokolun 5-ci maddəsinə əsasən ər-arvad nikaha daxil olmaq və boşanmaq ilə bağlı məsələlərdə öz aralarında və uşaqları ilə münasibətlərdə bərabər hüquqa malikdirlər və bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsinə görə cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Məhkəmə kollegiyası qanunvericiliyin qeyd edilən normalarından çıxış edərək və iş materiallarının araşdırılmasına əsasən belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz. Belə ki, iş materiallarından görünür ki, Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxx 2012-ci il tarixli, 2(067)-1464/2012 saylı qətnaməsi ilə cavabdeh X5 xx.xx.2002-ci il təvəllüdlü X7 və xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün hər ay hər uşaq üçün 50 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X6 verilməsi qət edilmişdir. Bundan sonra, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(067)-1393 saylı qətnaməsi ilə alimentin miqdarı artırılaraq cavabdeh X5 xx.xx.2002-ci il təvəllüdlü X7 və xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün xx xxxx 2014-cü il tarixdən hesablanmaqla hər ay hər uşaq üçün 70 manat olmaqla, cəmi 140 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X6 verilməsi qət edilmişdir. “Azərbaycan Respublikasında 2014-cü il üçün yaşayış minimumu haqqında” qanuna əsasən 2014-cü ildə yaşayış minimumu uşaqlar üçün 103 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” qanuna əsasən 2020-ci ildə yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi, Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli, 2(067)- 1393 saylı qətnaməsi ilə alimentin miqdarı hər ay hər uşaq üçün 70 manat müəyyən edildikdən sonra keçən 6 ilə yaxın müddət ərzində uşaqların yaşayış minimumu üçün müəyyən edilmiş məbləğ əhəmiyyətli dərəcədə artmış, bu isə iddiaçının uşaqların saxlanmasına, tələbatının ödənilməsinə daha çox vəsait sərf etməsinə, başqa sözlə, onun maddi vəziyyətinin dəyişilməsinə səbəb olmuşdur. Məhkəmə kollegiyası nəzərə alır ki, xx.xx.2011-ci il təvəllüdlü X9 iddiaçının himayəsindədir, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi iddiaçının üzərinə düşür. Digər tərəfdən, Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli, 2(067)- 1393 saylı qətnaməsi ilə alimentin miqdarının müəyyən edildiyi 2014-cü ildən sonra istehlak mallarının qiymətində bahalaşma olduğundan, bir uşağa görə 90 manat məbləğində aliment istehlak bazarında mövcud olan real qiymətlərlə uzlaşmır və uşağın minimal tələbatının ödənilməsi üçün kifayət deyildir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, qanunun mənasına görə isə heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də hüquqi vəzifəsidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx xxxx 2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.13-cü bəndində göstərilir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçının heç bir yerdə işləməməsini, tərəflərin maddi vəziyyətini, uşaqlar üçün yaşayış minimumu məbləğinin artmasını, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasına dair qanunun tələblərini nəzərə almamışdır. Bu baxımdan məhkəmə kollegiyası sadalanan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli aliment hüquq münasibətinə tətbiq edib, tərəflərin maddi və ailə vəziyyətini, cavabdehin 2-ci qrup əlil olmasını, diqqətəlayiq olan digər halları nəzərə almaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını əsas tutub, hesab edir ki, xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən 90 manat sabit pul məbləğində alimentin tutulması ilk növbədə uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması məqsədi daşımır və uşağın mənafeyinə uyğun deyildir. Belə ki, birinci instansiya məhkəməsi işə baxarkən, yuxarıda qeyd edilən halları nəzərə almamışdır. Ona görə də məhkəmə kollegiyası cavabdehdən hər ay xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulacaq alimentin məbləğinin artırılaraq 120 manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. İddiaçının və cavabdehin apellyasiya şikayətlərində göstərd digər dəlillər yuxarıda qeyd edilənlərə əsasən əsassızdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx xxxx 2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 26-cı bəndinə görə məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, miqdarı artırılmış alimentin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. İşdən görünür ki, iddiaçının saxlanılması üçün aliment tələb etdiyi X10 xx.xx.2002-ci il tarixdə anadan olmuşdur, artıq yetkinlik yaşına çatmışdır. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı artırılarkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablandığından, hazırki iş üzrə qətnamə qanuni qüvvəyə minmədiyindən və X10 artıq yetkinlik yaşına çatdığından məhkəmə kollegiyası hesab edir ki, iş üzrə məhkəmə qətnaməsi X1 üçün alimentin tutulmasına aid hissədə ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verib, apellyasiya şikayətində sadalanan dəlilləri də araşdırıb, hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Apellyasiya şikayətləri qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(067)-1330/2020 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli, 2(067)-1393 saylı qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı artırılaraq Cavabdeh hər ay 120 (bir yüz iyirmi) manat məbləğində aliment tutulub xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı verilsin. Alimentin bu məbləğdə tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Səyyad Qafari

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar