Məhkəmə qərarları › İş №2(105)-1222/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1222/2025

04.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1222/2025 04.11.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlu sədrliyi və məruzəsi, hakimlər Məmmədov Fuad Əli oğlu və X2 ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-1564/2025 nömrəli, 05 iyun 2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 05 iyun 2025-ci il tarixli qətnaməsi ilə (hakim V.Şirəliyeva) iddia tələbinin təmin edilməsi, Cavabdeh 3886,98 manat əsas borc, 58,25 manat faiz borcu olmaqla, ümumilikdə 3945 (üç min doqquz yüz qırx beş) manat, 23 (iyirmi üç) qəpik pul vəsaiti və ödənilmiş 59 (əlli doqquz) manat, 46 (qırx altı) qəpik pul vəsaiti tutularaq "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia qaldıraraq X4 vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə nağd krediti üzrə 3886,98 manat əsas borc və 58,25 manat faiz borcu olmaqla, cəmi 3945,23 manat borcunun, ödənilmiş 59,46 manat dövlət rüsumu və 0,4 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Sumqayıt filialı ilə X7 arasında bağlanmış BPM**********17 nömrəli, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən X5 illik 22 faizlə 48 ay müddətinə 4200 manat məbləğində nağd kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. 324866 saylı ölüm haqqında şəhadətnaməyə əsasən X7 xx.xx.2023-cü il tarixində vəfat etmişdir. 1 saylı Sumqayıt regional “ASAN Xidmət” mərkəzində notariat ofisi tərəfindən təqdim edilmiş 2860 saylı, xx.xx.2024-cü il tarixli məktuba əsasən müəyyən edilmişdir ki, Cavabdeh X4 vərəsəsi kimi tanınmışdır və ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bankın Sumqayıt filialı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən, X4 xx.xx.2024-cü ilədək banka ödənilməmiş nağd krediti üzrə 3886,98 manat əsas borc və 58,25 manat faiz borcu olmaqla, cəmi 3945,23 manat borcu qalmışdır. Eyni zamanda iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 59,46 manat dövlət rüsumu və 0,4 manat bank xidmət haqqı ödənilmişdir. Cavabdeh mərhum X3 qalmış mirası qəbul etməsinə baxmayaraq miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehə xx.xx.2024-cü il tarixində 6-2-22/2-46108/2024 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 05 iyun 2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsi və qəbul etdiyi miras əmlakın həcmi olan 2492,06 manat məbləğində borcun tutulmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun iclasa gəlməməsi səhhəti və psixoloji durumu ilə bağlı olub, bu da üzrlü səbəbdir. O, məhkəmədə iştirak edə bilməmişdir. Bunun səbəbi yaşlılıq, oğlunun ölümü ilə bağlı psixoloji və şəxsi ağır vəziyyət, həmçinin bu hadisənin cinayətlə bağlı araşdırma kontekstində gətirdiyi təzyiqlər olmuşdur. Məhkəmə ona sübut təqdim etmək üçün əlavə vaxt verməli idi. Məhkəmə özü qətnamədə onun yalnız 2492,06 manat dəyərində miras aldığını qeyd edib. Buna baxmayaraq, məhkəmə nəticə hissəsində bu məbləğdən artıq (3945,23 manat) borcun tutulmasına qərar verib. Bu ziddiyyət qərarın daxili məntiqini pozur və işin faktiki hallarına uyğun deyil. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak etmiş şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi barədə gəldiyi nəticəni kredit götürən vəfat etdiyindən müqavilə üzrə öhdəliyini lazımi qaydada icra etməməsi və bunun nəticəsində iddiaçının qarşısında icra edilməmiş öhdəlik yaranması, cavabdeh borclunun vərəsəsi olaraq mirası qəbul etməsinə baxmayaraq miras qoyanın bank qarşısında əsas və faiz borcunu vaxtında ödəməməsi, bununla da iddiaçının müqavilənin şərtlərinə uyğun olaraq əsas və faiz borcunu tələb etmək hüququnun yaranması ilə əsaslandırmışdır. Cavabdeh birinci instansiya məhkəməsinin gəldiyi nəticədən apellyasiya şikayəti verərək, 2492,06 manat məbləğində borcun tutulmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N. Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 13 iyul 2009-cu il tarixli qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. İşdən görünür ki, mərhum X4 "xxxx" ASC-nin Sumqayıt filialı ilə bağlamış olduğu xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə öhdəlik münasibətləri yaranmış, Raul Həsənbəyov xx.xx.2023-cü il tarixdə ölmüş, 1 saylı Sumqayıt regional “ASAN Xidmət” mərkəzində notariat ofisi tərəfindən təqdim edilmiş 2860 saylı, xx.xx.2024-cü il tarixli məktuba əsasən müəyyən edilmişdir ki, Cavabdeh X4 vərəsəsi kimi tanınmış, iddiaçı həmin kredit müqaviləsi üzrə öhdəliyi icra etməməsinə və ya lazımınca icra etməməsinə görə iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək, kredit müqaviləsi üzrə yaranmış borcun cavabdehdən tutulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş, iddia tələbi üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə cavabdeh tərəfindən mübahisələndirilmiş və borcun miras əmlakın həddi miqdarında tutulmasını xahiş etmişdir. Baxılan iş üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 743-cü maddəsi təşkil edir. Həmin maddənin dispozisiya şərtlərinə görə kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Bu cür tələblər üzrə pulun borcluya verildiyini sübut etmək yükü bankın üzərindədir. Bank həmin halı sübut etmək yükündən o vaxt azad edilə bilər ki, cavabdeh kredit müqaviləsi üzrə müəyyən edilən pulun ona verildiyini mübahisələndirməsin. Eyni zamanda mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 1151.1-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə vərəsələr - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Vərəsələrin məsuliyyətinin həddi ilə bağlı Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti miras əmlakın dəyəri ilə məhdudlaşır. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli Qərarı). Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. “Elektron notariat” X1 çıxarışın surətindən görünür ki, X4 vərəsəsi ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdehdır, şəhadətnamə əsasında verilən miras əmlak Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin xx.xx.2023-cü il tarixli, 328 saylı arayışa əsasən 2492,06 manat pul məbləğindən ibarətdir. Mülki Məcəllənin 1306.5. maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir və bu halda, vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar. Göründüyü kimi, qanunvericilik Mülki Məcəllənin 1306.5-ci maddəsində miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etmək vəzifəsini iddiaçının və ya məhkəmənin deyil, vərəsənin, hazırkı iş üzrə cavabdehin üzərinə qoymuşdur. Bu zaman yeganə istisna kimi mirasın notarius tərəfindən siyahıya alındığı hal qeyd olunmuş olsa da, hazırda mərhum Raul Həsənbəyovdan qalmış mirasın notarius tərəfindən siyahıya alınması müəyyən edilmir. Bu baxımdan da mərhum oğlunun borclarının ondan qalmış mirasdan çox olduğunu sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Lakin cavabdeh həmin halı təsdiq edən hər hansı sübut təqdim etməmiş, formal mülahizələrlə kifayətlənmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də, qətnamə həmin hissədə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 402.1. maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hazırkı iş üzrə mübahisələndirilən hissədə iddia tələbi 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 05 iyun 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar